Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında

Qərarlar      Paylaşın:        

Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti təsdiq edilsin.

Azərbaycan Respublikası Milli Məclis Sədrinin birinci müavini
Z.Əsgərov

Bakı şəhəri, 30 dekabr 2007-ci il
No– 525-IIIQR

Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
MÜRACİƏTİ

Əziz soydaşlar və həmvətənlər!
Xalqımızı dil, əqidə və əməl birliyinə söykənən milli-mənəvi bütövləşməyə çağırış günündə hamınızı ürəkdən salamlayırıq. Ulu  öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə on altı il əvvəl 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi günü elan edilməsi ən yeni tariximizin mühüm siyasi hadisələrindən biri olmuşdur. Ümummilli mənafelərimizin həyata keçirilməsi naminə xalqımızın bütün gücünü bir yerə toplamaq arzusunu və əzmini təcəssüm etdirən bu gün bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur.
2001-ci və 2006-cı illərdə Bakıda dünya azərbaycanlılarının birinci və ikinci qurultaylarının keçirilməsi,  xaricdə yaşayan həmvətənlərimizlə iş üzrə ayrıca dövlət qurumunun təsis edilməsi soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin güclənməsinə əlverişli zəmin yaratmaqla yanaşı, milli həmrəyliyə və yekdilliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin üzvi tərkib hissəsinə çevrildiyini nümayiş etdirmişdir. Bütün bu tədbirlər həm sayına, həm də milli-mənəvi, intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinə, tarix səhnəsində mühüm rol oynayan mütəşəkkil qüvvə kimi formalaşmasına güclü təkan vermişdir.
Tarixin gedişi və taleyin hökmü ilə dünyanın bütün qitələrinə səpələnmiş on milyonlarca soydaşımız ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə dünya azərbaycanlılarının yekdilliyinin misilsiz əhəmiyyət daşıdığını bu gün daha dərindən dərk edir. Onlar yaxşı başa düşürlər ki, etnik-siyasi baxımdan təşkilatlana bilməyən xalqlar ümumdünya inkişafında tutduqları mövqeləri tədricən itirməli olur, getdikcə zəifləyərək öz hüquq və mənafelərini həyata keçirmək imkanlarından məhrum olurlar.
Bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının sabit və ardıcıl inkişaf yolunda qazandığı uğurlar bütün dünya azərbaycanlılarını qəlbən sevindirir. Ölkə iqtisadiyyatı dünyada analoqu olmayan bir sürətlə inkişaf edir, əhalinin güzəranının daha da yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı həyata keçirilir, ölkəmizin siyasi, iqtisadi, sosial və mədəni həyatında əsaslı islahatlar aparılır. Dövlətimizin təşəbbüsü və fəal iştirakı ilə həyata keçirilən nəhəng transmilli iqtisadi layihələr Azərbaycanın çox geniş bir bölgədə siyasi sanbalını və nüfuzunu daha da artırır.
Dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız dövlətimizin milli mənafelərə uyğun olan müstəqil siyasət yeritməsindən, dünya birliyində mövqelərini daha da möhkəmləndirməsindən məmnunluq duyurlar. Onlar qazanılmış nailiyyətlərə sevindikləri kimi, Vətənimizin taleyüklü problemlərinin həll ediləcəyi günü də həsrətlə gözləyirlər. Qarabağ düyününün açılması,  ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, qaçqın və köçkün soydaşlarımızın doğma yurdlarına qaytarılması xalqımızın ümummilli vəzifələrindən biridir. Müstəqil dövlətimizin inkişafı yolunda mövcud olan bu maneənin aradan qaldırılmasına elliklə kömək göstərmək Yer kürəsinin hansı guşəsində yaşayıb-işləməsindən asılı olmayaraq bütün azərbaycanlıların Vətən qarşısında övladlıq borcudur.
Dünyanın müxtəlif ölkələrindəki  soydaşlarımızın bir vəzifəsi də xalqımızın qədim adət-ənənələrini, dilini, mədəniyyətini yaşatmaqdan, bir-biri ilə və tarixi Vətənlə əlaqələrini möhkəmləndirməkdən ibarətdir. Milli hüquqlarımızın qorunması üçün Azərbaycan diasporunun möhkəmləndirilməsi, güclü Azərbaycan icmalarının yaradılması da ümdə vəzifələr sırasındadır.
Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!
Sizi ümummilli qayələrimizin gerçəkləşməsi naminə sıx birləşməyə çağırır, xalqımızın mənafelərinin qorunması uğrunda mübarizəyə səsləyirik. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, könül xoşluğu, doğma Azərbaycanımıza nurlu sabahlar arzulayırıq.

Hörmətlə,

Azərbaycan Respublikasının Milli Məclisi

(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin
2007-ci il 30 dekabr tarixli iclasında qəbul edilmişdir.)


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU