"Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan
“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, No– 8, maddə 681; 2006-cı il, No– 1, maddə 75) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 13.9.2-ci maddədən “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada” sözləri çıxarılsın, “güc və xüsusi vasitələr” sözləri “qüvvə” sözü ilə əvəz edilsin;
2. 13.10-cu maddə 13.11-ci maddə, 13.11-ci maddə 13.10-cu maddə hesab edilsin;
3. 13.11-ci maddədə “gücün və xüsusi vasitələrin” sözləri “qüvvənin” sözü ilə əvəz edilsin;
4. 13.12-ci maddə 13.16-cı maddə hesab edilsin və aşağıdakı məzmunda 13.12-13.15-ci maddələr əlavə edilsin:
“13.12. Yetkinlik yaşına çatmayanlara qarşı fiziki qüvvə yalnız digər vasitələr nəticə vermədikdə, müstəsna hallarda tətbiq edilə bilər. Fiziki və ya psixi qüsurları olan yetkinlik yaşına çatmayanlara qarşı (onlar tərəfindən silahlı müqavimət göstərilməsi, insanların həyat və sağlamlığına təhlükə yaradan qrup şəklində və ya hər hansı digər hücum istisna olmaqla) fiziki qüvvənin tətbiq edilməsi qadağandır.
13.13. Fiziki qüvvənin müstəsna hallarda bu Qanunun tələblərinə uyğun olaraq tətbiqi yaranmış təhlükəyə mütənasib olmalı, hüquqpozmanın ağırlıq dərəcəsindən və ya onu törədənin şəxsiyyətindən asılı olaraq tətbiq edilməlidir.
13.14. Fiziki qüvvənin cəza, fiziki və ya psixoloji iztirab verilməsi məqsədi ilə tətbiq edilməsi qadağandır.
13.15. Fiziki qüvvə tətbiq edilmiş yetkinlik yaşına çatmayan tibbi baxışdan keçirilir və sağlamlığına zərər vurulduğu halda tibbi yardımla təmin edilir. Tibbi yardıma ehtiyac olmadıqda yetkinlik yaşına çatmayan 24 saatadək müddətə xüsusi bərpa otağında yerləşdirilir. Burada onun psixoloji bərpası üçün psixoterapevt və psixoloq-pedaqoq tərəfindən müvafiq tədbirlər görülür. Yetkinlik yaşına çatmayanın bərpa otağında yerləşdirilməsi ilə bağlı bütün tədbirlər sənədləşdirilir və müvafiq qaydada qeydiyyatdan keçirilir.”;
5. 13.16-cı maddə aşağıdakı redaksiyada verilsin:
“13.16. Yetkinlik yaşına çatmayana fiziki qüvvənin tətbiq edildiyi hər bir hal barədə qapalı tipli xüsusi təlim-tərbiyə müəssisənin müdiriyyəti həmin müəssisənin yerləşdiyi yer üzrə prokurora 24 saat müddətində məlumat verməli və fiziki qüvvənin tətbiqinin qanunauyğun olub-olmaması barədə xidməti yoxlama apararaq müvafiq rəy hazırlamalıdır. Fiziki qüvvə tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy 3 gün müddətində prokurorluq orqanlarına təqdim olunur.”;
6. Aşağıdakı məzmunda 13.17-ci maddə əlavə olunsun:
“13.17. Qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin vəzifəli şəxsləri tərəfindən yetkinlik yaşına çatmayana fiziki qüvvənin tətbiqi ilə əlaqədar qanunvericiliyin tələblərinə riayət olunmaması, habelə fiziki qüvvənin tətbiq edildiyi hər hansı bir halın gizlədilməsi və ya belə hal barədə qəsdən yanlış məlumat verilməsi, yaxud xidməti yoxlama aparılması qaydalarının pozulması qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.”;
7. 20.5-ci maddənin birinci cümləsində “icraat başlanan yetkinlik yaşına çatmayanlar” sözlərindən sonra “məhkəmənin qərarı əsasında” sözləri əlavə edilsin;
8. 20.5-ci maddənin ikinci cümləsində “gəlməkdən yayınan” sözlərindən sonra “14 yaşına çatmış” sözləri əlavə edilsin;
9. 21.0-cı maddənin birinci cümləsində “məhkəmə” sözü “20.1-ci maddədə nəzərdə tutulmuş materiallar daxil olduğu gündən 1 ay müddətində yetkinlik yaşına çatmayanın yaşayış yeri və ya olduğu yer üzrə birinci instansiya məhkəməsi” sözləri ilə əvəz edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2006-cı il
No– 221–IIIQD
Fayl şəklində yüklə

