Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara a l ı r:
I. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8, maddə 584; 2001-ci il, No– 1, maddə 24; 2001-ci il, No– 3, maddə 139; No– 7, maddə 455; No– 11, maddələr 680, 698, No– 12, maddə 731; 2002-ci il, No– 1, maddə 9; No– 4, (I kitab), maddə 165, No– 5, maddələr 234, 237, 239, No– 6, maddə 328, No– 8, maddə 463; No– 12, maddə 692; 2003-cü il, No– 1, maddələr 3, 13, 23; Azərbaycan Respublikasının 2003-cü il 25 mart tarixli 427-IIQD, 428-IIQD saylı Qanunları) aşağıdakı əlavələr edilsin:
1. Məcəllənin 451.4.2-ci maddəsinə abzasdan aşağıdakı redaksiyada mətn əlavə edilsin:
"Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır".
2. Məcəllənin 451.6-cı maddəsinə "eləcə də" sözlərindən sonra "hüquqi şəxsin banklarda və digər kredit təşkilatlarında hesabları barədə məlumat və ya" sözləri əlavə edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2003-cü il
No– 463-II QD

