"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır :
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 1, maddə 1, No– 3, maddə 131; 2002, No– 12, maddə 693; 2003, No– 1, maddə 16; 2004, No– 1, maddə 10, No– 4, maddə 199, No– 5, maddə 321, No– 8, maddə 597, No– 11, maddə 884; 2005, No– 6, maddələr 463, 475, No– 10, maddə 874; 2006, No– 5, maddə 386, No– 6, maddə 479, No– 8, maddə 657, No– 11, maddə 927, No– 12, maddələr 1005, 1014; 2007, No– 2, maddə 83, No– 5, maddələr 434, 436, No– 7, maddə 711, No– 10, maddə 934, No– 11, maddələr 1049, 1074, 1078, No– 12, maddələr 1213, 1219; 2008, No– 3, maddə 153, No– 5, maddələr 326, 341, No– 6, maddələr 471, 481, No– 7, maddə 602, No– 8, maddə 699, No– 10, maddə 881; 2009, No– 2, maddə 54, No– 5, maddə 311, No– 6, maddə 403, No– 10, maddə 771, No– 11, maddə 878, No– 12, maddə 964; 2010, No– 4, maddə 276; 2011, No– 2, maddə 71, No– 3, maddə 165, No– 6, maddə 463; 2012, No– 5, maddə 413, No– 10, maddə 945, No– 11, maddə 1049; 2015, No– 1, maddə 9, No– 5, maddə 488, No– 10, maddə 1100; 2016, No– 8, maddə 1365, No– 11, maddələr 1760, 1782, 1785) aşağıdakı dəyişikliklər edilsin:
1. 28.2-ci maddənin birinci hissəsində “inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq” sözlərindən sonra “inzibati vəzifələr üzrə” sözləri əlavə edilsin.
2. 28.3-cü maddənin birinci cümləsində “inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq” sözlərindən sonra “inzibati vəzifə üzrə” sözləri əlavə edilsin.
3. 28.4-cü maddənin ikinci hissəsində “göstərilməklə,” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun,” sözləri əlavə edilsin.
4. 28.6-cı maddənin ikinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Müsahibə komissiyası 3 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə yaradılır.”.
5. 28.11-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Dövlət orqanında inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq müvafiq vakant inzibati vəzifə üzrə ehtiyat kadr olduğu halda, həmin inzibati vəzifənin müsabiqəyə və ümumi müsahibəyə çıxarılmasına yol verilmir.”.
6. 28.12-ci maddənin birinci cümləsinə “vəzifələrinə” sözündən sonra“, müvafiq icra hakimiyyəti orqanında dövlət qulluğuna qəbula” sözləri əlavə edilsin.
7. Aşağıdakı məzmunda 28.13-cü maddə əlavə edilsin:
“28.13. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulu ilə bağlı bu Qanunun 28.1-ci maddəsi tətbiq edilmir. Həmin şəxs vakant dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri həmin şəxsi stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Həmin şəxsin stajçı kimi qulluğu, habelə onun sınaq müddəti ərzində qulluq keçməsi və daimi dövlət qulluğuna qəbul edilməsi ilə bağlı məsələlər bu Qanunun 28.7-ci maddəsi ilə tənzimlənir.”.
8. 29.1-ci maddədə “İnzibati vəzifələrin ali-dördüncü təsnifatlarına” sözləri “Ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına” sözləri ilə əvəz edilsin.
9. 29.2-ci maddə üzrə:
9.1. birinci hissənin birinci cümləsində “Dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin” sözləri “Birinci-beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin” sözləri ilə əvəz edilsin;
9.2. birinci hissəsinin ikinci cümləsində “Dövlət orqanının” sözləri “Birinci-beşinci kateqoriya dövlət orqanının” sözləri ilə, “beşinci” sözü “birinci” sözü ilə əvəz edilsin;
9.3. ikinci hissədən “və qulluq funksiyası” sözləri çıxarılsın.
10. 29.3-cü maddə üzrə:
10.1. birinci hissənin birinci cümləsində “Dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin” sözləri “Birinci-beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin” sözləri ilə əvəz edilsin;
10.2. ikinci hissənin birinci cümləsində “İnzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin” sözləri “Birinci-beşinci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin” sözləri ilə əvəz edilsin.
11. 29.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“29.7. Bu Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş komissiya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə, 3 nəfərdən ibarət tərkibdə yaradılır.”.
12. 29.11-ci maddədə “keçirilə bilər” sözləri “keçirilir” sözü ilə əvəz edilsin.
13. Aşağıdakı məzmunda 29-1-ci maddə əlavə edilsin:
“Maddə 29-1. Müsahibənin nəticələrinə yenidən baxılması
Namizədlər müsahibənin nəticələrindən inzibati qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma və məhkəməyə şikayət verə bilərlər.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2017-ci il
No– 693-VQD
Fayl şəklində yüklə