"İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında" Əsasnamənin təsdiq edilməsi barədə
“İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r:
I. “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında” Əsasnamə təsdiq edilsin (Əsasnamənin mətni əlavə olunur).
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2006-cı il
No– 123-IIIQ
Azərbaycan Respublikasının
2006-cı il 30 may tarixli
123-IIIQ nömrəli Qanunu ilə
TƏSDİQ EDİLMİŞDİR
İnzibati ərazi vahidləri arasında ərazi məsələləri
üzrə mübahisələrə baxılması üçün yaradılan
xüsusi komissiyalar haqqında
Ə S A S N A M Ə
I. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 104-cü maddəsinə uyğun olaraq inzibati ərazi vahidləri (rayon və şəhərlər) arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən yaradılan xüsusi komissiyaların (bundan sonra – komissiya) təşkilinin və fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.
1.2. Bu Əsasnamə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 104-cü maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən yaradılan müvafiq xüsusi komissiyaların fəaliyyətinə şamil olunmur.
1.3. Komissiyanın yaradılmasının məqsədi Azərbaycan Respublikasının inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı yaranan mübahisələrin həlli üçün rəy hazırlayıb Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etməkdən ibarətdir.
1.4. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsini, bu Əsasnaməni və digər normativ hüquqi aktları rəhbər tutur.
II. Komissiyanın təşkili qaydası
2.1. Komissiyanın yaradılması üçün aralarında ərazi məsələləri üzrə mübahisə olan inzibati ərazi vahidlərindən ən azı biri Azərbaycan Respublikasının Milli Məclisinə müraciət etməlidir. Həmin müraciət Milli Məclisin Aparatında qeydiyyata alınır.
2.2. Müraciət Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər daimi komissiyasına göndərilir.
2.3. Regional məsələlər daimi komissiyası bir ay müddətində Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyənləşdirilmiş qaydada müraciətə baxaraq aşağıdakı qərarlardan birini qəbul edir:
2.3.1. müraciət Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olmadıqda, komissiyanın yaradılmasına əsas olmadığı barədə qərar çıxarır və həmin qərarı müvafiq inzibati ərazi vahidinə (və ya vahidlərinə) göndərir;
2.3.2. komissiyanın yaradılmasına əsas olduqda, müvafiq qərar çıxarır və həmin qərarı komissiyanın tərkibinə dair təklifləri ilə birlikdə Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.
2.4. Müvafiq inzibati ərazi vahidi (və ya vahidləri) bu Əsasnamənin 2.3.1-ci maddəsində göstərilən qərarla razı olmadıqda, həmin qərara Azərbaycan Respublikası Milli Məclisinin iclasında baxılması barədə müraciət edə bilər. Azərbaycan Respublikasının Milli Məclisi 30 gün ərzində müraciətə baxaraq aşağıdakı qərarlardan birini qəbul edir:
2.4.1. komissiyanın yaradılmasına əsas olmadığı barədə;
2.4.2. komissiyanın yaradılması barədə.
2.5. Azərbaycan Respublikasının Milli Məclisi bu Əsasnamənin 2.4.2-ci maddəsində göstərilən qərarı qəbul etdikdə, Regional məsələlər daimi komissiyasının təklifləri əsasında komissiyanın tərkibini müəyyən edir.
2.6. Komissiya ərazi məsələləri ilə bağlı mübahisənin mürəkkəbliyi dərəcəsindən və mübahisənin tərəflərinin sayından asılı olaraq, 7-9 nəfərdən ibarət tərkibdə təşkil olunur.
2.7. Komissiyanın tərkibinə Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından başqa, alimlər və mütəxəssislər də daxil edilə bilər.
III. Komissiyanın əsas hüquqları
3.1. Komissiya aşağıdakı hüquqlara malikdir:
3.1.1. dövlət orqanlarına və yerli özünüidarə orqanlarına zəruri sənədlərin və materialların komissiyaya təqdim olunması ilə bağlı sorğu göndərmək (həmin sənədlər və materiallar 15 gün müddətində komissiyaya təqdim olunmalıdır. Dövlət sirri təşkil edən sənədlərin və materialların komissiyaya təqdim olunması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir);
3.1.2. mübahisənin tərəflərindən əlavə məlumatlar və sənədlər tələb etmək (tələb olunan məlumatlar və sənədlər 10 gün müddətində komissiyaya təqdim olunmalıdır);
3.1.3. məsələni yerində araşdırmaq lazım gəldikdə, öz üzvlərindən birini və ya bir neçəsini Azərbaycan Respublikasının müvafiq rayonuna və ya şəhərinə göndərmək;
3.1.4. mübahisə tərəflərinin nümayəndələrini, eləcə də müvafiq dövlət orqanlarını və yerli özünüidarə orqanlarının nümayəndələrini öz iclaslarına dəvət etmək onların mülahizələrini dinləmək;
3.1.5. mübahisənin mahiyyəti üzrə rəy vermək üçün öz iclaslarına mütəxəssisləri dəvət etmək.
IV. Mübahisələrə baxılması qaydası
4.1. Komissiya inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisəyə komissiyanın təşkil edildiyi gündən 30 gün ərzində baxır. Zərurət olduqda, mübahisəyə baxılma müddəti komissiyanın qərarı ilə 30 gün də uzadıla bilər.
4.2. Komissiya mübahisəyə baxdıqdan sonra əsaslandırılmış qərar qəbul edir və üç iş günü ərzində həmin qərarı Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.
4.3. Azərbaycan Respublikasının Milli Məclisi komissiyanın qərarına baxaraq müvafiq qərar qəbul edir. Qərar mübahisənin tərəfləri üçün məcburidir və onun icrasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı təmin edir.
V. Komissiyanın işinin təşkili
5.1. Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri həyata keçirir.
5.2. Komissiyanın katibi komissiyanın iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələləri həll edir, zəruri sənədləri hazırlayır, kargüzarlıq fəaliyyətini həyata keçirir.
5.3. Sədr və katib komissiyanın tərkibindən komissiya üzvlərinin sadə səs çoxluğu ilə seçilir.
5.4. Komissiyanın iclasları onun üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.
5.5. Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
5.6. Qərar qəbul edilərkən səslər bərabər olduqda, komissiyanın sədri həlledici səsə malikdir.
5.7. Komissiyanın fəaliyyətinin maddi-texniki təchizatı Azərbaycan Respublikası Milli Məclisinin Aparatı tərəfindən təmin edilir.
5.8. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından başqa, komissiyanın digər üzvləri komissiyanın işində iştirak etdikləri müddətdə əsas iş yeri üzrə əmək haqqı saxlanılmaqla xidməti vəzifələrini yerinə yetirməkdən azad edilirlər.
5.9. Komissiyanın üzvləri ödənişsiz fəaliyyət göstərirlər.
VI. Komissiyanın sənədlərinin arxivdə saxlanılması
6.1. İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisə ilə bağlı komissiyaya daxil olan bütün sənədlər, komissiyanın iclaslarının protokolları komissiyanın qərarının, eləcə də Azərbaycan Respublikası Milli Məclisinin həmin mübahisənin həlli barədə çıxardığı qərarın surətləri ilə birlikdə saxlanılmaq üçün Azərbaycan Respublikası Milli Məclisinin arxivinə verilir.
6.2. Hər bir ərazi mübahisəsi ilə bağlı sənədlər arxivdə ayrıca qovluqda saxlanılır.
6.3. Arxiv sənədlərinin qorunması təmin edilir.
6.4. Arxiv sənədləri müddətsiz saxlanılır.
Fayl şəklində yüklə

