Azərbaycan Respublikasının "Polis veteranı" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının “Polis veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının “Polis veteranı” medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur).

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 21 aprel 2006-cı il
No– 98-IIIQ


Azərbaycan Respublikasının
2006-cı il 21 aprel tarixli
98-IIIQ nömrəli Qanunu
ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının “Polis veteranı” medalının

                                                   ƏSASNAMƏSİ

1. “Polis veteranı” medalı ilə Azərbaycan Respublikasının daxili işlər orqanlarında (SSRİ daxili işlər orqanlarında xidmət müddəti də nəzərə alınmaqla) 30 təqvim ili və daha çox nümunəvi xidmət etmiş daxili işlər orqanlarının əməkdaşları və təqaüdçüləri təltif edilirlər.

2. Daxili işlər orqanlarının əməkdaşları “Polis veteranı” medalı ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

3. “Polis veteranı” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.


Azərbaycan Respublikasının
2006-cı il 21 aprel tarixli
98-IIIQ nömrəli Qanunu
ilə təsdiq edilmişdir

“Polis veteranı” medalının

                                                                                   TƏSVİRİ

“Polis veteranı” medalı bürüncdəndir, xarici diametri 32 mm olan gümüşü rəngli relyefli səkkizguşəli ulduz şəkilində tərtib edilmişdir. Ortada, dairənin içində daxili işlər orqanlarının emblemi təsvir edilmiş, yuxarıda qövs boyunca “Polis veteranı” sözləri yazılmış, aşağıda yarımçevrə boyunca palıd yarpağından çələng həkk edilmişdir. Dairənin içində üfüqi diametrindən yuxarı, mərkəzdən başlayan qabarıq şüalar təsvir edilmişdir.

Medalın arxa tərəfi hamar səthlidir, yuxarı qövs boyunca “Azərbaycan”, aşağı qövs boyunca “Respublikası” sözləri, mərkəzdə isə Azərbaycan Respublikası xəritəsinin konturları həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan, 20 mm x 42 mm ölçüdə, gümüşü rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən 2 hissədən ibarətdir. Üst hissə Azərbaycan Respublikası Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər enli şaquli zolaqlara bölünmüş xara lentlə örtülmüşdür. Lövhənin alt hissəsinin mərkəzində aypara və səkkizguşəli ulduz, mərkəzdən kənarlara doğru istiqamətlənmiş şüalar təsvir edilmişdir. Lövhənin üst hissəsinin uzunluğu kənarlarda 32 mm, ortada 34 mm-dir, alt hissəsinin uzunluğu isə kənarlarda 10 mm, ortada 8 mm-dir.

Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentlə örtülmüş 20 mm x 10 mm ölçülü qəlib əlavə olunur.


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU