"Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və

Qanunlar      Paylaşın:        

“Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No– 5, maddə 231) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 1.0.2-ci maddədə “yaşı 16-dan 35-dək” sözləri “yaşı 14-dən 29-dək” sözləri ilə əvəz edilsin.
2. 1.0.3-cü maddədə “gənclərin nikaha daxil olmasından yaranan ailə” sözləri “yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə” sözləri ilə əvəz edilsin.
3. 1.0.5-ci maddədə “ödənilməsi” sözündən sonra “və s.” sözləri əlavə  edilsin, “ictimai birliklər və fondlar” sözləri  “qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar)” sözləri ilə əvəz edilsin.
4. 3.1-ci maddədə “reallaşdırılmasına” sözündən sonra “, sosial problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına” sözləri əlavə edilsin.
5. 3.2.2-ci maddədə “onların” sözündən sonra “intellektual və” sözləri əlavə edilsin.
6. Qanuna aşağıdakı məzmunda 4.0.10-cu – 4.0.13-cü maddələr əlavə edilsin:
“4.0.10. dünya gəncləri arasında sülhün, qarşılıqlı anlaşmanın və əməkdaşlığın gücləndirilməsi, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial və humanitar sahələrə yönəldilmiş fəaliyyətin stimullaşdırılması məqsədi ilə Gənclər Fondunun yaradılması;
4.0.11. gənclər siyasəti sahəsində kadrların hazırlanmasının təmin olunması;
4.0.12. istedadlı və yaradıcı gənclərin aşkar edilməsi və onların  qabiliyyətlərinin inkişafına yönəlmiş tədbirlərin həyata keçirilməsi;
4.0.13. gənclərə ailə planlaşdırılması və reproduktiv sağlamlıq sahəsində biliklərin verilməsi, bu sahədə xidmət göstərən müəssisələrin işinin təkmilləşdirilməsi. ”.
7. 5.1-ci maddədən “, o cümlədən teatr tamaşalarına cəlb edilməsi sahəsində tədbirlər” sözləri “cəlb edilməsini” sözləri ilə əvəz edilsin.
8. 5.3-cü maddədə “aradan qaldırılması” sözlərindən sonra “, habelə cəzaçəkmə müəssisələrindən azad edilmiş gənclərin sosial adaptasiyası” sözləri əlavə edilsin.
9. 5.4-cü maddədə “Gənclərin” sözündən sonra “və gənclər təşkilatlarının” sözləri əlavə edilsin.
10. Qanuna aşağıdakı məzmunda 5.5-ci maddə əlavə edilsin:
“5.5. Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsi yaradılır.”.
11. 6.1-ci maddədə “istedadlı” sözündən sonra “və yaradıcı” sözləri əlavə edilsin.
12. 8.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları gənclərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə onların ödənişli ictimai işlərə cəlb olunmasını təşkil edirlər.”.
13. 8.4-cü maddədə “təsərrüfatla” sözü  “o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə” sözləri ilə əvəz edilsin.
14. Qanuna aşağıdakı məzmunda 8.5-ci maddə əlavə edilsin:
“8.5. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi, işçilərin sayının və ştatlarının ixtisarı halları istisna olmaqla, gənclərin həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrdə iş yeri və vəzifəsi saxlanılır.”.
15. 9-cu maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 9. Gənc ailələrə dövlət yardımı

9.1. Yaşayış evi tikmək və ya mənzil almaq, ev təsərrüfatı yaratmaq üçün gənc ailələrə həcmi və verilmə qaydası qanunvericiliklə müəyyən edilən güzəştli ipoteka kreditləri və ssudalar verilir.
9.2. Müvafiq icra hakimiyyəti orqanı gənc ailələrlə bağlı sosioloji-tədqiqat işlərinin aparılmasını təmin edir və informasiya bankını  yaradır.”.
16. Qanuna aşağıdakı məzmunda 10.3-cü maddə əlavə edilsin:
“10.3. Gənclər siyasəti sahəsində proqramların (layihələrin) həyata keçirilməsi gənclər təşkilatlarına həvalə edilə bilər.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2007-ci il
No– 331-IIIQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU