Tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında
Tikinti sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Cinayət Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 4, I kitab, maddə 250, No– 5, maddə 323; 2002-ci il, No– 12, maddə 709; 2003-cü il, No– 8, maddə 420; 2004-cü il, No– 3, maddə 123, No– 5, maddə 318, No– 6, maddə 415, No– 10, maddə 761, No– 11, maddə 901; 2005-ci il, No– 2, maddə 61, No– 6, maddə 466, No– 8, maddələr 684, 692, 693, No– 11, maddə 996, No– 12, maddə 1085; 2006-cı il, No– 2, maddə 68, No– 3, maddə 225, No– 5, maddə 387, No– 6, maddə 478, No– 8, maddə 657, No– 12, maddə 1005; 2007-ci il, No– 2, maddə 80; Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 313-IIIQD və 315-IIIQD nömrəli qanunları) aşağıdakı məzmunda 180.4-cü maddə əlavə edilsin:
“180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.”.
II. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 4, II kitab, maddə 251, No– 5, maddə 323, No– 12, maddə 835; 2001-ci il, No– 1, maddə 24, No– 7, maddə 455; 2002-ci il, No– 1, maddə 9, No– 5, maddələr 236, 248, 258, No– 6, maddə 326, No– 8, maddə 465; 2003-cü il, No– 6, maddələr 276, 279, No– 8, maddələr 424, 425, No– 12, I kitab, maddə 676; 2004-cü il, No– 1, maddə 10, No– 4, maddə 200, No– 5, maddə 321, No– 8, maddə 598, No– 10, maddə 762, No– 11, maddə 900; 2005-ci il, No– 1, maddə 3, No– 6, maddə 462, No– 7, maddə 575, No– 10, maddə 904, No– 11, maddə 994; 2006-cı il, No– 2, maddələr 71, 72, 75, No– 5, maddə 390, No– 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, No– 2, maddə 68, No– 5, maddə 398; Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 313-IIIQD, 320-IIIQD nömrəli, 31 may tarixli 357-IIIQD nömrəli və 16 iyun tarixli 391-IIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 222-ci və 222-1-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“Maddə 222. Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma
222.1. Tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda -
bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
222.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda -
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
222.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddə 222-1. Özbaşına tikinti işləri aparma
222-1.1. Qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda -
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
222-1.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
222-1.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
2. 222-2-ci maddə üzrə:
2.1. 222-2.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;
2.2. 222-2.2-ci maddədə “iki ildən dörd” sözləri “üç ildən altı” sözləri ilə əvəz edilsin.
3. Aşağıdakı məzmunda 222-3-cü maddə əlavə edilsin:
“Maddə 222-3. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmə
Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti, yenidən planlaşdırma, yenidənqurma və mövcud tikililərin konstruksiyalarında dəyişiklik aparılması işlərinin dayandırılması barədə müvafiq dövlət orqanlarının qərarlarını qərəzli olaraq icra etməmə -
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
4. 314-2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 314-2. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə
314-2.1. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə -
bir ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
314-2.2. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə -
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
314-2.3. Bu Məcəllənin 314-2.1 və 314-2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda –
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
5. Aşağıdakı məzmunda 314-3-cü maddə əlavə edilsin:
“Maddə 314-3. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti işlərinin qarşısının alınmaması
314-3.1. Müvafiq dövlət orqanının vəzifəli şəxsinin öz vəzifələrinə səhlənkar yanaşması nəticəsində bu Məcəllənin 222.1-ci, 222-1.1-ci və 222-2.1-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısının alınmaması -
bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
314-3.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır və ya az ağır zərərin vurulmasına səbəb olduqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
314-3.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 oktyabr 2007-cı il
No– 428-IIIQD
Fayl şəklində yüklə

