"Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununu “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 12, maddə 688; 2000, No– 7, maddə 494; 2002, No– 8, maddə 464; 2004, No– 1, maddə 10, No– 2, maddə 57, No– 3, maddə 133, No– 4, maddə 202; 2005, No– 10, maddələr 874, 876, 902; 2006, No– 11, maddə 927; 2007, No– 1, maddə 1, No– 2, maddə 82; 2009, No– 6, maddə 399, No– 11, maddələr 877, 878; 2010, No– 11, maddə 944; 2011, No– 4, maddə 269, No– 7, maddə 611, No– 11, maddə 987; 2012, No– 6, maddə 519; 2014, No– 3, maddə 237) 20-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Adında “şikayət və” sözlərindən sonra “digər” sözü əlavə edilsin.
2. Birinci hissədə “və müraciətlərə” sözləri “və təkliflərə” sözləri ilə əvəz edilsin.
3. İkinci və üçüncü hissələrdə “müraciətlərə” və “müraciətlərdə” sözləri müvafiq olaraq “məlumatlara” və “məlumatlarda” sözləri ilə əvəz edilsin.
4. Dördüncü hissə aşağıdakı redaksiyada verilsin:
“Prokurorluq orqanlarında “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi ilə müəyyən edilmiş tələblərə cavab verməyən anonim müraciətlər qəbul edilmir və onlara baxılmır.”.
5. Aşağıdakı məzmunda beşinci və altıncı hissələr əlavə edilsin:
“Dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə bu Qanuna və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsinə uyğun olaraq baxılır.
Azərbaycan Respublikasının baş prokuroru “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsində göstərilən müraciətlərə baxılmasının nəticələri barədə altı ayda bir dəfədən az olmayaraq müvafiq icra hakimiyyəti orqanına məlumat verir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2016-cı il
No– 284-VQD
Fayl şəklində yüklə