Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar
Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN Q Ə R A R I
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı aktı törədilmişdir. Təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş bu müdhiş cinayətin iştirakçıları məlumdur. Bunlar Ermənistan Respublikası silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləridir.
Əvvəlcə Xocalı toplardan və digər hərbi texnikadan şiddətli atəşə tutularaq darmadağın edilmişdir. Şəhər ərazisində yanğınlar başlanmışdır. Sonra piyada qüvvələr bir neçə istiqamətdən şəhərə girmişlər. Sağ qalmış sakinlərə vəhşicəsinə divan tutulmuşdur. 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürülmüşdür. 8 ailə bütünlüklə məhv edilmişdir. 487 nəfər şikəst edilmişdir. 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalmışlar. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.
Mühasirədən çıxmağı bacarmış dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar.
Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın ikinci taqımının komandiri Seyran Ohanyan, üçüncü taqımının komandiri Yevgeni Nabokix, birinci taqımının qərargah rəisi Valeri Çitçyan rəhbərlik etmişlər. Əməliyyata alayın 90-dan çox tankı, piyada döyüş maşını və digər hərbi texnikası cəlb edilmişdi. Dinc əhaliyə qarşı soyqırımı cinayətlərində alayın hərbi qulluqçularından Slavik Arutyunyan, Andrey İşxanyan, Sergey Beqlaryan, Movses Akopyan, Qriqori Kisebekyan, Vaçik Mirzoyan, Vaçaqan Ayriyan, Aleksandr Ayrapetyan və başqaları, erməni silahlı birləşmələrinin üzvlərindən Karo Petrosyan, Vitali Balasanyan, Seyran Tumasyan, Valerik Qriqoryan və digərləri fəal iştirak etmişlər. Dinc əhaliyə qəddarcasına divan tutanlar arasında Xankəndi şəhər daxili işlər şöbəsinin rəisi işləmiş Armo Abramyanın, Əsgəran rayon daxili işlər şöbəsinin rəisi işləmiş Mavrik Qukasyanın, onun müavini Şaqen Barseqyanın, Dağlıq Qarabağda erməni xalq cəbhəsinin sədri olmuş Vitali Balasanyanın, Xankəndi şəhər həbsxanasının rəisi işləmiş Serjik Koçaryanın və başqa şəxslərin də olduğu müəyyən edilmişdir. Bu gün cinayətkarlardan 30 nəfərinin adları Azərbaycanın istintaq orqanlarına məlumdur. Xocalı soyqırımı zamanı mayor rütbəsində olan S.Ohanyan indi general paqonları gəzdirir və işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan Respublikasının yaratdığı oyuncaq qurumun “müdafiə naziridir”. Cinayətin bir sıra digər iştirakçıları da oyuncaq qurumda və Ermənistan Respublikasının dövlət orqanlarında müxtəlif vəzifələr tuturlar.
Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılıb Gürcüstana aparılmış, bu zaman hərbi texnikanın böyük hissəsi, yəni 9 tank, 4 zirehli transportyor, 70 piyada döyüş maşını, 4 “Strela-10” raket qurğusu, 8 top, 57 minaatan və digər silah-sursat erməni birləşmələrinə təhvil verilmiş və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilmişdir.
Xocalı faciəsi son yüz ildən artıq dövrdə davakar erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasətinin yeni bir səhifəsi olmuşdur. XIX əsrin sonlarından etibarən çar Rusiyasının və digər dövlətlərin gizli və açıq himayəsindən istifadə edən erməni millətçiləri “böyük Ermənistan” yaratmaq xülyasına düşmüş, ələ keçirmək istədikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı və terror aktları törədərək, 2 milyona qədər günahsız türkü və azərbaycanlını vəhşicəsinə qətlə yetirmişlər. 1905-1907-ci illərdə, habelə 1918-1920-ci illərdə Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda və Azərbaycanın digər yerlərində, habelə Tiflisdə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmışdır.
Qeyd etmək yerinə düşər ki, 1918-ci ildə Ermənistan Respublikasının yaradılması elan edilərkən onun ərazisi 9,8 min kvadrat-kilometr olmuşdur. Əslində bu süni dövlət qurumu Azərbaycanın əzəli torpaqlarında, yəni keçmiş İrəvan xanlığının (çar Rusiyası dövründə İrəvan quberniyasının) ərazisində təşkil edilmişdir. Sonralar İrəvanda, Göyçədə və Zəngəzurda törədilən kütləvi qırğınlar nəticəsində bölgənin demoqrafik vəziyyəti erməni əhalinin xeyrinə dəyişdirilmiş, azərbaycanlılardan təmizlənən yeni ərazilər Ermənistan Respublikasına qatılmışdır. Ermənistanda və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bolşevik rejiminin əli ilə Azərbaycan torpaqlarının daha bir hissəsi Ermənistanın tərkibinə daxil edilmiş, nəticədə onun sahəsi 30 min kvadrat-kilometrə çatdırılmışdır.
Ermənistan ərazisində qalan, ata-baba torpaqlarında yığcam halda yaşayan yüz minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edilmişdir. Beləliklə, davakar erməni millətçilərinin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün zəmin yaradılmış, Cənubi Qafqazda baş verəcək yeni faciələrin əsası qoyulmuşdur.
Davakar erməni millətçilərinin azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymət verilməməsi sovet hakimiyyəti dövründə də xalqımıza qarşı düşmənçilik siyasəti yeridilməsinə gətirib çıxarmışdır. SSRİ rəhbərliyinin köməyi ilə Ermənistan SSR-in hakim dairələri 1948-1953-cü illərdə Ermənistandan yüz minlərlə azərbaycanlının deportasiya edilməsinə nail olmuşlar.
1988-ci ildə keçmiş SSRİ mərkəzi hökumətinin ermənipərəst siyasətindən istifadə edən davakar erməni millətçiləri Ermənistan ərazisində etnik təmizləməni başa çatdırmaq niyyəti ilə azərbaycanlıların yaşadıqları rayon və kəndlərə basqınlar etməyə, azərbaycanlıları doğma torpaqlarından qovmağa başladılar. Cinayət əməllərinə əsas yaratmaq üçün SSRİ xüsusi xidmət orqanlarının birbaşa iştirakı və təşkilatçılığı ilə Azərbaycanın Sumqayıt şəhərində məlum fitnəkarlıq törədildi. Əvvəlcədən hazırlanmış plana əsasən bu hadisələr bəhanə gətirilərək, qısa müddət ərzində Ermənistandan 250 minə yaxın azərbaycanlı kriminal ünsürlərlə əlbir olan hakimiyyət orqanlarının nümayəndələri və silahlı quldurlar tərəfindən qovulub qaçqın salındı. Bu zaman yüzlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.
Ermənistan ərazisinin azərbaycanlılardan təmizlənməsini başa çatdırdıqdan sonra Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistana ilhaq etmək üçün fəal döyüş əməliyyatlarına başlandı. Qarşı duran tərəflərin qüvvələri heç də bərabər deyildi. Nizami ordusunu təşkil etməyə macal tapmamış əliyalın azərbaycanlı əhali əvvəlcədən xüsusi hazırlıq keçmiş erməni silahlı birləşmələri, xarici ölkələrdən gətirilmiş muzdlu dəstələr və keçmiş sovet ordusunun tör-töküntüləri ilə üz-üzə dayanmışdı. Nəticədə Azərbaycan Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı daha yeddi rayon – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal olunmuş, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuşdur. 4750 adam əsir və itkin düşmüş, girov götürülmüşdür. 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən qovulub didərgin salınmış azərbaycanlıların sayı 1 milyondan çoxdur.
Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni-tarixi irsini təşkil edən obyektləri xüsusi qəddarlıqla məhv etmişlər. Ələ keçirdikləri ərazilərdə onlar vandalizm aktları törədərək, 500-ə qədər tarixi və 100-dən çox arxeoloji abidəni, 22 muzeyi və 4 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət etmiş və yandırmış, 44 məbədi və 9 məscidi təhqir etmişlər. Dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma məhv edilmişdir.
XX əsrin əvvəllərində azərbaycanlıların məruz qaldıqları fəlakətlərin əsrin sonlarında yenidən təkrar olunmasının bir çox səbəbləri vardır. Əlbəttə, başlıca səbəb 1920-ci ildə Azərbaycanda və Ermənistanda sovet hakimiyyətinin qurulması, yeni nəsillərin saxta beynəlmiləlçilik ruhunda tərbiyə olunması, “xalqlar dostluğu”nun tərənnüm edilməsi olmuşdur. Azərbaycan xalqının başına gətirilmiş faciələri unutdurmaq üçün sovet ideoloqları xalqımızın xeyirxahlıq, alicənablıq, rəhmdillik, sülhsevərlik, düşmənçiliyi unutmaq kimi yüksək mənəvi keyfiyyətlərindən məharətlə istifadə etmişlər.
Lakin davakar erməni millətçiləri Azərbaycan xalqına nifrət hissini sovet hakimiyyəti illərində də yaddan çıxarmamışlar. Ümumiyyətlə, son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilmişdir. Erməni “alim”lərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılmış, ermənilərin tarixi şişirdilərək qədimləşdirilmiş, azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır. Cənubi Qafqazda baş verən hadisələr bilərəkdən təhrif edilmiş, dünya ictimaiyyətinin nəzərində “əzabkeş və məzlum” erməni xalqı obrazı yaradılmışdır.
Qonşu dövlətlərə, o cümlədən Azərbaycan Respublikasına qarşı ərazi iddialarına haqq qazandırmaq, bunun vasitəsi kimi seçdikləri işğalçılıq, soyqırımı və dövlət terrorizmi siyasətini pərdələmək üçün davakar erməni millətçiləri guya 1915-ci ildə ermənilərin soyqırımına məruz qaldıqları barədə uydurmalara rəvac vermişlər. Beləliklə, təcavüzkar və cinayətkar özünü təcavüzün və cinayətin qurbanı kimi qələmə verərək beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhdlər göstərmişdir. Təəssüf ki, Xocalı faciəsi kimi real soyqırımına göz yuman ayrı-ayrı dövlətlərin parlamentləri bir sıra hallarda yalançı erməni təbliğatının təsiri altına düşərək, yaxud siyasi konyunkturaya əsaslanaraq “erməni soyqırımı” əfsanəsini müzakirə mövzusuna çevirmiş, hətta bu barədə əsassız və ədalətsiz aktlar qəbul etmişlər.
Davakar erməni millətçilərinin azğın təbliğat kampaniyasına qarşı mütəşəkkil müqavimət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra qurulmuşdur. “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli Fərmanı tarixi həqiqətlərin üzə çıxmasına və öz yerini tutmasına təkan vermişdir. Bu mühüm sənəddə tariximizdə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların – soyqırımılarının rəsmən adı çəkilmiş, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmışdır. “Böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas yolunu tarix boyu bu ərazilərin yerli sakinləri olmuş azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş davakar erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymət verilmişdir. Fərmana əsasən 31 mart günü son yüz ildən artıq dövrdə davakar erməni millətçilərinin xalqımıza qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq azərbaycanlıların soyqırımı günü elan edilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar dəfələrlə xüsusi bəyanatlar və müraciətlər qəbul etmiş, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən XIX-XX əsrlərdə erməni millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanımağı, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini tezliklə başa çatdırmağı, azərbaycanlılara qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla ədalətli həllinə kömək göstərməyi xahiş etmişdir. Milli Məclisin müvafiq qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Xocalı şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət tərəfindən bir sıra tədbirlər görülmüşdür. Bakı şəhərində, ölkəmizin digər şəhər və rayonlarında Xocalı qurbanlarına abidələr ucaldılmış, Xocalı faciəsi haqqında məlumatlar orta məktəb proqramlarına daxil edilmişdir.
Məlum olduğu kimi, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar aparılır. Erməni tərəfi sülh arzusunda olduğunu göstərməyə çalışsa da, münaqişənin dinc vasitələrlə həllini çətinləşdirən bəyanatlara və hərəkətlərə yol verir, o cümlədən “erməni soyqırımı” haqqında əfsanənin daha çox ölkədə yayılmasına cəhdlər göstərir. Xocalı şəhərində dinc əhaliyə vəhşicəsinə divan tutanların təmizə çıxarılması üçün iddia olunur ki, guya Xocalıda erməni hərbçiləri tərəfindən dinc əhaliyə qarşı heç bir zorakılıq əməlinə yol verilməmişdir. Faciənin yaraları hələ qaysaq bağlamamış vəhşilik əməlini unutdurmağa cəhdlər göstərilir. Üzdəniraq təbliğatçıların həyasızlığı ildən-ilə daha da artır, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya birliyinə çatmasına yol verməmək üçün yeni-yeni yalanlar uydurulur.
Davakar erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı törədilmiş faciələri, o cümlədən Xocalı soyqırımını ört-basdır etmək və unutdurmaq, qondarma “erməni soyqırımı”nı qəbul etdirmək üçün beynəlxalq miqyasda apardıqları təbliğat kampaniyasının qarşısının alınması sahəsində göstərilən səylərin artırılması indiki dövrün ən aktual vəzifələrindən biridir. Bu sahədə parlamentin hər bir üzvünün də üzərinə vəzifələr düşür.
Azərbaycan Respublikasının Milli Məclisi yuxarıda şərh edilənləri nəzərə alaraq, qərara alır:
1. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına bir vəzifə olaraq tapşırılsın ki, xarici ölkələrə səfərlər zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində iştirak edərkən son yüz ildə azərbaycanlıların məruz qaldıqları soyqırımı aktları, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin daha geniş yayılmasını təmin etsinlər, bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə etsinlər.
2. Ermənistan Respublikasının ölkəmizə silahlı təcavüzü, ölkəmizin Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi gedişində azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktları, xüsusən Xocalı faciəsi ilə bağlı materialların toplanılması, öyrənilməsi, ümumiləşdirilməsi və yayılması məqsədi ilə Azərbaycan Respublikasının Milli Məclisi yanında informasiya-tədqiqat mərkəzi yaradılsın.
3. Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına tövsiyə edilsin ki, Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin hamısının müəyyən edilməsi, onların cinayət məsuliyyətinə cəlb olunması üçün görülən tədbirləri gücləndirsinlər.
4. Azərbaycan Respublikasının müvafiq dövlət və qeyri-dövlət qurumlarına, o cümlədən qeyri-hökumət təşkilatlarına tövsiyə edilsin ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov
Bakı şəhəri, 27 fevral 2007-ci il
No– 254-IIIQR
Fayl şəklində yüklə