"Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 4, maddə 213; 2001-ci il, No– 3, maddə 143, No– 6, maddə 362, No– 11, maddələr 672, 679, No– 12, maddə 731; 2002-ci il, No– 1, maddə 2, No– 5, maddə 241, No– 6, maddə 328; 2003-cü il, No– 1, maddələr 9, 23; 2004-cü il, No– 1, maddə 10, No– 2, maddə 57, No– 3, maddə 133, No– 6, maddə 413, No– 7, maddə 505, No– 9, maddə 672, No– 12, maddə 981; 2005-ci il, No– 3, maddə 151, No– 4, maddə 278, No– 7, maddə 560, No– 10, maddə 874, No–11, maddə 1001, No– 12, maddə 1094) 104-cü maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“3. Hər dəfə qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən donorlara orta əmək haqqı saxlanılmaqla əlavə istirahət günü verilir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər.”.

II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8 (I kitab), maddə 584; 2001-ci il, No– 1, maddə 24, No– 3, maddə 139, No– 7, maddə 455, No– 11, maddələr 680, 698, No– 12, maddə 731; 2002-ci il, No– 1, maddə 9, No– 4 (I kitab), maddə 165, No– 5, maddələr 234, 237, 239, No– 6, maddə 326, No– 8, maddə 463, No– 12, maddə 692; 2003-cü il, No– 1, maddələr 3, 13, 23, No– 4, maddələr 177, 178, No– 5, maddə 228, No– 6, maddələr 257, 276, 279, No– 8, maddələr 407, 425, No– 12 (I kitab), maddələr 676, 696, (II kitab), maddələr 713, 714; 2004-cü il, No– 1, maddələr 6, 7, 10, 13, No– 4, maddələr 200, 201, 204, No– 5, maddələr 313, 314, 317, 321, No– 6, maddə 397, No– 8, maddələr 596, 597, No– 10, maddələr 762, 779, No– 11, maddə 900, No– 12, maddə 973; 2005-ci il, No– 1, maddələr 5, 6, No– 2, maddə 61, No– 4, maddələr 272, 273, 275, 278, No– 6, maddələr 462, 466, No– 7, maddə 576, No– 8, maddələr 691, 692, No– 10, maddələr 875, 877, 904, No– 11, maddələr 993, 994, 995; Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1030-IIQD, 1038-IIQD nömrəli, 23 dekabr tarixli 32-IIIQD, 39-IIIQD nömrəli qanunları) aşağıdakı əlavələr edilsin:

1. Məcəlləyə aşağıdakı məzmunda 63-1-ci maddə əlavə edilsin:

“Maddə 63-1. Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında qanunvericiliyin pozulması

63-1.1. Donor olmaq istəyən şəxs tərəfindən keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin narkotik maddələr qəbul edib-etməməsi barədə düzgün məlumatın verilməməsinə görə -

şərti maliyyə vahidinin otuz mislindən otuz beş mislinədək miqdarda cərimə edilir.

63-1.2. Tibbi müayinə keçirilmədən donordan qanın, qan komponentlərinin götürülməsinə görə -

fiziki şəxslər şərti maliyyə vahidinin otuz beş mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin qırx mislindən altmış beş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.

63-1.3. Müalicə müəssisələri tərəfindən qanın, qan komponentlərinin resipiyentə köçürülməsi nəticəsində baş verən hər hansı ciddi əlavə təsirlər (posttransfuzion ağırlaşmalar) barəsində köçürülən qanın, qan komponentlərinin tədarükünü edən qan xidməti müəssisəsinə (qan bankına) və müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə -

fiziki şəxslər şərti maliyyə vahidinin otuz beş mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin qırx mislindən altmış beş mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin yüz mislindən yüz əlli mislinədək miqdarda cərimə edilir.”.

2. 360-cı maddədə “60-63,” rəqəmlərindən sonra “63-1,” rəqəmi əlavə edilsin.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 mart 2006-ci il
No– 74-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU