Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8, II kitab, maddə 585; 2001-ci il, No– 7, maddə 455; 2002-ci il, No– 1, maddə 9, No– 5, maddə 233, No– 8, maddə 463; 2003-cü il, No– 6, maddə 276; 2004-cü il, No– 5, maddə 321, No– 7, maddə 505, No– 8, maddə 598, No– 10, maddə 761, No– 11, maddə 890; 2005-ci il, No– 1, maddə 4, No– 4, maddə 278, No– 6, maddə 462, No– 8, maddə 686, No– 10, maddə 874, No– 12, maddə 1079; 2006-cı il, No– 1, maddə 3, No– 2, maddə 64, No– 5, maddə 390; Azərbaycan Respublikasının 2006-cı il 10 oktyabr tarixli 160-IIIQD və 162-IIIQD nömrəli qanunları) aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1.1. 383.1.3-cü maddədə “tətbiq edilməsinə” sözlərindən sonra “və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə” sözləri əlavə edilsin;
1.2. 384.1.9-cu maddədə “tətbiq edilməsi” sözlərindən sonra “və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi” sözləri əlavə edilsin;
1.3. aşağıdakı məzmunda 409.1.5-ci maddə əlavə edilsin:
“409.1.5. barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilmiş yetkinlik yaşına çatmayan şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi.”;
1.4. aşağıdakı məzmunda 409.7-ci maddə əlavə edilsin, 409.7-ci və 409.8-ci maddələr müvafiq olaraq 409.8-ci və 409.9-cu maddələr hesab edilsin:
“409.7. Barəsində tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilmiş yetkinlik yaşına çatmayan şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi yalnız tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə aid hissədən kassasiya şikayəti vermək hüququna malikdir.”;
1.5. 435.5-ci maddə çıxarılsın;
1.6. aşağıdakı məzmunda 435-1-ci və 435-2-ci maddələr əlavə edilsin:
“Maddə 435-1. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi
435-1.1. Ağır və ya xüsusilə ağır cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətmiş, lakin cinayət məsuliyyətinə cəlb olunması üçün cinayət qanununda nəzərdə tutulmuş yaş həddinə çatmamış yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət işinə xitam verildikdə, yaxud cinayət işinin başlanması rədd edildikdə, xitam verilmiş cinayət işi və ya cinayət işi başlanmasının rədd edilməsi haqqında materiallar cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxslərin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi məqsədilə cinayət prosesini həyat keçirən orqan tərəfindən 3 gün müddətində yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilir.
435-1.2. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya təqdim olunmuş materiallar əsasında qanunvericiliklə müəyyən olunmuş qaydada zəruri olan digər sənədləri toplayır və cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinin mümkünlüyü haqqında məsələyə baxılması üçün həmin şəxsin yaşayış yeri üzrə birinci instansiya məhkəməsi qarşısında vəsatət qaldırır.
435-1.3. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə materiallar məhkəməyə daxil olandan sonra 10 gündən gec olmayaraq məhkəmə iclasında baxılır. Aşağıdakı şəxslər məhkəmə iclasında iştirak etmək hüququna malikdirlər:
435-1.3.1. cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs, onun müdafiəçisi, valideynləri və ya digər qanuni nümayəndələri;
435-1.3.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi;
435-1.3.3. dövlət ittihamçısı;
435-1.3.4. cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin yaşayış yeri və ya ictimai təhlükəli əməlin törədildiyi ərazi üzrə daxili işlər orqanının yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinin nümayəndəsi.
435-1.4. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi üzrə məhkəmə iclasında müdafiəçinin iştirakı məcburidir. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin mənafeyi naminə məhkəmə özünün əsaslandırılmış qərarı ilə onun valideynlərinin və ya digər qanuni nümayəndələrinin məhkəmə baxışında iştirakını tələb edə və ya onların iştirakından imtina edə bilər.
435-1.5. Məhkəmənin mülahizəsinə və ya bu Məcəllənin 435-1.3-cü maddəsində nəzərdə tutulmuş şəxslərin vəsatətinə əsasən məhkəmə iclasına digər şəxslər də çağırıla bilər.
435-1.6. Müdafiəçi istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə materiallara baxılma yeri və vaxtı haqqında məlumatlandırılmış bu Məcəllənin 435-1.3-cü maddəsində nəzərdə tutulmuş şəxslərin məhkəmə iclasına gəlməməsi məhkəmə iclasının keçirilməsinə mane olmur.
435-1.7. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi üzrə məhkəmə iclası aşağıdakı ardıcıllıqla aparılır:
435-1.7.1. hakim məhkəmə iclasını açır, hansı materiallara baxılacağını elan edir, məhkəmə iclasında kimin iştirak etdiyini yoxlayır;
435-1.7.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndəsi cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinin zəruriliyini əsaslandırır, hakimin və məhkəmə iclasının digər iştirakçılarının suallarına cavab verir;
435-1.7.3. bu Məcəllənin 435-1.1-ci maddəsində nəzərdə tutulmuş materiallar və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada toplanmış sənədlər tədqiq olunur, məhkəmə iclasının iştirakçılarının vəsatətləri müzakirə olunur, qərarın qəbul olunması üçün zəruri olan hallar araşdırılır;
435-1.7.4. cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs, onun müdafiəçisi, valideynləri və ya digər qanuni nümayəndələri, habelə məhkəmə iclasında iştirak edən digər şəxslərin çıxışları dinlənilir.
435-1.8. Daha sonra məhkəmə qərarın çıxarılması üçün müşavirə otağına gedir. Qərar çıxarılarkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir:
435-1.8.1. ictimai təhlükəli əməlin törədildiyini;
435-1.8.2. həmin əməlin barəsində icraat aparılan cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs tərəfindən törədildiyini;
435-1.8.3. həmin şəxsin əməli törədərkən cinayət məsuliyyətinə cəlb olunması üçün cinayət qanununda nəzərdə tutulmuş yaş həddinə çatmadığını;
435-1.8.4. cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin hansı müddətə qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə ehtiyac olduğunu.
435-1.9. Baxışın nəticələrinə dair məhkəmə tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir:
435-1.9.1. cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi haqqında;
435-1.9.2. məhkəmə tərəfindən cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə yol verməyən səbəblər aşkar edildiyi və ya onu göstərilən müəssisəyə göndərmədən islah etmək imkanının olduğunu təsdiq edən hallar müəyyən edildiyi hallarda, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün materialların yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilməsi haqqında;
435-1.9.3. cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə materiallar üzrə icraata xitam verilməsi haqqında.
435-1.10. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə dair məhkəmənin qərarında onun çıxarılma vaxtı və yeri, qərarı çıxaran məhkəmənin adı, hakim, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs və materialların baxılmasında iştirak etmiş digər şəxslər haqqında məlumatlar, materiallara baxılması zamanı müəyyən edilmiş hallar göstərilir.
435-1.11. Məhkəmə qərarı 3 gün müddətində cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxsə, onun müdafiəçisinə, valideynlərinə və ya digər qanuni nümayəndələrinə, habelə qərarı icra edən orqan və müəssisələrə təqdim edilir.
435-1.12. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs barəsində xitam verilmiş cinayət işi və ya cinayət işinin başlanılmasının rədd edilməsi haqqında materiallar onları təqdim etmiş cinayət prosesini həyata keçirən orqana aşağıdakı qaydada qaytarılır:
435-1.12.1. bu Məcəllənin 435-1.9.1-ci və 435-1.9.3-cü maddələrində nəzərdə tutulmuş hallarda – qərar qanuni qüvvəyə mindikdən sonra məhkəmə tərəfindən 3 gün müddətində;
435-1.12.2. bu Məcəllənin 435-1.9.2-ci maddəsində nəzərdə tutulmuş hallarda – yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs barəsində tərbiyəvi xarakterli tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarıldıqdan sonra həmin komissiya tərəfindən 3 gün müddətində.
Maddə 435-2. Yetkinlik yaşına çatmayan şəxsin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi ilə bağlı digər məsələlər
435-2.1. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin yerləşdiyi ərazi üzrə birinci instansiya məhkəməsi göstərilən müəssisənin müdiriyyətinin və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın birgə təqdimatına əsasən aşağıdakı məsələləri həll edir:
435-2.1.1. yaşının çatması və ya səhhəti ilə əlaqədar, habelə islah olunması üçün daha əlverişli şəraitin yaradılması məqsədi ilə yetkinlik yaşına çatmayan şəxsin digər xüsusi təlim-tərbiyə müəssisələrinə göndərilməsi haqqında;
435-2.1.2. yetkinlik yaşına çatmayan şəxsin islah olunması ilə əlaqədar qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsində saxlanılmasına zərurət aradan qalxdıqda, onun vaxtından əvvəl müəssisədən azad edilməsi haqqında;
435-2.1.3. yetkinlik yaşına çatmayan şəxsin təhsil pillələrindən birinin başa çatdırılması zərurəti yaranarsa, onların arzusu ilə göstərilən müəssisədə qalması vaxtının uzadılması haqqında.
435-2.2. Təqdimata yetkinlik yaşına çatmayan şəxsin, onun müdafiəçisinin, valideynlərinin və ya digər qanuni nümayəndələrinin, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin müdiriyyətinin və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələrinin və dövlət ittihamçısının iştirakı ilə bu Məcəllənin 435-1.3-435-1.7-ci maddəsində müəyyən edilmiş qaydada baxılır.”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2006-cı il
No– 209-IIIQD0
Fayl şəklində yüklə

