"Dövlət sirri haqqında"Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dövlət sirri haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq  q ə r a r a   a l ı r :

 “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 11, maddə 882; 2006, No– 2, maddə 65, No– 11, maddə 925; 2008, No– 8, maddə 699; 2013, No– 6, maddə 596; 2014, No– 7, maddə 762; 2015, No– 5, maddə 492) aşağıdakı dəyişikliklər edilsin:

1. 10.1-ci maddənin birinci cümləsinə “siyahısına” sözündən sonra “və ya dövlət sirrinə aid edilən məlumatların siyahısına” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 10.4-cü maddə əlavə edilsin:
“10.4. Məlumatın daşıyıcısına məxfilik qrifinin verilməsi ilə əlaqədar bu Qanunun 10.1-ci və 10.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə riayət edilməsinə görə onu hazırlamış struktur bölmənin rəhbəri məsuldur.”.

3. 12.1.1-ci maddəyə “siyahısının” sözündən sonra “və ya dövlət sirrinə aid edilən məlumatların siyahısının” sözləri əlavə edilsin.

4. 13.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“13.3. Məlumatın məxfilik müddəti onun məxfiləşdirildiyi gündən hesablanır. Bu müddət məxfi məlumatlar üçün 10 ildən, tam məxfi məlumatlar üçün 20 ildən, xüsusi əhəmiyyətli məlumatlar üçün 30 ildən, məxfilik dərəcəsindən asılı olmayaraq şəxsin kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanların əməkdaşı olmasını və ya bu orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən, yaxud əməkdaşlıq etmiş şəxslərin şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlar üçün 75 ildən çox olmamalıdır. Həmin müddətlər müvafiq icra hakimiyyəti orqanının rəyi ilə uzadıla bilər.”.

5. 14.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“14.1. Dövlət sirri təşkil edən məlumatların məxfilik müddətinin uzadıldığı hal istisna olmaqla, dövlət sirri təşkil edən məlumat daşıyıcılarının məxfiliyi məlumat məxfiləşdirildiyi zaman müəyyən edilmiş müddətdən gec olmayaraq götürülməlidir.”.

6. Aşağıdakı məzmunda 23.4-cü maddə əlavə edilsin:
“23.4. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulmuş əsasların aradan qalxdığı və ya dövlət hakimiyyəti orqanının, müəssisə, idarə və ya təşkilatın rəhbəri yoxlamanın nəticəsi ilə razı olmadığı hallarda onun təşəbbüsü ilə təkrar yoxlama keçirilə bilər.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 12 iyun 2018-ci il
No– 1179-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU