"Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, No– 8, maddə 689; 2007, No– 12, maddə 1218; 2009, No– 12, maddə 948; 2011, No– 3, maddə 169; 2015, No– 1, maddə 10, No– 2, maddə 95; 2016, No– 10, maddə 1604; 2017, No– 3, maddə 338, No– 5, maddə 693) aşağıdakı məzmunda 43-1-ci maddə əlavə edilsin:
“Maddə 43-1. Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikası ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların alınması
43-1.1. Aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə daşıyıcılar Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikası ərazisini tərk edəcək hava gəmisinin sərnişinlərinə dair bu Qanunun 43-1.4-cü maddəsində nəzərdə tutulmuş məlumatları biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək elektron formada müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.
43-1.2. Daşıyıcılar Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikası ərazisini tərk edəcək hava gəmisi ekipajının hər bir üzvünün vəzifəsi və ona dair bu Qanunun 43-1.4-cü maddəsində nəzərdə tutulmuş məlumatları hava gəmisinin yola düşməsinə ən geci 24 saat qalmış elektron formada müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Hava gəmisinin ekipajının tərkibi dəyişdikdə həmin məlumatlar dəyişiklik edildikdən dərhal sonra, lakin hər bir halda hava gəmisi yola düşənədək verilməlidir.
43-1.3. Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikası ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə bu Qanunun 43-1.4-cü maddəsində nəzərdə tutulmuş məlumatlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda müəyyən edildiyi hallar istisna olmaqla, bu Qanun və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada alınır, toplanır və istifadə edilir.
43-1.4. Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikası ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə verilməli olan məlumatların siyahısı, məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 dekabr 2018-ci il
No– 1379-VQD
Fayl şəklində yüklə