Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 539-VQD nömrəli Qanununun və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 540-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, No– 2 (I kitab), maddə 202, No– 3, maddələr 397, 403, 429, No– 4, maddələr 631, 647, 654, No– 5, maddələr 835, 846, No– 6, maddələr 997, 1010, No– 7, maddələr 1247, 1249, No– 10, maddə 1608, No– 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, No– 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, No– 1, maddə 21, No– 2, maddələr 139, 147, 152, 162, No– 3, maddələr 331, 344, No– 5, maddələr 698, 701, 734, 749, 754, No– 6, maddələr 1020, 1033, 1036, No– 7, maddələr 1273, 1296, 1297, 1299; Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 814-VQD və 817-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 43.1-ci maddədə “387, 388” rəqəmləri “387-388-1” rəqəmləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 370-1-ci maddə əlavə edilsin:
“Maddə 370-1. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçota durma qaydalarının pozulması
370-1.0. İnternet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçota durma qaydalarının pozulmasına, yəni:
370-1.0.1. xidmət göstərməyə başladıqları vaxtdan 15 gün müddətində müvafiq icra hakimiyyəti orqanında uçota durmamasına;
370-1.0.2. uçota alınma üçün zəruri olan sənədlərdəki çatışmazlıqları aradan qaldıraraq 15 gün müddətində uçota alınma üçün yenidən müraciət edilməməsinə;
370-1.0.3. uçot məlumatlarında dəyişiklik baş verdiyi gündən 10 gün müddətində həmin dəyişiklik barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə -
vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.”.
3. Aşağıdakı məzmunda 388-1-ci maddə əlavə edilsin:
“Maddə 388-1. İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması
388-1.1. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni:
388-1.1.1. informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə -
388-1.1.2. internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə -
fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
388-1.2. İnternet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə -
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 388-1.1.1-ci maddəsi həmin maddədə göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 dekabr 2017-ci il
No– 898-VQD
Fayl şəklində yüklə