Azərbaycan Respublikasının "Şücaətə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden
və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :
Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, No– 23, maddə 996; 1993, No– 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 5, maddə 251; 2003, No– 12, I kitab, maddə 677; 2005, No– 4, maddə 291; 2006, No– 10, maddə 846; 2007, No– 3, maddə 213; 2008, No– 6, maddələr 452, 472; 2009, No– 1, maddə 4, No– 5, maddə 312, No– 7, maddələr 514, 515, No– 12, maddə 974; 2010, No– 3, maddə 174, No– 11, maddə 960; 2011, No– 11, maddə 992; 2012, No– 7, maddə 664, No– 11, maddələr 1036, 1048, 1061; 2013, No– 5, maddələr 460, 478, No– 10, maddə 1143, No– 12, maddə 1477; 2014, No– 6, maddələr 612, 623; 2015, No– 12, maddə 1447) 2-ci maddəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” medalı” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:
“Şücaətə görə” medalı;”
Maddə 2. “Azərbaycan Respublikasının “Şücaətə görə” medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
Maddə 3. “Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsviri” təsdiq edilsin (əlavə olunur).
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr 2016-cı il
No– 356-VQD
Azərbaycan Respublikasının 2016-cı il
14 oktyabr tarixli 356-VQD nömrəli
Qanunu ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının “Şücaətə görə” medalı haqqında
Ə S A S N A M Ə
Maddə 1. Təltif edilən şəxslər
Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
Azərbaycan Respublikasının “Şücaətə görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalından sonra taxılır.
Azərbaycan Respublikasının 2016-cı il
14 oktyabr tarixli 356-VQD nömrəli
Qanunu ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsviri
Maddə 1. Medalın ümumi təsviri
Azərbaycan Respublikasının “Şücaətə görə” medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm və qalınlığı 3 mm olan dairəvi lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
2.1. Medalın ön tərəfində səkkizguşəli ulduz, ulduzun mərkəzində isə alov təsvir edilmişdir. Səkkizguşəli ulduzun yuxarı hissəsində qövs boyunca “ŞÜCAƏTƏ GÖRƏ” sözləri yazılmışdır.
2.2. Medalın ön tərəfinin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərə qövs boyunca palıd yarpaqlarından ibarət çələng təsviri yerləşdirilmişdir.
2.3. Səkkizguşəli ulduzun aşağı hissəsindən medalın yuxarı hissəsinə doğru açılan günəş şüaları təsvir edilmişdir. Səkkizguşəli ulduzun üzərinə göy mina çəkilmişdir.
2.4. Bütün yazılar və elementlər relyeflidir.
Maddə 3. Medalın arxa tərəfi
3.1. Medalın arxa tərəfinin mərkəzində “AZƏRBAYCAN RESPUBLİKASININ “ŞÜCAƏTƏ GÖRƏ” MEDALI” sözləri yazılmışdır.
3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın nömrəsi həkk olunmuşdur.
3.3. Bütün yazılar relyeflidir.
Maddə 4. Medalın elementləri
4.1. Medalın paltarın yaxasına bərkidilmək üçün 37 mm x 50 mm ölçüdə, halqa və ilgək vasitəsilə medala birləşdirilən beşbucaqlı elementi vardır.
4.2. Elementin üzərinə mərkəzində 15 mm enində boz, mərkəzdən kənarlara doğru, ardıcıl olaraq, 1 mm enində ağ və 10 mm enində göy üfüqi zolaqlar təsvir edilmiş xara lent çəkilmişdir.
4.3. Elementin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə, üzərində ulduz, aypara və dəfnə yarpaqları təsvir edilmiş lövhə bərkidilmişdir. Ulduz, aypara və dəfnə yarpaqları relyeflidir.
4.4. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37mm x 10mm ölçülü qəlib əlavə olunur.
Fayl şəklində yüklə