Azərbaycan Respublikasının "Şərəf" və "Dostluq" ordenlərinin təsis edilməsi haqqında
Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenləri təsis edilsin.
II. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, No– 23, maddə 996; 1993-cü il, No– 23, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No– 5, maddə 251; 2003-cü il, No– 12, I kitab, maddə 677; 2005-ci il, No– 4, maddə 291; 2006-cı il, No– 10, maddə 846) 1-ci maddəsinin altıncı və yeddinci abzasları müvafiq olaraq yeddinci və doqquzuncu abzaslar hesab edilsin və maddəyə aşağıdakı məzmunda altıncı və səkkizinci abzaslar əlavə edilsin:
“Şərəf” ordeni;
“Dostluq” ordeni;”.
III. Azərbaycan Respublikasının “Şərəf” ordeninin statutu təsdiq edilsin (əlavə olunur).
IV. Azərbaycan Respublikasının “Şərəf” ordeninin təsviri təsdiq edilsin (əlavə olunur).
V. Azərbaycan Respublikasının “Dostluq” ordeninin statutu təsdiq edilsin (əlavə olunur).
VI. Azərbaycan Respublikasının “Dostluq” ordeninin təsviri təsdiq edilsin (əlavə olunur).
VII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 fevral 2007-ci il
No– 248-IIIQ
Azərbaycan Respublikasının 2007-ci il
16 fevral tarixli 248-IIIQ nömrəli
Qanunu ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının “Şərəf ” ordeninin statutu
1. Azərbaycan Respublikasının “Şərəf” ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
1.1. Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında böyük xidmətlərinə görə;
1.2. Azərbaycan Respublikasının milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə;
1.3. iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda müstəsna xidmətlərinə görə;
1.4. elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə.
2. Azərbaycan Respublikasının “Şərəf” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Azərbaycan bayrağı” ordenindən sonra taxılır.
Azərbaycan Respublikasının 2007-ci il
16 fevral tarixli 248-IIIQ nömrəli
Qanunu ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının “Şərəf ” ordeninin təsviri
1. “Şərəf” ordeni qızıldan və platindən hazırlanmış səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə platindən düzəldilmiş xarici və qızıldan düzəldilmiş daxili dairə mövcuddur. Platindən hazırlanmış xarici dairənin yuxarı hissəsində çevrə boyunca qızıldan “Şərəf” sözü həkk olunmuşdur. Girdə lövhənin ortasında süni yaqut bərkidilmişdir. Orden halqa və ilgək vasitəsilə kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə lentə birləşdirilmişdir.
2. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.
3. Təltif dəstinə aşağıdakılar daxildir:
3.1. boyundan asmaq üçün kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə 27 mm enində lentdən ibarət 50 mm qabarit ölçülü orden;
3.2. paltara bərkidilmək üçün 25 mm x 50 mm ölçüdə, kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden;
3.3. paltara bərkidilmək üçün elementi olan, kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə, ölçüsü 1mm x 15 mm olan qəlib.
Azərbaycan Respublikasının 2007-ci il
16 fevral tarixli 248-IIIQ nömrəli
Qanunu ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının “Dostluq” ordeninin statutu
1. Azərbaycan Respublikasının “Dostluq” ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
1.1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında dostluq, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə;
1.2. xalqlar arasında dostluğun möhkəmləndirilməsi işində görkəmli xidmətlərinə görə;
1.3. dünyada, regionda və müxtəlif ölkələrdə sülhün və əmin-amanlığın bərqərar olmasında, sivilizasiyalar arasında konstruktiv münasibətlərin yaradılmasında və mədəniyyətlərarası dialoqun qurulmasında görkəmli xidmətlərinə görə.
2. “Dostluq” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Şöhrət” ordenindən sonra taxılır.
Azərbaycan Respublikasının 2007-ci il
16 fevral tarixli 248-IIIQ nömrəli
Qanunu ilə təsdiq edilmişdir
Azərbaycan Respublikasının “Dostluq” ordeninin təsviri
1. “Dostluq” ordeni qızıldan düzəldilmiş iti uclu səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə tutqun sarı rəngli qızıldan hazırlanmış relyefli quş qanadları arasında parlaq platindən düzəldilmiş yer kürəsi təsvir olunmuşdur. Girdə lövhənin kənarları qabarıqdır. Orden halqa və ilgək vasitəsilə Azərbaycan bayrağının rənglərini əks etdirən lentə birləşdirilmişdir.
2. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.
3. Təltif dəstinə aşağıdakılar daxildir:
3.1. boyundan asmaq üçün Azərbaycan bayrağının rənglərini əks etdirən 23 mm enində lentdən ibarət 50 mm qabarit ölçülü orden;
3.2. paltara bərkidilmək üçün Azərbaycan bayrağının rənglərini əks etdirən 21 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden;
3.3. paltara bərkidilmək üçün elementi olan, Azərbaycan bayrağının rənglərini əks etdirən, ölçüsü 1 mm x 15 mm olan qəlib.
Fayl şəklində yüklə

