Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq

Qərarlar      Paylaşın:        

Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti təsdiq edilsin.

Azərbaycan Respublikası Milli Məclisinin sədri
O.Əsədov


Bakı şəhəri, 29 dekabr 2006-cı il
No– 227-IIIQR


                                     Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə

                                  AZƏRBAYCAN RESPUBLİKASI  MİLLİ MƏCLİSİNİN MÜRACİƏTİ

Əziz soydaşlar və həmvətənlər!

Əsrlər boyu milli birlik, mənəvi bütövləşmə arzusunda olmuş azərbaycanlılar on beş ildir ki, həmrəylik gününü əziz bayram kimi qeyd edirlər. On beş il bundan əvvəl ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə xalqımızın söz, əqidə və əməl birliyinin yaradılması prosesinə təkan verilmişdir.
Dövlət müstəqilliyimizlə yaşıd olan bu prosesin başlanğıcı xalqımızın tarixi müqəddəratında köklü dəyişikliklərin baş verdiyi bir dövrə təsadüf etmişdir. Müstəqilliyimizin ilk illərində ağır sınaqlara çəkildik, gərgin və çıxılmaz vəziyyətlərə düşdük, amma yenə də ulu öndərimizin müstəsna xidmətləri sayəsində istiqlaliyyətimizi, bir əsrdə ikinci dəfə qismətimizə düşən müstəqil dövlətimizi qoruyub saxlaya bildik. Düşmənlərin məkrli niyyətləri gözlərində qaldı, dövlətimiz siyasi və hərbi gücünü topladı, cəmiyyət həyatında sabitliyə nail oldu, ardıcıl inkişaf yoluna çıxdı, dünya birliyində layiq olduğu yerini tutdu.
Heydər Əliyev yolunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bu gün Cənubi Qafqaz bölgəsinin lider dövlətinə və bütün dünya azərbaycanlılarının qürur yerinə çevrilmişdir. Azərbaycan dünyada analoqu olmayan bir sürətlə inkişaf edir. Cəmiyyət və dövlət həyatının bütün sahələri müasir dünya standartları əsasında qurulur. Getdikcə artan imkanlarımız xalqımızın maraqlarını və tələbatını daha dolğun ödəməyə kömək göstərir.
Azərbaycançılıq amalının şüurlarımızda və qəlblərimizdə möhkəm yer tutmasına yönəlmiş uzaqgörən dövlət siyasəti həyata keçirilir, xarici ölkələrdəki Azərbaycan icmaları ilə əlaqələr gücləndirilir. Dünya azərbaycanlılarının 2001-ci və 2005-ci illərdə Bakıda birinci və ikinci qurultaylarının keçirilməsi, xaricdə yaşayan həmvətənlərimizlə iş üzrə ayrıca dövlət qurumunun təşkil edilməsi diaspor təşkilatları ilə münasibətlərin dərinləşdirilməsinə yeni imkanlar yaratmışdır. On beş il bundan əvvələ qədər dünyanın müxtəlif bölgələrində bir-birindən xəbər tuta bilməyən soydaşlarımız arasında bu gün möhkəm bağlar yaranmışdır.
Bütün bunlar həm sayına, həm də intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın mütəşəkkil qüvvə kimi formalaşmasına, tarix səhnəsində ənənəvi mühüm rolunu bərpa etməsinə yol açır. Tarixin gedişi və taleyin qisməti ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş on milyonlarla soydaşımız milli birliyə və həmrəyliyə nail olmağın zəruriliyini indi daha aydın dərk edirlər. Onlar yaxşı başa düşürlər ki, qüdrətli və böyük Azərbaycan milli-mənəvi bütünlüyün möhkəm təməli üzərində ucalmalıdır.
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının ata-baba yurdu olduğuna görə Avropada, Amerikada, Asiyada və digər qitələrdə yaşayan soydaşlarımızın övladlıq borcu Vətənimizin taleyüklü problemlərinin həllinə elliklə kömək göstərməkdir. Qarabağ dərdi hamımızın ağrılı yeridir. Bütün dünya azərbaycanlıları səylərini birləşdirsələr, bu problemin həllini daha da yaxınlaşdıra bilərlər. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın zəngin mədəniyyətinin təbliğ edilməsi sahəsində də görüləsi işlər çoxdur. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır.
Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!
Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, doğma Azərbaycanımıza işıqlı gələcək arzulayırıq!

Hörmətlə,

Azərbaycan Respublikasının Milli Məclisi


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU