"Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 23 fevral tarixli 1016-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, No– 7, maddə 599; 2010, No– 4, maddə 276, No– 10, maddə 841; 2013, No– 11, maddə 1302; 2014, No– 4, maddə 342; 2015, No– 8, maddə 903, No– 12, maddə 1439; 2016, No– 2, II kitab, maddə 221; 2017, No– 2, maddə 140, No– 12, I kitab, maddə 2211; 2018, No– 1, maddə 22) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.23-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.24-cü maddə əlavə edilsin:
“1.0.24. taxoqraf – avtonəqliyyat vasitəsinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədi ilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki və ya elektron nəzarət cihazı.”.
2. 9.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“9.2. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
3. Aşağıdakı məzmunda 57-1-ci maddə əlavə edilsin:
“Maddə 57-1. Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarında taxoqrafdan istifadə ilə bağlı daşıyıcıların və sürücülərin vəzifələri
Beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını təşkil edən daşıyıcılar həmin daşımaları həyata keçirən yük avtonəqliyyat vasitələrini və ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrini taxoqrafla təchiz etməlidirlər. Həmin daşımaları təşkil edən daşıyıcılar və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2018-ci il
No– 1399-VQD
Fayl şəklində yüklə