"İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
“İstehsalat və məişət tullantıları haqqında”
Azərbaycan Respublikasının Qanununa
dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No–10, maddə 606; 2002-ci il, No–4, (I kitab), maddə 165) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. Qanunun preambulası aşağıdakı redaksiyada verilsin:
“Bu Qanun zərərli qazlar, çirkab suları və radioaktiv tullantılar istisna olmaqla, istehsalat və məişət tullantılarının (bundan sonra - tullantıların) insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin qarşısının alınması, onların təhlükəli təsirinin azaldılması, təbiətdə ekoloji tarazlığın təmin olunması, habelə belə tullantıların təkrar xammal mənbələri kimi təsərrüfat dövriyyəsinə cəlb olunması məqsədi ilə tullantıların idarə olunması sahəsində Azərbaycan Respublikasının dövlət siyasətini və hüquqi münasibətləri müəyyən edir.”.
2. 1-ci maddə üzrə:
2.1. ikinci, dördüncü və altıncı abzaslar aşağıdakı redaksiyada verilsin:
“istehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr;
təhlükəli tullantılar - tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar;
təkrar xammal - texniki və ya texnoloji imkanlar, həmçinin iqtisadi səmərəlilik nəzərə alınmaqla təsərrüfat fəaliyyətində təkrar istifadə oluna bilən tullantılar;”;
2.2. aşağıdakı məzmunda on birinci – iyirmi doqquzuncu abzaslar əlavə edilsin:
“tullantılar - qanunvericiliyin müddəalarına müvafiq olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyalar;
tullantıların idarə olunması - tullantıların əmələ gəldiyi fəaliyyət prosesi, habelə tullantıların yığılması (toplanması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması üzrə fəaliyyət;
tullantıların yığılması (toplanması) - tullantıların sonradan istifadə edilməsi, utilizasiyası və ya basdırılması (məhv edilməsi) məqsədi ilə icazə verilmiş yerlərdə müvəqqəti yerləşdirilməsi;
tullantıların çeşidlənməsi - tullantıların müəyyən əlamətlərinə (növünə, tərkibinə, xüsusiyyətinə və s.) görə toplanması;
tullantıların daşınması - tullantıların əmələ gəldiyi, yerləşdirildiyi, istifadə və utilizasiya edildiyi, zərərsizləşdirildiyi, basdırıldığı və ya məhv edildiyi yerlər və obyektlər arasında daşınması;
tullantıların utilizasiyası - tullantılardan lazımi materialların və enerjinin ayrılaraq təkrar istifadə üçün yararlı hala salınması;
tullantıların basdırılması – sonradan istifadəyə yararlı olmayan tullantılardan ətraf mühitə zərərli təsirin qarşısını almaq məqsədilə onların xüsusi ayrılmış yerlərdə müvafiq qaydada təcrid edilməsi;
tullantıların istifadəsi - tullantılardan malların (məhsulların) istehsalında və ya enerji əldə edilməsində istifadə olunması;
tullantıların yerləşdirilmə obyekti - tullantıların yerləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi təchiz edilmiş qurğu (poliqon, şlam-anbar və başqaları);
tullantıların sərhədlərarası daşınması - ən azı iki dövlətin mənafeyinə toxunmaq şərti ilə tullantıların bir dövlətin ərazisindən digər dövlətin ərazisinə və ya ərazidən keçməklə, yaxud hər hansı dövlətin yurisdiksiyası altında olmayan əraziyə və ya ərazidən keçməklə daşınması;
tibbi tullantılar - səhiyyə və baytarlıq obyektlərində və tibbi manipulyasiya zamanı əmələ gələn tullantılar;
təhlükəli tullantıların pasportları - təhlükəli tullantıların müvafiq tullantı növünə və təhlükəlilik dərəcəsinə aidiyyətini təsdiq edən, onların tərkibi barədə məlumat verən sənəd;
tullantıların növü - tullantıların təsnifatı sisteminə uyğun olaraq ümumi əlamətlərə malik olan tullantılar;
tullantıların istehsalçısı - fəaliyyəti nəticəsində təhlükəli və ya digər tullantıların əmələ gəlməsinə səbəb olan istənilən şəxs, yaxud bu şəxs məlum olmadıqda tullantıların sahibi olan və/və ya onlara nəzarəti həyata keçirən şəxs;
tullantıların sahibi (mülkiyyətçisi) - tullantıların istehsalçısı, yaxud onların sahibi olan fiziki və ya hüquqi şəxs;
texnoloji proses - istehsalat vahidinin işə salınmasının təsdiq edilmiş müddəti ilə texnoloji reqlamentə uyğun fəaliyyəti;
istehsalat tullantılarının əmələ gəldiyi yerlər - onların əmələ gəldiyi texnoloji proses, yaxud istehsal sahələri (müəssisələr);
tullantıların identifikasiyası - pasport məlumatları və ya yoxlama sınaqları əsasında konkret təhlükəli tullantıların hansı tullantı növünə və xüsusiyyətinə aidiyyətinin müəyyən edilməsi proseduru;
az tullantılı texnologiya - ənənəvi üsullarla müqayisədə məhsulun alınması nəticəsində tullantıların nisbətən az həcmdə əmələ gəlməsinə imkan verən istehsalat prosesi.”.
3. 2-ci maddə üzrə:
3.1. adında və mətnində “Tullantılar haqqında” sözləri “Tullantıların idarə olunması sahəsində” sözləri ilə əvəz edilsin;
3.2. aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Zərərli qazlar, çirkab suları və radioaktiv tullantıların idarə olunması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.”.
4. 3-cü maddədə “tullantılarla bağlı” sözləri “tullantıların idarə olunması sahəsində” sözləri ilə əvəz edilsin.
5. 4-cü maddə üzrə:
5.1. adında və birinci abzasda “Tullantılarla bağlı” sözləri “Tullantıların idarə olunması sahəsində” sözləri ilə, dördüncü abzasda “tullantılarla bağlı” sözləri “tullantıların idarə olunması sahəsində” sözləri ilə, on birinci abzasda “tullantılarla bağlı fəaliyyət göstərən” sözləri “tullantıların idarə olunması sahəsində çalışan” sözləri ilə əvəz edilsin, beşinci abzas çıxarılsın;
5.2. aşağıdakı məzmunda beşinci – yeddinci abzaslar əlavə edilsin, altıncı – on ikinci abzaslar müvafiq olaraq səkkizinci – on dördüncü abzaslar hesab edilsinlər:
“təhlükəli tullantıların ekoloji baxımdan əsaslandırılmış idarəetmə sistemini yaratmaqla, onların sərhədlərarası daşınmasının minimuma endirilməsi;
təhlükəli və başqa tullantıların ekoloji cəhətdən özünü doğrultmuş üsullarla onların əmələ gəldiyi mənbənin mümkün qədər yaxınlığında istifadəsi və zərərsizləşdirilməsi;
təhlükəli tullantıların yarandığı yerlərdə onların azaldılması və minimuma endirilməsi məqsədi ilə az tullantılı texnologiyaların yaradılması və tətbiqi;”.
5.3. səkkizinci abzas aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təhlükəli tullantıların təsnifatı və pasportlaşdırılması əsasında onların dövlət uçotunun aparılması.”.
6. 5-ci maddə üzrə:
6.1. adında və birinci abzasda “Tullantılarla bağlı fəaliyyət” sözləri “Tullantıların idarə olunması üzrə” sözləri ilə, ikinci abzasda “tullantılarla bağlı” sözləri “tullantıların idarə olunması sahəsində” sözləri ilə, yeddinci abzasda “tullantılarla bağlı fəaliyyətdə” sözləri “tullantıların idarə olunmasında” sözləri ilə, onuncu abzasda “tullantılarla bağlı fəaliyyətə” sözləri “tullantıların idarə olunmasına” sözləri ilə, on səkkizinci abzasda “tullantılarla bağlı fəaliyyətin” sözləri “tullantıların idarə olunmasının” sözləri ilə əvəz edilsin;
6.2. doqquzuncu abzas aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tullantıların sərhədlərarası daşınması qaydalarının müəyyənləşdirilməsi;”;
6.3. on birinci və on ikinci abzaslar aşağıdakı redaksiyada verilsin:
“tullantıların idarə olunmasına dair dövlət standartlarının, normalarının və normativlərinin işlənib hazırlanması və tətbiq edilməsi;
tullantıların əmələ gəlməsi anından tam kənarlaşdırılmasına qədər onların dövlət uçotunun və hesabatlarının aparılması”;
6.4. aşağıdakı məzmunda on doqquzuncu – iyirmi ikinci abzaslar əlavə edilsin, on doqquzuncu abzas iyirmi üçüncü abzas hesab edilsin:
“Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada tullantılarla bağlı fəaliyyət nəticəsində çirklənmiş sahələrin bərpa edilməsi;
tullantıların emalı üzrə qurğuların sertifikatlaşdırılması və onların yerləşdirildiyi yerlərin qeydiyyata alınması, həmçinin təhlükəli tullantıların idarə edilməsi üzrə tələblərin həyata keçirilməsi;
tullantıların idarə olunması ilə bağlı qaydaların (daşınma, saxlanma və s.) işlənilməsi və bu qaydaların icrasının təmin edilməsi mexanizminin hazırlanması;
hər bir təhlükəli tullantı daşıyıcısının uçotunun aparılması və hər bir təhlükəli tullantı istehsalçısının hər il əmələ gələn, emal olunan, utilizasiya edilən və saxlanılan tullantıların növünü, miqdarını, eləcə də emal və basdırılma üsullarını göstərməklə uçotunun aparılması.”.
7. 6-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Xammal, material, yarımfabrikat, digər əşya və ya məmulatların, habelə malların (məhsulların) istifadəsi nəticəsində əmələ gəlmiş tullantılar üzərində mülkiyyət hüququ onları əmələ gətirən mənbələrin mülkiyyətçisinə məxsusdur. Tullantılar üzərində mülkiyyət hüququ tullantıların özgəninkiləşdirilməsi haqqında alqı-satqı, mübadilə, bağışlama müqaviləsi və ya digər sövdələşmə əsasında başqa şəxsə verilə bilər.
Mülkiyyətçi tullantılardan təkrar xammal kimi istifadə edilməsini və onların təkrar emal üçün digər müəssisələrə göndərilməsini təmin etməli, istehsal prosesində və xidmət sahələrində əmələ gələn, təkrar xammal kimi istifadə olunan, təkrar emal üçün digər müəssisələrə göndərilən, ləğv edilməsi məqsədi ilə müvəqqəti saxlanılan və ləğv edilməyə göndərilən tullantıların uçotunu aparır və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat təqdim edir.
Təhlükəli tullantıların ləğv edilməsi mövcud qanunvericiliyə əsasən müvafiq icra hakimiyyəti orqanlarının icazəsi və nəzarəti altında həyata keçirilir.
Təhlükəli tullantıların mülkiyyətçisi təhlükəli tullantıları başqa şəxsin mülkiyyətinə keçirə, əgər həmin şəxsin təhlükəli tullantıların idarə edilməsi sahəsində fəaliyyəti həyata keçirməyə hüququ varsa, mülkiyyətçi kimi qalaraq təhlükəli tullantılara sahiblik, istifadə və ya sərəncam hüququnu ona verə bilər.
Tullantıların üzərində mülkiyyət hüququndan imtina etmək məqsədi ilə onların mülkiyyətçi tərəfindən atıldığı, yaxud hər hansı başqa yolla saxlanıldığı təqdirdə mülkiyyətində, sərəncamında və ya istifadəsində atılmış tullantıların yerləşdiyi torpaq sahəsi, su tutarı və ya başqa bir obyektin olduğu şəxs onların istifadəsinə başlamaqla və ya mülki qanunvericiliyə uyğun olaraq onların şəxsi mülkiyyətə çevrilməsini təsdiq edən digər hərəkətləri etməklə onları öz mülkiyyətinə çevirə bilər.”.
8. Qanunun II fəslinin adında “Tullantılarla bağlı fəaliyyətə” sözləri “Tullantıların idarə olunmasına dair” sözləri ilə əvəz edilsin.
9. 7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 7. Bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvinə aid tələblər
İstismarı zamanı tullantıların əmələ gəldiyi bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvi zamanı fiziki və hüquqi şəxslər:
ətraf mühitin və insan sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ekoloji, sanitar və digər tələblərə əməl etməyə;
əmələ gələn tullantıların istifadəsi, zərərsizləşdirilməsi barədə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müsbət rəy verilmiş texniki və texnoloji sənədlərə malik olmağa borcludurlar.
Yaşayış binalarının, habelə istismarı zamanı tullantıların əmələ gəldiyi müəssisə, bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi zamanı tullantıların idarə olunması sahəsində müəyyən edilmiş qaydalara, normativlərə və tələblərə uyğun olaraq belə tullantıların yığılması üçün yerlər (meydanlar) nəzərdə tutulmalıdır.”.
10. 8-ci maddənin birinci hissəsində:
10.1. üçüncü abzasın əvvəlinə “təhlükəli” sözü əlavə edilsin;
10.2. beşinci abzasda “tullantıları” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada” sözləri əlavə edilsin.
11. 9-cu maddənin yeddinci, səkkizinci və doqquzuncu abzasları aşağıdakı redaksiyada verilsin:
“yerləşdirildiyi, yaxud saxlanıldığı yerlərdə tullantıların ətraf mühitdən təcrid olunması;
tullantıların əmələ gəldiyi və ya onların emal edildiyi müəssisələrdə tullantıların texnoloji prosesdə təkrar xammal kimi istifadə olunmasının təşkil edilməsi;
tullantıların ətraf mühitə təsirinin azaldılması üçün onların emalının və zərərsizləşdirilməsinin bioloji, fiziki-kimyəvi, mexaniki-texniki, termik və digər üsullarla həyata keçirilməsi;”.
12. 11-ci maddənin üçüncü hissəsi aşağıdakı redaksiyada verilsin:
“Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır.”.
13. 12-ci maddə üzrə:
13.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisində tullantıların idarə olunmasına dair tələblər”;
13.2. maddənin ikinci və üçüncü hissəsinin əvvəlindəki “Yaşayış” sözü “Şəhərlərin və digər yaşayış” sözləri ilə əvəz edilsin.
14. Bu Qanunun II fəslinə aşağıdakı redaksiyada 12-1, 12-2, 12-3, 12-4, 12-5 və 12-6-cı maddələr əlavə edilsin:
“Maddə 12-1. Bərk məişət tullantıları poliqonlarına dair tələblər
Bərk məişət tullantıları poliqonlarının yerləşdirilməsi və qurulması üçün sahə şəhər və digər yaşayış məntəqələrinin və şəhərətrafı zonaların planlaşdırılması və tikilməsi üzrə təsdiq olunmuş baş planlara və ya layihələrə uyğun olaraq ayrılmalıdır. Bərk məişət tullantıları poliqonlarının yerləşdirilməsi və qurulması üçün ərazi ekoloji normalara və Azərbaycan Respublikasının insan sağlamlığı və ətraf mühitin mühafizəsi sahəsində digər qanunvericilik aktlarına cavab verməlidir.
Bərk məişət tullantıları poliqonlarında müəssisələrin tullantılarının yerləşdirilməsi ekoloji, sanitar-epidemioloji qaydaların və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq həyata keçirilir.
Onların öz-özünə alışıb yanmasının qarşısının alınması və xəbərdarlıq edilməsi üzrə tədbirlər nəzərdə tutulmalıdır.
Maddə 12-2. Əlvan və qara metal tullantılarının idarə olunması və onların özgəninkiləşdirilməsinə tələblər
Hüquqi və fiziki şəxslər tərəfindən əlvan və qara metal tullantılarının idarə olunması və onların özgəninkiləşdirilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 12-3. Təhlükəli tullantıların idarə olunmasına dair tələblər
Ətraf mühitə və insan sağlamlığına zərərli təsirin təhlükəlilik dərəcəsindən asılı olaraq təhlükəli tullantılar müvafiq icra hakimiyyəti orqanlarının tullantıların idarə olunması sahəsində müəyyən etdikləri meyarlara uyğun olaraq təhlükəlilik dərəcələrinə bölünürlər.
Fəaliyyəti prosesində təhlükəli tullantıların əmələ gəldiyi fiziki və hüquqi şəxslər bu tullantıların konkret hansı təhlükəlilik dərəcəsinə aid olduğunu tullantıların idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş qaydada müəyyən etməlidirlər.
Təhlükəli tullantılar üçün pasport tərtib edilməlidir. Təhlükəli tullantıların pasportu təhlükəli tullantıların tərkibi və xüsusiyyətləri barədə məlumatlar, onların təhlükəlilik dərəcələrinin qiymətləndirilməsi əsasında tərtib olunur. Pasportlaşdırma qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Fiziki və hüquqi şəxslərin təhlükəli tullantıların əmələ gəlməsinə şərait yaradan fəaliyyəti ətraf mühit və insan sağlamlığı baxımından tullantıların təhlükəsiz idarə olunmasını təmin etmək üçün texniki və ya digər imkanlar olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhdudlaşdırıla və ya qadağan edilə bilər.
Maddə 12-4. Tibbi tullantıların idarə olunmasına dair tələblər
Tibbi tullantıların idarə olunmasına dair tələblər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Müalicə - profilaktik və baytarlıq müəssisələrinin fəaliyyət profilindən asılı olmayaraq tibbi tullantılar toksiki və yoluxdurucu təhlükəlilik növünə görə qruplaşdırılır. Tibbi tullantıların hansı təhlükəlilik növünə aid edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 12-5. Neft, qaz və elektroenergetika sənayesində tullantıların idarə olunması
Neft, qaz və elektroenergetika sənayesində tullantıların idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir.
Maddə 12-6. Təhlükəli istehsalat və məişət tullantılarının, habelə təhlükəli tibbi tullantıların idarə olunması sahəsində işləmələrinə icazə verilmiş şəxslərin peşə hazırlığına dair tələblər
Təhlükəli istehsalat və məişət tullantılarının, habelə təhlükəli tibbi tullantıların idarə olunması sahəsində işləmələrinə icazə verilmiş şəxslər
(işçilər) təhlükəli tullantılarla işləmək hüququ barədə şəhadətnamələrlə (sertifikatlarla) təsdiqlənən peşə hazırlığına malik olmalıdırlar.
İşçilərin təhlükəli tullantılarla, habelə təhlükəli və son dərəcə təhlükəli tibbi tullantılarla işə buraxılmasına görə məsuliyyəti təşkilatın müvafiq vəzifəli şəxsi daşıyır.”.
15. 13-cü maddənin üçüncü və dördüncü hissələri aşağıdakı redaksiyada verilsin:
“Təhlükəli istehsalat və məişət tullantılarının, habelə təhlükəli tibbi tullantıların nəqliyyat vasitələrində daşınması qaydası bu sahədə mövcud olan dövlət standartları və normativləri əsasında müəyyən olunur.
Təhlükəli tullantıların daşınması aşağıdakı şərtlərlə həyata keçirilməlidir:
təhlükəli tullantıların daşınmasına dair bildiriş;
təhlükəli tullantıların pasportunun olması;
xüsusi avadanlıqlar və işarələrlə təchiz olunmuş nəqliyyat vasitəsinin olması;
təhlükəli tullantıların nəqliyyat vasitəsində daşınması ilə bağlı təhlükəsizlik tələblərinə əməl olunması;
təhlükəli tullantıların miqdarını, onların daşınma məqsədini və təyinat yerini göstərən sənədlərin olması.”.
16. 14-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 14. Tullantıların sərhədlərarası və tranzit daşınması
Təhlükəsiz emalı mümkün olmayan, habelə tranzit daşınmaq, basdırılmaq və zərərsizləşdirilmək məqsədi ilə bu tullantıların Azərbaycan Respublikasına gətirilməsi qadağandır.
Tullantıların istifadə edilmək məqsədi ilə Azərbaycan Respublikasının ərazisinə idxalı, habelə ixracı və tranzit daşınmaları qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətli orqan tərəfindən verilən icazə əsasında həyata keçirilir.
Təhlükəli tullantıların sərhədlərarası daşınması qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”.
17. 18-ci maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqq tullantıların həcminin (kütləsinin), növünün və digər xüsusiyyətlərinin nəzərə alınması ilə müəyyən edilir və çirkləndirici tərəfindən ödənilir.”.
18. 19-cu maddənin ikinci hissəsində “tullantılar” sözündən sonra “, habelə təhlükəli tullantılar” sözləri əlavə edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2007-ci il
No– 341-IIIQD
Fayl şəklində yüklə

