"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No–10, maddə 584; 2003-cü il, No–6, maddə 267; 2004-cü il, No–12, maddə 979; 2005-ci il, No–5, maddə 393; 2006-cı il, No–2, maddə 67, No–3, maddə 225) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 18.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Zərurət yarandıqda təsdiq olunmuş büdcə ayırmaları həddində funksional təsnifatın bölmələri daxilində, iqtisadi təsnifatın bölmə, köməkçi bölmə, paraqraflar, maddə və yarımmaddələri arasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən dəyişikliklər edilə bilər.”.

2. 19.2-ci maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilsin:
“Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığı (sərbəst qalıq) müvafiq icra hakimiyyəti orqanı tərəfindən idarə oluna və ya idarəetməyə verilə bilər. Sərbəst qalığın idarəetməyə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Dövlət büdcəsi gəlirlərinin xarici valyutada daxil olan hissəsinin xarici valyuta ilə ödəniləcək dövlət büdcəsindən maliyyələşdirilən xərclərinin konvertasiya edilmədən xarici valyutada birbaşa icrası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.”.

3. 19.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“19.5. İlin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına (məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla) köçürülür. Bu vəsaitin növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə birinədək hissəsi həmin ilin aidiyyəti büdcə xərclərinin ödənilməsinə və dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldilir, habelə bu Qanunun 19.2-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş qaydada idarə edilir, yerdə qalan hissəsi isə Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür.”.

4. 19.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“19.6. Müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş birdəfəlik təyinatlı vəsaitlər üzrə yaranmış qənaət dövlət büdcəsinin ehtiyat fonduna yönəldilərək digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər.”.

II. Bu Qanun 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2006-cı il
No– 177-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU