Azərbaycan Respublikasının "Əmək" ordeninin təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının “Əmək” ordeninin  təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının
orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq  qərara alır :

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, No– 23, maddə 996; 1993, No– 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 5, maddə 251; 2003, No– 12, I kitab, maddə 677; 2005, No– 4, maddə 291; 2006, No– 10, maddə 846; 2007, No– 3, maddə 213; 2008, No– 6, maddələr 452, 472; 2009, No– 1, maddə 4, No– 5, maddə 312, No– 7, maddələr 514, 515, No– 12, maddə 974; 2010, No– 3, maddə 174, No– 11, maddə 960; 2011, No– 11, maddə 992; 2012, No– 7, maddə 664, No– 11, maddələr 1036, 1048, 1061; 2013, No– 5, maddələr 460, 478, No– 10, maddə 1143, No– 12, maddə 1477; 2014, No– 6, maddələr 612, 623; 2015, No– 12, maddə 1447) 1-ci maddəsində “Vətənə xidmətə görə” ordeni” hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissədən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Əmək” ordeni.”.

Maddə 2. “Azərbaycan Respublikasının “Əmək” ordeninin statutu” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Azərbaycan Respublikasının “Əmək” ordeninin təsviri” təsdiq edilsin (əlavə olunur).

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 noyabr 2016-cı il
No– 428-VQD

 

Azərbaycan Respublikasının 2016-cı il
29 noyabr tarixli 428-VQD nömrəli
Qanunu ilə təsdiq edilmişdir


Azərbaycan Respublikasının “Əmək” ordeninin statutu

Maddə 1. Təltif edilən şəxslər
1.1. Azərbaycan Respublikasının “Əmək” ordeni ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istənilən fəaliyyət sahəsində Azərbaycan Respublikasının inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə, o cümlədən:
1.1.1. sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fəqlənən əmək nailiyyətlərinə;
1.1.2. kənd təsərrüfatı məhsullarının istehsalında (emalında) kənd təsərrüfatının inkişafına təsir edən yüksək göstəricilərə;
1.1.3. istehsalatda əməyin məhsuldarlığına və məhsulun (əmtəənin) keyfiyyətinin yaxşılaşmasına, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artmasına təsir edən yüksək göstəricilərə;
1.1.4. yüksəkkeyfiyyətli məhsul istehsalına (hazırlanmasına, yetişdirilməsinə), yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təklifin istehsalatda davamlı, nəticəli tətbiqinə görə təltif edilirlər.
1.2. Azərbaycan Respublikasının “Əmək” ordeninin üç dərəcəsi vardır.
1.3. Azərbaycan Respublikasının 1-ci dərəcəli “Əmək” ordeni ən yüksək dərəcəlidir.
1.4. Azərbaycan Respublikasının “Əmək” ordeninin dərəcələri ardıcıllıqla verilir.

Maddə 2. Təltif edən orqan
Azərbaycan Respublikasının “Əmək” ordeni ilə bu statutun 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası
Azərbaycan Respublikasının “Əmək” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, “Vətənə xidmətə görə” ordenindən sonra taxılır.

 


Azərbaycan Respublikasının 2016-cı il
29 noyabr tarixli 428-VQD nömrəli
Qanunu ilə təsdiq edilmişdir


Azərbaycan Respublikasının “Əmək” ordeninin təsviri

Maddə 1. Ordenin ümumi təsviri
1.1. Azərbaycan Respublikasının “Əmək” ordeni (bundan sonra – orden) daxili diametrinin içərisində hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz yerləşən bütöv ayparadan ibarətdir.
1.2. Ordenin 1-ci dərəcəsi qızıldan, 2-ci dərəcəsi gümüşdən, 3-cü dərəcəsi bürüncdəndir.

Maddə 2. Ordenin ön tərəfi
2.1. Ayparanın xarici diametri 38 mm, daxili diametri 30 mm-dir. Ayparanın aşağı hissəsinin mərkəzində dairə boyunca “ƏMƏK” sözü yazılmışdır. “ƏMƏK” sözü basma üsulu ilə ayparanın daxilində həkk olunmuşdur.
2.2. Hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduzun üzərində milli ornamentləri əks etdirən naxışlar həkk olunmuşdur. Səkkizguşəli ulduzun üzərində həkk olunmuş naxışlar relyeflidir. Səkkizguşəli ulduzun üz səthi qabarıqdır.
2.3. Ordenin qalınlığı 4 mm-dir.

Maddə 3. Ordenin arxa tərəfi
Ordenin arxa tərəfi hamar səthlidir, səkkizguşəli ulduzun mərkəzində ordenin seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Ordenin elementləri
4.1. Orden paltarın yaxasına bərkidilmək üçün elementi olan, üst və alt hissəsi 30 mm x 3,5 mm ölçüdə metal lövhədən, orta hissəsi 25 mm x 45 mm ölçüdə xara lentdən ibarət düzbucaqlı lövhəyə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lent Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər şaquli zolağa bölünmüşdür.
4.2. Ordenə paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 25 mm x 9 mm ölçüdə qəlib əlavə edilir. Qəlibin üzərinə hər bir guşəsi alov simvolunu əks etdirən səkkizguşəli ulduz şəklində kiçik metal lövhə bərkidilir.

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU