Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin III hissəsini rəhbər tutaraq q ə r a r a a l ı r:
“Azərbaycan Respublikası Dövlət Bayrağının təsviri” təsdiq edilsin (əlavə olunur).
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr 2018-ci il
No– 1331-VKQ
Azərbaycan Respublikasının 2018-ci il
2 noyabr tarixli 1331-VKQ nömrəli
Konstitusiya Qanunu ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Dövlət Bayrağının
T Ə S V İ R İ
Maddə 1. Ümumi təsvir
1.1. Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir.
1.2. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənmişdir.
Maddə 2. Rəngli və sxematik təsvir
2.1. Azərbaycan Respublikasının Dövlət Bayrağı, ölçüsündən asılı olmayaraq, onun bu Təsvirə əlavə edilən rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir.
2.2. Azərbaycan Respublikası Dövlət Bayrağının sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rəng koduna, qırmızı rənginin Pantone Red 032C rəng koduna, yaşıl rənginin Pantone 362C rəng koduna uyğunluğu təmin edilir.
Fayl şəklində yüklə