"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No–12, maddə 740; 2002-ci il, No–12, maddə 706; 2003-cü il, No–1, maddə 23, No–8, maddə 428, No–12, (I kitab), maddələr 676, 698; 2005-ci il, No– 1, maddə 1, No– 6, maddə 462, No– 8, maddə 684, No– 10, maddələr 873, 905, No–12, maddə 1083; 2006-cı il, No–3, maddələr 223, 225) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 1-ci maddənin mətninin əvvəlinə “1.1.” rəqəmi əlavə edilsin.

2. Aşağıdakı məzmunda 1.2-ci maddə əlavə edilsin:
“1.2. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin II hissəsinə uyğun olaraq icra hakimiyyəti orqanları qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişlərini müəyyən edə bilməzlər.”.

3. Aşağıdakı məzmunda 2.0.12-ci maddə əlavə edilsin:

“2.0.12. qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası.”.

4. 4.4-cü maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Xarici ölkədə dövlət rüsumu həmin ölkənin valyutası ilə tutulur.”.

5. 10.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“10.2. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi müqavilələrinin təsdiqi üçün:
 10.2.1. müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, qardaşın, bacının mülkiyyətinə keçirsə - 25 manat;
 10.2.2. müqavilə üzrə əmlak digər vətəndaşın və ya hüquqi şəxsin mülkiyyətinə keçirsə - 50 manat;
 10.2.3. müqavilə üzrə əmlak xarici hüquqi şəxsin, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətinə keçirsə - 75 manat.”.
 
 6. 10.9-cu maddə aşağıdakı redaksiyada verilsin:
“10.9. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və ona sərəncam verilməsi ilə bağlı verilən etibarnamələrin təsdiqi üçün:
10.9.1. etibarnamə ərə (arvada), uşaqlara, valideynlərə, babaya, nənəyə, nəvəyə, qardaşa, bacıya verilərsə - 5 manat;
10.9.2. etibarnamə digər vətəndaşlara və ya hüquqi şəxslərə verilərsə - 10 manat.”.

7. 11.2-ci maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Notarius tərəfindən notariat hərəkətlərinə görə dövlət rüsumunun qəbulu zamanı ödəyiciyə dövlət rüsumunun ödənilməsini təsdiq edən rəsmi sənədin (mədaxil qəbzi, kassa mədaxil orderi və s.) əsli verilir.”.

8. 14.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə:
14.1.1. beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 120 manat;
 14.1.2. beş iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda iki gün müddətində verildikdə və ya dəyişdirildikdə - 40 manat.”.

9. 14.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:
14.3.1. üç iş günü müddətində verildikdə - 5 manat;
14.3.2. üç iş günündən sonrakı müddətdə verildikdə - 1 manat.”.

10. Aşağıdakı məzmunda 17.7-ci və 17.8-ci maddələr əlavə edilsin:
“17.7. Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan, pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan və ya xarici ölkələrdən deportasiya edilən Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur;
17.8. xarici ölkələrin müvafiq orqanları tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi üçün tutulan rüsumun məbləği bu Qanunla eyni hərəkətlərə görə müəyyən edilmiş məbləğdən yuxarı olduqda dövlət rüsumunun dərəcəsi həmin ölkələrdə Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə tutulan rüsum səviyyəsində tətbiq edilir.”.
 
11. 18.64.1.1 və 18.64.2.1-ci maddələrdə “şərti maliyyə vahidinin 2,0 misli” sözləri “10 manat” sözləri ilə, 18.64.1.2-ci və 18.64.2.2-ci maddələrdə “şərti maliyyə vahidinin 1,0 misli” sözləri “5 manat” sözləri ilə əvəz edilsin.

12. Aşağıdakı məzmunda 18.64.3-cü və 18.64.4-cü maddələr əlavə edilsin:
“18.64.3. Nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına görə - 20 manat;
18.64.4. Milli və beynəlxalq sürücülük vəsiqələrinin sənədləşdirilməsi və təqdim edilməsi üçün - 20 manat.”.

13. 22.2-ci maddədə “şərti maliyyə vahidinin 100,0 mislindən – 5000,0 mislinədək” sözləri, “110 manatdan - 22000 manatadək” sözləri ilə əvəz edilsin.

14. Aşağıdakı məzmunda 27-1-ci maddə əlavə edilsin:

“Maddə 27-1. Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, ekspertizası, materialların tətbiqi, qiymətli daşların ekspertizası və diaqnostikası üçün dövlət rüsumunun dərəcələri

27-1.1. qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması (1 məmulat üçün) – 2 manat;
27-1.2. qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış məmulatların və tərkibində qiymətli metallar olan materialların ekspertizası (1 ədəd üçün) –2 manat;
27-1.3. qiymətli daşların adlarının, kütləsinin və keyfiyyətinin təyin edilməsi (hər bir daş üçün) – 20 qəpik;
27.1.4. qiymətli metal tərkibli məmulatların və materialların analiz edilməsi (1 ədəd üçün) – 6 manat;
27-1.5. qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatları istehsalçılarının ad damğalarının qeydiyyatı:
27-1.5.1. ad damğasının ilk dəfə qeydiyyata alınması üçün – 4 manat;
27-1.5.2. hər il yenidən qeydiyyata alınması üçün – 2 manat.”.

II. Bu Qanun 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2006-cı il
No– 180-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU