"Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq q ə r a r a a l ı r :
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, No– 2, maddə 69; 2016, No– 10, maddə 1600) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.22-ci maddədən “standartlar, o cümlədən Azərbaycan Respublikasının dövlət standartları, sahə standartları, texniki şərtlər,” sözləri və “texniki-iqtisadi məlumatların dövlət təsnifatı,” sözləri çıxarılsın.
2. 29.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“29.2. Bir və ya bir neçə normativ hüquqi aktda dəyişikliklər edildikdə, həmçinin bir və ya bir neçə normativ hüquqi akt ləğv edildikdə, həmin dəyişiklikləri və ya ləğvetməni nəzərdə tutan aktın adında dəyişikliklər edilən və ya ləğv edilən normativ hüquqi aktın (aktların) adı (adları) göstərilməlidir.”.
3. 70.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“70.3. Azərbaycan Respublikasının Milli Məclisində dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi barədə, uyğunlaşdırma məqsədi ilə hazırlanmış, həmçinin ad və digər texniki xarakter daşıyan dəyişiklikləri (müddət, məbləğ, yaş senzi ilə bağlı, həmçinin subyektlərin hüquqi vəziyyətinə təsir edən, hüquq məsuliyyətini yaradan və ya aradan qaldıran, yüngülləşdirən və ya ağırlaşdıran dəyişikliklər istisna olmaqla) nəzərdə tutan qanun layihələrinə bir oxunuşda, digər qanun layihələrinə, həmçinin Konstitusiya qanunu layihələrinə isə üç oxunuşda baxılır.”.
4. 71.2-ci maddədə “üçüncü” sözü “yekun” sözü ilə əvəz edilsin.
5. 75.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“75.1. Ad və ya rəqəm dəyişiklikləri, həmçinin normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar bir neçə normativ hüquqi aktda dəyişikliklərin edilməsi zərurətinin yarandığı hallar (bu Konstitusiya Qanununun 29.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) istisna olmaqla, bir normativ hüquqi akt yalnız bir normativ hüquqi aktda dəyişikliklər edə bilər. Bu halda dəyişikliklər edilməli olan normativ hüquqi aktların sayı çox olduqda, həmin dəyişikliklərin bir neçə normativ hüquqi akt çərçivəsində edilməsinə yol verilir.”.
6. 76.1-ci maddədə “və ya onların struktur elementləri (bölmələr, fəsillər, maddələr, hissələr və s.)” sözləri “(onların struktur elementləri isə bu Konstitusiya Qanununun 32-ci maddəsinin tələblərinə uyğun olaraq)” sözləri ilə əvəz edilsin.
7. Aşağıdakı məzmunda 76.3-cü maddə əlavə edilsin:
“76.3. Ad və ya rəqəm dəyişiklikləri, həmçinin normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar bir neçə normativ hüquqi aktın ləğv edilməsi zərurətinin yarandığı hallar (bu Konstitusiya Qanununun 29.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla) istisna olmaqla, bir normativ hüquqi akt yalnız bir normativ hüquqi aktı ləğv edə bilər. Bu halda ləğv edilməli olan normativ hüquqi aktların sayı çox olduqda, ləğvetmənin bir neçə normativ hüquqi akt çərçivəsində edilməsinə yol verilir.”.
8. 83-cü maddə üzrə:
8.1. Aşağıdakı məzmunda 83.1-1-ci maddə əlavə edilsin:
“83.1-1. Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq olunması nəzərdə tutulan Azərbaycan Respublikasının Prezidentinin fərmanları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra 24 saat müddətində rəsmi dərc edilməlidir.”;
8.2. 83.4-cü maddədə “83.1-ci və 83.2-ci” sözləri “83.1-ci, 83.1-1-ci və 83.2-ci” sözləri ilə əvəz edilsin.
9. 85.3-cü maddədə “30 gün” sözlərindən əvvəl “ən azı” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2018-ci il
No– 1174-VKQD
Fayl şəklində yüklə