"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 1, maddə 11, No– 12, maddə 706; 2005, No– 12, maddə 1083; 2006, No– 12, maddə 1005; 2010, No– 3, maddə 173, No– 4, maddə 276; 2016, No– 2, I kitab, maddə 205, No– 4, maddə 628; 2017, No– 5, maddə 699) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddə üzrə:
1.1. ikinci abzasa “üsullarla” sözündən sonra “dövlət vəsaiti hesabına” sözləri əlavə edilsin;
1.2. üçüncü abzasa “malları (işləri və xidmətləri)” sözlərindən sonra “dövlət vəsaiti hesabına” sözləri əlavə edilsin;
1.3. dördüncü abzasda “yazılı” sözü “kağız daşıyıcıda və ya elektron formada” sözləri ilə əvəz edilsin;
1.4. on səkkizinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on doqquzuncu – iyirmi ikinci abzaslar əlavə edilsin:
“dövlət satınalmalarının vahid internet portalı – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan və fəaliyyəti təmin edilən, satınalma prosedurları haqqında dəvətlər və həmin prosedurların nəticələri dərc edilən, satınalma müqavilələrinin və etibarsız malgöndərənlərin (podratçıların) vahid reyestri aparılan, dövlət satınalmalarının elektron vasitələrlə həyata keçirilməsini təmin edən, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyi əks etdirən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə inteqrasiya olunan vahid internet portalı;
elektron satınalma – qalib təklifin seçilməsi üçün satınalan təşkilat tərəfindən tətbiq edilən, real vaxt rejimində dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən, malgöndərənlərin (podratçıların) təqdim etdikləri təkliflərin avtomatik qiymətləndirilməsini təmin edən satınalma proseduru;
satınalma planı – satınalan təşkilat tərəfindən tərtib edilən, bu Qanuna uyğun olaraq bir büdcə ili ərzində satın alınacaq malların (işlərin və xidmətlərin) tərkibi, həcmi, miqdarı və ölçüsü barədə məlumatı, satınalmanın ardıcıllığını və təqvim ili üzrə bölgüsünü əks etdirən və elektron formada dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən sənəd;
təkliflərin cəlb edilməsi – tenderdə, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurunda, təkliflər sorğusu prosedurunda və ya elektron satınalmada iştirak etmək üçün verilən dəvət.”.

2. 4.1.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.1.8 və 4.1.9-cu maddələr əlavə edilsin:
“4.1.8. satınalan təşkilatların, malgöndərənlərin (podratçıların) dövlət satınalmalarının vahid internet portalından istifadə etmələri üçün onlara metodiki köməklik göstərir, məsləhətlər verir;
4.1.9. dövlət satınalmalarının vahid internet portalında mövcud olan informasiya resurslarının təhlükəsizliyinin qorunması üçün tədbirlər görür.”.

3. Aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilsin:
“Maddə 4-1. Dövlət satınalmalarının planlaşdırılması
4-1.1. Satınalan təşkilat cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. İlkin satınalma planı növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edilənədək qüvvədə qalır.
4-1.2. Növbəti il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi təsdiq edildikdən və büdcə göstəricilərini aldıqdan sonrakı 10 bank günü ərzində satınalan təşkilat ilkin satınalma planında dəqiqləşdirmə apararaq, həmin planı təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir.
4-1.3. İllik satınalma planında aşağıdakı məlumatlar əks olunur:
4-1.3.1. satınalan təşkilatın adı;
4-1.3.2. satın alınacaq malların (işlərin və xidmətlərin) adı, həcmi, miqdarı və ölçüsü;
4-1.3.3. satınalmanın ardıcıllığı, təqvim ili üzrə bölgüsü və satınalma üsulu;
4-1.3.4. malların göndərilməsinin, işlərin görülməsinin, xidmətlərin göstərilməsinin planlaşdırılan yeri və müddətləri.
4-1.4. Satınalan təşkilat ayda bir dəfədən çox olmamaq şərtilə satınalma planında dəyişiklik edə bilər. Satınalan təşkilat tərəfindən satınalma planında dəyişiklik edilməsi haqqında qərar qəbul olunduqdan sonrakı 5 bank günü ərzində bu barədə məlumat, dəyişikliyə səbəb olmuş hüquqi əsas göstərilməklə, dövlət satınalmalarının vahid internet portalında yerləşdirilir.
4-1.5. Bu Qanunun 4-1.1-ci – 4-1.4-cü maddələri müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün keçirilən satınalmalara şamil edilmir.
4-1.6. Satınalan təşkilat təsdiq edilmiş satınalma planına uyğun olaraq satınalma prosedurlarını təşkil edir. Satınalma planına daxil edilməyən hər hansı malların (işlərin və xidmətlərin) satın alınmasına təcili tələbat yarandıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etməsi şərtilə satınalan təşkilat həmin malların (işlərin və xidmətlərin) satın alınmasını həyata keçirə bilər.
4-1.7. Bu maddəyə uyğun olaraq satınalma planının dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsi təkliflərin cəlb edilməsi mənasını daşımır, satınalan təşkilatın üzərinə təklifləri cəlb etmək öhdəliyini qoymur, malgöndərənlərə (podratçılara) bununla əlaqədar hər hansı hüquq vermir.”.

4. 6.2.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.2.7-ci maddə əlavə edilsin:
“6.2.7. müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.”.

5. Aşağıdakı məzmunda 9.4-cü və 9.5-ci maddələr əlavə edilsin:
“9.4. Satınalan təşkilat malgöndərənləri (podratçıları) satınalma prosedurlarına cəlb edərkən, onları aşağıdakılar barədə məlumatlandırmalıdır:
9.4.1. məlumatların ötürülməsinin forması;
9.4.2. məxfi məlumatlarla əlaqədar satınalmalar zamanı belə məlumatların qorunması üçün tələblər;
9.4.3. satınalan təşkilat və ya onun adından malgöndərənə (podratçıya), həmçinin malgöndərənlər (podratçılar) tərəfindən satınalan təşkilata məlumatların ötürülməsinin üsulları;
9.4.4. yazılı formada məlumatlarla və imzalarla əlaqədar bu Qanunda nəzərdə tutulmuş tələblərin təmin olunması üsulları.
9.5. Satınalan təşkilat hər hansı konkret satınalmalar zamanı malgöndərənlərlə (podratçılarla) rahat əlaqəni təmin edən rabitə üsullarından istifadə edir. Malgöndərənlərlə (podratçılarla) hər hansı iclas və ya görüş zamanı satınalan təşkilat onlar üçün tam və bərabər iştirak imkanlarını yaradır.”.

6. 10.1.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 10.1.12-ci və 10.1.13-cü maddələr əlavə edilsin:
“10.1.12. bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulan hallarda elektron satınalma vasitəsilə açıq tender keçirilmədən digər satınalma üsullarının tətbiq edilməsi barədə qərar qəbul olunduqda, onu əsaslandıran səbəblər və şərtlər;
10.1.13. dövlət satınalmalarının vahid internet portalı vasitəsilə satınalmalar həyata keçirildikdə elektron satınalmanın açılması və başa çatması vaxtı və tarixi barədə məlumat.”.

7. Aşağıdakı məzmunda 13-1-ci maddə əlavə edilsin:
“Maddə 13-1. Davranış kodeksi
13-1.1. Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin davranış kodeksi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur. Təsdiq olunan davranış kodeksi ictimaiyyətə çatdırılmaq məqsədi ilə kütləvi informasiya vasitələrində və dövlət satınalmalarının vahid internet portalında dərhal dərc olunur. Davranış kodeksində aşağıdakı məsələlər əks olunur:
13-1.1.1. dövlət satınalmalarında maraqların ziddiyyətinin aradan qaldırılması məsələləri;
13-1.1.2. dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin konkret satınalmalarda maraqlarının olub-olmamasının bəyan edilməsi;
13-1.1.3. dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin qanunla müəyyən olunan məsuliyyəti, peşə hazırlığı və onun yoxlanılması prosedurları.”.

8. 16.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu Qanunun 50-1-ci maddəsində nəzərdə tutulan halda dövlət satınalmaları açıq tender metodu tətbiq edilməklə elektron satınalma vasitəsi ilə həyata keçirilir.”.

9. Aşağıdakı məzmunda 22.1-1-ci maddə əlavə edilsin:
“22.1-1. Satınalan təşkilat satınalmaların aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında təşkilini təmin edir.”.

10. Aşağıdakı məzmunda 25.1-1-ci maddə əlavə edilsin:
“25.1-1. Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi barədə elan tender təkliflərinin qiymətləndiriləcəyi gündən azı 20 bank günü əvvəl dövlət satınalmalarının vahid internet portalı vasitəsilə dərc olunur.”.

11. 27-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“27.1. Satınalan təşkilat satınalma prosedurlarının başlanılmasından əvvəl satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini hesablayır və təsdiq edir. Bir mənbədən satınalma üsulunun tətbiq edildiyi hallar istisna olmaqla, satınalan təşkilat tərəfindən satınalmaların ehtimal olunan qiyməti təsdiq olunmadan satınalma prosedurlarına başlanıla bilməz. Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin hesablanması üsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
27.2. Satınalan təşkilat satın alacağı malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi üçün peşəkar qiymətləndiricilər cəlb edə bilər.
27.3. Satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətini satınalan təşkilat təklif zərflərinin açıldığı günədək məxfi saxlayır və satınalmaların nəticələrinin qiymətləndirilməsi üçün istifadə edir.
27.4. Hər hansı təklifin qiyməti müvafiq malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətindən yüksək olarsa, satınalan təşkilat həmin təklifi satınalma prosedurlarından kənarlaşdırır. Satınalan təşkilat satınalma müqaviləsini yerinə yetirmək üçün hər hansı malgöndərənin (podratçının) təqdim etdiyi təklifin qiymətinin ehtimal olunan qiymət ilə müqayisədə 20 faiz və daha artıq aşağı olmasını müəyyən etdiyi hallarda, aşağıda göstərilən şərtlərə əməl etdikdən sonra belə təklifləri rədd edə bilər:
27.4.1. satınalma müqaviləsini yerinə yetirmək qabiliyyəti şübhəli görünən malgöndərəndən (podratçıdan) onun təklifi barədə yazılı sorğu əsasında ətraflı məlumat aldıqda;
27.4.2. malgöndərənin (podratçının) yazılı sorğu əsasında təqdim etdiyi bütün izahat və məlumatları aldığı halda, satınalma müqaviləsinin yerinə yetirilməyəcəyinə şübhələr qaldıqda.
27.5. Satınalan təşkilatın bu maddəyə əsasən malgöndərənin (podratçının) təklifini kənarlaşdırmaq qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilməlidir. Bu maddəyə uyğun olaraq təkliflərin kənarlaşdırılması barədə qərar, həmin qərarın səbəbləri və bununla əlaqədar bütün yazışmalar satınalma prosedurları haqqında hesabata daxil edilir. Satınalan təşkilatın bu maddəyə əsasən qəbul etdiyi qərar və onun səbəbləri barədə dərhal müvafiq malgöndərənə (podratçıya) məlumat verilir.”.

12. Aşağıdakı məzmunda 28.2-1-ci maddə əlavə edilsin:
“28.2-1. Tenderin əsas şərtlər toplusunda nəzərdə tutulduğu halda, iddiaçı bu Qanunun 28.1-ci maddəsində nəzərdə tutulan tender təklifinə işin icrası üçün müqavilə imzalayacağı subpodratçı barədə məlumatları (konkret subpodratçının adı göstərilməklə) göstərməlidir.”.

13. 30-cu maddə üzrə:
13.1. 30.1-ci maddənin ikinci cümləsində “7” rəqəmi “4” rəqəmi ilə, üçüncü cümləsində “5” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;
13.2. 30.2-ci maddənin birinci cümləsindən “öz təşəbbüsü ilə və ya” sözləri çıxarılsın.

14. 33.1-ci maddədə “1-5 faizinədək məbləğdə” sözləri “1 faizi məbləğində” sözləri ilə əvəz edilsin.

15. Aşağıdakı məzmunda 37.7-ci maddə əlavə edilsin:
“37.7. Tender dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirildikdə, satınalmaların nəticələri bu Qanunun 25.1-1-ci maddəsində nəzərdə tutulan müddət başa çatdıqdan dərhal sonra qiymət təklifinin ardıcıllığına uyğun olaraq dövlət satınalmalarının vahid internet portalı vasitəsilə avtomatik müəyyən olunur və qərar qəbul edilməsi üçün elektron qaydada tender komissiyasına göndərilir. Tender komissiyası 1 bank günü ərzində bu Qanuna uyğun olaraq təklifi bu Qanunun 50-6.1-ci maddəsinə uyğun olaraq qiymətləndirərək qərar qəbul edir və qərarı həmin gün dövlət satınalmalarının vahid internet portalında yerləşdirir.”.

16. 39-cu maddə üzrə:
16.1. adında “danışıqların” sözündən sonra “və qeyri-rəsmi görüşlərin” sözləri əlavə edilsin;
16.2. 39.1-ci maddəyə “təklifi” sözündən sonra “, habelə bu Qanunun 30.1-ci maddəsində nəzərdə tutulan sorğu” sözləri əlavə edilsin;
16.3. aşağıdakı məzmunda 39.2-ci maddə əlavə edilsin:
“39.2. Satınalan təşkilatla tenderdə iştirak edən malgöndərən (podratçı) arasında qeyri-rəsmi görüşlərin keçirilməsi qadağandır.”.

17. 40-cı maddə üzrə:
17.1. aşağıdakı məzmunda 40.1-1-ci maddə əlavə edilsin:
“40.1-1. Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsi zamanı bu Qanunun 40.1-ci maddəsində nəzərdə tutulan bildiriş tender təklifi aksept edildikdən sonra tender təklifini vermiş malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə avtomatik qaydada dərhal göndərilir.”;
17.2. aşağıdakı məzmunda 40.2-1-ci və 40.2-2-ci maddələr əlavə edilsin:
“40.2-1. Elektron satınalma vasitəsilə açıq tenderin keçirilməsinə münasibətdə satınalma müqaviləsi tenderin qalibi ilə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada bağlanılır və bu Qanuna əsasən tələb olunduğu hallarda müqavilənin yerinə yetirilməsi təminatı həmin portal vasitəsilə təqdim edilir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron müqavilənin bağlanılması məqsədilə satınalan təşkilat tender müqaviləsi aksept edildikdən sonra 3 bank günündən gec olmayaraq satınalma müqaviləsini hazırlayaraq, həmin portala yerləşdirir və imzalayır. Malgöndərən (podratçı) həmin müqaviləni 5 bank günü müddətində imzalayır.
40.2-2. Bu Qanunun 40.2-1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində satınalma müqaviləsinin imzalanmaması həmin müqavilədən imtina edilməsi kimi qiymətləndirilir.”;
17.3. 40.7-ci maddəyə “üçün” sözündən sonra “bu Qanunun 28.2-1-ci maddəsində nəzərdə tutulan” sözləri və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“İşlərin yerinə yetirilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar subpodrat müqaviləsinin (müqavilələrinin) dəyəri satınalma müqaviləsinin ümumi məbləğinin 50 faizindən çox olmamalıdır. Satınalma müqaviləsinin icrasına subpodratçılar cəlb olunduğu halda, subpodrat müqavilələrinin ümumi dəyərinin 20 faizdən az olmayan hissəsinin icrası Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş mikro, kiçik və orta sahibkarlıq subyektlərinə həvalə olunmalıdır.”;
17.4. aşağıdakı məzmunda 40.9-1 – 40.9-3-cü maddələr əlavə edilsin:
“40.9-1. Bu Qanunun 40.9-cu maddəsində nəzərdə tutulan bildirişdə malgöndərənin (podratçının) qalib gəlməməsinin səbəbləri göstərilməlidir.
40.9-2. Satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının məbləği müqavilənin ümumi məbləğinin 2-5 faizi həcmində müəyyən olunur.
40.9-3. Açıq tenderin keçirilməsi zamanı qiyməti 100 000 ABŞ dollarının manat ekvivalentindən az olan satınalma müqaviləsi ilə bağlı həmin müqavilənin yerinə yetirilməsinin təminatı tələb olunmur.”.

18. Aşağıdakı məzmunda 40-1-ci və 40-2-ci maddələr əlavə edilsin:
“Maddə 40-1. Satınalma müqaviləsi üzrə ödəmələr
40-1.1. Satınalan təşkilat satınalma müqaviləsinin yerinə yetirilməsi üçün qalib malgöndərənə (podratçıya) tender sənədlərində göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox olmayaraq avans ödəyə bilər. Avansın alınması üçün malgöndərən (podratçı) tərəfindən satınalan təşkilata avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank zəmanəti təqdim olunmalıdır. Malgöndərən (podratçı) avans ödənişindən yalnız satınalma müqaviləsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir.
40-1.2. Malgöndərən (podratçı) avans təminatının qarantı və ya təsdiqləyici tərəfin münasibliyini təsdiq etmək barədə sorğu göndərir. Satınalan təşkilat bu cür sorğuya 1 bank günü müddətində cavab verməlidir.
40-1.3. Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalan təşkilat tərəfindən tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
40-1.4. Satınalma müqaviləsi üzrə ödəmələr (avans ödənişi istisna olmaqla) satınalan təşkilat tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq satınalma müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə malgöndərənə (podratçıya) ödənilir. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılmasını nəzərə almaqla) 15 bank günü müddətində satınalan təşkilatla malgöndərən (podratçı) arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ malgöndərənə (podratçıya) ödənilir.
40-1.5. Satınalma müqaviləsi üzrə ödəmələr (o cümlədən avans ödənişi) satınalma müqaviləsində müəyyən olunmuş müddətdə ödənilmədikdə gecikdirilmiş hər gün üçün satınalma müqaviləsində müəyyən olunmuş məbləğdə faiz hesablanır.

Maddə 40-2. Satınalma müqaviləsinin şərtlərinin icrasına nəzarət
Satınalan təşkilat satınalma müqaviləsinə uyğun olaraq və bu Qanunun 40-1.4-cü maddəsində nəzərdə tutulan son haqq-hesab aparılanadək həmin müqavilə üzrə alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə, habelə satınalma müqaviləsində nəzərdə tutulmuş digər tələblərə və standartlara uyğunluğunu yoxlayır.”.

19. 41-ci maddə üzrə:
19.1. 41.1-ci maddənin birinci cümləsinə “saytında” sözündən sonra “, bu Qanunun 50-1-ci maddəsində nəzərdə tutulan satınalmalara münasibətdə isə həmçinin dövlət satınalmalarının vahid internet portalında” sözləri əlavə edilsin;
19.2. aşağıdakı məzmunda 41.5-ci maddə əlavə edilsin:
“41.5. Bu Qanunun 41.3-cü maddəsinin tələbləri bu Qanunun 50-1-ci maddəsinə uyğun olaraq keçirilən satınalmalara münasibətdə tətbiq edilmir.”.

20. Aşağıdakı məzmunda VI-I fəsil əlavə edilsin:
“VI-I fəsil
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı

Maddə 50-1. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının məcburiliyi
50-1.1. Satınalma predmetinin ehtimal olunan qiyməti 3,0 milyon ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) satın alınması yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsi ilə keçirir.
50-1.2. Bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulan hallar səbəbindən tender baş tutmamış hesab edildikdə, bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulan satınalma predmeti üzrə satınalan təşkilat digər sahibkarlıq subyektlərinin də iştirakını nəzərdə tutan tender keçirə bilər. Satınalan təşkilatın bu barədə qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmalıdır.
50-1.3. Bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulan halda satınalan təşkilat tərəfindən tenderin açıq tender üsulunu tətbiq etməklə və (və ya) elektron satınalma vasitəsi ilə keçirilməsi mümkün olmadıqda onu əsaslandıran səbəblər və şərtlər göstərilməklə bu barədə qərar qəbul etməlidir. Satınalan təşkilatın bu barədə qərarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmalıdır.
50-1.4. Satınalma müqaviləsinin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən minimal məbləğdən aşağı olan satınalmalara bu Qanunun 50-1.1-ci maddəsinin tələbləri tətbiq edilmir.
50-1.5. Bu Qanunun 50-1.1-ci maddəsinin tələbləri məxfi məlumatlar ilə əlaqədar satınalmalara şamil edilmir.

Maddə 50-2. Dövlət satınalmalarının vahid internet portalı
50-2.1. Dövlət satınalmalarının vahid internet portalı aşağıdakıları təmin etməlidir:
50-2.1.1. tender elanının dərc edilməsini;
50-2.1.2. malgöndərən (podratçı) tərəfindən tenderdə iştirak etmək üçün bu Qanunun 28-ci maddəsində nəzərdə tutulan sənədlərin satınalan təşkilata təqdim edilməsini (satınalan təşkilat özü həmin sənədlər barədə məlumatları bu Qanunun 50-2.2-ci maddəsində göstərilən qaydada əldə edə bilmədikdə);
50-2.1.3. tenderdə iştirak haqqının ödənilməsini;
50-2.1.4. malgöndərənin (podratçının) iddiaçı kimi qeydiyyatdan keçməsini;
50-2.1.5. iddiaçı kimi qeydiyyatdan keçmiş hər bir malgöndərən (podratçı) üçün elektron kabinetin yaradılmasını;
50-2.1.6. satınalan təşkilat ilə malgöndərən (podratçı) arasında qarşılıqlı məlumat mübadiləsinin və sənədlərin təqdim olunmasını;
50-2.1.7. tender təkliflərinin təqdim olunmasını;
50-2.1.8. tender təklifinin təminatının verilməsini;
50-2.1.9. tender komissiyasının virtual iclaslarının keçirilməsini;
50-2.1.10. tender təkliflərinə baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini;
50-2.1.11. satınalma müqaviləsinin elektron qaydada bağlanmasını, həmin müqavilənin və tenderin nəticələrinə dair digər sənədlərin yerləşdirilməsini;
50-2.1.12. bu Qanunla nəzərdə tutulmuş hallarda bildirişlərin elektron qaydada göndərilməsini;
50-2.1.13. tenderin əsas şərtlər toplusunun, tender prosedurlarını tənzimləyən normativ hüquqi aktların, satınalma müqaviləsinin, habelə onun standart şərtlərinin və digər sənədlərin yerləşdirilməsini;
50-2.1.14. bu Qanunla müəyyən olunmuş hallarda şikayətin verilməsini və həmin şikayətlərə baxılmasının nəticələri barədə qərarın əldə olunmasını;
50-2.1.15. bu Qanunla müəyyən olunmuş qaydada satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının təqdim olunmasını;
50-2.1.16. hesab-fakturaların satınalan təşkilata təqdim olunmasını;
50-2.1.17. satınalan təşkilat tərəfindən ödənişlə bağlı təsdiq bildirişinin təqdim olunmasını;
50-2.1.18. satınalma planının yerləşdirilməsini.
50-2.2. Satınalan təşkilat tərəfindən tenderdə iştirakla bağlı bu Qanunla nəzərdə tutulan sənədlər barədə məlumatın əldə edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumunn) elektron informasiya ehtiyatları (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunan hədlərdə dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunur.

Maddə 50-3. Elektron satınalma
50-3.1. Bu Qanunun 50-1.1-ci maddəsinə uyğun olaraq keçiriləcək tender barədə rəsmi dövlət qəzetlərində və dövlət satınalmalarının vahid internet portalında elan (dəvət) dərc olunur.
50-3.2. Elanda (dəvətdə) aşağıdakı məlumatlar göstərilir:
50-3.2.1. satınalan təşkilatın adı və ünvanı;
50-3.2.2. satınalma predmetinin ətraflı təsviri, həmçinin onun təqdim olunmasının müddəti və yeri;
50-3.2.3. imzalanacaq satınalma müqaviləsinin forması və şərtləri;
50-3.2.4. bu Qanunun 9-cu maddəsinə uyğun olaraq məlumatlar;
50-3.2.5. təqdim olunan sənədli sübutlar da daxil olmaqla, malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin qiymətləndirilməsi üçün tətbiq olunan meyarlar və prosedurlar;
50-3.2.6. təkliflərin satınalma predmetinin təsvirinə uyğunluğunun müəyyənləşdirilməsi meyarları və prosedurları;
50-3.2.7. təkliflərin qiymətləndirilməsinin meyarları və prosedurları, o cümlədən elektron satınalmada təkliflərin qiymətləndirilməsi üçün tətbiq ediləcək riyazi düstur;
50-3.2.8. təklifin qiymətinə satınalma predmetinin dəyərindən başqa, digər xərclərin (nəqliyyat və sığorta xərcləri, vergilər və rüsumlar) daxil edilib-edilməməsi haqqında məlumat daxil olmaqla, təklifin qiymətinin hesablanması və ifadə olunması üsulu;
50-3.2.9. təklifin qiymətinin hesablanmalı və ifadə edilməli olduğu valyuta (valyutalar);
50-3.2.10. səmərəli rəqabətin təmin edilməsi və elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçməli olan malgöndərənlərin (podratçıların) minimal sayı;
50-3.2.11. elektron satınalmaya buraxılış üsulu, o cümlədən elektron satınalmaya qoşulma qaydası barədə məlumat;
50-3.2.12. malgöndərənlərin (podratçıların) elektron satınalmada qeydiyyatının son müddətinə və qeydiyyatına dair tələblər;
50-3.2.13. elektron satınalmanın açılmasının tarixi və saatı, həmçinin elektron satınalmanın açılışında iştirakçıların eyniləşdirilməsinə (identifikasiyasına) dair tələblər;
50-3.2.14. elektron satınalmanın bağlanmasını tənzimləyən meyarlar;
50-3.2.15. elektron satınalmanın keçirilməsinin digər qaydaları, o cümlədən elektron satınalma zamanı iştirakçılara təqdim olunacaq məlumat, onun dili və iştirakçılar tərəfindən təkliflərin verilməsinin şərtləri;
50-3.2.16. bu Qanuna, digər normativ hüquqi aktlara istinadlar və bu sənədlərin əldə olunma yeri;
50-3.2.17. malgöndərənlər (podratçılar) tərəfindən satınalma prosedurlarına dair izahat almanın üsulu və yeri;
50-3.2.18. malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın bir və ya bir neçə vəzifəli şəxsinin adı, vəzifəsi və ünvanı;
50-3.2.19. satınalan təşkilatın qərarlarından və hərəkətlərindən şikayət vermək hüququ, gözləmə müddətinin tarixləri barədə məlumat, belə müddət tətbiq edilmədiyi halda müvafiq qərarın səbəbləri;
50-3.2.20. elektron satınalmadan sonra satınalma müqaviləsinin qüvvəyə minməsi üçün tələb olunan rəsmiləşdirmələr, o cümlədən tələb olunduğu halda, ixtisas göstəricilərinin və formal tələblərə uyğunluğunun müəyyənləşdirilməsi, həmçinin yazılı müqavilənin tərtib olunması;
50-3.2.21. satınalan təşkilat tərəfindən bu Qanuna və satınalmalarla əlaqədar digər normativ hüquqi aktlara uyğun olaraq müəyyən edilən digər tələblər.

Maddə 50-4. Elektron satınalma iştirakçılarının qeydiyyata alınması və elektron satınalmanın keçirilməsi müddətləri
50-4.1. Elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən hər bir malgöndərənə (podratçıya) dövlət satınalmalarının vahid internet portalı vasitəsilə bu barədə real vaxt rejimində təsdiq bildirişi göndərilir.
50-4.2. Elektron satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı səmərəli rəqabəti təmin etmək üçün 3 (üç) iştirakçıdan az olduqda, satınalan təşkilat bu proseduru ləğv edir. Elektron satınalmanın ləğv edilməsi barədə məlumat dərhal qeydiyyatdan keçmiş malgöndərənlərə (podratçılara) göndərilir.
50-4.3. Satınalan təşkilatın tələbatını nəzərə almaqla, elektron satınalmaya dəvətin dərc edilməsi ilə elektron satınalmanın keçirilməsi arasında müddət malgöndərənlər (podratçılar) tərəfindən elektron satınalmaya hazırlığın görülməsi və təkliflərin təqdim edilməsi üçün kifayət etməlidir.

Maddə 50-5. Elektron satınalma zamanı tələblər
50-5.1. Elektron satınalma aşağıdakılar əsas götürülməklə həyata keçirilir:
50-5.1.1. satınalma müqaviləsinin bağlanılması barədə qərar ən aşağı qiymət əsas götürülməklə qəbul edildikdə qiymət əsasında;
50-5.1.2. qiymətləndirilmə nəticəsində ən sərfəli sayılan təklif əsas götürülməklə malgöndərənlərə (podratçılara) təqdim olunan qiymət və digər meyarlar əsasında.
50-5.2. Elektron satınalma zamanı:
50-5.2.1. bütün iştirakçılara təkliflərin təqdim olunması üçün bərabər şərait yaradılır;
50-5.2.2. tətbiqindən asılı olaraq bu Qanunun 50-3-cü maddəsinə uyğun olaraq bütün təkliflərin avtomatik qiymətləndirilməsi təmin olunur;
50-5.2.3. elektron satınalmanın hər bir iştirakçısına onun təklifinin açılmasını və qiymətləndirilməsini müşahidə etmək üçün bərabər şərait yaradılır;
50-5.2.4. satınalan təşkilat ilə elektron satınalmanın iştirakçıları və ya onların özü arasında yalnız dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əlaqə saxlanılır.
50-5.3. Elektron satınalma zamanı satınalan təşkilat bütün iştirakçıların eyniləşdirmə məlumatlarını məxfi saxlayır.
50-5.4. Elektron satınalma bu Qanunun 50-3-cü maddəsinə uyğun olaraq malgöndərənlərə (podratçılara) təqdim olunan meyarlar əsasında bağlanılır.
50-5.5. İnformasiya resurslarında elektron satınalmanın keçirilməsini pozan nöqsanlar yarandıqda, satınalan təşkilat elektron satınalmanın keçirilməsini dayandırır. Elektron satınalma dayandırıldıqda və ya ləğv olunduqda satınalan təşkilat prosedur iştirakçılarının eyniləşdirmə məlumatlarını məxfi saxlayır.

Maddə 50-6. Elektron satınalmadan sonra tələblər
50-6.1. Elektron satınalma nəticəsində bu Qanunun 37.7-ci maddəsinə əsasən müəyyən olunan ən aşağı qiymət təklifi və ya keyfiyyət və texniki cəhətdən ən sərfəli təklif qalib hesab olunur.
50-6.2. Satınalan təşkilat elektron satınalma keçirildikdən sonra qalib təklifin formal tələblərə uyğunluğunu və həmin təklifi təqdim edən malgöndərənin (podratçının) ixtisas göstəriciləri meyarlarına cavab verməsini yoxlayır. Satınalan təşkilat təklifin formal tələblərə cavab vermədiyini və ya malgöndərənin (podratçının) ixtisas göstəriciləri meyarlarına uyğun gəlmədiyini müəyyən edərsə, həmin təklifi kənarlaşdırır. Bu Qanunun 11.2-ci maddəsinə əsasən satınalan təşkilat satınalmaları ləğv etmək hüququna xələl gətirmədən elektron satınalmanın bağlanılması anına formal tələblərə uyğun olan və ixtisas göstəriciləri meyarlarına cavab verən növbəti ən aşağı və ya ən sərfəli qiymətli təklifi təqdim etmiş malgöndərəni (podratçını) seçir.
50-6.3. Satınalan təşkilat elektron satınalma müqaviləsinin bağlanılması anına qalib hesab olunan təklifin ehtimal olunan qiymətdən əhəmiyyətli dərəcədə aşağı olduğu və onun da satınalma müqaviləsinin yerinə yetirilməməsi ilə nəticələnəcəyi qənaətinə gələrsə, bu Qanunun 27-ci maddəsini tətbiq edə bilər. Bu halda satınalan təşkilat satınalmaları ləğv etmək hüququna xələl gətirmədən elektron satınalma müqaviləsinin bağlanılması anına formal tələblərə uyğun olan və ixtisas göstəriciləri meyarlarına cavab verən növbəti ən aşağı və ya ən sərfəli qiymətli təklifi təqdim etmiş malgöndərəni (podratçını) seçmək hüququna malikdir.”.

21. 51-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“51.1. Satınalma müqaviləsi qüvvəyə mindikdən sonra, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin şərtlərinin dəyişdirilməsinə yol verilmir.
51.2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.”.

22. 56.3-cü və 57.4-cü maddələrə “20 bank günü” sözlərindən sonra “(bu Qanunun 50-1-ci maddəsinə əsasən keçirilən satınalmalara münasibətdə isə 10 bank günü)” sözləri əlavə edilsin.

23. 58.3-cü maddədə “3” rəqəmi “1” rəqəmi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu Qanunun 50-1-ci maddəsinə uyğun olaraq keçirilən satınalma zamanı bu barədə məlumat dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim edilir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 dekabr 2018-ci il
No– 1433-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU