"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U
"Diplomatik xidmət haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavələr və
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
1. Qanunun 12-ci, 13-cü, 15-ci, 16-cı, 17-ci, 18-ci, 19-cu, 22-ci, 23-cü, 24-cü, 25-ci və 26-cı maddələrinin adında "Diplomatik xidmət əməkdaşlarının" sözlərindən sonra "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin" sözləri, 13.6-cı maddəsində "Diplomatik xidmət əməkdaşının" sözlərindən sonra "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin" sözləri, 14.1-ci, 15.1-ci, 17-ci, 19-cu, 25.1-ci maddələrində "Diplomatik xidmət əməkdaşları" sözlərindən sonra "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər" sözləri, 12.1-ci, 18.2-ci, 22-ci, 24-cü maddələrində "Diplomatik xidmət əməkdaşlarının" sözlərindən sonra "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin" sözləri, 13.2-ci, 14.2-ci, 16-cı, 18.1-ci maddələrində "diplomatik xidmət əməkdaşları" sözlərindən sonra "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər" sözləri, 13.3-cü maddəsində "diplomatik xidmət əməkdaşı" sözlərindən sonra "və diplomatik xidmət orqanının inzibati-texniki xidmətini həyata keçirən şəxs" sözləri, 13.5-ci maddəsinin ikinci cümləsində "diplomatik xidmət əməkdaşının" sözlərindən sonra "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin" sözləri, 13.5-ci maddəsinin birinci cümləsində, 23.1-ci maddəsində və IV Fəslinin adında "diplomatik xidmət əməkdaşlarının" sözlərindən sonra "və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin" sözləri əlavə edilsin.
2. Qanunun 6.3-cü maddəsi aşağıdakı redaksiyada verilsin:
"6.3. Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşları üçün aşağıdakı vəzifələr müəyyən edilir:
6.3.1. Fövqəladə və Səlahiyyətli Səfir, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlardakı Daimi Nümayəndəsi;
6.3.2. baş konsul;
6.3.3. müşavir-elçi, Daimi Nümayəndənin müavini;
6.3.4. müşavir;
6.3.5. konsul;
6.3.6. birinci katib;
6.3.7. vitse-konsul;
6.3.8. ikinci katib;
6.3.9. üçüncü katib;
6.3.10. attaşe.".
3. Qanunun 7.1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
"7.1. Diplomatik vəzifələrə ali təhsilli və üzərinə qoyulmuş vəzifələri yerinə yetirmək üçün müvafiq işgüzar, mənəvi, peşəkar keyfiyyətlərə və sağlamlıq vəziyyətinə malik olan Azərbaycan Respublikasının vətəndaşı təyin edilə bilər.".
4. Qanunun 16-cı maddəsinin mətnində "diplomatik heyətin" sözləri "diplomatik nümayəndəliyin heyətinin" sözləri ilə əvəz edilsin.
5. Qanunun 21.1-ci maddəsində "onların ailə üzvlərinə" sözləri "onlarla birlikdə yaşayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar)" sözləri ilə, 21.2-ci maddəsində "onların ailə üzvləri" sözləri "onlarla birlikdə yaşayan ailə üzvləri (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar)" sözləri ilə, 21.3-cü maddəsində "onun ailə üzvlərinin" sözləri "onunla birlikdə yaşayan ailə üzvlərinin (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar)" sözləri ilə, 21.4-cü maddəsində "ailə üzvlərindən" sözləri "diplomatik xidmət əməkdaşı ilə birlikdə yaşayan onun ailə üzvlərindən (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar)" sözləri ilə, 21.8-ci maddəsində "onun ailə üzvlərinə" sözləri "onunla birlikdə yaşayan ailə üzvlərinə (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar)" sözləri ilə əvəz edilsin.
6. Qanunun 21.4-cü maddəsində "diplomatik xidmət əməkdaşının" sözlərindən sonra "və onunla birlikdə yaşayan ailə üzvləri (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar)" sözləri, 21.5-ci maddəsində "və onunla birlikdə yaşayan ailə üzvləri" sözlərindən sonra "(ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar)" sözləri, 21.7-ci və 26.2-ci maddələrində "və onlarla birlikdə yaşayan ailə üzvlərinin" sözlərindən sonra "(ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar)" sözləri əlavə edilsin.
7. Qanunun 21.8-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxsin və onlarla birlikdə yaşayan ailə üzvlərinin (ər, arvad, 18 yaşına qədər uşaqlar və 18 yaşdan yuxarı əmək qabiliyyəti olmayan uşaqlar) cəsədinin Azərbaycan Respublikasına gətirilməsi və bununla bağlı xərclər dövlət büdcəsi vəsaitləri hesabına ödənilir.".
8. Qanunun 21.9-cu maddəsində "rüsumu" sözü "ödənişləri" sözü ilə əvəz edilsin.
9. Qanunun 23-cü maddəsinə aşağıdakı məzmunda 23.4-cü, 23.5-ci və 23.6-cı maddələr əlavə edilsin:
"23.4. Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqından sosial sığorta ödənişləri həyata keçirilmir, vergi tutulması müvafiq qanunvericiliklə tənzimlənir.
23.5. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında dövlət qulluğunda olmayan şəxs Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 6.3.1-ci və 6.3.2-ci maddələrində göstərilən vəzifələrə təyin olunduqda, həmin şəxs üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında bu orqanın aparıcı idarə rəisinin vəzifə maaşının, digər diplomatik vəzifələrə və ya inzibati-texniki xidmətin həyata keçirilməsi ilə bağlı vəzifələrə təyin olunduqda isə, həmin vəzifələrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında uyğun gələn vəzifələr üçün müəyyən edilmiş vəzifə maaşının 50 faizi həcmində əmək haqqı saxlanılır.
23.6. Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə vəzifəyə təyin olunduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda alacaqları aylıq əmək haqqının 50 faizi məbləğində birdəfəlik müavinət ödənilir.".
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 may 2004-cü il
№ 676-IIQD

