Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına

əlavələr və dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

 

I. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 7, maddə 405; 2001-ci il, N 11, maddələr 689, 690, N 12, maddə 736; 2002-ci il, N 5, maddə 242; 2003-cü il, N 1, maddələr 11, 16, N 6, maddə 256; 2004-cü il, N 1, maddə 10, N 4, maddə 202, N 5, maddə 314, N 6, maddə 397) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 1-ci maddədə:

birinci cümlə aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikasında yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir sistemidir ki, bu sistem onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək və yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin II hissəsinə uyğun olaraq dövlət işlərinin bir hissəsini yerinə yetirmək imkanı verir";

ikinci cümlədə "hüququ" sözü "hüquqları" sözü ilə əvəz edilsin.

2. 2-ci maddədə:

1-ci bənddə "mülkiyyəti, yerli büdcəsi və seçkili bələdiyyə orqanları" sözləri "mülkiyyəti və yerli büdcəsi" sözləri ilə əvəz edilsin;

2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2. Bələdiyyə orqanları - səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır".

5-ci bənd çıxarılsın.

3. 6-cı maddənin 1-ci bəndinin ikinci cümləsində "toplanması və emalı" sözləri "yığılması, nəql edilməsi, zərərsizləşdirilməsi, emalı və bu sahədə başqa məsələlərin həlli üçün tədbirlər görülməsi" sözləri ilə əvəz edilsin.

4. 8-ci maddənin 2-ci bəndinin 3-cü6-cı yarımbəndlərindən "bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərinin" sözləri çıxarılsın.

5. 18-ci maddənin üçüncü abzasında "şurasının" sözü "iclasının" sözü ilə əvəz edilsin.

6. 19-cu maddənin 3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

"3. Bələdiyyənin sədri və onun müavinləri aşağıdakı hallarda bu maddənin 1-ci2-ci bəndlərində göstərilən qaydada vaxtından əvvəl vəzifədən azad edilə bilərlər:

1) öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə;

2) bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə;

3) bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunvericiliyə zidd olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla);

4) əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətdə tam itirməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə;

5) qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə;

6) qanunvericilikdə və bələdiyyənin nizamnaməsində nəzərdə tutulmuş digər hallarda".

7. 20-ci maddədə:

maddənin adı aşağıdakı redaksiyada verilsin:

"Bələdiyyə üzvlərinin statusu";

1-ci, 4-cü5-ci bəndlərdə ismin müvafiq hallarında işlədilən ", bələdiyyə orqanlarının seçkili vəzifəli şəxsləri" sözləri çıxarılsın;

3-cü bəndin ikinci cümləsi çıxarılsın.

 

II. "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 8, maddə 480; 2001-ci il, N 11, maddə 676, N 12, maddə 744; 2004-cü il, N 4, maddə 202; N 9, maddə 677) 16-cı maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

"Hesablama Palatası bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqanın sorğusu əsasında yerli büdcənin maliyyə-büdcə ekspertizasını keçirir, rəy hazırlayır, təkliflər verir və zərurət yarandıqda audit yoxlamasını həyata keçirir";

dördüncü-onuncu hissələr müvafiq olaraq beşinci-on birinci hissələr hesab edilsin.

 

III. "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 12, maddə 687; 2004-cü il, N 1, maddə 10) 2-ci maddəsinə aşağıdakı məzmunda dördüncü əlavə edilsin:

"Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz".

 

IV. "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N 12, maddə 690; 2001-ci il, N 12, maddə 736; 2002-ci il, N 5, maddə 242; 2004-cü il, N 4, maddə 202) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 9-cu maddəyə aşağıdakı məzmunda 3-cü bənd əlavə edilsin:

"3. Yerli büdcə layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin bələdiyyə iclasına təqdim edildiyi günədək davam edir. Yerli büdcə layihəsinin tərtibinə və bələdiyyə iclasına təqdim edilməsinə bələdiyyə sədri cavabdehdir və bu məqsədlə o, bələdiyyənin daimi və başqa komissiyalarını, bələdiyyə qulluqçularını və mütəxəssisləri cəlb edə bilər".

2. 10-cu maddədə:

1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"1. Növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir. Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədi ilə dərc edilir";

aşağıdakı məzmunda 2-ci bənd əlavə edilsin:

"2. Növbəti büdcə ili üzrə yerli büdcənin layihəsi bələdiyyə iclasında cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir";

2-ci3-cü bəndlər müvafiq olaraq 3-cü4-cü bəndlər hesab edilsin.

3. 13-cü maddənin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"1. Yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir".

 

V. Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyənin nümunəvi Nizamnaməsi"ndə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 1, maddə 1; 2001-ci il, N 12, maddə 736; 2003-cü il, N 1, maddə 16; 2004-cü il, N 1, maddə 10) aşağıdakı dəyişikliklər edilsin:

1. VIII bölmənin adı aşağıdakı redaksiyada verilsin:

"Bələdiyyə üzvlərinin statusu və sosial təminatları"

2. VIII bölmənin üçüncü və dördüncü hissələrində, habelə X bölmədə ismin müvafiq hallarında işlədilən ", bələdiyyə orqanlarının seçkili vəzifəli şəxsləri" sözləri çıxarılsın.

3. VIII bölmənin ikinci hissəsinin ikinci cümləsi çıxarılsın.

 

VI. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, N 8, maddə 520; 2004-cü il, N 5, maddə 314) 6.5-ci maddəsində "razılığı" sözü "rəyi" sözü ilə əvəz edilsin.

 

VII. Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, N 6, maddə 274, N 12, (I kitab), maddə 680; 2004-cü il, N 6, maddə 416; Azərbaycan Respublikasının 2004-cü il 12 oktyabr tarixli 771-IIQD nömrəli Qanunu) 211.4-cü maddəsinin birinci cümləsi çıxarılsın.

 

VIII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 dekabr 2004-cü il

N 819-IIQD

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU