Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamənin

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamənin
təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2007-ci il
No– 267-IIIQ

Azərbaycan Respublikasının
2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli
Qanunu ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi
qaydası haqqında Əsasnamə

1. Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının, habelə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşağının Azərbaycan Respublikasına qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.
Bu Əsasnamə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin (bundan sonra - “Şəhadətnamə” adlandırılacaq) verilməsi qaydasını müəyyən edir.

2. Bu Əsasnamədə “pasport” dedikdə, Azərbaycan Respublikasının ümumvətəndaş, xidməti, diplomatik pasportu, dənizçi pasportu, habelə Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi nəzərdə tutulur.

3. Şəhadətnamə - Azərbaycan Respublikası vətəndaşının və Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəddir.

4. Şəhadətnamə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən verilir. Şəhadətnamə ciddi hesabat sənədi kimi tətbiq edilir. Şəhadətnamə blanklarının ciddi hesabat sənədi kimi uçotu qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İki cür olan Şəhadətnamə blankları bu Əsasnaməyə əlavə olunmuş nümunələr (Əlavələr No–1, No–2) və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən spesifikasiya əsasında hazırlanır.

5. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu olmayan xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin Şəhadətnamə ilə təmin edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu ölkədə Azərbaycan Respublikasının mənafeyini ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada təmsil edən digər dövlətin diplomatik nümayəndəliyi və ya konsulluğu vasitəsilə həyata keçirilir.

6. Şəhadətnamənin alınması üçün bu Əsasnaməyə əlavə olunmuş forma üzrə doldurulmuş ərizə-anket (Əlavələr No–3, No–4 ) Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna təqdim edilir.

7. Şəhadətnamənin verilməsi haqqında ərizə-anketə aşağıdakı sənədlər və ya onların surətləri əlavə edilməlidir:

7.1. pasport yararsız hala düşdükdə və ya onun etibarlıq müddəti bitdikdə - pasportun özü;
7.2. 2 ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);
7.3. üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi və ya şəxsiyyətini və ya vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənədi;
7.4. Azərbaycan Respublikasının vətəndaşı ilə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi;
7.5. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən digər rəsmi sənəd;
7.6. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış uşağının doğum haqqında şəhadətnaməsi və ya Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən rəsmi sənəd ;
7.7. dövlət rüsumunun ödənilməsi haqqında sənəd.

8. Şəhadətnamənin verilməsi haqqında ərizə-anket Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda qeydiyyata alınır.

9. Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs tərəfindən bu Əsasnamənin 7-ci bəndində göstərilən sənədlər təqdim edildikdən sonra, Şəhadətnamə ərizə-anket qeydiyyata alındığı vaxtdan ən geci 3 təqvim günü müddətində verilir.

10. Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vasitəsilə, müstəsna hallarda isə birbaşa Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına sorğu göndərir.

11. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qısa müddət ərzində (3 iş günündən çox olmamaq şərti ilə) sorğunun icrası ilə bağlı müvafiq yoxlamalar aparır və əldə olunmuş nəticələr barədə məlumatları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna bildirir.

12. Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin özləri barəsində təqdim etdikləri məlumatların düzgünlüyü təsdiq edildikdə, onlara bu Əsasnamənin 9-cu bəndində göstərilən müddətdə Şəhadətnamə verilir.

13. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə verilir.

14. Verilmiş Şəhadətnamələr barədə məlumatlar Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən qaytanlanmış, nömrələnmiş və möhürlə təsdiqlənmiş xüsusi kitabda qeyd edilir.

15. Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs Şəhadətnaməni Azərbaycan Respublikasının ərazisinə qayıtdığı vaxtdan 20 gün müddətində ona pasport verən dövlət orqanına təhvil verməlidir.

16. Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs özü, habelə onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış şəxs barəsində bilərəkdən yanlış məlumat verərsə, ona Şəhadətnamə verilməsindən imtina olunur və bu barədə yazılı cavab verilir. İmtina haqqında qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verilə bilər.

17. Şəhadətnamənin itirilməsində və ya qəsdən korlanmasında, habelə bu Əsasnamənin tələblərinə zidd olaraq Şəhadətnamənin verilməsindən əsassız imtina edilməsində, Şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsində və ya onun verilməsində süründürməçiliyə yol verilməsində təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnaməyə Əlavə No– 1

 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnaməyə Əlavə No– 2

 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnaməyə Əlavə No– 3

 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnaməyə Əlavə No– 4


 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU