"Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Lotereyalar haqqında” (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 5, maddə 309; 2009, No– 7, maddə 517; 2016, No– 3, maddə 422; 2017, No– 2, maddə 144; 2018, No– 2, maddə 154) Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci maddə üzrə:
1.1. 2.0.2-ci maddədən “forması” sözü çıxarılsın;
1.2. 2.0.11-ci maddəyə “lotereyada” sözündən əvvəl “18 yaşına çatmış, könüllü şəkildə” sözləri əlavə edilsin;
1.3. 2.0.15-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.16-cı və
2.0.17-ci maddələr əlavə edilsin:
“2.0.16. elektron lotereya – lotereyanın keçirilmə formasından asılı olmayaraq, lotereya təşkilatçısının lotereya biletlərinin yayılmasını və lotereya iştirakçıları arasında uduş fondunun oynanılmasını informasiya sistemləri və şəbəkələri vasitəsi ilə həyata keçirdiyi lotereya;
2.0.17. vətəndaş qüsursuzluğu – mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə məhkumluğun olmaması, müvafiq vəzifəni tutmasına və ya peşə fəaliyyəti ilə məşğul olmağına məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması.”.
2. 3.2.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“3.2.4. lotereyaların təşkili və keçirilməsi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydasının müəyyən edilməsi;”.
3. 4-cü maddə üzrə:
3.1. 4.5-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Stimullaşdırıcı lotereyalar yalnız tirajlı formada keçirilir.”;
3.2. 4.9-cu maddə aşağıdakı redaksiyada verilsin:
“4.9. Lotereyanın şərtlərində dəyişiklik edilməsi üçün lotereya təşkilatçısı uduş fondunun oynanılması tarixinə azı 15 (on beş) iş günü qalmış maliyyə bazarlarına nəzarət orqanına müraciət edir. Lotereyanın şərtlərində dəyişiklik edilməsi ilə bağlı müraciət maliyyə bazarlarına nəzarət orqanına daxil olduğu gün qeydiyyata alınır və həmin tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq, maliyyə bazarlarına nəzarət orqanı dəyişikliklər edilməsinə icazənin verilməsi və ya bundan imtina edilməsi barədə qərar qəbul edir. Lotereyanın şərtlərində dəyişiklik edilməsinə razılıq verilməsi və ya bundan imtina edilməsi barədə qərar lotereya təşkilatçısına təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.”.
4. 5-ci maddə üzrə:
4.1. 5.1-ci maddəyə “yaradılır” sözündən sonra “(elektron lotereyalar istisna olmaqla)” sözləri əlavə edilsin;
4.2. 5.4-cü maddədə “3 (üç)” sözləri “1 (bir)” sözləri ilə əvəz edilsin.
5. 6-cı maddə üzrə:
5.1. 6.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Elektron lotereyaların uduş fondu oyunun başlanması anınadək formalaşdırılmalıdır.”;
5.2. 6.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Elektron lotereyaların uduş fondunun minimum həcmi müvafiq tiraj üzrə satılmış lotereya biletlərinin ümumi məbləğinin 50%-dən az ola bilməz.”.
6. 7-ci maddə üzrə:
6.1. 7.1-ci maddədən “(stimullaşdırıcı lotereyalarda istifadə olunan lotereya biletləri istisna olmaqla)” sözləri çıxarılsın;
6.2. 7.1.5-ci maddəyə “qiyməti” sözündən sonra “(stimullaşdırıcı lotereyalarda istifadə olunan lotereya biletləri istisna olmaqla)” sözləri əlavə edilsin;
6.3. 7.1.9-cu maddəyə “məlumat” sözündən sonra “(elektron lotereyalarda istifadə olunan lotereya biletləri istisna olmaqla)” sözləri əlavə edilsin;
6.4. 7.6-cı maddənin birinci cümləsində “oynanılmasına ən azı 2 (iki) saat qalmış” sözləri “oynanılmasınadək” sözü ilə əvəz edilsin və ikinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Uduş fondunun oynanılmasından sonra təhvil verilməmiş lotereya biletləri satılmış hesab olunur.”;
6.5. 7.7-ci maddəyə “təşkilatçısı tərəfindən” sözlərindən sonra “(uduşu ödənilmiş elektron biletlər informasiya sisteminin verilənlər bazasında)” sözləri əlavə edilsin.
7. 8-ci maddə üzrə:
7.1. 8.2-ci və 8.4-cü maddələrə “aşağıdakı sənədləri” sözlərindən sonra “kağız daşıyıcıda və ya elektron formada” sözləri əlavə edilsin;
7.2. 8.2.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.2.6-cı və 8.2.7-ci maddələr əlavə edilsin:
“8.2.6. lotereya təşkilatçısının təsisçiləri haqqında məlumat:
8.2.6.1. təsisçi fiziki şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti və imzası notariat qaydasında və ya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində müəyyən edilmiş qaydada təsdiq edilməklə vətəndaş qüsursuzluğuna dair ərizəsi;
8.2.6.2. təsisçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarış;
8.2.7. son maliyyə ili üzrə, bir ildən az müddətdə fəaliyyət göstərdikdə isə bütün fəaliyyət dövrü üzrə təsdiq edilmiş maliyyə hesabatları (lotereyanın ilk dəfə qeydiyyata alınması halı istisna olmaqla).”.
7.3. 8.3-cü maddədə “8.2.4-cü və 8.2.5-ci” sözləri “8.2.4-8.2.6-cı” sözləri ilə əvəz edilsin və həmin maddəyə “maddələrində” sözündən sonra “(8.2.6-cı maddədə göstərilən məlumatlarda dəyişikliklər baş verdiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin;
7.4. aşağıdakı məzmunda 8.4-1-ci maddə əlavə edilsin:
“8.4-1. Bu Qanunun 8.4.4-cü və 8.4.5-ci maddələrində göstərilən sənədlərin surətinin (bu sənədlərdə baş vermiş dəyişikliklərin olması halları istisna olmaqla) eyni lotereya təşkilatçısı tərəfindən sonrakı stimullaşdırıcı lotereyaların keçirilməsi məqsədilə edilən müraciətlər zamanı təqdim edilməsi tələb olunmur.”;
7.5. 8.9.3-cü maddəyə “təşkilatçısı” sözündən sonra “maliyyə bazarlarına nəzarət orqanının onunla bağlı qəbul etdiyi bu Qanunla müəyyən olunmuş icrası məcburi göstərişləri icra etmədən” sözləri əlavə edilsin və həmin maddədən “onun tərəfindən keçirilən lotereyanın dayandırılması zamanı” sözləri çıxarılsın;
7.6. 8.10-cu maddə aşağıdakı redaksiyada verilsin:
“8.10. Lotereya təşkilatçısının lotereyanın şərtlərində dəyişikliklər edilməsi və ya qeydiyyata alınmasından imtina edilməsi barədə qərarından, habelə keçirilməsinin qadağan edilməsindən inzibati və məhkəmə qaydasında şikayət etmək hüququ vardır.”.
8.Aşağıdakı məzmunda 8-2-ci maddə əlavə edilsin:
“Maddə 8-2. Elektron lotereyaların təşkili və keçirilməsi
8-2.1. Lotereya təşkilatçısı elektron lotereyaların təşkilini və keçirilməsini “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dövlət qeydiyyatına alınmış fərdi məlumatların informasiya sistemləri vasitəsilə həyata keçirir.
8-2.2. Bu Qanunun 8-2.1-ci maddəsində nəzərdə tutulan fərdi məlumatların informasiya sistemlərində əks olunmalı məlumatların siyahısı maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.”.
9. 10.1.7-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Lotereyanın təşkili və keçirilməsi ilə bağlı məlumatların maliyyə bazarlarına nəzarət orqanına təqdim olunması qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2018-ci il
No– 1299-VQD
Fayl şəklində yüklə