"Dərman vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə
“Dərman vasitələri haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No–1, maddə 12; 1999-cu il, No–4, maddə 225; 2000-ci il, No–8, III kitab, maddə 587; 2001-ci il, No–3, maddələr 142, 145, No–5, maddələr 295, 298, No–11, maddə 683; 2004-cü il, No–1, maddələr 6, 13, No–2, maddələr 57, 58; 2005-ci il, No–2, maddə 61) 17-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü bənd aşağıdakı redaksiyada verilsin:
“Dərman vasitələrinin, qanunvericilikdə müəyyən olunmuş qaydada istehsalına və ya satışına icazə verilməyən tibb vasitələrinin, habelə tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamına yol verilmir.”.
2. 5-ci bənd aşağıdakı redaksiyada verilsin:
“İstifadəsi üçün xüsusi hazırlıq tələb olunan tibb vasitələrinin reklamına bu maddənin 3-cü bəndində göstərilən tələblər nəzərə alınmaqla, habelə transplantasiyaya aid reklama yalnız tibb sahəsində ixtisaslaşmış mətbuat orqanlarında yol verilir.”.
II. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No– 10, maddə 583; 2004-cü il, No– 1, maddə 10; 2005-ci il, No– 4, maddə 278, No– 6, maddə 469; 2006-cı il, No– 11, maddə 932, No– 12, maddə 1005) 35-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 35.11-ci maddədə “dərmanların, tibb təyinatlı məhsulların və texnikanın” sözləri “tibb vasitələrinin” sözləri ilə əvəz edilsin;
2. 35.12-ci maddədə “Həkim resepti ilə verilən dərmanların” sözləri “Dərman vasitələrinin” sözləri ilə əvəz edilsin.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2007-ci il
No– 348-IIIQD
Fayl şəklində yüklə

