Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        
Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsinin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2005-ci il

No– 903-IIQ

  Azərbaycan Respublikasının 2005-ci il 3 may tarixli 903-IIQ saylı Qanunu ilə TƏSDİQ EDİLMİŞDİR

BƏLƏDİYYƏLƏRİN REGİONAL ASSOSİASİYALARININ NÜMUNƏVİ ƏSASNAMƏSİ

I. Ümumi müddəalar

1. Bələdiyyələrin regional assosiasiyası (bundan sonra - "Assosiasiya") Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsində fəaliyyət göstərən bələdiyyələrin öz fəaliyyətini əlaqələndirmək, hüquq və mənafelərini daha səmərəli həyata keçirmək məqsədi ilə yaratdıqları ittifaqıdır.
2. Assosiasiya öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələr, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və bu Əsasnamə əsasında həyata keçirir.
3. Assosiasiyanın fəaliyyəti könüllülük, üzvlərin hüquq bərabərliyi, qanunçuluq, qərarların qəbul edilməsində kollegiallıq, demokratik idarəetmə və aşkarlıq prinsiplərinə əsaslanır.
4. Assosiasiya hüquqi şəxsdir.
5. Assosiasiyanın, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı olan möhürü, habelə müəyyən olunmuş nümunədə blankları vardır.

II. Assosiasiyanın məqsəd və vəzifələri

1. Assosiasiyanın əsas məqsədi bələdiyyələrin fəaliyyətinin əlaqələndirilməsinə, həmin fəaliyyətin beynəlxalq hüquq normalarına və mövcud qanunvericiliyə uyğun qurulmasına və ortaya çıxan problemlərin birgə həll edilməsinə kömək göstərmək yolu ilə Azərbaycan Respublikasında yerli özünüidarənin möhkəmlənməsinə və inkişafına nail olmaqdır.
2. Bu məqsədə nail olmaq üçün Assosiasiya aşağıdakı vəzifələri həyata keçirir:
- bələdiyyələrin fəaliyyətinin səmərəli tənzimlənməsi üçün yeni qanunvericilik aktlarının qəbul edilməsinə və mövcud qanunvericiliyin təkmilləşdirilməsinə səy göstərmək, bələdiyyələrin inkişafı üçün əlverişli mühitin yaradılması məqsədi ilə layihələr və təkliflər hazırlamaq;
- yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları və müvafiq beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığın təmin olunması üçün tədbirlər həyata keçirmək;
- ölkənin və ayrı-ayrı regionların sosial-iqtisadi inkişafında, insanların sosial müdafiəsinin gücləndirilməsində, regional və yerli ekoloji tarazlığın qorunmasında bələdiyyələrin rolu ilə bağlı maarifçilik fəaliyyətini həyata keçirmək;
- bələdiyyələrin cəmiyyətdə nüfuzunun artması, fəaliyyət sahələrinin genişləndirilməsi, əhalinin geniş təbəqələrinin bu proseslərdə iştiraka cəlb edilməsi üçün təbliğat işi aparmaq;
- bələdiyyələrə metodik, hüquqi, texniki, təşkilati və informasiya təminatı sahəsində yardım göstərmək və onların fəaliyyətinin qanunauyğun qurulmasına kömək etmək;
- müvafiq ərazilərdə mədəni sərvətlərin qorunub saxlanılmasına, mədəniyyət və incəsənətin inkişafına kömək göstərilməsi ilə bağlı bələdiyyələrin birgə fəaliyyətini təmin etmək;
- səhiyyə və ətraf mühitin mühafizəsi sahəsində bələdiyyələrin birgə fəaliyyətini təmin etmək;
- bələdiyyələrin statusu və fəaliyyəti ilə bağlı bilgiləri yaymaq, bələdiyyə qulluqçularının ixtisasının artırılması üzrə kurslar təşkil etmək;
- xarici ölkələrdə fəaliyyət göstərən müvafiq assosiasiyalarla əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə kömək etmək;
- assosiasiyaların səmərəli fəaliyyətinin təmin edilməsi məqsədi ilə müvafiq tədqiqatların, araşdırmaların və monitorinqlərin təşkilinə və keçirilməsinə yardım göstərmək;
- Assosiasiyanın məqsədindən və yerli əhalinin ehtiyaclarından irəli gələn digər vəzifələri həyata keçirmək.

III. Assosiasiyanın hüquqları

1. Assosiasiya öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
- öz məqsəd və vəzifələri ilə bağlı dövlət orqanları qarşısında məsələlər qaldırır, rəy və təkliflərini verir;
- sahibkarlıq fəaliyyəti ilə məşğul olur;
- öz məqsədi, vəzifələri və fəaliyyəti haqqında məlumatları sərbəst yayır, qanunvericiliyə uyğun olaraq kütləvi informasiya vasitələri təsis edir, nəşriyyat, poliqrafiya müəssisəsi yaradır;
- regional və yerli iqtisadi, sosial və ekoloji problemlərin həllinə xidmət edən konfranslar, simpoziumlar, forumlar, dəyirmi masalar, treninqlər, seminarlar, kurslar, sərgilər, xeyriyyə marafonları və başqa tədbirlər təşkil edir;
- elmi araşdırmalar, tədqiqatlar, monitorinqlər, sosioloji sorğular aparır;
- müxtəlif istiqamətli mərkəzlər, bölmələr, xidmət sahələri, klublar, qruplar, komissiyalar və s. yaradır.
2. Öz məqsədlərinə nail olmaq üçün Assosiasiya səlahiyyətləri çərçivəsində qanunla qadağan olunmayan istənilən digər fəaliyyəti həyata keçirə bilər.

IV. Assosiasiyaya üzvlük

1. Assosiasiya yaratmaq istəyən üç və ya daha çox bələdiyyənin təşəbbüsü ilə təsis yığıncağı keçirilə bilər.
2. Assosiasiyaya əlavə üzv qəbul edilməsi müvafiq müraciət əsasında Assosiasiyanın idarə heyəti tərəfindən həyata keçirilir.
3. Assosiasiya üzvlərinin aşağıdakı hüquqları vardır:
- Assosiasiyanın təsis edilməsi, yenidən təşkil və ləğv edilməsi;
- Assosiasiyanın Ümumi yığıncağına nümayəndə seçilmək;
- Assosiasiyanın tədbirlərində iştirak etmək;
- Assosiasiyanın seçkili orqanlarına seçmək və seçilmək;
- Assosiasiyanın göstərdiyi xidmət və yardımlardan istifadə etmək;
- Assosiasiyanın rəhbər orqanlarının fəaliyyəti haqqında məlumat almaq;
- Assosiasiyanın rəhbər orqanlarına və vəzifəli şəxslərinə ərizə, şikayət və təkliflərlə müraciət etmək;
- Assosiasiyanın üzvlüyündən çıxmaq.
4. Assosiasiya üzvləri aşağıdakı vəzifələri yerinə yetirməyə borcludurlar:
- Assosiasiyanın fəaliyyətinə kömək göstərmək, keçirilən tədbirlərdə fəal iştirak etmək;
- Assosiasiyanın rəhbər orqanlarının qanuna və bu Əsasnaməyə uyğun qərarlarını yerinə yetirmək;
- Assosiasiyanın Ümumi yığıncağında müəyyənləşdirilmiş üzvlük haqqını ödəmək.
5. Bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrini üzrsüz səbəbə görə mütəmadi yerinə yetirməyən Assosiasiya üzvləri idarə heyətinin qərarı ilə Assosiasiya üzvlüyündən çıxarıla bilər. Həmin qərardan Ümumi yığıncağa şikayət verilə bilər.
6. Assosiasiyanın üzvü üzvlükdən çıxarıldıqda, onun nümayəndəsi seçildiyi rəhbər orqandan da çıxmış hesab edilir.

V. Assosiasiyanın rəhbər orqanları

1. Assosiasiyanın ali idarəetmə orqanı bir il ərzində bir dəfədən az olmayaraq çağırılan Ümumi yığıncaqdır.
2. Ümumi yığıncağa nümayəndəlik normaları Ümumi yığıncağın təşkili üzrə yaradılmış təşkilat komitəsi tərəfindən müəyyən edilir. Ümumi yığıncaq, nümayəndələrin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
3. Ümumi yığıncağın səlahiyyətləri aşağıdakılardır:
- Əsasnamənin qəbul edilməsi, ona əlavə və dəyişikliklər edilməsi;
- Assosiasiyanın əmlakının formalaşma və istifadə prinsiplərinin müəyyən edilməsi;
- Assosiasiyanın illik hesabatının təsdiq edilməsi;
- Assosiasiyanın fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi;
- Assosiasiyanın rəhbər orqanlarının - onun sədrinin, idarə heyətinin və nəzarət-təftiş komissiyasının üzvlərinin seçilməsi;
- Assosiasiyanın rəhbər orqanlarının - onun sədrinin və nəzarət təftiş komissiyasının hesabatlarının dinlənilib müvafiq qərarların qəbul edilməsi;
4. Assosiasiyanın əsasnaməsi, ona əlavə və dəyişikliklər üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə Ümumi yığıncaq nümayəndələrinin adi səs çoxluğu ilə qəbul edilir.
5. Ümumi yığıncaq arası dövrdə Assosiasiyanın rəhbər orqanı idarə heyətidir.
6. İdarə heyəti Ümumi yığıncaqlararası dövr üçün nümayəndələr arasından iki ildən beş ilə qədər müddətə seçilir. Konkret müddət Ümumi yığıncaqda müəyyənləşdirilir.
7. İdarə heyəti üzvlərinin sayı Ümumi yığıncaqda müəyyənləşdirilir. Üzvlərinin yarısından çoxu iştirak etdikdə, idarə heyətinin iclası səlahiyyətli sayılır və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.
8. İdarə heyəti Ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid olan məsələlərdən başqa, Assosiasiyanın fəaliyyəti ilə əlaqədar bütün məsələləri müzakirə edib müvafiq qərarlar qəbul edə bilər.
9. İdarə heyətinin iclasları zərurət olduqda, lakin ayda bir dəfədən az olmamaq şərti ilə çağırılır.
10. İdarə heyəti:
- Assosiasiya sədrinin təqdimatı ilə onun sədr müavinlərini təsdiq edir;
- Assosiasiya sədrinin təqdimatı ilə onun strukturunu və ştat cədvəlini təsdiq edir;
- Assosiasiyanın struktur vahidlərini, filial və nümayəndəliklərini təsdiq edir;
- bələdiyyələri Assosiasiyanın üzvlüyünə qəbul edir, nümayəndələrin səlahiyyətlərini təsdiq edir;
- Ümumi yığıncağın qərarlarının icrasına nəzarəti həyata keçirir;
- növbədənkənar Ümumi yığıncaq çağırmaq barədə məsələ qaldırır.
11. İdarə heyətinin icraya yönəldilən qərarları ilə Assosiasiyanın sədri razı olmaya bilər. Bu hallarda həmin qərarlar yenidən müzakirə edilərək üçdə iki səs çoxluğu ilə qəbul edildikdə, son qərar qəbul edilmiş sayılır.
12. İdarə heyətinin iclaslarında nəzarət-təftiş komissiyasının sədri iştirak edə bilər.
13. Assosiasiyanın sədri Ümumi yığıncaqda iki ildən beş ilə qədər müddətə seçilir. Konkret müddət Konfransda müəyyənləşdirilir.
14. Assosiasiyanın sədri:
- qəbul edilmiş qərarların icrasını həyata keçirir;
- Assosiasiyanın bütün struktur vahidlərinin, onun filial və nümayəndəliklərinin rəhbərlərini təyin edir və onların fəaliyyətini əlaqələndirir;
- Assosiasiyanı təmsil edir, onun adından müqavilə və sazişlər imzalayır, müraciətlər edir;
- işçiləri işə qəbul edir və işdən azad edir;
- sərəncamlar, əmrlər verir, zəruri sənədləri hazırlayıb idarə heyətinə təqdim edir;
- Assosiasiyanın maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir.
15. Assosiasiyanın sədri Assosiasiyanın növbədənkənar Ümumi yığıncağın çağırılması haqqında İdarə heyəti qarşısında məsələ qaldıra bilər.
16. Assosiasiyanın sədri Assosiasiyanın fəaliyyəti haqqında İdarə heyətinə məlumat və Ümumi yığıncağa hesabat verir.
17. Assosiasiyanın sədr müavinləri sədrin həvalə etdiyi səlahiyyətləri həyata keçirirlər.
18. Nəzarət-təftiş komissiyası:
- Assosiasiyanın fəaliyyətinin qanuna və Əsasnaməyə uyğunluğuna;
- Assosiasiya üzvlərinin Assosiasiya ilə bağlı fəaliyyətinin Əsasnaməyə uyğunluğuna;
- Assosiasiyanın maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir.
19. Nəzarət-təftiş komissiyasının üzvləri Assosiasiyanın Ümumi yığıncağına müvafiq müddətə seçilirlər. Sıradan çıxmış nəzarət-təftiş komissiyası üzvünün yerinə Ümumi yığıncaqda onun tərkibinə düşə bilməyən namizədlər arasından ən çox səs toplamış şəxs varsa, ilk növbədə o seçilir.
20. Nəzarət-təftiş komissiyasının iclasları üzvlərin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab edilir, qərarlar sadə səs çoxluğu ilə qəbul olunur.
21. Nəzarət-təftiş komissiyası öz üzvləri arasından nəzarət-təftiş komissiyasının sədrini, sədrin müavinlərini və katibini seçir.

VI. Assosiasiyanın mülkiyyəti və maliyyə vəsaitləri

1. Assosiasiya qanunvericiliyə uyğun olaraq əmlaka və maliyyə vəsaitlərinə malik ola bilər.
2. Assosiasiyanın əmlakı və maliyyə vəsaitləri yalnız Əsasnamədə müəyyənləşdirilmiş məqsədlərin həyata keçirilməsi üçün istifadə edilə bilər.
3. Assosiasiyanın əmlakının və maliyyə vəsaitlərinin yaranma mənbələri aşağıdakılardır:
- üzvlərin üzvlük haqları, könüllü olaraq əmlak haqları, ianələr, məqsədli ödəmələr;
- Assosiasiya tərəfindən keçirilən tədbirlərdən əldə olunan gəlirlər;
- sahibkarlıq fəaliyyəti ilə əldə olunan gəlirlər;
- göstərilən xidmətlərin, görülən işlərin nəticəsində əldə edilən gəlirlər;
- təhsil proqramlarının həyata keçirilməsindən əldə olunan gəlirlər;
- malların satışından, xidmətlərin göstərilməsindən və işlərin görülməsindən daxilolmalar;
- sərəncamında olan binaların, maşınların, texnikanın və digər əmlakın icarəyə verilməsindən əldə edilən gəlirlər;
- müxtəlif beynəlxalq fondların və təşkilatların ayırdığı qrantlar;
- qanunla qadağan olunmayan digər mənbələr.

VII. Assosiasiyanın ləğv edilməsi

1. Assosiasiya aşağıdakı hallarda ləğv edilir:
- Assosiasiyanın Ümumi yığıncağında üzv bələdiyyələrin üçdə ikisinin razılığı ilə Assosiasiya buraxıldıqda;
- Assosiasiya digər təşkilatlar və ya qurumlarla birləşdikdə;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq məhkəmənin qərarı ilə Assosiasiyanın qeydiyyatı ləğv edildikdə.
2. Assosiasiya ləğv edildikdə, ümumi yığıncağın qərarı ilə ləğvetmə komissiyası yaradılır, borclar ödənildikdən sonra qalan əmlak Assosiasiyanın Əsasnamədə müəyyənləşdirilmiş məqsədlərinin həyata keçirilməsinə sərf olunur, bu mümkün olmadıqda isə, Azərbaycan Respublikasının dövlət büdcəsinə yönəldilir.
3. Assosiasiyanın fəaliyyəti ilə bağlı əmlak mübahisələri qarşılıqlı anlaşma əsasında, əgər belə anlaşma əldə edilməzsə, məhkəmə qaydasında həll edilir.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU