"Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No–8, maddə 480; 2001-ci il, No–11, maddə 676, No–12, maddə 744; 2004-cü il, No–4, maddə 202, No–9, maddə 667; 2005-ci il, No–2, maddə 62; 2007-ci il, No–7, maddə 712) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 1-ci maddənin üçüncü abzasında “9” rəqəmi “10” rəqəmi ilə əvəz edilsin.
2. 2-ci maddənin altıncı abzası çıxarılsın.
3. Aşağıdakı məzmunda 5-1-ci maddə əlavə edilsin:
“Maddə 5-1. Hesablama Palatasının Kollegiyası
Hesablama Palatasının fəaliyyətinin təşkili, nəzarət fəaliyyətinin normativ-metodoloji təminatı, Palatanın hesabatlarına, qərarlarına, rəylərinə və s. məsələlərinə baxılması məqsədi ilə Hesablama Palatasının sədrindən (Kollegiyanın sədri), vəzifələrinə görə Palatanın üzvlərindən və struktur bölmələrinin rəhbərlərindən ibarət Kollegiya yaradılır.
Hesablama Palatasının Kollegiyasının üzvlərinin sayı və tərkibi Hesablama Palatası sədrinin təqdimatı ilə Azərbaycan Respublikası Milli Məclisinin Sədri tərəfindən təsdiq edilir.
Hesablama Palatasının iclasları Kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
Hesablama Palatasının qərarları iclasda iştirak edən Kollegiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə Hesablama Palatası sədrinin səsi həlledici qüvvəyə malikdir.”.
4. 6-cı maddənin ikinci və üçüncü abzasları çıxarılsın və dördüncü abzasın ikinci cümləsində “Büdcə məsələləri komissiyasında” sözləri “İqtisadi siyasət daimi komissiyasında” sözləri ilə əvəz edilsin.
5. Aşağıdakı məzmunda 12-1-ci maddə əlavə edilsin:
“Maddə 12-1. Hesablama Palatasının yerli strukturları
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin razılığı ilə Hesablama Palatası dövlət büdcəsindən onun üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində yerli strukturlarını yarada bilər.”.
6. 13-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 13-1. Hesablama Palatasının təminatı
Dövlət Hesablama Palatasının təminatı üçün zəruri tədbirləri həyata keçirir.
Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir.
Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir.
Hesablama Palatasının Auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiya sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.
Hesablama Palatası Aparatının işçilərinin vəzifə maaşları və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi Aparatının işçilərinin vəzifə maaşlarına və digər təminatlarına bərabərdir.”.
7. Aşağıdakı məzmunda 16-1-ci maddə əlavə edilsin:
“Maddə 16-1. Hesablama Palatasının təqdimatları
Hesablama Palatası maliyyə nəzarət tədbirlərinin nəticələri üzrə aşkar edilmiş nöqsanları aradan qaldırılması, dövlətə dəyən zərərin ödənilməsi və Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müvafiq dövlət orqanlarına, maliyyə nəzarəti tədbiri aparılan təşkilatların və nəzarətin predmeti ilə əlaqədar digər idarə və müəssisələrin rəhbərlərinə təqdimatlar göndərir.
Hesablama Palatasının təqdimatlarına 1 ay müddətində baxılmalı, qəbul edilmiş qərarlar və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməlidir.
Hesablama Palatasının təqdimatları müvafiq dövlət orqanı, idarə, təşkilat və müəssisə tərəfindən əsassız icra edilmədikdə, Hesablama Palatası sədrinin qərarı ilə həmin dövlət orqanı, idarə, təşkilat və müəssisənin xəzinə və bank hesabları üzrə qanunvericilikdə nəzərdə tutulmuş müdafiə olunan xərc maddələri istisna olunmaqla, əməliyyatların dayandırılması barədə təqdimatlar verilir. Hesablama Palatası sədrinin müvafiq təqdimatlarının icra edilməməyinə görə xəzinə orqanları və müvəkkil banklar qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel 2008-ci il
No– 573-IIIQD
Fayl şəklində yüklə

