"Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, No– 7, maddə 453, No– 12, maddə 731; 2004-cü il, No– 10, maddə 760; 2005-ci il, No– 4, maddə 280, No– 10, maddələr 871, 872; 2006-cı il, No– 10, maddə 846, No– 11, maddə 927) aşağıdakı dəyişikliklər edilsin:
1. 88-ci maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir.”;
2. 104-cü maddə aşağıdakı redaksiyada verilsin:
Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində müvəqqəti mənzilin kirayəsi üçün yaşayış məntəqəsindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə və qaydada pul kompensasiyası ödənilir.
Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği daxili orqanları əməkdaşları üçün ayda 27 manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir.”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 oktyabr 2007-ci il
No– 457-IIIQD
Fayl şəklində yüklə

