"Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi
ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq  q ə r a r a    a l ı r :

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, No– 23, maddə 996; 1993, No– 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 5, maddə 251; 2003, No– 12, I kitab, maddə 677; 2005, No– 4, maddə 291; 2006, No– 10, maddə 846; 2007, No– 3, maddə 213; 2008, No– 6, maddələr 452, 472; 2009, No– 1, maddə 4, No– 5, maddə 312, No– 7, maddələr 514, 515, No– 12, maddə 974; 2010, No– 3, maddə 174, No– 11, maddə 960; 2011, No– 11, maddə 992; 2012, No– 7, maddə 664, No– 11, maddələr 1036, 1048, 1061; 2013, No– 5, maddələr 460, 478, No– 10, maddə 1143, No– 12, maddə 1477; 2014, No– 6, maddələr 612, 623; 2015, No– 12, maddə 1447; 2016, No– 12, maddələr 1979, 2040; 2017, No– 1, maddələr 16, 27; Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 760-VQD nömrəli Qanunu) 2-ci maddəsinə “Azərbaycan Polisinin 95 illiyi (1918-2013)” yubiley medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı;”.

Maddə 2. “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 2 oktyabr 2017-ci il
No– 790-VQD

 


Azərbaycan Respublikasının 2017-ci il
2 oktyabr tarixli 790-VQD nömrəli Qanunu
ilə təsdiq edilmişdir

“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının
yubiley medalı haqqında

Ə S A S N A M Ə

Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanlarının əməkdaşları, veteranları, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.

Maddə 2. Təltif edən orqan
“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası
“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Azərbaycan Polisinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.

 


Azərbaycan Respublikasının 2017-ci il
2 oktyabr tarixli 790-VQD nömrəli Qanunu
ilə təsdiq edilmişdir

“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının
yubiley medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri
“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 37 mm və şüaları olan səkkizguşəli lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi
2.1. Medalın ön tərəfində səkkizguşəli lövhənin üzərinə iki çevrə yerləşdirilmişdir.
2.2. Birinci çevrənin yuxarı hissəsində qövs boyunca “AZƏRBAYCAN POLİSİNİN”, aşağı hissəsində “100 İLLİYİ” sözləri yazılmışdır. “AZƏRBAYCAN POLİSİNİN” və “100 İLLİYİ” sözlərinin arasında hər iki tərəfdən səkkizguşəli ulduz relyefi yerləşdirilmişdir.
2.3. İkinci çevrənin mərkəzində Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi həkk edilmişdir.
2.4. Səkkizguşəli ulduz və onun şüaları, çevrənin konturları, emblem, sözlər və rəqəmlər relyefli olaraq qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi
3.1. Medalın arxa tərəfi hamar səthlidir, ortada “AZƏRBAYCAN POLİSİ 1918-2018” sözləri və rəqəmləri relyefli yazılmışdır.
3.2. Medalın arxa tərəfinin aşağı hissəsində sünbüllərdən ibarət qövs təsvir edilmişdir.
3.3. Medalın arxa tərəfində seriyası və nömrəsi həkk olunur.

Maddə 4. Medalın elementləri
4.1. Medal 27 mm x 43 mm ölçülü düzbucaqlı lövhəyə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhəyə kənarlarından mərkəzə doğru ardıcıl olaraq 1 mm enində qızılı, 2 mm enində ağ və mərkəzdə hər birinin eni 7 mm olan, Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli şaquli zolaqlar təsvir edilmiş xara lentdən üz çəkilir.
4.2. Lövhənin ön tərəfinin yuxarı hissəsində 27 mm x 5 mm ölçüdə, üzərində relyefli palıd yarpaqları təsvir edilmiş düzbucaqlı təbəqə bərkidilir. Lövhənin arxa tərəfinin yuxarı hissəsində geyimin yaxasına bərkidilmək üçün element vardır.
4.3. Lövhənin ön tərəfinin aşağı hissəsinə 27 mm x 6 mm ölçüdə düzbucaqlı təbəqə bərkidilir. Təbəqənin üzərində milli ornamentin orta hissəsində relyefli səkkizguşəli ulduz təsvir edilir.
4.4. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə edilir.

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU