Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 1, maddə 17, No– 5, maddə 323; 2002, No– 5, maddə 236; 2003, No– 1, maddələr 23, 24, No– 6, maddə 279; 2004, No– 7, maddə 505, No– 8, maddə 598, No– 10, maddə 761; 2005, No– 4, maddələr 277, 278; 2006, No– 2, maddə 64, No– 12, maddə 1006; 2007, No– 1, maddələr 3, 4, No– 2, maddə 68, No– 5, maddə 439, No– 6, maddə 560, No– 7, maddə 712, No– 8, maddə 756; 2008, No– 6, maddə 462, No– 7, maddə 602, No– 12, maddə 1046; 2009, No– 6, maddə 402; 2010, No– 2, maddə 75, No– 4, maddə 276; 2011, No– 6, maddələr 471, 476, No– 7, maddələr 583, 619, No– 12, maddələr 1096, 1105; 2012, No– 5, maddə 411, No– 6, maddə 511; 2013, No– 5, maddə 472, No– 6, maddə 625, No– 11, maddələr 1266, 1307; 2015, No– 6, maddə 677, No– 12, maddə 1435; 2016, No– 5, maddə 836, No– 6, maddə 1016, No– 11, maddələr 1761, 1763, No– 12, maddə 2047; 2017, No– 2, maddə 155, No– 4, maddə 523, No– 5, maddələr 706, 750, No– 11, maddələr 1935, 1975; 2018, No– 5, maddə 879, No– 8, maddə 1672; Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1292-VQD və 1315-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.4-cü maddə ləğv edilsin.

2. Aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin:
“Maddə 10-1. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının elektron qaydada aparılması
10-1.1. Elektron qaydada mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə aparılır.
10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
10-1.3. İqtisadi mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
10-1.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə həyata keçirilə bilər.
10-1.5. Bu Məcəllənin 10-1.3-cü və 10-1.4-cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.
10-1.6. Məhkəmə iclasının real vaxt rejimində müşahidə edilməsi imkanı iclasda iştirak edə bilməyən tərəfin ərizəsinə əsasən və buna texniki imkanlar yol verdiyi halda məhkəmənin qərarı ilə təşkil oluna bilər.
10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.”.

3. Aşağıdakı məzmunda 41-1-ci maddə əlavə edilsin:
“Maddə 41-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddianın aidiyyəti
Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işlərə baxılarkən iddia ərizəsi bu fəsillə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir.”.

4. Aşağıdakı məzmunda 47.4-cü maddə əlavə edilsin:
“47.4. Məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrinin izahı haqqında bildiriş göndərir.”.

5. Aşağıdakı məzmunda 108.3-cü maddə əlavə edilsin:
“108.3. Dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsi ilə ödənilməlidir.”.

6. 135-ci maddə üzrə:
6.1. 135.1-ci maddəyə “Bu Məcəllənin” sözlərindən sonra “135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin” sözləri əlavə edilsin;
6.2. 135.5-ci maddədə “və 135.3-cü” sözləri “, 135.3-cü, 135.6-cı və 135.8-ci” sözləri ilə əvəz edilsin;
6.3. aşağıdakı məzmunda 135.6 -135.8-ci maddələr əlavə edilsin:
“135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsi ilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır.
135.8. İqtisadi mübahisələr üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.”.

7. 138.1-ci və 138.2-ci maddələrdə “, habelə” sözündən əvvəl “, prosessual hüquq və vəzifələri” sözləri əlavə edilsin.

8. 138.5-ci maddə ləğv edilsin.

9. Aşağıdakı məzmunda 139.2.7-1-ci maddə əlavə edilsin:
“139.2.7-1. işdə iştirak edən şəxslərin prosessual hüquq və vəzifələrinin izahı;”.

10. 151.3-cü maddədə “iddia ərizəsini” sözlərindən sonra “(kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla)” sözləri əlavə edilsin, “2 həftə” sözləri “10 gün” sözləri ilə əvəz edilsin.

11. Aşağıdakı məzmunda 166.3-cü və 166.4-cü maddələr əlavə edilsin:
“166.3. Məhkəmənin hazırlıq iclası ərizə məhkəməyə daxil olduqdan sonra 15 (on beş) gündən gec olmayaraq təyin olunur. İşdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu müddət məhkəmənin qərardadı ilə 15 (on beş) gündən artıq olmayan müddətə uzadıla bilər.
166.4. İşdə iştirak edən şəxslərə hazırlıq iclası barədə həmin iclasın keçirilməsinə ən azı 5 (beş) iş günü qalmış bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumat verilməlidir.”.

12. 173-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“173.1. İşə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər.
173.2. Məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının keçirildiyi vaxtdan 30 (otuz) gündən gec olmayan müddətdə təyin olunmalıdır. İşdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu müddət məhkəmənin qərardadı ilə 15 (on beş) gündən artıq olmayan müddətə uzadıla bilər.”.

13. Aşağıdakı məzmunda 176.5-1-ci maddə əlavə edilsin:
“176.5-1. Məhkəmə iclasının audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınması və iclasın real vaxt rejimində müşahidə edilməsi imkanı, habelə proses iştirakçılarının iclasa gəlmədən texniki vasitələrdən istifadə olunmaqla iclasda iştirak etmək imkanı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təmin olunur.”.

14. 183-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Sədrlik edən işdə iştirak edən şəxslərə prosessual hüquq və vəzifələrinin izahı barədə bildirişin çatdırılıb-çatdırılmadığını müəyyən edir. Hüquq və vəzifələrin izahı haqqında bildiriş alınmadığı təqdirdə, məhkəmə iclasında hüquq və vəzifələrinin izahı haqqında bildiriş işdə iştirak edən hər bir şəxsə yazılı qaydada təqdim olunur və o, bunu öz imzası ilə təsdiq edir. Sədrlik edən eyni zamanda tərəflərə, mübahisəni həll etmək üçün münsiflər məhkəməsinə müraciət etmək hüquqlarını və bunun nəticələrini izah edir. Məhkəmə iclasına gəlmiş işdə iştirak edən şəxslərin müraciəti ilə məhkəmə onların hüquq və vəzifələrini izah etməlidir.”.

15. Aşağıdakı məzmunda 188.3-cü maddə əlavə edilsin:
“188.3. Hakim bu Məcəllədə müəyyən edilmiş əsaslarla işə baxılmasını qabaqcadan nəzərdə tutula bilməyən və ya müstəsna hallarda təxirə sala bilər. İşə baxılması 3 dəfədən çox olmayaraq təxirə salına bilər. Bundan sonra məhkəmə baxışı növbəti dəfə təxirə salındıqda, hakim bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.”.

16. 214-cü maddə üzrə:
16.1. 214.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“214.1. Qətnaməni qəbul etdikdən sonra hakim məhkəmə iclası zalına qayıdır (tərəflərin məhkəmə iclasına gəlmədiyi hallar istisna olmaqla), qətnamənin giriş və nəticə hissələrini elan edir, qətnamədən şikayət etmə qaydası və müddətini, habelə tərəflərin müraciəti olduğu halda qətnamənin nəticə hissəsini izah edir.”;
16.2. 214.3-cü maddə ləğv edilsin;
16.3. 214.4-cü maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Qətnamənin giriş və nəticə hissələrini əks etdirən çıxarış təsdiq olunaraq elan olduğu gün tərəflərə rəsmi qaydada verilməlidir.”.

17. Aşağıdakı məzmunda 216.5-ci, 227.4-cü, 263.5-1-ci, 266.3-cü və 281.4-cü maddələr əlavə edilsin:
“216.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə qətnamənin elan edilmiş nəticə hissəsi barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir.
227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.
263.5-1. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə elan olunmuş qərardad barədə məlumat həmin gün hakimin elektron imzası ilə təsdiq edilməklə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilir.
266.3. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qərardadı, çıxardıqdan sonra 5 (beş) gün müddətində elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.
281.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim məhkəmə əmrini elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün müddətində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.”.

18. 243-cü maddənin mətni 243.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 243.2-ci maddə əlavə edilsin:
“243.2. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qiyabi qətnaməni elektron imzası ilə təsdiq etməklə qiyabi qətnamə çıxarıldığı vaxtdan 10 (on) gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir.”.

19. 271.2.7-ci maddəyə “elan edilməsinə” sözlərindən əvvəl “bildirilməsinə və ya” sözləri əlavə edilsin.

20. 272.4-1-ci maddənin birinci cümləsində “İqtisadi mübahisələr üzrə” sözlərindən sonra “, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə” sözləri əlavə edilsin.

21. Aşağıdakı məzmunda 23-1-ci fəsil əlavə edilsin:
“Fəsil 23-1
Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat
Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

Maddə 284-2. Ərizənin verilməsi
Kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir.

Maddə 284-3. Ərizənin forması və məzmunu
284-3.1. Ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə iqtisadi mübahisələr üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə göndərilir.
284-3.2. Ərizədə aşağıdakılar göstərilməlidir:
284-3.2.1. ərizənin verildiyi məhkəmənin adı;
284-3.2.2. iddiaçı və cavabdehin adları, onların poçt ünvanları;
284-3.2.3. iddiaçının tələbi və onun əsaslandığı hallar;
284-3.2.4. tələbin əsaslığını təsdiq edən sənədlər;
284-3.2.5. əlavə edilən sənədlərin siyahısı.
284-3.3. Ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir.
284-3.4. Ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə göndərildikdə iddiaçının və ya onun nümayəndəsinin elektron imzası ilə təsdiq olunur. Ərizəyə əlavə edilən sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında təqdim edilir.

Maddə 284-4. İşə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyi
284-4.1. Məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir:
284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə;
284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə;
284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa;
284-4.1.4. ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa.
284-4.2. Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz.
284-4.3. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır.

Maddə 284-5. Ərizəyə baxılması qaydası
284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının  olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir.
284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.
284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
284-5.4. Tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.

Maddə 284-6. Ərizə üzrə məhkəmə qətnaməsi
284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
284-6.2. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər.
284-6.3. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən keçdikdən sonra qanuni qüvvəyə minir.”.
22. 375-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Sədrlik edən işdə iştirak edən şəxslərə prosessual hüquq və vəzifələrinin izahı barədə bildirişin çatdırılıb-çatdırılmadığını müəyyən edir. Hüquq və vəzifələrin izahı haqqında bildiriş alınmadığı təqdirdə, məhkəmə iclasında hüquq və vəzifələrinin izahı haqqında bildiriş işdə iştirak edən hər bir şəxsə yazılı qaydada təqdim olunur və o, bunu öz imzası ilə təsdiq edir. Məhkəmə iclasına gəlmiş işdə iştirak edən şəxslərin müraciəti ilə məhkəmə onların hüquq və vəzifələrini izah etməlidir.”.
23. 415-1.2-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“İşdə iştirak edən şəxslərə bu Məcəllədə nəzərdə tutulmuş hüquq və vəzifələrinin izahı barədə bildirişin çatdırılıb-çatdırılmadığını müəyyən edir. Hüquq və vəzifələrin izahı haqqında bildiriş alınmadığı təqdirdə, məhkəmə iclasında hüquq və vəzifələrinin izahı haqqında bildiriş işdə iştirak edən hər bir şəxsə yazılı qaydada təqdim olunur və o, bunu öz imzası ilə təsdiq edir. Məhkəmə iclasına gəlmiş işdə iştirak edən şəxslərin müraciəti ilə məhkəmə onların hüquq və vəzifələrini izah etməlidir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 dekabr 2018-ci il
No– 1436-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU