Hesablama Palatası haqqında

Qanunlar      Paylaşın:        

Hesablama Palatası haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 15-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Hesablama Palatasının (bundan sonra – Hesablama Palatası) statusunu, fəaliyyətinin hüquqi əsaslarını, idarəetmə və təşkilati strukturunu, habelə dövlət vəsaitinin və digər dövlət əmlakının qanunauyğun, məqsədyönlü və səmərəli istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri və digər tərəflərlə münasibətlərini tənzimləyir.

I fəsil
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:
1.0.1. ali audit orqanı – kənar dövlət maliyyə nəzarəti funksiyasını həyata keçirən dövlət qurumudur;
1.0.2. kənar dövlət maliyyə nəzarəti – bu Qanunun 21.12-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu Qanunun 1.0.5-ci maddəsində nəzərdə tutulan kənar dövlət maliyyə nəzarətinin obyektləri tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə edilməsinə ali audit orqanı tərəfindən həyata keçirilən müstəqil dövlət nəzarətidir;
1.0.3. dövlət vəsaiti – dövlət büdcəsinin, büdcədənkənar dövlət fondlarının, məqsədli dövlət fondlarının, publik hüquqi şəxslərin vəsaitləri, dövlət zəmanəti ilə alınan kreditlər, dövlət qrantları və texniki yardımlar, büdcədən maliyyələşdirilən təşkilatların büdcədənkənar fondlarının vəsaitidir;
1.0.4. kənar dövlət maliyyə nəzarəti tədbirləri – audit, analitik fəaliyyət və monitorinq formalarında həyata keçirilən kənar dövlət maliyyə nəzarətidir;
1.0.5. kənar dövlət maliyyə nəzarətinin obyektləri – dövlət orqanları, büdcədənkənar dövlət fondları, bələdiyyələr, publik hüquqi şəxslər, dövlətin və (və ya) bələdiyyələrin səhmi (payı) olan hüquqi şəxslərdir.

Maddə 2. Hesablama Palatasının fəaliyyətinin hüquqi əsasları
2.1. Hesablama Palatasının fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir.
2.2. Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti fəaliyyətini bu Qanuna və Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI) standartları əsasında Hesablama Palatası tərəfindən hazırlanan metodiki sənədlərə uyğun həyata keçirir.

Maddə 3. Hesablama Palatasının statusu
3.1. Hesablama Palatası Azərbaycan Respublikasının Konstitusiyasının 92-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən yaradılan, Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən kənar dövlət maliyyə nəzarətini həyata keçirən ali audit orqanıdır.
3.2. Hesablama Palatası müstəqil balansa, dövlət mülkiyyətində olan əmlaka, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamp və xüsusi blanklara malikdir.

Maddə 4. Hesablama Palatasının fəaliyyət prinsipləri
Hesablama Palatasının fəaliyyəti qanunçuluq, müstəqillik, kollegiallıq, şəffaflıq, obyektivlik, ədalətlilik və peşəkarlıq prinsiplərinə əsaslanır.

Maddə 5. Hesablama Palatasının müstəqilliyi
5.1. Hesablama Palatası təşkilati və funksional müstəqilliyə malikdir və onun fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir.
5.2. Hesablama Palatası dövlət büdcəsindən ona ayrılmış vəsait həddində strukturunu və ştat sayını təsdiq edir.
5.3. Hesablama Palatası kənar dövlət maliyyə nəzarətinin həyata keçirilməsi ilə əlaqədar olaraq kənar dövlət maliyyə nəzarəti obyektlərinin fəaliyyətini dayandıracaq müdaxilə etməməlidir.

Maddə 6. Hesablama Palatasının fəaliyyət istiqamətləri
6.0. Hesablama Palatasının fəaliyyət istiqamətləri aşağıdakılardır:
6.0.1. qanunla müəyyən edilmiş qaydada kənar dövlət maliyyə nəzarəti tədbirlərini həyata keçirir;
6.0.2. icmal büdcənin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verir;
6.0.3. həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri əsasında maliyyə intizamının gücləndirilməsi, maliyyə nəzarəti fəaliyyətinin planlaşdırılması məqsədilə mütəmadi təhlillər aparır, dövlət maliyyə idarəetməsinin və dövlət maliyyə nəzarətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, həmçinin dövlət vəsaitindən və digər dövlət əmlakından səmərəli və məqsədyönlü istifadə ilə bağlı tövsiyələr verir;
6.0.4. xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, ali audit orqanlarının beynəlxalq təşkilatlarına üzv olur.

Maddə 7. Hesablama Palatasının vəzifələri
7.0. Hesablama Palatası aşağıdakı vəzifələri yerinə yetirir:
7.0.1. icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və müvafiq qanun layihələrinə rəy verir;
7.0.2. icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) icrası barədə illik hesabatlara və müvafiq qanun layihələrinə rəy verir;
7.0.3. kənar dövlət maliyyə nəzarətinin obyektlərində aşağıdakı sahələrdə kənar dövlət maliyyə nəzarəti tədbirlərini həyata keçirir:
7.0.3.1. icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) gəlirlərinin və kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən gəlirlərinin proqnozlaşdırılması, hesablanması, ödənilməsi və digər öhdəliklərin yerinə yetirilməsi;
7.0.3.2. icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) xərclərinin və kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən xərclərinin proqnozlaşdırılması, hesablanması, icrası və digər öhdəliklərin yerinə yetirilməsi;
7.0.3.3. icmal büdcədən, o cümlədən dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrindən ayrılan vəsaitlərin qanunauyğun, məqsədyönlü, səmərəli və təyinatı üzrə istifadəsi;
7.0.3.4. dövlət əmlakının idarə edilməsi;
7.0.3.5. dövlət satınalmaları;
7.0.3.6. dövlət investisiyaları;
7.0.3.7. dövlət proqramlarına və layihələrinə ayrılmış vəsaitlərin istifadəsi;
7.0.3.8. qrantların və maliyyə (texniki) yardımlarının təyinatı üzrə və səmərəli istifadəsi;
7.0.3.9. ətraf mühitin mühafizəsi, təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına ayrılmış vəsaitlərin istifadəsi;
7.0.3.10. daxili və xarici dövlət borcunun idarə olunması, dövlət zəmanəti ilə cəlb edilmiş borc öhdəliklərinin yerinə yetirilməsi, bağlanmış müqavilələrin şərtlərinə əməl olunması, xarici ölkələrə və şəxslərə verilən vəsaitlər üzrə öhdəliklərin icrası;
7.0.3.11. dövlət sifarişləri;
7.0.3.12. büdcədənkənar vəsaitlərin formalaşdırılması, yığılması və istifadəsi;
7.0.3.13. büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarə olunması və ya idarəetməyə verilməsi;
7.0.4. kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə və bu Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir;
7.0.5. kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə Hesablama Palatasının kollegiyası tərəfindən qəbul edilmiş qərarlar əsasında qanunla müəyyən edilmiş müvafiq tədbirləri həyata keçirir;
7.0.6. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) və Azərbaycan Respublikasının Milli Məclisindən daxil olan dövlət maliyyəsi sahəsini tənzimləyən normativ hüquqi aktların, o cümlədən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin layihələrinə rəy verir;
7.0.7. dövlət büdcəsinin icrasının təhlili ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) yarımillik və illik məlumat verir;
7.0.8. öz fəaliyyətində dövlət, kommersiya, vergi, bank sirri, habelə məxfilik rejiminə riayət edir;
7.0.9. korrupsiyaya qarşı mübarizə sahəsində qanuna müvafiq tədbirlər həyata keçirir;
7.0.10. hüquq pozuntularına qarşı mübarizə sahəsində dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərir;
7.0.11. fəaliyyəti barədə Azərbaycan Respublikasının Milli Məclisinə illik hesabat təqdim edir;
7.0.12. qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.

Maddə 8. Hesablama Palatasının hüquqları
8.0. Hesablama Palatası öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları həyata keçirir:
8.0.1. kənar dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə dövlət xəzinədarlığı məlumatlarına birbaşa çıxış imkanı əldə edir;
8.0.2. dövlət vəsaitinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş göstəricilərə uyğunluğunu təhlil edir;
8.0.3. kənar dövlət maliyyə nəzarəti obyektlərindən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası ilə bağlı hesabat və məlumatları, habelə maliyyə, mühasibat, vergi və statistik uçotu hesabatlarını və zəruri sənədləri kağız və (və ya) elektron formada alır, kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində onların elektron informasiya sistemlərinə daxil olur;
8.0.4. kənar dövlət maliyyə nəzarəti obyektlərində aidiyyəti sahələrə daxil olur, müvafiq sahələrdə müşahidələr aparır, aktivlərin və öhdəliklərin mövcudluğunu yoxlayır, inventarizasiyasını aparır, məsul şəxslərdən və maliyyə nəzarətinin predmeti ilə əlaqədar digər tərəflərdən izahatlar və məlumatlar alır;
8.0.5. kənar dövlət maliyyə nəzarətinin həyata keçirilməsində informasiya texnologiyalarını tətbiq edir;
8.0.6. kənar dövlət maliyyə nəzarətinin həyata keçirilməsi məqsədilə sorğular göndərməklə dövlət qurumlarından və bələdiyyələrdən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərdən və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən kağız və (və ya) elektron formada məlumat alır;
8.0.7 dövlət sirri hesab edilən məlumatları, habelə bu Qanunla müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədilə kənar dövlət maliyyə nəzarətinin predmetinə aid olan kommersiya, vergi və bank sirrini təşkil edən məlumatları və fərdi məlumatları əldə edir;
8.0.8. kənar dövlət maliyyə nəzarəti tədbirlərinə qarşılıqlı razılıq əsasında dövlət orqanlarının nümayəndələrini, sərbəst auditorları, auditor təşkilatlarını, ekspert və mütəxəssisləri cəlb edir;
8.0.9. kənar dövlət maliyyə nəzarəti obyektindən kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində sənədlərin təsdiq edilmiş surətlərini və bu qanunla müəyyən edilmiş hallarda əslini götürür;
8.0.10. bu Qanunla müəyyən edilmiş qaydada və müddətdə aşkar edilmiş kənarlaşma hallarına dair sənədlərə və başqa sübutlara müdaxilə olunmasının qarşısını almaq məqsədilə müvafiq qaydada rəsmiləşdirilməklə kassaları, anbar və arxivləri möhürləyir;
8.0.11. kənar dövlət maliyyə nəzarətinin obyektində mühasibat uçotunun aparılmaması, yaxud qanunvericiliyin tələblərinə uyğun təşkil edilməməsi səbəbindən zəruri məlumatları əldə etmək mümkün olmadıqda, kənar dövlət maliyyə nəzarətinin obyektindən mühasibat uçotunun təmin edilməsini tələb edir;
8.0.12. kənar dövlət maliyyə nəzarətinin obyektlərində daxili nəzarətin və daxili auditin təşkilinin vəziyyətini qiymətləndirir;
8.0.13. qanunla nəzərdə tutulmuş müvafiq inzibati xətalar haqqında işlərə baxır və inzibati tənbeh tətbiq edir;
8.0.14. kənar dövlət maliyyə nəzarətinin obyektlərinin vəzifəli şəxslərini Hesablama Palatasının kollegiya iclaslarına dəvət edir;
8.0.15. öz kadr potensialının gücləndirilməsi ilə bağlı tədbirləri həyata keçirir;
8.0.16. qanunla müəyyən edilmiş hüquq və vəzifələrinin həyata keçirilməsi üçün qrantlar və ianələr alır;
8.0.17. dövlət qurumları ilə qarşılıqlı fəaliyyət göstərir;
8.0.18. qanunla nəzərdə tutulmuş digər hüquqları həyata keçirir.

Maddə 9. Hesablama Palatasının metodiki sənədləri
9.1. Hesablama Palatasının metodiki sənədləri Hesablama Palatasının fəaliyyətinin təşkili prosedurları ilə bağlı iş qaydalarını müəyyən edən və daxili prosedur qaydalarını tənzimləyən sənədlərdir.
9.2. Hesablama Palatasının metodiki sənədləri bu Qanuna və ali audit orqanlarının beynəlxalq prinsiplərinə, standartlarına və təlimatlarına uyğun olaraq qəbul edilir.
9.3. Hesablama Palatasının metodiki sənədləri Hesablama Palatasının kollegiyası tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.

II fəsil
HESABLAMA PALATASININ TƏRKİBİ VƏ İŞİNİN TƏŞKİLİ

Maddə 10. Hesablama Palatasının tərkibi
Hesablama Palatasının tərkibi Hesablama Palatasının üzvlərindən ibarətdir.

Maddə 11. Hesablama Palatasının üzvləri
11.1. Hesablama Palatasının üzvləri Hesablama Palatasının sədri, sədr müavini və 5 auditordan ibarətdir.
11.2. Hesablama Palatası üzvlərinin səlahiyyət müddəti 7 ildir.
11.3. Hesablama Palatasının üzvləri Azərbaycan Respublikası Milli Məclisinin sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisinin azı 63 deputatının səs çoxluğu ilə təyin edilir.
11.4. Hesablama Palatasının üzvləri Azərbaycan Respublikasının Milli Məclisinin dəvəti ilə Azərbaycan Respublikasının Milli Məclisinin və onun komitələrinin iclaslarında iştirak edirlər.

Maddə 12. Hesablama Palatasının üzvlərinə dair tələblər
12.1. Hesablama Palatasının üzvləri dövlət idarəçiliyi, dövlət nəzarəti, hüquq, iqtisadiyyat və maliyyə sahələrində 5 ildən az olmayaraq iş təcrübəsinə malik olan ali təhsilli Azərbaycan Respublikasının vətəndaşları ola bilərlər.
12.2. Hesablama Palatasının üzvləri başqa dövlətlər qarşısında öhdəlikləri olan, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə məhkum olunmuş şəxslər ola bilməzlər.
12.3. Hesablama Palatasının üzvləri Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri, Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin sədri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri ilə, habelə bir-biriləri ilə yaxın qohumluq əlaqəsində ola bilməzlər.
12.4. Hesablama Palatasının üzvlərinə aşağıdakılar qadağandır:
12.4.1. dövlət qurumlarında və yerli özünüidarəetmə orqanlarında əlavə ödənişli, seçkili və ya təyinatlı digər vəzifə tutmaq;
12.4.2. elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli fəaliyyət növü ilə məşğul olmaq;
12.4.3. şəxsən və ya digər şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;
12.4.4. təşkilati-hüquqi formasından asılı olmayaraq təsərrüfat subyektlərinin idarəetməsində iştirak etmək;
12.4.5. xidməti istifadə üçün nəzərdə tutulan məlumat, maddi-texniki və maliyyə təminatı vasitələrindən özünün və ya digərlərinin şəxsi məqsədləri üçün istifadə etmək;
12.4.6. Hesablama Palatasının üzvü kimi funksional fəaliyyəti ilə bağlı etdiyi çıxışlar və ya yazdığı məqalələr üçün əlavə ödəniş almaq;
12.4.7. tətillərdə və dövlət qurumlarının işini pozan digər hərəkətlərdə iştirak etmək.
12.5. Hesablama Palatasının üzvləri səlahiyyətlərini icra etdiyi müddət ərzində heç bir siyasi partiyanın üzvü ola bilməzlər. Hesablama Palatasının üzvləri vəzifəyə təyin edildiyi zaman siyasi partiyanın üzvü olduqları hallarda həmin partiyalarda üzvlüklərinə xitam verməlidirlər.
12.6. Hesablama Palatası üzvlərinin rəsmi tədbirlər zamanı verilən hədiyyələr istisna olmaqla, vəzifə səlahiyyətlərinin icrası ilə bağlı fiziki və hüquqi şəxslərdən hədiyyə qəbul etməsi qadağandır. Rəsmi tədbirlər zamanı, o cümlədən Hesablama Palatasının üzvündən asılı olmayan səbəblərdən hədiyyə verildikdə, o, həmin hədiyyəni Hesablama Palatasına təhvil verməlidir.
12.7. Hesablama Palatasının üzvləri xidməti vəzifələrinin icrası zamanı yaranmış və ya yarana biləcək maraqların toqquşması hallarının qarşısının alınması üçün tədbirlər görməlidirlər.

Maddə 13. Hesablama Palatasının üzvlərinin müstəqilliyi
13.1. Hesablama Palatasının üzvləri funksional müstəqilliyə malikdirlər.
13.2. Hesablama Palatası üzvlərinin müstəqilliyi onların səlahiyyət müddətində siyasətsizləşdirilməsi, dəyişilməzliyi, Hesablama Palatasının üzvlərinin fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi ilə təmin olunur və onların statusuna uyğun maddi və sosial təminatlar verilir.

Maddə 14. Hesablama Palatasının sədri
14.0. Hesablama Palatasının sədri:
14.0.1. Hesablama Palatasına rəhbərlik edir və onun işini təşkil edir;
14.0.2. Hesablama Palatasının kollegiyasının iclaslarını çağırır və iclaslarına sədrlik edir;
14.0.3. Hesablama Palatasının üzvləri arasında iş bölgüsü aparır;
14.0.4. Hesablama Palatasının strukturunu, struktur bölmələrinin əsasnamələrini, ştat sayını, gəlir və xərclər smetası üzrə bölgü və dəyişiklikləri təsdiq edir;
14.0.5. Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə qurumunu yaradır;
14.0.6. Hesablama Palatasının fəaliyyəti ilə bağlı əmrlər, sərəncamlar, göstərişlər və tapşırıqlar verir;
14.0.7. Hesablama Palatasının Aparatının, struktur bölmələrinin və Naxçıvan Muxtar Respublikası üzrə qurumunun rəhbərlərini və işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onların həvəsləndirilməsi, kadr potensialının gücləndirilməsi, intizam məsuliyyəti məsələlərini həll edir;
14.0.8. Hesablama Palatasının rəylərini, hesabatlarını, məlumatlarını və təkliflərini Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir;
14.0.9. Hesablama Palatasının səlahiyyətlərinin icrası ilə əlaqədar dövlət qurumlarının nümayəndələrinin, habelə müqavilə əsasında auditor təşkilatlarının, müstəqil auditorların, mütəxəssislərin və ekspertlərin cəlb edilməsi məsələlərini həll edir;
14.0.10. Hesablama Palatasının dövlət orqanları ilə, xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla və beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətini təmin edir;
14.0.11. dövlət qurumları ilə, xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla və beynəlxalq təşkilatlarla, habelə hüquqi və fiziki şəxslərlə münasibətlərdə Hesablama Palatasını təmsil edir;
14.0.12. Azərbaycan Respublikasının Milli Məclisinə Hesablama Palatasının fəaliyyəti haqqında illik hesabatı təqdim edir;
14.0.13. Hesablama Palatasının üzvlərinə dair etik davranış məsələlərinə baxan etika komissiyası yaradır;
14.0.14. qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

Maddə 15. Hesablama Palatası sədrinin müavini
15.1. Hesablama Palatası sədrinin müavini Hesablama Palatasının sədri tərəfindən müəyyən edilmiş iş bölgüsü əsasında fəaliyyət göstərir.
15.2. Hesablama Palatası sədrinin müavini:
15.2.1. Hesablama Palatasının sədri olmadıqda və ya vəzifələrini yerinə yetirə bilmədikdə onu əvəz edir;
15.2.2. kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə müvafiq sənədlərin hazırlanmasına, cari sənədləşmələrin icrasına nəzarəti həyata keçirir;
15.2.3. Hesablama Palatasının iş planının layihəsi üzrə ilkin materialların, Hesablama Palatasının rəylərinin, hesabatlarının, təkliflərinin, məlumatlarının hazırlanmasına və Hesablama Palatasının sədrinə təqdim edilməsinə rəhbərlik edir;
15.2.4. Hesablama Palatasının sədrinin tapşırığına əsasən Hesablama Palatasını dövlət qurumları ilə, xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla və beynəlxalq təşkilatlarla, habelə hüquqi və fiziki şəxslərlə münasibətlərdə təmsil edir;
15.2.5. Hesablama Palatası sədrinin və kollegiyasının tapşırıqlarını yerinə yetirir.

Maddə 16. Hesablama Palatasının auditorları
16.1. Hesablama Palatasının auditorları Hesablama Palatasının sədri tərəfindən müəyyən edilmiş iş bölgüsü əsasında fəaliyyət göstərirlər.
16.2. Hesablama Palatasının auditorları:
16.2.1. iş bölgüsü əsasında onlara həvalə edilmiş fəaliyyət istiqamətlərinə rəhbərlik edirlər;
16.2.2. fəaliyyət istiqamətləri üzrə iş planlarının layihələrini hazırlayırlar;
16.2.3. rəhbərlik etdikləri fəaliyyət istiqamətləri üzrə metodiki sənədlərin layihələrini hazırlayırlar;
16.2.4. kənar dövlət maliyyə nəzarəti tədbirlərinə rəhbərliyi həyata keçirirlər və rəhbərlik etdikləri fəaliyyət istiqamətləri üzrə kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələrinə dair müvafiq sənədləri Hesablama Palatasının sədrinə təqdim edirlər;
16.2.5. Hesablama Palatasının sədrinin tapşırığına əsasən Hesablama Palatasını dövlət qurumları ilə, xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla və beynəlxalq təşkilatlarla, habelə hüquqi və fiziki şəxslərlə münasibətlərdə təmsil edirlər;
16.2.6. Hesablama Palatası sədrinin, sədr müavininin və kollegiyasının tapşırıqlarını yerinə yetirirlər.

Maddə 17. Hesablama Palatası üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi
17.1. Hesablama Palatasının üzvlərinin səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:
17.1.1. vəzifədən azad olunmaq haqqında ərizə ilə müraciət etdikdə;
17.1.2. başqa vəzifəyə təyin edildikdə və ya seçkili orqana seçildikdə;
17.1.3. barələrində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda;
17.1.4. bu Qanunun 12-ci maddəsində göstərilən tələblər pozulmaqla vəzifəyə təyin edildikdə;
17.1.5. əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar fasiləsiz olaraq altı aydan çox müddətə vəzifəsini yerinə yetirə bilmədikdə;
17.1.6. Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya başqa dövlət qarşısında öhdəlik götürdükdə;
17.1.7. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə qərarı ilə təsdiq edildikdə;
17.1.8. məhkəmə tərəfindən ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə;
17.1.9. bu Qanunun 30.2.3-cü maddəsinə uyğun olaraq intizam məsuliyyətinə cəlb edildikdə;
17.1.10. vəfat etdikdə.
17.2. Bu Qanunun 17.1.1-17.1.3-cü, 17.1.6-17.1.8-ci, 17.1.10-cu maddələrində nəzərdə tutulmuş hallarda Hesablama Palatasının üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncamı Azərbaycan Respublikası Milli Məclisinin sədri verir.
17.3. Bu Qanunun 17.1.4, 17.1.5 və 17.1.9-cu maddələrində nəzərdə tutulmuş hallarda Hesablama Palatasının üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında qərarı Azərbaycan Respublikası Milli Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi qəbul edir.

Maddə 18. Hesablama Palatasının kollegiyası
18.1. Hesablama Palatasında Hesablama Palatasının üzvlərindən və Hesablama Palatası Aparatının rəhbərindən ibarət kollegiya yaradılır.
18.2. Hesablama Palatasının kollegiyasının iclasları kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
18.3. Hesablama Palatasının kollegiyasının iclaslarında baxılan məsələlərin nəticələri kollegiya qərarları ilə rəsmiləşdirilir.
18.4. Kollegiya qərarları iclasda iştirak edən kollegiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Hesablama Palatası sədrinin səsi həlledicidir. Hesablama Palatasının üzvü səsvermə zamanı bitərəf qala bilməz.
18.5. Hesablama Palatasının kollegiyasında qəbul edilmiş qərarlar Hesablama Palatasının sədri tərəfindən imzalanır.
18.6. Hesablama Palatası sədrinin dəvəti ilə Hesablama Palatasının kollegiyasının iclaslarında kənar dövlət maliyyə nəzarəti obyektlərinin vəzifəli şəxsləri iştirak edə bilərlər.
18.7. Hesablama Palatasının kollegiyasının iclaslarında aşağıdakı məsələlərə baxılır və qərarlar qəbul edilir:
18.7.1. Hesablama Palatasının iş planlarının təsdiqi, onlara əlavə və dəyişikliklərin edilməsi;
18.7.2. Hesablama Palatasının hesabatlarının, rəylərinin və tövsiyələrinin təsdiq edilməsi;
18.7.3. Hesablama Palatasının metodiki sənədlərinin qəbul edilməsi;
18.7.4. kənar dövlət maliyyə nəzarəti tədbirlərinin proqramlarının, proqramlarına dəyişikliklərin və nəticələrinin təsdiq edilməsi;
18.7.5. kənar dövlət maliyyə nəzarətinin nəticələri üzrə qərarların qəbul edilməsi;
18.7.6. Hesablama Palatasının üzvlərinin və Naxçıvan Muxtar Respublikası üzrə qurumunun hesabatlarına baxılması;
18.7.7. Hesablama Palatasının fəaliyyət strategiyasının müəyyən edilməsi;
18.7.8. Hesablama Palatasının üzvlərinə tapşırıqların verilməsi, onların intizam məsuliyyətinə cəlb edilməsi.
18.8. Kollegiya üzvlərinin təklifləri ilə Hesablama Palatasının kollegiyasında bu Qanunun 18.7-ci maddəsində göstərilən məsələlərdən başqa, digər məsələlərə baxıla və onlar barədə qərarlar qəbul edilə bilər.

Maddə 19. Hesablama Palatasının Aparatı
19.1. Hesablama Palatasının bu Qanunla müəyyən edilmiş fəaliyyətinin təşkilati, metodoloji, informasiya, maddi-texniki və maliyyə təminatının həyata keçirilməsi məqsədilə Hesablama Palatasının Aparatı yaradılır.
19.2. Hesablama Palatasının Aparatı bu Qanuna və Hesablama Palatası sədrinin təsdiq etdiyi əsasnaməyə müvafiq fəaliyyət göstərir.
19.3. Hesablama Palatasının Aparatının və Naxçıvan Muxtar Respublikası üzrə qurumunun əməkdaşları dövlət qulluqçusudurlar.

Maddə 20. Hesablama Palatasının iş planı
20.1. Hesablama Palatası kənar dövlət maliyyə nəzarətinin vaxtında, keyfiyyətlə və səmərəli keçirilməsini təmin etmək məqsədilə illik iş planını hazırlayır və öz fəaliyyətini illik iş planı əsasında həyata keçirir.
20.2. Hesablama Palatasının illik iş planı Hesablama Palatasının cari fəaliyyəti və bu Qanunun 20.1-ci maddəsinə uyğun olaraq, kənar dövlət maliyyə nəzarəti tədbirləri üzrə görüləcək işləri özündə əks etdirir.
20.3. Hesablama Palatasının illik iş planı Hesablama Palatasının üzvlərinin təklifləri əsasında tərtib edilir.
20.4. İş planında nəzərdə tutulan kənar dövlət maliyyə nəzarəti tədbirləri risk qiymətləndirilməsi yolu ilə müəyyən edilir.
20.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının üzvlərinin sorğu və təklifləri əsasında iş planına əlavələr edilə bilər.
20.6. Hesablama Palatasının illik iş planının hazırlanması və icrası qaydaları Hesablama Palatasının metodiki sənədləri ilə tənzimlənir.

III fəsil
HESABLAMA PALATASININ KƏNAR DÖVLƏT MALİYYƏ NƏZARƏTİ FƏALİYYƏTİ

Maddə 21. Kənar dövlət maliyyə nəzarəti tədbirinə hazırlıq və onun planlaşdırılması
21.1. Kənar dövlət maliyyə nəzarəti tədbirinin keçirilməsinə hazırlıq Hesablama Palatasının növbəti il üçün iş planının tərtib və müvafiq qaydada təsdiq olunması ilə başlanır.
21.2. Təsdiq edilmiş iş planında nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbirlərinin icra müddətindən asılı olaraq onların planlaşdırılma¬sı həyata keçirilir. Planlaşdırılma aşağıdakı fəaliyyət və prosedurlardan ibarətdir:
21.2.1. kənar dövlət maliyyə nəzarəti tədbiri keçiriləcək kənar dövlət maliyyə nəzarətinin obyekti və həmin obyektin fəaliyyəti barədə zəruri məlumatların əldə olunması;
21.2.2. kənar dövlət maliyyə nəzarəti tədbirinin məqsədinin və miqyasının müəyyənləşdirilməsi;
21.2.3. kənar dövlət maliyyə nəzarəti tədbirinin proqramının hazırlanması;
21.2.4. kənar dövlət maliyyə nəzarəti tədbirinin işçi planının tərtib olunması.
21.3. Bu Qanunun 21.2.1-ci maddəsinə əsasən Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti obyektinin fəaliyyəti haqqında məlumatları, o cümlədən onun fəaliyyətini tənzimləyən qanunvericilik aktlarını, maliyyə-iqtisadi göstəricilərini və müvafiq hesabatlarını, uçot və hesabat işlərinin vəziyyətini, keçirilmiş maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə materialları, mövcud olan riskləri, fəaliyyətinə təsir edən daxili və xarici amilləri, dövlət proqramlarının və layihələrinin icrası barədə məlumatları toplayır və bu məlumatların təhlili nəticəsində kənar dövlət maliyyə nəzarəti tədbirinin əhatə edəcəyi məsələləri müəyyənləşdirir.
21.4. Bu Qanunun 21.2.2-ci maddəsinə əsasən Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticəsində nail olunacaq hədəfi, eləcə də kənar dövlət maliyyə nəzarəti tədbirinin əhatə etdiyi dövrü, araşdırılacaq məsələləri və kənar dövlət maliyyə nəzarəti obyektlərini müəyyənləşdirir.
21.5. Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti tədbirini bu Qanunun 21.2.3-cü maddəsinə əsasən kollegiyanın təsdiq etdiyi proqram əsasında həyata keçirir. Kənar dövlət maliyyə nəzarəti tədbirinin proqramı iş bölgüsü əsasında funksional fəaliyyət istiqaməti üzrə kənar dövlət maliyyə nəzarəti tədbirinə rəhbərliyi həyata keçirən Hesablama Palatasının üzvü tərəfindən tərtib olunur. İki və daha çox üzvün səlahiyyətinə aid məsələləri əhatə edən kənar dövlət maliyyə nəzarəti tədbiri üzrə isə vahid proqram təsdiq olunur.
21.6. Kənar dövlət maliyyə nəzarəti tədbirinin proqramında nəzarət tədbirinin keçirilməsinin əsası, nəzarət tədbirinin predmeti, keçirilmə (başlanma və başa çatdırılma) müddətləri, nəzarət tədbirini aparan qrupun tərkibi, nəzarət tədbiri ilə əhatə olunan dövr və obyektlərin siyahısı göstərilir. Kənar dövlət maliyyə nəzarəti tədbirinin keçirilmə müddəti müəyyən edilərkən, obyektin xüsusiyyətləri, nəzarət tədbirinin miqyası, proqram ilə əhatə olunan məsələlərin mürəkkəbliyi, nəzarət tədbiri ilə əhatə olunan dövr nəzərə alınır.
21.7. Kənar dövlət maliyyə nəzarəti tədbirinin proqra¬mının icrası üçün bu Qanunun 21.2.4-cü maddəsinə əsasən işçi planı hazırlanır. İşçi planı kənar dövlət maliyyə nəzarətini aparacaq qrupun rəhbəri və üzvlərinin cavabdehlik sahələrini və məsuliyyətlərini dəqiqləşdirməklə, nəzarət tədbiri ilə əhatə olunan məsələlərin müfəssəl siyahısını müəyyənləşdirir.
21.8. Hesablama Palatasının vəzifəli şəxsləri maraqlar toqquşmasına səbəb ola biləcək hallarda kənar dövlət maliyyə nəzarəti tədbirinə cəlb edilə bilməzlər. Maraqlar toqquşmasına səbəb ola biləcək hallar mövcud olduqda, Hesablama Palatasının vəzifəli şəxsi nəzarət tədbirinə rəhbərliyi həyata keçirən Hesablama Palatasının üzvünə məlumat verməli və bu tədbirin keçirilməsindən kənarlaşdırılmalıdır. Maraqlar toqquşmasına səbəb ola biləcək hallar barədə öncədən məlumatı olan Hesablama Palatasının vəzifəli şəxsi bilərəkdən məlumat verməməsinə görə intizam məsuliyyəti daşıyır.
21.9. Kənar dövlət maliyyə nəzarəti tədbirini aparan qrupun üzvlərinə Hesablama Palatasının sədri, o olmadıqda isə sədr müa¬vini tərəfindən imzalanmış vəsiqə verilir. Kənar dövlət maliyyə nəzarəti obyektinin vəzifəli şəxslərinə vəsiqə göstərilmədən nəzarət tədbirinin keçirilməsi qadağandır. Vəsiqədə nəzarət tədbirinin adı, keçirilməsinin əsası, başlanması və başa çatdırılması tarixləri, qrup rəhbərinin və üzvlərinin vəzifəsi, soyadı, adı, atasının adı və nəzarət tədbiri ilə əhatə olunan dövr göstərilməlidir.
21.10. Kənar dövlət maliyyə nəzarəti tədbirinin başlanmasından ən azı beş iş günü əvvəl kənar dövlət maliyyə nəzarətinin obyektlərinə Hesablama Palatasının sədri, o olmadıqda isə sədr müa¬vini tərəfindən imzalanmış bildiriş göndərilir. Bildirişdə nəzarət tədbirinin proqramının təsdiq edildiyi kollegiya qərarının tarixi və nömrəsi, nəzarət tədbirinin əsası, adı, əhatə olunan dövr və müddəti göstərilir.
21.11. Hesablama Palatası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğuları əsasında iş planından kənar qaydada kənar dövlət maliyyə nəzarəti tədbirini keçirir və nəticələri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat təqdim edir. Hesablama Palatası sorğu daxil olduqdan 3 iş günü müddətində sorğuya baxmalı və kollegiya qərarını qəbul etməlidir.
21.12. Hesablama Palatası dövlətin səhmi (payı) olan hüquqi şəxslərdə kənar dövlət maliyyə nəzarətini həyata keçirərkən dövlət büdcəsindən, büdcədənkənar dövlət fondlarından və məqsədli dövlət fondlarından onlara ayrılmış vəsaitlərin istifadə edilməsini yoxlayır.
21.13. Azərbaycan Respublikasının Mərkəzi Bankında kənar dövlət maliyyə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla həyata keçirilir.

Maddə 22. Hesablama Palatasının audit fəaliyyəti
22.1. Hesablama Palatasının audit fəaliyyəti kənar dövlət maliyyə nəzarəti obyektlərinin gəlirlərinin, xərclərinin, əmlakının, öhdəliklərinin, zəmanətlərinin, digər aktiv və passivlərinin idarə olunmasının, maliyyə əməliyyatlarının, maliyyə, mühasibat, vergi və statistika uçotu hesabatlarının düzgünlüyünün və tamlığının, iqtisadi və maliyyə fəaliyyətinin qənaətliliyinin, səmərəliliyinin və nəticəliliyinin müəyyənləşdirilməsi, daxili nəzarət sistemlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir.
22.2. Hesablama Palatası audit fəaliyyətini aşağıdakı audit növləri əsasında həyata keçirir:
22.2.1. maliyyə auditi (maliyyə əməliyyatları və hesabatlarının uyğunluğunun, düzgünlüyünün, dürüstlüyünün və tamlığının müəyyənləşdirilməsi, maliyyə idarəçiliyi, daxili nəzarət və əlaqəli informasiya sistemlərinin qiymətləndirilməsi);
22.2.2. səmərəlilik (performans) auditi (proqram, layihə, fəaliyyət, əməliyyat, idarəetmə və informasiya sistemlərinin qənaətliliyinin, səmərəliliyininvə nəticəliliyinin müəyyənləşdirilməsi);
22.2.3. uyğunluq auditi (kənar dövlət maliyyə nəzarətinin obyektləri tərəfindən qüvvədə olan hüquqi aktların tələblərinə əməl olunması vəziyyətinin müəyyənləşdirilməsi);
22.2.4. digər audit növləri.
22.3. Auditlərin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi Hesablama Palatasının metodiki sənədləri ilə tənzimlənir.
22.4. Audit başlamazdan əvvəl audit qrupu kənar dövlət maliyyə nəzarəti tədbirinin keçirilməsi ilə bağlı bu Qanunun 21.9-cu maddəsində nəzərdə tutulan vəsiqəni, audit qrupunun üzvlərinin xidməti vəsiqələrini kənar dövlət maliyyə nəzarəti obyektinin rəhbərinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, auditin hüquqi əsasları, predmeti, müddəti, audit zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.
22.5. Audit qrupu Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti sahəsinə aid olmayan məsələləri yoxlaya və həmin məsələlərlə bağlı materiallarla tanış ola bilməz.
22.6. Audit qrupunun fəaliyyətinə nəzarəti auditə rəhbərlik edən Hesablama Palatasının üzvü həyata keçirir.
22.7. Kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən audit qrupuna zəruri şərait yaradılmalı, məsul şəxslər ayrılmalı, auditin predmetinə aid tələb olunan digər tədbirlər həyata keçirilməlidir. Audit qrupu texniki vasitələrdən (audio, video və foto avadanlıqlarından, surətçıxaran və skanerlərdən) istifadə etməzdən əvvəl bu barədə kənar dövlət maliyyə nəzarəti obyektinin rəhbərinə və ya onun nümayəndəsinə yazılı formada və onların imzası alınmaqla məlumat verməlidir. Kənar dövlət maliyyə nəzarəti obyektinin rəhbəri və ya onun nümayəndəsi məlumatın alınması faktını imzası ilə təsdiqləməkdən imtina etdikdə audit qrupu tərəfindən imtina aktı tərtib edilir və bu barədə hesabatda müvafiq qeydlər aparılır. Bu hal audit qrupunun texniki vasitələrdən istifadə etmək hüququnu aradan qaldırmır.
22.8. Audit zamanı ciddi maliyyə pozuntuları, habelə sənədlərin saxtalaşdırılması və təhrif olunması halları aşkar edilərsə, belə halların gizlədilməsinin və ya davam etməsinin qarşısının alınması məqsədilə kənar dövlət maliyyə nəzarəti obyektinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə audit qrupu tərəfindən sənədlərin adı və vərəqlərinin sayı göstərilməklə akt tərtib edilir və onun əsasında sənədlərin əsli götürülür. Bu zaman aktda müvafiq qeydlər aparılmaqla, həmin sənədlərin təsdiq edilmiş surətləri, habelə siyahısı kənar dövlət maliyyə nəzarətinin obyektində saxlanılır. Aktın bir nüsxəsi kənar dövlət maliyyə nəzarəti obyektinin rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilir. Kənar dövlət maliyyə nəzarəti obyektinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi aktı qəbul etməkdən imtina etdikdə, bu barədə audit qrupu tərəfindən imtina aktı tərtib edilir və auditin yekunu üzrə hesabatda müvafiq qeydlər aparılır.
22.9. Audit zamanı aşkar edilmiş kənarlaşma hallarına dair sənədlərə və sübutlara müdaxilə olunmasının qarşısını almaq məqsədilə audit qrupu tərəfindən kənar dövlət maliyyə nəzarəti obyektinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə akt tərtib edilməklə kassalar, anbar və arxivlər möhürlənir. Möhürlənmiş kassalar, anbar və arxivlərdən möhürün açılması hüququ audit qrupuna aiddir və bu barədə həmin aktda müvafiq qeydlər aparılır. Aktın bir nüsxəsi kənar dövlət maliyyə nəzarəti obyektinin rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilir. Kənar dövlət maliyyə nəzarəti obyektinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi aktı qəbul etməkdən imtina etdikdə, bu Qanunun 22.8-ci maddəsinin dördüncü cümləsində müəyyən edilmiş tədbirlər görülür. Kassalar, anbar və arxivlərin möhürlənməsi həmin sahələrdə nəzarət tədbiri bitdikdən və nəticəsi aktlaşdırıldıqdan sonra açılmalıdır. Möhürlənmə auditin başa çatması tarixindən artıq müddətə davam edə bilməz.
22.10. Bu Qanunun 22.8-ci və 22.9-cu maddələrində göstərilən hallarda audit qrupu kənar dövlət maliyyə nəzarəti obyektinin fəaliyyəti ilə bağlı vəzifələrinin yerinə yetirilməsinə və hüquqlarının həyata keçirilməsinə şərait yaratmalı və buna maneə törətməməlidir.
22.11. Audit qrupu tərəfindən auditə dair hesabat tərtib edilir. Audit zamanı aşkar edilmiş faktlar hesabatda aydın və dəqiq göstərilir. Hesabat audit qrupunun bütün üzvləri tərəfindən imzalanır və bir nüsxəsi kənar dövlət maliyyə nəzarətinin obyektinə təqdim edilir.
22.12. Kənar dövlət maliyyə nəzarətinin obyekti auditə dair tərtib edilmiş hesabatla tanış olmalı, bununla əlaqədar qeyd, irad və rəyini hesabatın təqdim edildiyi tarixdən 20 gün müddətində yazılı şəkildə bildirməlidir. Kənar dövlət maliyyə nəzarəti obyektinin qeyd, irad və rəyi hesabata əlavə olunur. Kənar dövlət maliyyə nəzarəti obyektinin rəhbəri və ya səlahiyyətli nümayəndəsi hesabatı qəbul etməkdən və qeyd, irad və rəy bildirməkdən imtina etdikdə, bu barədə audit qrupu tərəfindən hesabatda müvafiq qeydlər aparılır və hesabatın surəti onun alınmasını təsdiq edən istənilən vasitə ilə kənar dövlət maliyyə nəzarətinin obyektinə göndərilir. Kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən audit hesabatı ilə bağlı qeyd, irad və rəyin bildirilməsinin son günündən 5 iş günü ərzində hesabatla bağlı qeyd, irad və rəyin Hesablama Palatasına təqdim edilməməsi kənar dövlət maliyyə nəzarətinin obyektinin rəhbəri tərəfindən həmin hesabatla razı olma kimi qiymətləndirilir.
22.13. Auditin nəticələri üzrə auditə rəhbərliyi həyata keçirən Hesablama Palatasının üzvü tərəfindən auditor hesabatı tərtib edilir. Auditor hesabatı auditə rəhbərliyi həyata keçirən Hesablama Palatası üzvünün auditin nəticələri əsasında qiymətləndirici qənaətlərini və mövqeyini əks etdirən, rəyini ifadə edən sənəddir. Auditor hesabatında kənar dövlət maliyyə nəzarəti tədbirinin keçirilməsinin əsası, məqsədi, predmeti və obyekti, öyrənilmiş sənədlərin, alınması barədə müraciət edilmiş və təqdim edilməsindən imtina edilmiş sənədlərin siyahısı, auditin keçirilməsinə maneçilik törədilməsi halları və onların baş verməsində təqsirkar olan vəzifəli şəxslər, audit zamanı aşkar edilmiş pozuntular barədə məlumatlar əks olunur. Auditə rəhbərliyi həyata keçirən Hesablama Palatasının üzvü auditor hesabatında nəzarət tədbirinin predmetinə aid sahədə qanunvericiliyin təkmilləşdirilməsi, funksional idarəetmədə mövcud olan boşluqların aradan qaldırılması, hüquq pozuntuları nəticəsində dövlətə dəyən zərərin ödənilməsi, qanunsuz xərclər və cinayət tərkibinin olduğu ehtimal edilən faktlar üzrə materialların hüquq mühafizə orqanlarına göndərilməsi, dövlət vəsaitindən və digər dövlət əmlakından səmərəsiz və təyinatdan kənar məqsədlərlə istifadəsinin qarşısının alınması üçün görülməli olan tədbirlərin xarakteri və məzmunu barədə təkliflərini bildirir və sonda aşkar edilmiş faktlara və kənar dövlət maliyyə nəzarətinin obyektinin fəaliyyətinə auditor qiymətləndirməsini həyata keçirir və müvafiq təkliflərini verir.
22.14. Auditə rəhbərliyi həyata keçirən Hesablama Palatasının üzvü auditor hesabatını Hesablama Palatasının kollegiyasının müzakirəsinə çıxarılması üçün Hesablama Palatasının sədrinə təqdim edir. Hesablama Palatasının kollegiyası auditor hesabatına münasibət bildirir, aşkar edilmiş nöqsan, çatışmazlıq və hüquq pozuntularının aradan qaldırılması, tələblərin, tövsiyələrin və təkliflərin yerinə yetirilməsi üzrə aidiyyəti tərəfləri müəyyənləşdirir və müvafiq qərarlar qəbul edir.
22.15. Audit qrupunun üzvləri auditin nəticələri üzrə Hesablama Palatasının kollegiyası tərəfindən qərar qəbul edilənədək həmin nəticələri elan edə bilməzlər.
22.16. Hesablama Palatası tərəfindən auditin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilir. Audit müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında, habelə onun yaratdığı dövlət orqanlarında (qurumlarında) həyata keçirildikdə nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) da məlumat təqdim olunmalıdır.

Maddə 23. Hesablama Palatasının analitik fəaliyyəti
23.1. Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti ilə əlaqədar analitik fəaliyyəti aşağıdakı formada həyata keçirilir:
23.1.1. icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinin, gəlirlərinin, xərclərinin, habelə bələdiyyə gəlirlərinin və xərclərinin proqnozlaşdırılması, hesablanması və icrası, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) icrasına dair layihələrin və hesabatların, müvafiq büdcələrdən ayrılan vəsaitlərin təyinatı üzrə istifadəsinin təhlili;
23.1.2. icmal büdcədən, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarından (təsisatlarından) maliyyələşmənin aparılması, büdcə vəsaitlərinin xəzinə hesabına vaxtında daxil olması və müvafiq göstəricilərə uyğunluğu, büdcə vəsaitlərinin müvafiq hesablarda hərəkəti barədə kredit təşkilatlarından alınan məlumatların və dövlət borclanmalarının təhlili, Azərbaycan Respublikasının Milli Məclisinə təsdiq olunmaq üçün təqdim olunmuş dövlət maliyyəsi sahəsini tənzimləyən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin layihələrinə rəy verilməsi;
23.1.3. kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində müəyyən məsələ və mövzu üzrə təhlil;
23.1.4. kənar dövlət maliyyə nəzarəti obyektlərinin fəaliyyətləri üzrə maliyyə hesabatlarının təhlili.
23.2. Bu Qanunun 23.1.1-23.1.3-cü maddələri ilə müəyyən edilmiş analitik fəaliyyətin nəticələrinə Hesablama Palatasının kollegiyasında baxılır. Analitik fəaliyyətin nəticələri qərar, rəy, arayış, təklif və tövsiyələr formalarında rəsmiləşdirilir.

Maddə 24. Hesablama Palatasının büdcə prosesində iştirakı
24.1. Hesablama Palatası bu Qanunla və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) layihələrinə, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin icrasına, müvafiq qanunların layihələrinə və hesabatlara dair rəy verir.
24.2. Növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə bu Qanuna və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq rəy verilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisindən Hesablama Palatasına daxil olduqdan sonra Hesablama Palatası 15 gün müddətində rəy verir və Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.
24.3. Bu Qanunun 24.2-ci maddəsi Hesablama Palatası tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təsdiq olunmaq üçün təqdim edilmiş büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə rəy verilməsi qaydalarına da şamil olunur.
24.4. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tərtib olunmuş dövlət büdcəsinin icrası barədə aylıq, rüblük və illik hesabatların və dövlət büdcəsinin gəlirlərini təmin edən orqanlar və dövlət xəzinədarlığı tərəfindən dövlət büdcəsinin gəlirləri barədə hesabatların və digər zəruri sənədlərin bir nüsxəsi kağız və elektron daşıyıcılarda Hesablama Palatasına təqdim edilir.
24.5. Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi rəy verilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisindən daxil olduğu gündən 10 gün müddətində Hesablama Palatası onlara rəy verir və öz rəyini Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.
24.6. Bu Qanunun 24.5-ci maddəsi Hesablama Palatası tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təsdiq olunmaq üçün təqdim edilmiş büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin icrası barədə illik hesabat və qanun layihələrinə də şamil olunur.
24.7. Hesablama Palatası tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin layihəsinə, eləcə də büdcəsinin icrası barədə hesabata rəyin verilməsi müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydalara uyğun həyata keçirilir.

Maddə 25. Hesablama Palatasının monitorinq fəaliyyəti
25.1. Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti obyektlərinin maliyyə-təsərrüfat fəaliyyəti üzrə ayrı-ayrı əməliyyatlarının və kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə Hesablama Palatasının kollegiya qərarlarının yerinə yetirilməsi vəziyyətinin müəyyən edilməsi, mütəmadi və davamlı müşahidə aparılmaqla dövlət qurumlarının elektron informasiya sistemləri üzrə məlumatların toplanması məqsədilə monitorinq fəaliyyətini həyata keçirir.
25.2. Kənar dövlət maliyyə nəzarəti obyektindən monitorinqin predmeti üzrə bu Qanunla müəyyən edilmiş qaydada müvafiq məlumatlar əldə edilə və həyata keçirilmiş əməliyyatlar üzrə yerində baxış keçirilə bilər.
25.3. Monitorinqin keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi Hesablama Palatasının metodiki sənədlərinə uyğun olaraq həyata keçirilir.

Maddə 26. Kənar dövlət maliyyə nəzarəti tədbirləri zamanı cinayət tərkibinin əlamətləri olan hüquqpozmalar aşkar edildikdə həyata keçirilən tədbirlər
26.1. Kənar dövlət maliyyə nəzarəti tədbirləri zamanı cinayət tərkibinin əlamətləri olan hüquqpozmaların aşkar edildiyi ehtimal edildikdə, kənar dövlət maliyyə nəzarəti tədbirinə rəhbərliyin həvalə edildiyi Hesablama Palatasının üzvü auditor hesabatı tərtib edir və müvafiq materiallarla birlikdə Hesablama Palatası kollegiyasının müzakirəsinə çıxarılması üçün Hesablama Palatasının sədrinə təqdim edir.
26.2. Hesablama Palatasının kollegiyası aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərini ehtimal edərsə, kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir.

Maddə 27. Kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələrinə baxılması
27.1. Hesablama Palatası tərəfindən aparılan kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələrinə Hesablama Palatasının kollegiyasında baxılır.
27.2. Hesablama Palatasının kollegiyasında kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticəsi üzrə auditor hesabatının təsdiq edilməsi və ya təsdiq edilməməsi barədə qərarlardan biri qəbul edilir.
27.3. Auditor hesabatının təsdiq edilməsi barədə Hesablama Palatasının kollegiya qərarında aşağıdakılar göstərilir:
27.3.1. qərarın tarixi və nömrəsi;
27.3.2. Hesablama Palatasının adı, kənar dövlət maliyyə nəzarəti obyektinin adı;
27.3.3. pozuntuların təfərrüatı, əsaslandırıcı sübutlar və pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri;
27.3.4. aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün görülməli tədbirlər;
27.3.5. kollegiya qərarının icrasına nəzarətin həvalə edildiyi Hesablama Palatasının üzvü;
27.3.6. qərardan şikayət vermə müddəti və qaydası.
27.4. Hesablama Palatasının kollegiyasının iclasında auditor hesabatının təsdiq edilməməsi üçün aşağıdakılar əsas ola bilər:
27.4.1. auditor hesabatının kənar dövlət maliyyə nəzarəti tədbirinin proqramında təsbit olunmuş tələblərə uyğunsuzluğu;
27.4.2. kənar dövlət maliyyə nəzarəti tədbirinin tam həcmdə həyata keçirilməməsi;
27.4.3. təqdim edilmiş auditor hesabatında təkliflərin olmaması və ya hazırlanmış təkliflərin keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə uyğunsuzluğu.
27.5. Auditor hesabatı Hesablama Palatasının kollegiyasında təsdiq edilmədikdə, uyğunsuzluqların aradan qaldırılması üçün əlavə tədbirlərin keçirilməsi barədə tapşırıq verilir və bunun müddətləri müəyyən olunur.
27.6. Hesablama Palatasının kollegiya qərarı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədilə kənar dövlət maliyyə nəzarətinin obyektlərinə və nəzarət tədbirinin predmeti ilə əlaqədar aidiyyəti tərəflərə göndərilir.
27.7. Hesablama Palatasının qərarlarının icrası kənar dövlət maliyyə nəzarətinin obyektləri tərəfindən təmin edilməli və qərarda başqa müddət müəyyən edilməmişdirsə, görülmüş tədbirlər barədə qərarların onlara çatdığı gündən bir ay müddətində Hesablama Palatasına məlumat verilməlidir.
27.8. Hesablama Palatası kollegiyasının qərarının ləğv edilməsi və ya onlara dəyişikliklərin edilməsi Hesablama Palatasının kollegiyası tərəfindən həyata keçirilir.
27.9. Hesablama Palatası kollegiyasının qərarlarından kənar dövlət maliyyə nəzarətinin obyekti, həmin nəzarətin predmeti ilə əlaqədar digər aidiyyəti dövlət orqanı (qurumu) və bələdiyyə tərəfindən qərarların onlara çatdığı gündən 30 gün müddətində Hesablama Palatasına şikayət verilə bilər. Hesablama Palatası verilən şikayətə 30 gün müddətində baxıb şikayətin təmin edilməsi, qismən təmin edilməsi və ya təmin edilməsindən imtina barədə qərarlardan birini qəbul etməlidir. Qəbul edilmiş qərar kənar dövlət maliyyə nəzarətinin obyektinə, həmin nəzarətin predmeti ilə əlaqədar digər aidiyyəti dövlət orqanına (qurumuna) və bələdiyyəyə göndərilir. Kənar dövlət maliyyə nəzarətinin obyekti, həmin nəzarətin predmeti ilə əlaqədar digər aidiyyəti dövlət orqanı (qurumu) və bələdiyyə bu Qanunun 27.9-cu maddəsinə uyğun olaraq Hesablama Palatası kollegiyasının qəbul etdiyi qərardan razı qalmadıqda məhkəməyə şikayət verə bilər.

Maddə 28. Hesablama Palatasının təqdimatları
28.1. Hesablama Palatasının qərarları kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən əsassız olaraq icra edilmədikdə həmin obyektin xəzinə və bank hesabları üzrə (müdafiə olunan xərc maddələri istisna olmaqla) əməliyyatların dayandırılması barədə müvafiq xəzinə orqanlarına və (və ya) müvəkkil banklara Hesablama Palatasının kollegiyasının qərarı əsasında təqdimatlar verilir və bu barədə Azərbaycan Respublikasının Milli Məclisinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və kənar dövlət maliyyə nəzarətinin obyektinə məlumat verilir.
28.2. Hesablama Palatasının təqdimatlarının əsassız olaraq icra edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
28.3. Hesablama Palatasının kollegiyasının qərarı əsasında verilmiş təqdimat həmin qərarın icrası təmin edilənədək qüvvədə qalır.
28.4. Təqdimatın ləğv edilməsi və ya onlara dəyişikliklərin edilməsi Hesablama Palatasının kollegiyası tərəfindən həyata keçirilir.
28.5. Bu qanunun 28.1-ci maddəsində müəyyən edilmiş qaydada təqdimatın verilməsi kənar dövlət maliyyə nəzarətinin obyekti və ya nəzarət tədbirinin predmeti ilə əlaqədar aidiyyəti tərəfi kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticəsi üzrə Hesablama Palatası kollegiyasının qərarının icrasından azad etmir.
28.6. Təqdimatlardan kənar dövlət maliyyə nəzarətinin obyekti tərəfindən təqdimatların onlara çatdığı gündən 30 gün müddətində Hesablama Palatasına şikayət verilə bilər. Hesablama Palatası verilən şikayətə 30 gün müddətində baxıb şikayətin təmin edilməsi, qismən təmin edilməsi və ya təmin edilməsindən imtina barədə qərarlardan birini qəbul edir. Qəbul edilmiş qərar kənar dövlət maliyyə nəzarətinin obyektinə göndərilir. Kənar dövlət maliyyə nəzarətinin obyekti yə Hesablama Palatası kollegiyasının qəbul etdiyi qərardan razı olmadıqda məhkəməyə şikayət verə bilər.

IV fəsil
QANUNUN POZULMASINA GÖRƏ MƏSULİYYƏT

Maddə 29. Hesablama Palatasının üzvlərinə və işçilərinə dair etik davranış qaydaları
29.1. Hesablama Palatası ali audit orqanlarının beynəlxalq standartlarına uyğun olaraq etik davranış qaydalarını qəbul edir. Hesablama Palatasının üzvləri və işçiləri həmin qaydalara riayət etməlidirlər.
29.2. Hesablama Palatasının üzvləri tərəfindən etik davranış qaydalarına əməl edilməməsi məsələlərinə Hesablama Palatasının sədri tərəfindən yaradılan etika komissiyasında baxılır.

Maddə 30. Hesablama Palatası üzvlərinin məsuliyyəti
30.1. Hesablama Palatasının üzvləri aşağıda göstərilən hallarda intizam məsuliyyətinə cəlb edilə bilərlər:
30.1.1. bu Qanunla onlara həvalə olunmuş vəzifələri yerinə yetirmədikdə və ya lazımi şəkildə yerinə yetirmədikdə;
30.1.2. Hesablama Palatası kollegiyasının iclaslarının normal gedişini, iş qaydasını pozduqda və qərarlarının qəbul edilməsinə mane olduqda;
30.1.3. Hesablama Palatasının və öz adına xələl gətirən hərəkətlər etdikdə;
30.1.4. korrupsiya hüquqpozmaları törətdikdə (inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda);
30.1.5. kollegiya iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə.
30.2. Hesablama Palatasının üzvləri bu Qanunun 30.1-ci maddəsində göstərilən əsaslarla intizam məsuliyyətinə cəlb olunduqda, onların barəsində aşağıdakı intizam tənbeh tədbirləri tətbiq edilə bilər:
30.2.1. xəbərdarlıq;
30.2.2. töhmət;
30.2.3. Hesablama Palatasının üzvlüyünə xitam verilməsi.
30.3. Hesablama Palatasının üzvlərinə bu Qanunun 30.2.1-ci və 30.2.2-ci maddələrində göstərilən intizam tənbeh tədbirlərini etika komissiyasının rəyi əsasında Hesablama Palatasının sədri, bu Qanunun 30.2.3-cü maddədə göstərilən intizam tənbeh tədbirini isə Azərbaycan Respublikasının Milli Məclisi tətbiq edir.
30.4. Hesablama Palatasının üzvü üzrsüz səbəbdən ardıcıl olaraq üç dəfə və ya il ərzində altı dəfə kollegiya iclaslarında iştirak etmədikdə, bu Qanunun 30.2.3-cü maddəsində göstərilən intizam tənbeh tədbirinin tətbiqi məqsədilə Hesablama Palatasının sədri tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə müraciət olunur.

Maddə 31. Kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə əlaqədar Hesablama Palatasının vəzifəli şəxslərinin məsuliyyəti
Kənar dövlət maliyyə nəzarəti tədbirini həyata keçirən Hesablama Palatasının vəzifəli şəxsləri vəzifələrini layiqincə yerinə yetirməməsinə, kənar dövlət maliyyə nəzarəti obyektinin fəaliyyətinə müdaxilə edilməsinə, nəzarət tədbiri zamanı əldə edilmiş məlumatların yayılmasına və etik davranış qaydalarına riayət edilməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 32. Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti fəaliyyəti ilə əlaqədar qurumların və onların vəzifəli şəxslərinin məsuliyyəti
32.1. Qanunvericilik, icra, məhkəmə hakimiyyəti orqanları və bələdiyyələr, dövlət qurumları, bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər Hesablama Palatasının səlahiyyətlərinin həyata keçirilməsinə kömək etməyə borcludurlar və bu Qanunun 8.0.7-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bu məqsədlə zəruri sənəd və məlumatları, habelə kommersiya, vergi və bank sirri təşkil edən sənəd və məlumatları, fərdi məlumatları tələb olunan vaxtda və formada təqdim etməli, informasiya mənbələrinə çıxış imkanı yaratmalıdırlar.
32.2. Kənar dövlət maliyyə nəzarəti fəaliyyəti ilə əlaqədar kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən Hesablama Palatasının sorğularının tələb olunan qaydada cavablandırılmamasına, Hesablama Palatasının əməkdaşlarının kənar dövlət maliyyə nəzarəti obyektlərinə daxil olmasına, kənar dövlət maliyyə nəzarəti tədbirinin aparılmasına maneçilik törədilməsinə, zəruri məlumatların və ya sənədlərin, habelə bu Qanunun 8.0.7-ci maddəsinin tələbləri nəzərə alınmaqla, kommersiya, vergi və bank sirri təşkil edən sənəd və məlumatların, fərdi məlumatların vaxtında və tələb olunan səviyyədə təqdim edilməməsinə və ya gecikdirilməsinə, yalan və ya dürüst olmayan məlumatların təqdim edilməsinə, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin icrası ilə bağlı hesabat və məlumatların, habelə maliyyə, mühasibat, vergi və statistik uçotu hesabatlarının vaxtında təqdim edilməməsinə, hesabatlarda informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə, elektron informasiya sistemlərinə çıxış imkanlarının yaradılmamasına və ya buna maneçilik törədilməsinə, Hesablama Palatasının qərarlarının əsassız icra edilməməsinə görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
32.3. Hesablama Palatasının funksional fəaliyyətinin icrası ilə bağlı maneələr yaradıldıqda Hesablama Palatası tərəfindən bu barədə Azərbaycan Respublikasının Milli Məclisinə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verilir.

V fəsil
HESABLAMA PALATASININ FƏALİYYƏTİNİN TƏMİNATLARI

Maddə 33. Hesablama Palatasının fəaliyyətinin maliyyələşdirilməsi
33.1. Hesablama Palatasının fəaliyyəti üzrə xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilir.
33.2. Hesablama Palatasının fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz.
33.3. Hesablama Palatasının saxlanılması üçün ayrılan illik vəsait Hesablama Palatasının normal fəaliyyət göstərməsinə yönələn zəruri xərcləri özündə birləşdirir.
33.4. Hesablama Palatası tərəfindən Hesablama Palatasının xərclər smetasının layihəsi Azərbaycan Respublikasının Milli Məclisinə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir.
33.5. Hesablama Palatasının xərclər smetası Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən dövlət büdcəsinin layihəsinə baxılarkən ayrıca təsdiq edilir.

Maddə 34. Hesablama Palatasının üzvlərinin təminatları
34.1. Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir.
34.2. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir.
34.3. Hesablama Palatasının auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.

Maddə 35. Hesablama Palatasının üzvlərinin əmək məzuniyyəti
35.1. Hesablama Palatasının üzvlərinə hər il 40 təqvim günü müddətində əmək məzuniyyəti verilir.
35.2. Hesablama Palatasının üzvlərinə əmək məzuniyyətinə çıxarkən bu Qanunun 34-cü maddəsinə uyğun olaraq müavinət verilir.
35.3. Hesablama Palatasının üzvlərinə əmək məzuniyyəti Hesablama Palatasının sədri tərəfindən verilir.
35.4. Hesablama Palatasının üzvü əmək məzuniyyətindən istifadə etmədikdə, ona həmin il (illər) üçün istifadə edilməmiş məzuniyyətə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.

Maddə 36. Hesablama Palatasının Təlim Mərkəzi
36.1. Hesablama Palatasına yeni təyin edilmiş və Hesablama Palatasında çalışan işçilərin bilik və bacarıqlarının, peşə hazırlıqlarının artırılması, kadr potensialının yüksəldilməsi, ali audit orqanlarının beynəlxalq standartlarının və qabaqcıl təcrübələrin öyrənilməsi işinin təşkil edilməsi məqsədilə Hesablama Palatasının Təlim Mərkəzi yaradılır.
36.2. Hesablama Palatasının Təlim Mərkəzinin fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.

VI fəsil
YEKUN MÜDDƏALAR

Maddə 37. Hesablama Palatasının hesabatlılığı
37.1. Hesablama Palatasının fəaliyyəti haqqında hesabatlar “Azərbaycan Respublikasının Milli Məclisinin Məlumatı”nda dərc edilir.
37.2. Hesablama Palatası fəaliyyəti barədə kütləvi informasiya vasitələrinə məlumatlar verir.
37.3. Hesablama Palatasının fəaliyyəti barədə məlumatlar verildikdə aşağıdakılar nəzərə alınır:
37.3.1. kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı məlumatlar, onların nəticələrinə dair materiallar Azərbaycan Respublikası Milli Məclisinə göndərildikdən sonra verilir;
37.3.2. rəsmi məlumatların məzmunu və forması Hesablama Palatasının kollegiyası tərəfindən müəyyən olunur;
37.3.3. məlumatlar Hesablama Palatasının sədri, onun tapşırığı ilə Hesablama Palatasının sədrinin müavini, auditorları və ya Hesablama Palatasının digər vəzifəli şəxsləri tərəfindən verilir;
37.3.4. Hesablama Palatası fəaliyyəti haqqında məlumatları verdikdə dövlət sirri, kommersiya sirri və qanunla mühafizə olunan digər sirlərin qorunması haqqında tələblərə riayət olunur.
37.4. Hesablama Palatası kənar dövlət maliyyə nəzarəti ilə əlaqədar xüsusi informasiya bülletenləri, jurnal və digər nəşrlər dərc etdirə bilər.

Maddə 38. Hesablama Palatasının auditi
Hesablama Palatasının maliyyə auditi Hesablama Palatasının müraciəti əsasında və ya Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlar və ya “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada fəaliyyət göstərən auditor təşkilatları tərəfindən həyata keçirilə bilər.

Maddə 39. Beynəlxalq əməkdaşlıq
39.1. Hesablama Palatasının beynəlxalq əməkdaşlığı xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla və beynəlxalq təşkilatlarla, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və razılaşmalara əsasən həyata keçirilir.
39.2. Hesablama Palatası bu Qanuna, habelə Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq, onun səlahiyyətlərinə aid edilən məsələlər üzrə xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla qarşılıqlı münasibətlərdə və beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir.
39.3. Hesablama Palatası beynəlxalq təşkilatlara üzv ola, beynəlxalq təşkilatlarla məsləhətləşmə və birgə layihələr həyata keçirə, fəaliyyətinin müxtəlif sahələri üzrə xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla əməkdaşlıq haqqında müqavilələr bağlaya bilər.
39.4. Hesablama Palatası xarici dövlətlərdə uyğun funksiyaları həyata keçirən qurumlarla, ali audit qurumlarının beynəlxalq təşkilatları ilə birgə və paralel auditlər və təhlillər həyata keçirə bilər.

Maddə 40. Məxfilik
Hesablama Palatasının üzvləri, işçiləri və Hesablama Palatasının fəaliyyəti ilə əlaqədar cəlb edilən ekspert, mütəxəssis və sərbəst auditorlar xidməti məlumatları, o cümlədən qanunla qorunan dövlət, bank, kommersiya və sair sirlərə aid olan məlumatları qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, açıqlaya bilməzlər.

Maddə 41. Yekun müddəa
Bu Qanun qüvvəyə mindiyi gündən “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 1999-cu il 2 iyul tarixli 700-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 8, maddə 480; 2001, No– 11, maddə 676, No– 12, maddə 744; 2004, No– 4, maddə 202, No– 9, maddə 667; 2005, No– 2, maddə 62; 2007, No–7, maddə 712; 2008, No– 5, maddə 339; 2009, No– 6, maddə 395; 2010, No– 3, maddə 173, No–4, maddə 276; 2016, No– 7, maddə 1229; 2017, No– 12 (I kitab), maddə 2213) və “Azərbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 5 mart tarixli 269-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 3, maddə 117; 2006, No– 2, maddə 67; 2007, No– 11, maddə 1081; 2008, No– 8, maddə 699; 2009, No– 6, maddə 395; 2010, No– 4, maddə 276; 2011, No– 2, maddə 71) ləğv edilir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 iyun 2018-ci il
No– 1199-VQ

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU