"Feldyeger rabitəsi orqanında xidmət ke?mə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U
"Feldyeger rabitəsi orqanında xidmət keçmə
haqqında" Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında" Əsasnamə (əlavə olunur) təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyun 2004-cü il
№ 682-IIQ
Azərbaycan Respublikasının
2004-cü il 8 iyun tarixli
682-IIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir
FELDYEGER RABİTƏSİ ORQANINDA
XİDMƏT KEÇMƏ HAQQINDA
Ə S A S N A M Ə
I FƏSİL
ÜMUMİ MÜDDƏALAR
1. Feldyeger rabitəsi orqanında xidmət Azərbaycan Respublikasının feldyeger rabitəsi orqanının qanunla müəyyənləşdirilmiş hüquq və vəzifələrini öz peşəkar fəaliyyəti ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra - vətəndaşlar) dövlət qulluğunun xüsusi növüdür.
2. Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və "Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu Əsasnamədən və feldyeger rabitəsi orqanında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.
3. Feldyeger rabitəsi orqanının şəxsi heyətə aid edilən əməkdaşları dedikdə, Azərbaycan Respublikasının feldyeger rabitəsi orqanında vəzifə tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür (bundan sonra - feldyeger rabitəsi orqanının əməkdaşları).
4. Feldyeger rabitəsi orqanının əməkdaşları üçün xüsusi geyim forması müəyyən edilir. Geyim formasının nümunəsini, fərqlənmə nişanlarını, onların təchizat normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Xüsusi geyim forması pulsuz verilir.
5. Feldyeger rabitəsi orqanının əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş nümunə əsasında xidməti vəsiqələr verilir. Feldyeger rabitəsi orqanının diplomatik korrespondensiyaları daşıyan əməkdaşlarına diplomatik pasport verilir.
6. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada feldyeger rabitəsi orqanının əməkdaşları fiziki qüvvə və xidməti silahı tətbiq etmək hüququna malikdirlər.
7. Feldyeger rabitəsi orqanında xidmətə qəbul olunan əməkdaşa feldyeger rabitəsi orqanının aşağıda göstərilən xüsusi rütbələri verilir:
1) feldyeger xidməti kiçik çavuşu;
2) feldyeger xidməti çavuşu;
3) feldyeger xidməti baş çavuşu;
4) feldyeger xidməti kiçik leytenantı;
5) feldyeger xidməti leytenantı;
6) feldyeger xidməti baş leytenantı;
7) feldyeger xidməti kapitanı;
8) feldyeger xidməti mayoru;
9) feldyeger xidməti polkovnik-leytenantı;
10) feldyeger xidməti polkovniki;
11) feldyeger xidməti general-mayoru;
12) feldyeger xidməti general-leytenantı.
8. Feldyeger rabitəsi orqanı əməkdaşlarının tutduqları vəzifələr və bu vəzifələrə müvafiq xüsusi rütbələr aşağıdakılardır:
1) kiçik rəis heyəti (feldyeger xidməti kiçik çavuşu, feldyeger xidməti çavuşu, feldyeger xidməti baş çavuşu);
2) orta rəis heyəti (feldyeger xidməti kiçik leytenantı, feldyeger xidməti leytenantı, feldyeger xidməti baş leytenantı, feldyeger xidməti kapitanı);
3) böyük rəis heyəti (feldyeger xidməti mayoru, feldyeger xidməti polkovnik-leytenantı, feldyeger xidməti polkovniki);
4) ali rəis heyəti (feldyeger xidməti general-mayoru, feldyeger xidməti general-leytenantı).
9. Feldyeger rabitəsi orqanının əməkdaşları pensiya almaq hüququ ilə xidmətdən azad edildikdə, xüsusi rütbəyə "İstefada olan" sözü əlavə olunur.
II FƏSİL
FELDYEGER RABİTƏSİ ORQANINDA
XİDMƏTƏ QƏBUL
10. Feldyeger rabitəsi orqanında xidmət qanunçuluq, müvafiq dövlət hakimiyyəti orqanları qarşısında cavabdehlik, xidməti intizama və etikaya riayət, xidməti fəaliyyətinin nəticələrinə görə qulluqda irəli çəkilmə prinsipləri əsasında təşkil edilir.
11. Feldyeger rabitəsi orqanına xidmətə şəxsi və işgüzar keyfiyyətlərinə, təhsilinə və səhhətinə görə həmin orqanın üzərinə düşən vəzifələri yerinə yetirməyə qadir olan, hərbi xidmət keçmiş Azərbaycan Respublikasının vətəndaşları qəbul oluna bilərlər.
Feldyeger rabitəsi orqanının şəxsi heyətinə qəbul olunan vətəndaşlar hərbi mükəlləfiyyətdən çıxarılır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar.
12. Feldyeger rabitəsi orqanında kiçik rəis heyəti vəzifələrinə, bir qayda olaraq, orta və orta ixtisas təhsilli şəxslər qəbul edilirlər. Yazılı razılıq əsasında həmin vəzifələrə ali təhsilli şəxslər də qəbul edilə bilərlər.
Orta və böyük rəis heyəti vəzifələrinə yalnız ali təhsilli şəxslər qəbul edilirlər.
Ali rəis heyəti vəzifələrinə feldyeger rabitəsi orqanında uzun müddət xidmət keçən təcrübəli ali təhsilli şəxslər qəbul edilirlər və bu şəxslər üçün sınaq müddəti müəyyən edilmir.
13. Feldyeger rabitəsi orqanında işə qəbul olunarkən vətəndaş tərəfindən aşağıdakı sənədlər təqdim edilir:
1) ərizə;
2) şəxsiyyəti təsdiq edən sənəd;
3) hərbi bilet;
4) əmək kitabçası (əgər varsa);
5) müvafiq təhsilə malik olmasını təsdiq edən sənəd;
6) sağlamlıq haqqında hərbi həkim komissiyasının arayışı;
7) tərcümeyi-hal.
14. Vətəndaş feldyeger rabitəsi orqanında xidmətə qəbul olunanda bu Əsasnamənin 13-cü maddəsində nəzərdə tutulan sənədlər və məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılır.
Yoxlama nəticəsində vətəndaşın feldyeger rabitəsi orqanında xidmətə qəbul olunmasına maneçilik törədən hallar müəyyən olunduqda, ona feldyeger rabitəsi orqanında xidmətə qəbul edilməsindən imtinanın səbəbləri barəsində bir ay müddətində yazılı məlumat verilir.
15. Feldyeger rabitəsi orqanında xidmətkeçmə hər bir əməkdaşın şəxsi işində öz əksini tapır.
16. Vətəndaş aşağıdakı hallarda feldyeger rabitəsi orqanında xidmətə qəbul oluna bilməz:
a) hərbi həkim komissiyasının rəyi əsasında sağlamlığı təsdiq olunmadıqda;
b) yaşı otuzdan yuxarı olduqda;
c) ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəliyi olduqda, din xadimi olduqda, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətli olması məhkəmə tərəfindən təsdiq edildikdə, ağır və ya xüsusilə ağır cinayət törətdiyinə görə əvvəllər məhkum olunduqda, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verildikdə.
17. Feldyeger rabitəsi orqanının əməkdaşları siyasi fəaliyyətlə məşğul ola və siyasi partiyanın üzvü ola bilməzlər. Onlara tətillər təşkil etmək və ya tətillərdə iştirak etmək qadağan olunur.
Feldyeger rabitəsi orqanının əməkdaşları heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa, heç bir ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.
18. Feldyeger rabitəsi orqanında ilk dəfə işə qəbul olunan şəxslər üçün onların hazırlıq səviyyəsindən asılı olaraq 6 aya qədər sınaq müddəti müəyyən edilə bilər. Sınaq müddətinin müəyyən edilməsi feldyeger rabitəsi orqanına işə qəbula dair əmrdə göstərilir. Sınaq müddəti müəyyən olunmuş şəxs tutduğu vəzifəyə uyğun olan feldyeger rabitəsi orqanı əməkdaşının bütün hüquqlarından istifadə edir. Sınaq müddəti feldyeger rabitəsi orqanında xidmət illərinə daxil edilərək feldyeger rabitəsi orqanında xidmət illərinə görə əlavələrin ödənişində və pensiya təyin olunarkən nəzərə alınır.
Sınaq müddəti dövründə sınağın nəticəsi qənaətedici olmadıqda, əməkdaşın feldyeger rabitəsi orqanında xidmətinə bu Əsasnaməyə uyğun olaraq xitam verilir.
19. Sınağın keçirilmə qaydası və şərtləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. Feldyeger rabitəsi orqanı əməkdaşlarının peşə hazırlığının artırılması müvafiq təhsil müəssisələri, habelə kurs və seminarlar vasitəsilə həyata keçirilir.
21. Feldyeger rabitəsi orqanının əməkdaşlarına xüsusi rütbələr onların tutduqları vəzifəyə və xidmət illərinə uyğun olaraq verilir.
Feldyeger rabitəsi orqanının əməkdaşlarına verilən xüsusi rütbələr ilkin və növbəti rütbələrə bölünür.
22. Feldyeger rabitəsi orqanının əməkdaşına növbəti xüsusi rütbə o, ştat üzrə tutduğu vəzifəyə görə nəzərdə tutulmuş rütbəyə uyğun olduqda və əvvəlki xüsusi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir.
23. Kiçik, orta və böyük rəis heyəti üçün nəzərdə tutulan rütbələr feldyeger rabitəsi orqanı tərəfindən verilir.
Ali rəis heyətinə rütbələr Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə uyğun olaraq verilir.
24. Kiçik, orta və böyük rəis heyəti feldyeger rabitəsi orqanının əməkdaşları üçün xüsusi rütbələrdə xidmət illəri aşağıdakı kimi müəyyən edilir:
feldyeger xidməti kiçik çavuşu - 1 il
feldyeger xidməti çavuşu - 2 il
feldyeger xidməti kiçik leytenantı - 1 il
feldyeger xidməti leytenantı - 2 il
feldyeger xidməti baş leytenantı - 3 il
feldyeger xidməti kapitanı - 3 il
feldyeger xidməti mayoru - 4 il
feldyeger xidməti polkovnik-leytenantı - 5 il
Feldyeger xidməti baş çavuşu, feldyeger xidməti polkovniki və daha yüksək rütbələr üçün xüsusi rütbələrdə xidmət illəri müəyyən edilmir.
25. Xüsusi şəxsi xidmətlərinə görə feldyeger rabitəsi orqanının əməkdaşına növbəti xüsusi rütbə ona verilmiş xüsusi rütbə üçün müəyyən olunmuş xidmət illərinin yarısı keçdikdən sonra, lakin tutduğu vəzifəyə görə ştat üzrə nəzərdə tutulmuş xüsusi rütbədən bir pillə yüksək olmamaq şərti ilə vaxtından əvvəl verilə bilər.
26. Feldyeger rabitəsi orqanı əməkdaşlarının xüsusi rütbədə xidmət illəri onlara bu rütbənin verildiyi gündən başlayaraq hesablanır. Növbəti xüsusi rütbədə xidmət illəri əvvəlki xüsusi rütbədə xidmət illəri bitdiyi gündən başlayaraq hesablanır.
27. Feldyeger rabitəsi orqanı əməkdaşının bu Əsasnamənin 61-ci maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında aşağı salınmış xüsusi rütbədə xidmət müddəti, bərpa olunmuş xüsusi rütbədə xidmət illərinə əlavə edilmir.
Barəsində cinayət işi başlanan və ya xidməti intizamın pozulması ilə əlaqədar xidməti araşdırma aparılan feldyeger rabitəsi orqanının əməkdaşına növbəti xüsusi rütbə müvafiq olaraq cinayət işinə bəraət qazandıran əsaslarla xitam verilənə və ya xidməti araşdırma qurtarana qədər verilmir.
28. Feldyeger rabitəsi orqanının əməkdaşına növbəti xüsusi rütbənin verilməsinin əsassız gecikdirilməsi müəyyən olunduqda, həmin şəxsin növbəti xüsusi rütbə alması üçün xidmət illəri onun əvvəlki xüsusi rütbədə xidmət illəri bitdiyi vaxtdan başlayaraq hesablanır.
29. Feldyeger xidməti polkovniki, feldyeger xidməti polkovnik-leytenantı və feldyeger xidməti mayoru, habelə feldyeger xidməti kapitanı, feldyeger xidməti baş leytenantı, feldyeger xidməti leytenantı xüsusi rütbələri olan feldyeger rabitəsi orqanı əməkdaşlarının xüsusi rütbələri onlar xidməti vəzifələrini yerinə yetirərkən xidməti intizam qaydalarını pozduqlarına görə bir pillə aşağı salına bilər.
30. Xüsusi rütbənin aşağı salınması haqqında qərar yol verilmiş pozuntular üzrə xidməti araşdırmanı aparan orqanın rəyi əsasında qəbul edilir.
31. Xüsusi rütbəsi aşağı salınmış feldyeger rabitəsi orqanı əməkdaşının attestasiyasının nəticələri müsbət olduqda o, ştat üzrə tutduğu vəzifədən asılı olmayaraq, öz əvvəlki xüsusi rütbəsinə bərpa olunur.
Bu maddənin birinci hissəsində göstərilmiş feldyeger rabitəsi orqanı əməkdaşının əvvəlki xüsusi rütbəsinə bərpası məsələsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur.
32. İntizam tənbehi tətbiq edilmiş feldyeger rabitəsi orqanının əməkdaşına növbəti xüsusi rütbə həmin şəxsin üzərindən intizam tənbehi götürülənədək verilmir.
33. Feldyeger rabitəsi orqanının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
34. Feldyeger rabitəsi orqanının kiçik, orta və böyük rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
35. Feldyeger rabitəsi orqanı əməkdaşlarının xüsusi rütbələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi qulluqçularının və müvafiq icra hakimiyyəti orqanları əməkdaşlarının qanunvericiliklə müəyyən edilmiş hərbi və xüsusi rütbələrinə bərabər tutulur.
FELDYEGER RABİTƏSİ ORQANINDA XİDMƏT
36. Feldyeger rabitəsi orqanının əməkdaşları Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və beynəlxalq müqavilələrinə, habelə bu Əsasnaməyə uyğun olaraq öz səlahiyyətləri daxilində vəzifələr yerinə yetirir və müəyyən hüquqlardan istifadə edirlər.
37. Feldyeger rabitəsi orqanı əməkdaşlarının aşağıdakı hüquqları vardır:
feldyeger rabitəsi orqanında tutduğu vəzifəyə dair hüquq və vəzifələrini müəyyən edən sənədlərlə tanış olmaq;
müəyyən edilmiş qaydada xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan məlumat və sənədləri almaq;
xidməti vəzifələrini yerinə yetirərkən qəbul etdikləri korrespondensiyanı və ya xüsusi tapşırığı nəzərdə tutulan ünvana çatdırmaq üçün mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların inzibati binasına müəyyən edilmiş qaydada daxil olmaq;
xidmət illərinə görə xidmətin nəticələri, peşəkarlıq səviyyəsi və ixtisasının səviyyəsi nəzərə alınmaqla, təminat xərclərinin artırılmasını tələb etmək və feldyeger rabitəsi orqanında xidmət üzrə irəliləmək;
şəxsi işində olan materiallarla tanış olmaq və zəruri hallarda öz izahatlarını şəxsi işə əlavə etmək;
xidmət illəri nəzərə alınmaqla pensiya ilə təmin olunmaq;
öz xidməti vəzifələrini icra edərkən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah gəzdirmək, həmin silahdan istifadə etmək və fiziki qüvvə tətbiq etmək.
38. Feldyeger rabitəsi orqanı əməkdaşlarının aşağıdakı vəzifələri vardır:
Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarının tələblərinə riayət etmək;
feldyeger rabitəsi orqanı rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamları yerinə yetirmək;
feldyeger rabitəsi orqanında müəyyən edilən daxili intizam və xidməti informasiya ilə rəftar qaydalarına riayət etmək, vəzifə təlimatlarını yerinə yetirmək;
dövlət sirrini və qanunla qorunan digər sirləri qorumaq, xidməti vəzifələri yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq.
39. Feldyeger rabitəsi orqanı əməkdaşlarının xidməti vəzifələri vəzifə təlimatları ilə müəyyən edilir.
40. Vəzifə təlimatlarının hazırlanması və təsdiq edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
41. Feldyeger rabitəsi orqanı əməkdaşlarının xidməti vəzifələrinin icrasına həmçinin aşağıdakılar daxildir:
feldyeger rabitəsi orqanının rəhbərləri tərəfindən təsdiq olunmuş planlara uyğun olaraq keçirilən təlimlərdə, toplantılarda, yarışlarda və digər tədbirlərdə iştirak etmək;
xidmət yerinə getmək və qayıtmaq, xidməti ezamiyyətdə olmaq, müalicə yerinə getmək və qayıtmaq, habelə öz şəxsi təhlükəsizliyinin təminatı üzrə tədbirlər görmək.
42. Feldyeger rabitəsi orqanının əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən dövlətin himayəsi altında olurlar. Birbaşa rəislərdən, qanunvericiliklə müəyyən olunmuş orqanlar və şəxslərdən başqa heç kəs feldyeger rabitəsi orqanı əməkdaşlarının xidməti fəaliyyətinə müdaxilə edə bilməz.
43. Təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş feldyeger rabitəsi orqanının əməkdaşı üç ay müddətinə əmək haqqı saxlanılmaqla həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə feldyeger rabitəsi orqanı əməkdaşının xəstə olduğu, habelə növbəti və əlavə məzuniyyətlərdə olduğu müddət daxil edilmir. Müstəsna hallarda bu müddət bir ilədək uzadıla bilər.
44. Feldyeger rabitəsi orqanında xidmətə qəbul edilmiş vətəndaşlar ilkin xüsusi rütbəni aldıqdan sonra iki aydan gec olmayaraq aşağıda göstərilən məzmunda and içirlər:
"Mən (rütbəsi, adı, soyadı, atasının adı), feldyeger rabitəsi orqanında xidmət edərkən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına dönmədən əməl edəcəyimə, Azərbaycan dövlətinin mənafelərini hər şeydən uca tutacağıma, vəzifə borcumu şərəf və ləyaqətlə yerinə yetirəcəyimə, vəzifəcə böyük rəislərin əmr və göstərişlərini can-başla icra edəcəyimə and içirəm".
And içən onun mətnini imzalayır. Andın mətni and içənin şəxsi işinə əlavə edilir.
45. Feldyeger rabitəsi orqanının əməkdaşları xidmət keçmə üzrə aşağıdakı hallarda başqa işə keçirilirlər:
1) əməkdaşdan daha səmərəli şəkildə istifadə etmək mümkün olduqda;
2) ailə vəziyyətinə görə əməkdaş həvalə edilmiş işin öhdəsindən gələ bilmədikdə;
3) sağlamlığına görə tapşırılmış funksiyaları yerinə yetirə bilmədikdə.
46. Feldyeger rabitəsi orqanı əməkdaşının xidmət üzrə başqa işə keçirilməsi əmr ilə rəsmiləşdirilir. Əmrdə başqa işə keçirilmənin əsası göstərilir. Əmr feldyeger rabitəsi orqanının əməkdaşına imza etdirilməklə elan olunur.
47. Feldyeger rabitəsi orqanının əməkdaşları aşağıdakı son yaş həddinədək xidmət edirlər:
feldyeger xidməti kiçik çavuşu, feldyeger xidməti çavuşu, feldyeger xidməti baş çavuşu, feldyeger xidməti kiçik leytenantı, feldyeger xidməti leytenantı, feldyeger xidməti baş leytenantı, feldyeger xidməti kapitanı, feldyeger xidməti mayoru - 55 yaş;
feldyeger xidməti polkovnik-leytenantı, feldyeger xidməti polkovniki - 60 yaş;
feldyeger xidməti general-mayoru, feldyeger xidməti general-leytenantı - 65 yaş.
Feldyeger rabitəsi orqanının qadın əməkdaşları öz arzusu ilə bu maddədə nəzərdə tutulan müddətlərdən beş il az xidmət edə bilərlər.
Xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər.
48. 15 təqvim ili və daha çox xidmət illəri olan feldyeger rabitəsi orqanının əməkdaşları ştatların ixtisarına və ya səhhətinə görə az maaşlı vəzifəyə keçirildikdə, onların əvvəlki vəzifə maaşları saxlanılır.
49. Barəsində cinayət işi başlanan, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən feldyeger rabitəsi orqanının əməkdaşı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifədən müvəqqəti olaraq kənar edilir.
50. Feldyeger rabitəsi orqanının əməkdaşları hüquq mühafizə orqanlarına xidmətə keçirilərkən onların feldyeger rabitəsi orqanında xidmət illəri göstərilən orqanların xidmət illərinə daxil edilir və daşıdıqları rütbələr saxlanılır. Hüquq mühafizə orqanlarından feldyeger rabitəsi orqanına xidmətə qəbul edilmiş şəxslərin həmin orqanlardakı xidmət illəri və daşıdıqları rütbələr saxlanılır.
51. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda vəzifədən müvəqqəti kənar edilən feldyeger rabitəsi orqanı əməkdaşının həmin müddət ərzində əmək haqqı saxlanılır.
52. Feldyeger rabitəsi orqanı əməkdaşlarının və onların ailələrinin, habelə əmlakının yeni xidmət yerinə daşınması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada feldyeger rabitəsi orqanının saxlanması üçün ayrılmış vəsait hesabına həyata keçirilir.
53. Müharibə dövründə və fövqəladə vəziyyət elan olunan yerlərdə feldyeger rabitəsi orqanı əməkdaşlarının xidmətlərinin xüsusiyyətləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.
54. Feldyeger rabitəsi orqanında xidməti intizam feldyeger rabitəsi orqanının əməkdaşları tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə tabe olduqları rəislərinin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir.
55. Feldyeger rabitəsi orqanının daxili intizam qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
56. Xidmətdə yüksək müvəffəqiyyətlərə, uzun müddət qüsursuz xidmətə və digər nailiyyətlərə görə feldyeger rabitəsi orqanının əməkdaşına aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq edilir:
1) təşəkkür elan edilməsi;
2) pul və ya qiymətli əşya verilməsi;
3) Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının fəxri fərmanı ilə təltif edilməsi;
4) növbəti xüsusi rütbənin vaxtından əvvəl verilməsi;
5) təltif silahının verilməsi;
6) növbəti xüsusi rütbənin tutduğu vəzifə üçün nəzərdə tutulandan bir pillə yuxarı verilməsi;
7) tətbiq edilmiş intizam tənbehinin vaxtından əvvəl geri götürülməsi.
57. Feldyeger rabitəsi orqanının əməkdaşı xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə, ona etibar edilmiş korrespondensiyanı cinayətkar qəsdlərdən qoruyarkən xüsusilə fərqlənməyinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim oluna bilər.
58. Feldyeger rabitəsi orqanının əməkdaşı xidməti intizam qaydalarını pozduqda, ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər:
1) irad;
2) töhmət;
3) şiddətli töhmət;
4) 6 ay müddətinə aşağı vəzifəyə keçirilmə;
5) xüsusi rütbənin bir pillə aşağı salınması;
6) feldyeger rabitəsi orqanında xidmətinə xitam verilmə.
59. İntizam tənbehinin qüvvədə olduğu müddətdə, feldyeger rabitəsi orqanının əməkdaşlarına bu Əsasnamənin 56-cı maddəsində nəzərdə tutulan (7-ci bənd istisna olunmaqla) həvəsləndirmə tədbirləri tətbiq edilə bilməz.
60. İntizam tənbehi verilərkən feldyeger rabitəsi orqanı əməkdaşının əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törədildiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl feldyeger rabitəsi orqanının əməkdaşından yazılı izahat tələb edilməlidir. İzahatda göstərilən məlumatların yoxlanılmasının nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilir.
Feldyeger rabitəsi orqanı əməkdaşının izahat verməkdən imtina etməsi ona intizam tənbehinin verilməsini istisna etmir.
61. İntizam tənbehi feldyeger rabitəsi orqanı tərəfindən intizam qaydalarını pozan əməkdaşa xidməti intizamın pozulduğu və ya pozulması məlum olduğu andan 20 gün müddətində verilə bilər.
62. İntizam tənbehi intizam xətası törətmiş feldyeger rabitəsi orqanı əməkdaşının xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan altı ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 1 ildən artıq vaxt keçdikdən sonra tətbiq oluna bilməz. Feldyeger rabitəsi orqanı əməkdaşının məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu vaxt, habelə cinayət və ya inzibati xəta haqqında iş üzrə icraat vaxtı bu müddətə daxil edilmir.
63. İntizam tənbehinin verilməsi əmrlə rəsmiləşdirilir. Əmr, törədilmiş xətanın səbəbləri göstərilməklə tənbeh verilmiş feldyeger rabitəsi orqanının əməkdaşına elan olunur və bu barədə ona imza etdirilir. İntizam tənbehi tətbiq edilmiş şəxs əmrlə tanış olmasına dair tərtib edilmiş sənədi imzalamaqdan imtina etdikdə, bu barədə akt tərtib edilir. Həmin akt ən azı iki şahidin iştirakı ilə tərtib edilir və intizam tənbehi verilmiş əməkdaşın işində saxlanılır.
64. Feldyeger rabitəsi orqanının əməkdaşına verilmiş intizam tənbehi, əgər altı ay müddətində ona yeni intizam tənbehi tətbiq olunmamışdırsa, onun üzərindən götürülür və o, tənbeh almamış hesab olunur.
65. İntizam tənbehi tətbiq edilmiş feldyeger rabitəsi orqanının əməkdaşı müvafiq icra hakimiyyəti orqanına, habelə məhkəməyə şikayət etmək hüququna malikdir.
66. Həvəsləndirmə tədbirləri və intizam tənbehləri birbaşa rəislər tərəfindən onların səlahiyyətləri daxilində tətbiq olunur. Birbaşa rəislər feldyeger rabitəsi orqanı əməkdaşlarının xidmət üzrə, o cümlədən müvəqqəti olaraq tabe olduqları rəislərdir.
67. Həvəsləndirmə tədbirləri və intizam tənbehi tətbiq etmək hüququ olan şəxslərin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
68. Feldyeger rabitəsi orqanının rəisləri həvəsləndirmə tədbirlərinin və intizam tənbehlərinin tətbiqi üzrə onlara verilmiş səlahiyyətləri aşarsa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
69. Feldyeger rabitəsi orqanının əməkdaşlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normal iş vaxtı şamil edilir.
70. Zəruri hallarda feldyeger rabitəsi orqanının əməkdaşları müəyyən edilmiş iş vaxtından artıq müddətdə, həmçinin gecə vaxtı, istirahət və bayram günlərində xidməti vəzifələrinin yerinə yetirilməsinə cəlb oluna bilərlər. İş vaxtından artıq olan müddətdə xidməti vəzifələrinin yerinə yetirilməsinə görə onlara Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənişlər verilir.
71. Feldyeger rabitəsi orqanının əməkdaşlarına aşağıda göstərilən məzuniyyətlər verilir:
1) hər il verilən əsas məzuniyyət;
2) əlavə məzuniyyətlər;
3) sosial məzuniyyətlər;
4) yaradıcılıq və təhsil məzuniyyətləri;
5) ödənişsiz məzuniyyət.
Məzuniyyətin müddəti və verilmə qaydaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir.
72. Feldyeger rabitəsi orqanının əməkdaşlarına aşağıdakı hallarda feldyeger rabitəsi orqanında xidmət illərinə görə ödənişli əlavə məzuniyyət verilir:
1) 10 ildən 15 ilədək xidmət illərinə görə - 5 təqvim günü;
2) 15 ildən 20 ilədək xidmət illərinə görə - 10 təqvim günü;
3) 20 il və daha çox xidmət illərinə görə - 15 təqvim günü.
73. Əsas məzuniyyətdən istifadə etməmiş feldyeger rabitəsi orqanı əməkdaşının işdən çıxması hallarından başqa, məzuniyyətin pul ilə əvəz edilməsinə yol verilmir.
74. Feldyeger rabitəsi orqanı əməkdaşlarının təminat xərci vəzifə maaşlarından, xüsusi rütbələrə görə əlavə haqdan, xidmət illərinə görə əlavə ödənişlərdən, habelə ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir.
75. Feldyeger rabitəsi orqanı əməkdaşlarına hər il onların aylıq vəzifə maaşının ikiqat həcmində maddi yardım göstərilə bilər.
76. Feldyeger rabitəsi orqanının əməkdaşlarına hər il onların aylıq vəzifə maaşının ikiqat həcmində pul mükafatları verilə bilər.
77. Feldyeger rabitəsi orqanının, xidməti vəzifəsini hava nəqliyyatı vasitəsi ilə yerinə yetirən əməkdaşları mülki aviasiya təyyarələrinin bələdçilərinə ödənilən saathesabı tarif miqdarında uçuş saatlarına görə əlavə haqq almaq hüququna malikdirlər.
78. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı xidmətdə əldə etdikləri nailiyyətlərə görə feldyeger rabitəsi orqanının əməkdaşlarına onların vəzifə maaşlarının 25 faizi həcmində əlavələr müəyyən edə bilər.
Verilən tapşırıqların yerinə yetirilməməsi, işin keyfiyyətinin aşağı düşməsi və habelə xidməti intizamın pozulması halları zamanı bu əlavələr götürülə və ya azaldıla bilər.
79. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə feldyeger rabitəsi orqanının əməkdaşlarına növbəti olaraq verilən geyim formasının əvəzinə, onların dəyəri məbləğində pul kompensasiyasının ödənilməsinə yol verilir.
Feldyeger rabitəsi orqanının əməkdaşları ərzaq payı ilə təmin olunurlar. Ərzaq payının norması və ya o, natura şəklində verilmədiyi halda, dəyərinin pul kompensasiyasının həcmi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
80. Feldyeger rabitəsi orqanının şəxsi heyətinə daxil olan əməkdaşlara xidmət illəri üçün əlavə ödəniş müəyyən edilir.
81. Feldyeger rabitəsi orqanına xidmətə qəbul ilə əlaqədar, həmçinin feldyeger rabitəsi orqanının əməkdaşlarına və onların ailələrinə tibb müəssisələrində göstərilən tibbi xidmətə sərf olunan xərclər feldyeger rabitəsini həyata keçirən orqana təyinatı üzrə ayrılmış büdcə vəsaiti hesabına ödənilir.
82. Feldyeger rabitəsi orqanı əməkdaşlarının dövlət tərəfindən icbari şəxsi sığortalanması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
83. Xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş (vəfat etmiş) və ya xidmətinin davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, yaxud xəsarət almış feldyeger rabitəsi orqanının əməkdaşına, onun ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət verilir və eləcə də xidməti vəzifəsini yerinə yetirərkən əməkdaşa dəymiş zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət büdcəsinin vəsaiti hesabına tam həcmdə ödənilir.
84. Feldyeger rabitəsi orqanı əməkdaşlarının və onların ailə üzvlərinin feldyeger rabitəsi orqanının təhkim olunduğu tibb müəssisələrində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tibbi təminat almaq hüquqları vardır.
85. Feldyeger rabitəsi orqanının əməkdaşına sanatoriya-kurort yollayışının qiymətinin 75 faizi, onun hər bir ailə üzvü üçün isə yollayışın qiymətinin 50 faizinə qədər məbləğdə pul kompensasiyası ödənilir.
86. Feldyeger rabitəsi orqanı əməkdaşlarının pensiya təminatı "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında həyata keçirilir.
87. Kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədi ilə feldyeger rabitəsi orqanı əməkdaşlarının attestasiyası keçirilir.
Attestasiya zamanı hər bir feldyeger rabitəsi orqanı əməkdaşının işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyatı aşkar edilir.
88. Feldyeger rabitəsi orqanı əməkdaşlarının attestasiyasının keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.
89. Yalnız müvafiq vəzifələrdə azı bir il çalışan feldyeger rabitəsi orqanı əməkdaşlarının attestasiyası keçirilə bilər. Hər bir feldyeger rabitəsi orqanı əməkdaşının dörd ildə bir dəfədən çox olmayaraq attestasiyası keçirilə bilər.
90. Feldyeger rabitəsi orqanı əməkdaşlarının attestasiyasının keçirilməsi üçün attestasiya komissiyası yaradılır. Attestasiya komissiyasının tərkibi və səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
Attestasiya komissiyası öz fəaliyyətini bu Əsasnaməyə və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan attestasiya komissiyası haqqında Əsasnaməyə uyğun olaraq təşkil edir.
91. Attestasiya komissiyası kollegial orqandır. O, azı beş nəfərdən ibarət olmaqla, bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır.
92. Attestasiya komissiyası feldyeger rabitəsi orqanı əməkdaşının tutduğu vəzifəyə uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı, attestasiya komissiyası bu qərarda feldyeger rabitəsi orqanı əməkdaşının başqa vəzifədə istifadə edilməsinin məqsədəmüvafiqliyi barədə tövsiyə verə bilər.
IV FƏSİL
FELDYEGER RABİTƏSİ ORQANI ƏMƏKDAŞLARININ XİDMƏTİNƏ XİTAM VERİLMƏSİ ÜÇÜN ƏSASLAR
93. Feldyeger rabitəsi orqanı əməkdaşının xidmətinə aşağıda göstərilən hallara əsasən xitam verilə bilər:
1) öz təşəbbüsü ilə;
2) bu Əsasnamənin 47-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə;
3) pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə;
4) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əməkdaşın feldyeger rabitəsi orqanında digər boş vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya göstərilən əməkdaş belə vəzifəyə keçirilməkdən imtina etdikdə;
5) əməkdaşın feldyeger rabitəsi orqanında xidmətə yararsız olması barədə müvafiq tibb komissiyasının rəyinə əsasən;
6) müvafiq tibb komissiyasının qərarı əsasında səhhətinin vəziyyətinə görə feldyeger rabitəsi orqanında xidmət etmək üçün məhdud yararlı olduqda, əgər əməkdaşın feldyeger rabitəsi orqanında səhhətinin vəziyyətinə dair tələblərə uyğun olaraq digər boş vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilməkdən göstərilən şəxs imtina etdikdə;
7) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qərarı olduqda, əgər əməkdaşın feldyeger rabitəsi orqanında onun ixtisasına uyğun olan digər boş vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilməkdən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda;
8) xidməti intizamı bir dəfə kobud surətdə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirmədikdə;
9) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda;
10) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə.
94. Feldyeger rabitəsi orqanında pensiya almaq hüququ ilə xidmətlərinə xitam verilmiş feldyeger rabitəsi orqanının əməkdaşlarına geyim formasını daşımağa icazə verilir.
95. Feldyeger rabitəsi orqanında xidmətə feldyeger rabitəsi orqanı əməkdaşının təşəbbüsü ilə xitam verildikdə, o, bir ay qabaqcadan birbaşa tabe olduğu rəisi bu barədə yazılı surətdə xəbərdar etməlidir.
V FƏSİL
FELDYEGER RABİTƏSİ ORQANINDA XİDMƏTƏ
VƏ VƏZİFƏYƏ BƏRPA OLUNMA
96. Feldyeger rabitəsi orqanında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan feldyeger rabitəsi orqanı əməkdaşının həmin qərardan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır.
97. Feldyeger rabitəsi orqanında vəzifəyə bərpa olunmaq üçün əsas Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı və ya qüvvəyə minmiş məhkəmə qərarıdır.
Feldyeger rabitəsi orqanı əməkdaşlarının vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir.
98. Xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət feldyeger rabitəsi orqanında xidmətə bərpa edilmiş feldyeger rabitəsi orqanı əməkdaşının xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası olan təminat xərci ödənilir.
VI FƏSİL
YEKUN MÜDDƏALARI
99. Feldyeger rabitəsi orqanının maliyyələşdirilməsi Azərbaycan Respublikasının feldyeger rabitəsi orqanı haqqında qanunvericiliyə əsasən dövlət büdcəsində nəzərdə tutulan vəsait hesabına həyata keçirilir.
100. Öz xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar həlak olmuş, yaxud xidməti başa vurduqdan sonra feldyeger rabitəsi orqanında xidmət zamanı aldıqları yaralanma, kontuziya və xəstəlik nəticəsində vəfat etmiş, həmçinin 20 il və daha çox (təqvim ili hesabı ilə) xidmət etmiş feldyeger rabitəsi orqanı əməkdaşlarının dəfni və bununla əlaqədar xərclər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
101. Feldyeger rabitəsi orqanında xidməti tənzimləyən normativ hüquqi aktların pozulmasına görə feldyeger rabitəsi orqanının əməkdaşları Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

