"Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməyə əlavələr və dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

"Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməyə əlavələr və dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında" Əsasnaməyə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 1, maddə 12, No– 12, maddələr 731, 736; 2004-cü il, No– 2, maddə 57; 2005-ci il, No– 4, maddə 274, No– 7, maddə 590) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 16-cı maddəyə aşağıdakı məzmunda 1-1-ci bənd əlavə edilsin:
“1-1) “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə;”.

2. 50-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əmək haqqı saxlanılır.”.

3. 69-cu maddədə:
3.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:
“Gömrük orqanlarının vəzifəli şəxsi bu Əsasnamənin 16-cı və 44-cü maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər:”;
3.2. 6-cı bənd aşağıdakı redaksiyada verilsin:
“6) vəzifədən azad etmə (bu halda gömrük orqanının vəzifəli şəxsi Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının sərəncamında ola bilər və həmin müddət ərzində onun gömrük orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, gömrük orqanlarında işə təyin edilir);”;
3.3. aşağıdakı məzmunda 7-ci bənd əlavə edilsin:
“7) gömrük orqanlarından xaric etmə.”.

4. Əsasnaməyə aşağıdakı məzmunda 69-1-ci maddə əlavə edilsin:
“69-1. Bu Əsasnamənin 69-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş intizam tənbehi vəzifələrin icrası zamanı xidməti intizamın bir dəfə kobud surətdə pozulmasına və ya xidməti vəzifələrin müntəzəm surətdə yerinə yetirilməməsinə və ya bu Əsasnamənin 16-cı maddəsində nəzərdə tutulmuş gömrük orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər.”.

5. 109-cu maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Gömrük orqanlarının vəzifəli şəxsləri hər il əsas məzuniyyətə çıxarkən onlara bir aylıq əmək haqqı həcmində müavinət ödənilir.”.

6. 120-ci maddədə:
6.1. birinci hissənin 8-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“8) gömrük orqanlarından xaric edildikdə;”;
6.2. birinci hissəyə aşağıdakı məzmunda 11-ci bənd əlavə edilsin:
“11) digər hüquq mühafizə orqanlarına işə keçdikdə, qanunvericilik və ya yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikə.”;
6.3. ikinci hissədə “4-10-cu bəndlərində” sözləri “4-11-ci bəndlərində” sözləri ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2006-cı il
No– 158-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU