"Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələrin və dəyişikliklərin edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələrin və dəyişikliklərin edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8, II kitab, maddə 585; 2001-ci il, No– 7, maddə 455; 2002-ci il, No– 1, maddə 9, No– 5, maddə 233, No– 8, maddə 463; 2003-cü il, No– 6, maddə 276; 2004-cü il, No– 5, maddə 321, No– 7, maddə 505, No– 8, maddə 598, No– 10, maddə 761, No– 11, maddə 890; 2005-ci il, No– 1, maddə 4, No– 4, maddə 278, No– 6, maddə 462, No– 8, maddə 686, No– 10, maddə 874, No– 12, maddə 1079; 2006-cı il, No– 1, maddə 3, No– 2, maddə 64, No– 5, maddə 390) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 248.3-cü maddənin ikinci cümləsində “alət” sözündən sonra “və ya vasitə” sözləri, “istifadə edilməsinə,” sözlərindən sonra “cinayətin predmeti olmasına,” sözləri əlavə edilsin;
2. 248.3-cü maddəyə aşağıdakı məzmunda 3-cü cümlə əlavə edilsin:
“Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak üzərinə həbs qoyulur.”;
3. Aşağıdakı məzmunda 289.8.3-cü maddə əlavə edilsin, 289.8.3-cü və 289.8.4-cü maddələr müvafiq olaraq 289.8.4-cü və 289.8.5-ci maddələr hesab edilsin:
“289.8.3. müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və ya digər əmlak barədə;”;
4. 346.1.19-cu maddədə “olduğu;” sözündən sonra “hansı əmlakın müsadirə edilməli olduğu, cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan hansı məbləğdə pulun və ya hansı əmlakın müsadirə edilməli olduğu;” sözləri əlavə edilsin;
5. 353.4.11-ci maddədə “maddi sübutların həlli” sözlərindən sonra “, əmlak müsadirəsi cəzası təyin olunduğu halda müsadirə edilməli olan cinayətin predmetləri, cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayət yolu ilə əldə edilmiş əmlakın siyahısı, habelə cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində müsadirə olunacaq məhkuma məxsus olan pulun miqdarı və ya əmlakın siyahısı;“ sözləri əlavə edilsin.

II. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8, (III kitab), maddə 586, No– 12, maddə 835; 2001-ci il, No– 7, maddə 455; 2002-ci il, No– 1 maddə 9, No– 5 , maddələr 237, 240, 244, No– 8, maddə 463; 2004-cü il, No– 6, maddə 399; 2005-ci il, No– 4, maddə 278) 161.1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

“161.1. Məhkəmənin hökmündə və əmlak siyahısında göstərilən aşağıdakı əmlak müsadirə edilir:
161.1.1. cinayət törədilərkən istifadə edilmiş alət və vasitələr;
161.1.2. cinayətin predmetləri;
161.1.3. cinayət yolu ilə əldə edilmiş əmlak;
161.1.4. cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində məhkuma məxsus olan pul və ya digər əmlak.”.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 oktyabr 2006-cı il
No– 162-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU