Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında

Qərarlar      Paylaşın:        

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Azərbaycan Respublikasının Milli Məclisi,

Zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının uzun illərdən bəri müstəqil dövlət quraraq azad yaşamaq kimi ülvi amallarının gerçəkləşməsində, suveren, demokratik, hüquqi dövlətin bərqərar edilməsində, ölkəmizin inkişafı və tərəqqisinin bünövrəsinin qoyulmasında, Avropa hüquq məkanına inteqrasiya olunmuş müasir hüquq sisteminin formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərini ehtiramla xatırlayaraq;

Ölkəmiz üçün çətin sınaqlar dövründə dövlət idarəçiliyinin sükanı arxasında dayanan Heydər Əliyevin ardıcıl, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasət kursuna, müstəqillik və milli dirçəliş fəlsəfi konsepsiyasına, bütövlükdə cəmiyyətin və hər insanın firavan həyatına və yüksək rifahına yönəlmiş siyasi xəttinə əsaslanaraq uğurla irəliləyən müstəqil Azərbaycan Respublikasının nailiyyətlərini iftixarla vurğulayaraq;

Daim ümumbəşəri idealları, insan hüquq və azadlıqlarının qorunması kimi dəyərləri rəhbər tutan Heydər Əliyev siyasətinin humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirərək;

Qanunçuluğa və hüququn aliliyinə əsaslanan cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cinayət törətmiş şəxslərin öz əməllərini və onların nəticələrini dərk etməklə islah olunacaqlarına ümid edərək;

Cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl etmələrini və cəmiyyətin inkişafına öz töhfələrini vermələrini arzulayaraq, azadlığın, ədalətin və tərəqqinin demokratik cəmiyyətin ən ümdə və zəruri şərtlərindən olduğunu qeyd edərək;

Xalqımızın dahi liderinin əbədiyaşar xatirəsinin daim uca tutulması, Heydər Əliyev siyasi irsinin tədqiq və dünya miqyasında təqdir edilməsi məqsədilə tədbirlər həyata keçirən Heydər Əliyev Fondunun təşəbbüsünü dəstəkləyərək, ulu öndərin əziz xatirəsinə həsr olunmuş aşağıdakı amnistiyanın elan edilməsini qərara alır:

I. AMNİSTİYA TƏTBİQ EDİLƏN ŞƏXSLƏRİN DAİRƏSİ

1. Aşağıdakı məhkumlar, bu Qərarın 6-cı bəndində nəzərdə tutulmuş məhdudiyyət nəzərə alınmaqla təyin olunmuş cəzalardan azad edilsin:
1.1. müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi altı aydan artıq olmayan şəxslər;
1.2. intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi altı aydan artıq olmayan şəxslər;
1.3. azadlığın məhdudlaşdırılması cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən artıq olmayan şəxslər;
1.4. hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən artıq olmayan şəxslər;
1.5. islah işləri cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi bir ildən artıq olmayan şəxslər;
1.6. ictimai işlər cəzasına məhkum edilmiş şəxslər;
1.7. əsas cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər;
1.8. əsas cəza kimi cərimə cəzasına məhkum edilmiş şəxslər.

2. Bu Qərarın 1.1-ci bəndində göstərilən şəxslərdən başqa, müddətindən asılı olmayaraq aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 4-6-cı bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla):
2.1. qadınlar;
2.2. cinayət törədərkən 18 yaşına çatmayan şəxslər;
2.3. bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış kişilər;
2.4. bu Qərar qüvvəyə mindiyi günədək birinci qrup əlil sayılmış şəxslər;
2.5. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ya ikinci qrup əlil övladı olan kişilər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər;
2.6. İkinci dünya müharibəsi dövründə faşizmə qarşı döyüşlərdə iştirak etmiş, eləcə də həmin dövrdə keçmiş SSRİ-nin Silahlı Qüvvələrində və arxa cəbhədə xidmət etmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada bunlara bərabər tutulan şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
2.7. Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yerinə yetirmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumları;
2.8. Azərbaycan Respublikasının, habelə keçmiş SSRİ-nin orden və medalları ilə təltif olunmuş şəxslər (qanunvericiliklə müəyyən edilmiş qaydada orden və medallardan məhrum edilmiş şəxslər istisna olmaqla);
2.9. keçmiş SSRİ dövründə repressiyalara məruz qalmış, sonradan səlahiyyətli orqanların qərarları ilə reabilitasiya olunmuş şəxslər və onların yaxın qohumları;
2.10. 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırım siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş şəxslər;
2.11. 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş şəxslər;
2.12. Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa);
2.13. 1990-cı il 20 Yanvar faciəsində əlil olmuş şəxslər və şəhid olmuş şəxslərin yaxın qohumları;
2.14. Xocalı soyqırımında əlil olmuş şəxslər və şəhid olmuş şəxslərin yaxın qohumları.

3. Bu Qərarın 1-ci bəndində göstərilən şəxslərdən başqa aşağıdakı məhkumlar təyin olunmuş cəzalardan azad edilsin (bu Qərarın 4-6-cı bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla):
3.1. intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslər;
3.2. azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər;
3.3. hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş şəxslər;
3.4. islah işləri cəzasına məhkum edilmiş şəxslər;
3.5. şərti məhkum edilmiş şəxslər;
3.6. cəzasının çəkilməsi təxirə salınmış şəxslər;
3.7. cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər.

II. AMNİSTİYANIN TƏTBİQİNƏ MƏHDUDİYYƏTLƏR

4. Bu Qərarın 2 və 3-cü bəndləri aşağıdakı şəxslər barəsində tətbiq edilməsin:
4.1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4 və 15.5-ci maddələrində nəzərdə tutulmuş ağır və xüsusilə ağır cinayətlərə, həmçinin Cinayət Məcəlləsinin 101, 115.1, 119.1, 122, 124.2, 125, 133.1, 133.2, 136.3, 137, 138.2-138.4, 139.2, 140.1, 140.2, 140.4, 141.4, 144-2.2, 145.1, 145.2, 146.1, 146.2, 147.2, 150.1, 151, 152, 159.4, 162.2, 170.1, 170.2, 171.1, 172, 177.2, 178.2, 179.2, 182.1, 184.3, 185.2, 186.2, 192.2, 193.2, 193-1.1, 194.2, 196.2, 199.3, 200.3, 200.4, 201.2, 204.1, 205, 206.1, 206.2, 208, 213.4, 220.2, 221.2, 221.3, 222-1.2, 222-2.2, 223.2, 224, 224-1, 224-2, 225.2, 227.1, 227.2, 228.1, 228.2, 229.1, 229.2, 231, 232.1, 233-1.1, 234.1-234.3, 235.1, 235.2, 236.1, 237.1, 238.1, 239, 240.1, 240.2, 243-245, 247, 248.2, 250.3, 251.3, 252.3, 254.3, 256.3, 258.3, 260.2, 263.2, 267.3, 271.2, 272.2, 281.1, 283-285, 286.3, 288.1-288.3, 290, 291, 292.1, 292.2, 293.1, 294, 295.1, 296.2, 297.2, 299.2-299.4, 301.2, 302, 304, 306, 307.3, 309.2, 312.1, 312-1, 314.2, 315, 316.2, 316-1.3, 317.1, 317.2, 318.2, 319.2, 320.1, 321.2, 323, 324, 328.2, 330.2, 331.3, 332.2, 333.5, 335.2, 336, 338.2, 339.2, 340.2, 341, 342.2, 344.1, 346.1, 349 və 350.2-ci maddələrində, habelə «Terrorizmin maliyyələşdirilməsi ilə mübarizə haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikasının qoşulması barədə» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» 2002-ci il 17 may tarixli 332-IIQD nömrəli və «Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» 2006-cı il 7 aprel tarixli 92-IIIQD nömrəli Azərbaycan Respublikasının qanunları ilə sanksiyaları ağırlaşdırılanadək Cinayət Məcəlləsinin 216, 308.2, 311.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər;
4.2. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında» 2005-ci il 30 sentyabr tarixli 1020-IIQD nömrəli və «Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» 2006-cı il 7 aprel tarixli 92-IIIQD nömrəli Azərbaycan Respublikasının qanunları ilə Cinayət Məcəlləsindən çıxarılmış 173 və 241-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər;
4.3. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətlərə, habelə həmin Məcəllənin 69, 93-5-ci maddəsinin birinci hissəsi, 93-6-cı maddəsinin birinci hissəsi, 93-9-cu maddəsinin ikinci hissəsi, 100-cü maddəsinin birinci hissəsi, 113-cü maddəsinin ikinci hissəsi, 114-cü maddəsinin dördüncü hissəsi, 120, 126, 171-ci maddəsinin birinci hissəsi, 178-ci maddəsinin ikinci hissəsi, 185, 208-ci maddəsinin ikinci və üçüncü hissələri, 220-ci maddəsinin birinci və üçüncü hissələri, 226-1-ci maddəsinin ikinci hissəsi, 229-cu maddəsinin birinci hissəsi, 241-ci maddəsinin «q» bəndi və 255-1-ci maddəsinin «v» və «q» bəndlərində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxslər;
4.4. «Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında» 1998-ci il 7 aprel tarixli 463-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsindən çıxarılmış 83-cü maddəsinin üçüncü və dördüncü hissələri, 88, 88-1, 91-ci maddəsinin ikinci və üçüncü hissələri, 143-cü maddəsinin üçüncü və dördüncü hissələri, 145, 147-ci maddəsinin üçüncü hissəsi, həmçinin «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bəzi dəyişikliklər edilməsi haqqında» 1996-cı il 29 may tarixli 90-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsindən çıxarılmış 60 və 65-ci maddələrlə məhkum olunmuş şəxslər;
4.5. qəsdən törədilmiş cinayətlər üzrə ümumi miqdarı şərti maliyyə vahidi məbləğinin əlli min mislindən artıq olan məbləğdə ziyan vurmuş şəxslər;
4.6. maddi ziyanı tam ödəməmiş şəxslər;
4.7. xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum olunmuş və ya 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunmuş şəxslər;
4.8. qəsdən cinayət törətdiyinə görə əvvəllər cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkmiş və yenidən qəsdən cinayət törətmiş şəxslər (qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmamalıdır);
4.9. 1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən cinayət törətmiş şəxslər;
4.10. cəzaçəkmə müəssisələrində, intizam xarakterli hərbi hissədə və ya xüsusi müəssisələrdə cəza çəkərkən qəsdən cinayət törətmiş şəxslər.

5. Bir neçə cinayətə görə məhkum edilmiş şəxslərin törətdiyi cinayətlərdən biri bu Qərarın təsiri altına düşmürsə, bu Qərarın 2 və 3-cü bəndlərində göstərilən şəxslərə amnistiya tətbiq edilmir.

6. «Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında» 1994-cü il 24 fevral tarixli, 793 nömrəli Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir.

III. AMNİSTİYANIN TƏTBİQİ QAYDALARI

7. Amnistiya bu Qərar qüvvəyə mindiyi günədək qüvvəyə minmiş ittiham hökmləri ilə məhkum edilmiş şəxslər barəsində tətbiq edilir.

8. Amnistiya aşağıdakı orqanlar tərəfindən tətbiq edilir:
8.1. cəzaçəkmə müəssisələri - bu Qərarın 1.1 və 2-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində;
8.2. xüsusi müəssisələr - bu Qərarın 1.3 və 3.2-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində;
8.3. intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı - müvafiq olaraq bu Qərarın 1.2, 3.1 və 1.4, 3.3-cü bəndlərində nəzərdə tutulan şəxslər barəsində;
8.4. məhkəmə icraçıları - bu Qərarın 1.5-1.8 və 3.4-cü bəndlərində nəzərdə tutulan şəxslər barəsində;
8.5. məhkəmələr - bu Qərarın 3.5-3.7-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində.

9. Bu Qərarın 8.1-8.4-cü bəndlərində nəzərdə tutulmuş orqanlar amnistiya tətbiq edərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalara riayət etməklə qərarları müvafiq prokurorlarla razılaşdırmalıdırlar.

10. Bu Qərarın 3.5-3.7-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların üzərində nəzarəti həyata keçirən orqanların müraciəti əsasında məhkumun yaşayış yeri üzrə məhkəmələr tərəfindən baxılır. Həmin müraciətlərə baxarkən məhkəmələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat üçün nəzərdə tutulmuş tələblərə riayət etməli, məhkəmə iclasında prokurorun iştirakı təmin edilməlidir.

11. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 515.2-ci maddəsinə müvafiq olaraq, amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə cəzanı icra edən orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır.

12. Bu Qərar onun təsiri altına düşən hər bir şəxs barəsində ayrı-ayrılıqda tətbiq edilir.

13. Amnistiya tətbiq edilərkən məhkumun şəxsi işi öyrənilməli və amnistiyanın tətbiqi məsələlərinin həlli üçün zəruri sənədlər göstərilən qərara əlavə edilməlidir. Amnistiyanı tətbiq edən orqanlar amnistiyanın tətbiqi barədə qərar qəbul edilməsi üçün zəruri sənədləri müvafiq orqanlardan tələb etməyə haqlıdırlar. Bu sorğular dərhal icra edilməlidir.

14. Amnistiya tətbiq edilən alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə təyin olunmuş şəxslər barəsində materiallara bu Qərarın 20-ci bəndində nəzərdə tutulmuş müddətdə baxılmalı, həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir (şəxsin zöhrəvi xəstəliklərdən müalicəsini qurtarmasının təsdiqi üçün əsas - tibbi rəy, məhkəmənin alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə təyin etdiyi şəxslər barəsində əsas isə məcburi müalicənin ləğvi barədə məhkəmənin qərarıdır).

15. Bu Qərarın 4.10 və 8.2-ci bəndlərində göstərilən «xüsusi müəssisələr» dedikdə qanunvericiliyə uyğun olaraq azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkildiyi yerlər, bu Qərarın 8.3-cü bəndində göstərilən «hərbi hissələr» dedikdə hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın çəkildiyi yerlər, bu Qərarın 10-cu bəndində göstərilən «məhkumların üzərində nəzarəti həyata keçirən orqanlar» dedikdə isə şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində nəzarəti həyata keçirən məhkəmə icraçıları və hərbi hissələrin və ya müəssisələrin komandanlığı başa düşülür.

16. Bu Qərarın 1-ci bəndində nəzərdə tutulmuş şəxslər barəsində amnistiyanın tətbiq edilməsi, onları törətdikləri cinayət nəticəsində vurulmuş ziyanı ödəməkdən azad etmir.

17. Əvvəllər amnistiya və ya əfvetmə aktları ilə cəzasının müddəti azaldılmış şəxslərə bu Qərar tətbiq edilərkən, onların cəzasının çəkilməmiş müddətləri həmin aktlar nəzərə alınmaqla hesablanır.

18. Barələrində amnistiya tətbiq olunmuş çağırışçıların və hərbi qulluqçuların müvafiq olaraq həqiqi hərbi xidmətə çağırış və hərbi xidmət məsələləri qanunvericiliklə müəyyən edilmiş qaydada həll edilir.

19. Bu Qərar başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum edilmiş və cəzasını Azərbaycan Respublikasında çəkən şəxslərə də şamil edilir.

20. Bu Qərar qüvvəyə mindiyi gündən üç ay müddətində tətbiq edilir.

21. Bu Qərar dərc olunduğu gündən qüvvəyə minir.


Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov

Bakı şəhəri, 8 may 2007-ci il
No– 325-IIIQR


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU