Azərbaycan Respublikasının Milli Bankı haqqında AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının

Milli Bankı haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

Bu Qanun Azərbaycan Respublikası Milli Bankının hüquqi statusunu, onun məqsəd, funksiya və səlahiyyətlərini, habelə idarəetmə və təşkilati strukturunu müəyyən edir, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətlərini tənzimləyir.

 

I fəsil

Ümumi müddəalar

 

 

Maddə 1. Azərbaycan Respublikasının Milli Bankı

 

1.1. Azərbaycan Respublikasının Milli Bankı (bundan sonra - Milli Bank) Azərbaycan Respublikasının mərkəzi bankıdır.

1.2. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə müvafiq olaraq Milli Bank dövlətin müstəsna mülkiyyətindədir.

1.3. Milli Bankın məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu Qanunla müəyyənləşdirilir. Milli Bank öz fəaliyyətində həmçinin Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur.

1.4. Milli Bankın mərkəzi aparatı Bakı şəhərində yerləşir.

 

Maddə 2. Milli Bankın hüquqi statusu

 

2.1. Milli Bank dövlət orqanıdır, onun Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və adı yazılmış möhürü vardır.

2.2. Milli Bank müstəqil balansa, nizamnamə kapitalına və digər əmlaka malikdir. Milli Bank balansında olan əmlaka qanunvericiliyə uyğun olaraq sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, Milli Bankın razılığı olmadan kapitalının və digər əmlakının özgəninkiləşdirilməsinə yol verilmir.

 

Maddə 3. Milli Bankın ərazi idarələri

 

Milli Bank Azərbaycan Respublikasında ərazi idarələrini aça bilər.

 

Maddə 4. Milli Bankın məqsədləri

 

4.1. Milli Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir.

4.2. Milli Bankın fəaliyyətinin məqsədi, həmçinin, bank və ödəniş sistemlərinin sabitliyini və inkişafını təmin etməkdir.

4.3. Mənfəət götürmək Milli Bankın əsas məqsədi deyildir.

 

Maddə 5. Milli Bankın funksiyaları

 

5.0. Öz məqsədlərinə nail olmaq üçün Milli Bank:

5.0.1. dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir;

5.0.2. nağd pul dövriyyəsini təşkil edir, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə və bu Qanuna müvafiq olaraq pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;

5.0.3. manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;

5.0.4. qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;

5.0.5. sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir;

5.0.6. qanunvericiliyə uyğun olaraq hesabat tədiyyə balansını tərtib edir və ölkənin proqnoz tədiyyə balansının hazırlanmasında iştirak edir;

5.0.7. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununa, bu Qanuna və onlara müvafiq qəbul etdiyi normativ xarakterli aktlara uyğun olaraq bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir;

5.0.8. ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir;

 

5.0.9. bu Qanunla və digər qanunlarla nəzərdə tutulmuş başqa funksiyaları həyata keçirir.

 

Maddə 6. Milli Bankın müstəqilliyi

 

Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən Milli Bank müstəqildir və bu zaman hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər onun fəaliyyətinə hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya bilməz, qanuna zidd təsir və müdaxilə edə bilməz.

 

 

Maddə 7. Milli Bankın hesabatlığı

 

7.1. Milli Bank öz fəaliyyəti barədə yalnız Azərbaycan Respublikası Prezidentinə hesabat verir.

7.2. Milli Bankın Azərbaycan Respublikası Prezidenti qarşısında hesabatlığı aşağıdakılardan ibarətdir:

7.2.1. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə müvafiq olaraq Milli Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsindən;

7.2.2. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərinə müvafiq olaraq Milli Bankın İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsindən;

7.2.3. bu Qanuna 58-ci maddəsinə müvafiq olaraq Milli Bankın fəaliyyətinin yoxlanılması üçün auditorun təyin edilməsindən və zəruri hallarda auditor yoxlamasının növbədənkənar qaydada keçirilməsindən;

7.2.4. Milli Bankın İdarə Heyətinin sədri tərəfindən ildə iki dəfə Milli Bankın əsas məqsəd və funksiyalarının həyata keçirilməsi barədə hesabatın, habelə audit rəyi ilə təsdiq edilmiş ilin yekunları üzrə maliyyə hesabatının və hesabat əməliyyat büdcəsi barədə hesabatın Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi.

7.3. Büdcə layihəsinin müzakirəsi zamanı Milli Bankın İdarə Heyətinin sədri qarşıdakı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Azərbaycan Respublikası Milli Məclisinə məlumat verir.

 

Maddə 8. Milli Bankın normativ xarakterli aktları

 

8.1. Milli Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bütün banklar, bank olmayan kredit təşkilatları, habelə digər şəxslər üçün məcburi normativ xarakterli aktları müstəqil qəbul edir.

8.2. Milli Bankın normativ xarakterli aktları qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır.

8.3. Milli Bankın bu Qanunla nəzərdə tutulmuş funksiyalarının və səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı müəyyən etdiyi maliyyə, prudensial və statistik hesabat formaları dövlət qeydiyyatına alınmır.

 

Maddə 9. Beynəlxalq əməkdaşlıq

 

9.1. Milli Bank qanunvericiliyə, habelə Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə müvafiq olaraq onun səlahiyyətlərinə aid edilən məsələlər üzrə xarici dövlətlərin mərkəzi bankları ilə qarşılıqlı münasibətlərdə, habelə beynəlxalq maliyyə-kredit təşkilatlarında Azərbaycan Respublikasını təmsil edir.

9.2. Milli Bank fəaliyyətinin müxtəlif sahələri üzrə xarici dövlətlərin mərkəzi bankları ilə əməkdaşlıq haqqında müqavilələr bağlaya bilər, həmçinin xaricdə yerləşən dövlət və özəl mərkəzi klirinq (prosessinq) idarələri ilə öz adından və ona müvafiq səlahiyyətlər verildiyi halda Azərbaycan dövləti adından klirinq və hesablaşmalar haqqında sazişlər və başqa müqavilələr bağlaya bilər.

9.3. Milli Bank pul, valyuta və bank nəzarəti sahələrində əməkdaşlıq məqsədi daşıyan beynəlxalq və regional təşkilatların kapitallarında və fəaliyyətlərində qanunvericiliklə müəyyən edilmiş qaydada iştirak edə bilər.

 

II fəsil

Milli Bankın kapitalı

 

 

Maddə 10. Milli Bankın kapitalı

 

10.1. Milli Bankın kapitalı onun nizamnamə kapitalından və kapital ehtiyatlarından ibarətdir.

10.2. Milli Bankın nizamnamə kapitalı 50 milyard manatdır.

10.3. Milli Bankın kapital ehtiyatları tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında müəyyən edilir və hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılır.

 

Maddə 11. Milli Bankın mənfəəti

 

11.1. Milli Bankın mənfəəti Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq gəlirlərdən xərclərin çıxılması ilə hesablanır.

11.2. Milli Bankın gəlirləri bu Qanuna müvafiq olaraq həyata keçirdiyi fəaliyyətdən əldə etdiyi gəlirlərdən və qanunvericiliyə zidd olmayan digər mənbələrdən daxil olan vəsait hesabına formalaşır.

 

Maddə 12. Milli Bankın mənfəətinin bölüşdürülməsi

 

12.1. Hesabat ilinin mənfəəti ilk növbədə bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş normativə uyğun olaraq Milli Bankın kapital ehtiyatlarının formalaşdırılmasına yönəldilır.

12.2. Kapital ehtiyatları formalaşdırıldıqdan sonra Milli Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığı dövlət büdcəsinə köçürülür.

12.3. Reallaşdırılmış mənfəətin sərbəst qalığı Milli Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra dövlət büdcəsinə köçürülür.

 

Maddə 13. Xarici valyutada və qızılda olan aktivlərin və passivlərin yenidən qiymətləndirilməsi

 

Manatın məzənnəsinin və qızılın dəyərinin dəyişməsi ilə əlaqədar hesabat ili ərzində Milli Bankın balansında xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan fərq Milli Bankın kapital ehtiyatlarında əks olunur və bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş normativin hesablanması zamanı nəzərə alınmır.

 

Maddə 14. Milli Bankın maliyyə etibarlılığı

 

14.1. Milli Bank müflis elan oluna bilməz.

14.2. Milli Bankın aktivləri onun passivlərinin məbləğindən aşağı düşdükdə yaranmış kapital çatışmazlığı dövlət tərəfindən ödənilir.

 

 

III fəsil

Milli Bankın dövlət hakimiyyəti orqanları ilə münasibətləri

 

 

Maddə 15. Milli Bankın dövlətlə münasibətlərinin əsasları

 

15.1. Bu Qanunun 14-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, Milli Bank dövlətin öhdəlikləri üçün, dövlət isə Milli Bankın öhdəlikləri üçün cavabdeh deyildir.

15.2. Milli Bank Azərbaycan dövlətinin bankıdır. Milli Bank Azərbaycan dövlətinin maliyyə agenti kimi çıxış edə bilər.

15.3. Milli Bank bu Qanunla müəyyən olunmuş məqsədlərinə uyğun olaraq dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinə səlahiyyətləri daxilində yardım edir.

 

Maddə 16. Milli Bankın dövlətə kreditləri

 

16.1. Milli Bank Azərbaycan Respublikasının dövlət büdcəsi kəsirinin birbaşa maliyyələşdirilməsi üçün dövlətə kredit vermir.

16.2. Dövlət büdcəsində qısamüddətli vəsait çatışmazlığı yarandıqda, Milli Bank müvafiq icra hakimiyyəti orqanı ilə bağlanmış müqaviləyə əsasən gəlir gətirən dövlət borc qiymətli kağızları ilə təmin edilməsi şərti ilə dövlətə ən çoxu 6 ay müddətinə və cari ildə ödənilmək şərti ilə milli valyutada (manatla) kredit verə bilər. Belə kreditlərin verilmiş və ödənilməmiş hissəsinin ümumi məbləği son üç il ərzində dövlət büdcəsinin orta gəlirlərinin 3 faizindən çox ola bilməz.

16.3. Milli Bank tərəfindən Azərbaycan dövlətinin buraxdığı borc qiymətli kağızların alınması dövlətə kreditlərin verilməsi hesab olunur. Belə əqdlər yalnız təkrar bazarda bağlanıla bilər və onlara bu Qanunun 16.2-ci maddəsinin şərtləri şamil olunur.

16.4. Pul siyasətinin həyata keçirilməsi ilə əlaqədar tələb olunduğu halda bu Qanunun 16.2-ci maddəsinin şərtləri tətbiq edilmir, bu şərtlə ki, dövlət borc qiymətli kağızlarının alqı-satqısı təkrar bazarda həyata keçirilmiş olsun.

 

Maddə 17. Milli Bank dövlətin bankı kimi

17.1. Milli Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə dövlət xəzinədarlıq hesablarına xidmət göstərir.

17.2. Pul siyasətinin həyata keçirilməsi ilə əlaqədar tələb olunduqda Milli Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə dövlətdən müddətli depozitlər qəbul edə bilər.

17.3. Milli Bank Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının, habelə dövlət və büdcədənkənar dövlət fondlarının bank hesablarına xidmət göstərə bilər.

 

Maddə 18. Milli Bankın dövlət hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətləri

 

18.1. Milli Bank Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərinə, o cümlədən büdcə-vergi, qiymət-tarif tədbirlərinə, habelə dövlətin daxili və xarici borcunun həcminə və idarə edilməsinə dair təkliflər verə bilər.

18.2. Milli Bank bilavasitə Milli Bankın funksiya və səlahiyyətlərinə aid edilən məsələlər və bank məsələləri üzrə sorğu əsasında qanunların və digər normativ hüquqi aktların layihələrinə dair rəy verə bilər.

 

Maddə 19. Milli Bank dövlətin maliyyə agenti kimi

 

Milli Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə dövlətin maliyyə agenti funksiyalarını həyata keçirə bilər. Maliyyə agenti olaraq Milli Bank dövlətin borc qiymətli kağızlarını yerləşdirmək və onlarla digər əməliyyatlar aparmaqla dövlət borcuna xidmət göstərə, habelə qanunla müəyyən edilmiş hallarda və qaydada başqa maliyyə əməliyyatlarını apara bilər.

 

IV fəsil

Milli Bankın təşkilati strukturu və idarə olunması

 

Maddə 20. Milli Bankın təşkilati strukturu

 

20.1. Milli Bankın təşkilati strukturuna İdarə Heyəti, mərkəzi aparat, ərazi idarələri daxildir. Milli Bankın mərkəzi aparatı daxili audit bölməsindən, habelə İdarə Heyətinin müəyyən etdiyi digər struktur bölmələrdən ibarətdir.

20.2. Milli Bankın mərkəzi aparatına daxil olan bütün struktur bölmələri və qurumları İdarə Heyəti tərəfindən təsdiq edilmiş əsasnamələrə uyğun olaraq fəaliyyət göstərir.

 

 

 

Maddə 21. Milli Bankın İdarə Heyəti

 

21.1. Milli Bank İdarə Heyəti tərəfindən idarə olunur. Milli Bankın İdarə Heyətinin tərkibi yeddi nəfərdən ibarətdir. İdarə Heyətinin tərkibinə sədr, Milli Bankda daimi əsaslarla işləyən dörd üzv və iki kənar üzv daxildir.

21.2. İqtisadiyyat və ya hüquq sahəsində ali təhsilə, iqtisadiyyat, hüquq, maliyyə və ya bank sahəsi üzrə peşəkar təcrübəyə malik olan, mülkiyyət əleyhinə, iqtisadi fəaliyyət sahəsində, qulluq mənafeyi əleyhinə, habelə ağır və xüsusi ilə ağır cinayətlərə görə məhkum olunmayan, habelə xarici dövlətlərin qarşısında heç bir öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşları İdarə Heyətinin üzvləri ola bilərlər.

21.3. Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin üzvləri, bələdiyyələrin seçkili üzvləri, habelə dövlət hakimiyyəti və ya bələdiyyə orqanında qulluqda olan şəxslər eyni zamanda Milli Bankın İdarə Heyətinin üzvləri ola bilməzlər.

21.4. Milli Bankın İdarə Heyətinin üzvləri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 10-cu bəndinə, 95-ci maddəsinin I hissəsinin 15-ci bəndinə və II hissəsinə müvafiq olaraq vəzifəyə təyin və vəzifədən azad edilirlər.

21.5. İdarə Heyətinin üzvləri vəzifəyə 5 il müddətinə təyin edilirlər.

21.6. Milli Bankın İdarə Heyətinin sədri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq Milli Bankın İdarə Heyətinin üzvləri sırasından İdarə Heyəti üzvünün səlahiyyət müddətinə vəzifəyə təyin edilir.

21.7. Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini və digər müavinləri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq Milli Bankın İdarə Heyəti üzvləri sırasından İdarə Heyəti üzvünün səlahiyyət müddətinə vəzifəyə təyin edilirlər.

21.8. İdarə Heyətinin üzvləri Milli Bankda daimi əsaslarla işlədiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli fəaliyyətlə, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, İdarə Heyətinin Milli Bankda daimi əsaslarla işləyən üzvləri hüquqi şəxslərin idarəetmə orqanlarında vəzifə tuta bilməzlər.

21.9. Milli Bankın İdarə Heyətinin üzvləri, habelə onların yaxın qohumları (ər-arvad, valideynlər, ər-arvadın valideynləri, baba, nənə, övlad, övladlığa götürülən, qardaş və bacı) Milli Bankın nəzarət etdiyi kredit təşkilatlarında mühüm iştirak payına malik ola bilməzlər.

21.10. İdarə Heyətinin üzvləri siyasi partiyaların üzvü ola bilməz və ictimai birliklərdə vəzifə tuta bilməzlər.

21.11. Milli Bankın İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifə maaşları Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq müəyyən edilir.

21.12. İdarə Heyətinin Milli Bankda daimi əsaslarla işləyən digər üzvlərinin vəzifə maaşları İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifə maaşları nəzərə alınmaqla İdarə Heyəti tərəfindən müəyyən edilir.

 

Maddə 22. Milli Bankın İdarə Heyətinin səlahiyyətləri

 

22.0. Milli Bankın İdarə Heyəti:

22.0.1. hər il üçün dövlətin pul və valyuta siyasətini müəyyənləşdirir və təsdiq edir;

22.0.2. pul siyasətinin alətlərinə dair qərarlar qəbul edir, o cümlədən uçot dərəcəsini, özünün əməliyyatları üzrə faiz dərəcələrini, açıq bazarda əməliyyatların şərtlərini müəyyən edir;

22.0.3. yeni nümunəli pul nişanlarının tədavülə buraxılması və köhnə nümunəli pul nişanlarının tədavüldən çıxarılması barədə qərar qəbul edir;

22.0.4. valyuta tənzimi və nəzarətinin həyata keçirilməsi, habelə manatın başqa valyutalara mübadilə məzənnəsinin müəyyən olunması qaydasını təsdiq edir;

22.0.5. Milli Bankın büdcəsini və ona dəyişiklikləri təsdiq edir;

22.0.6.Milli Bankın kapital ehtiyatlarının formalaşdırılması və istifadə olunması qaydasını müəyyən edir;

22.0.7. Milli Bankın illik maliyyə hesabatını təsdiq edir;

22.0.8. beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanılması və idarə olunması strategiyası və qaydalarını müəyyən edir;

22.0.9. kredit təşkilatlarına bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi və ləğv edilməsi barədə qərar qəbul edir;

22.0.10. kredit təşkilatları üçün iqtisadi tənzimləmə (prudensial) normativləri müəyyən edir;

22.0.11. qanunvericiliklə müəyyən olunmuş hallarda banklara müvəqqəti inzibatçının təyin edilməsi və səlahiyyətinə xitam verilməsi haqqında qərar qəbul edir;

22.0.12. Azərbaycan Respublikasının bank sistemində xarici kapitalın iştirak limitini müəyyənləşdirir;

22.0.13. Milli Bankın təşkilati strukturunu və idarəetmə prosedurlarını müəyyən edir;

22.0.14.Milli Banka işə qəbul və əməkdaşların qiymətləndirilməsi qaydalarını, habelə Milli Bankın İdarə Heyətinin nomenklaturasına daxil olan vəzifələri müəyyənləşdirir, həmin vəzifələrə təyinatları və vəzifələrdən azad edilmələri təsdiq edir;

22.0.15. Milli Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsinə razılıq verir;

22.0.16. Milli Bankın İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifə maaşları nəzərə alınmaqla Milli Bankın əməkdaşlarının əməyinin ödənilməsi formalarını və miqdarını müəyyənləşdirir;

22.0.17. Milli Bankın normativ xarakterli aktlarını təsdiq edir;

22.0.18. bu Qanunla Milli Bankın İdarə Heyətinin səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll edir.

 

Maddə 23. İdarə Heyətinin iclasları

 

23.1. Milli Bankın İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq keçirilir.

23.2. İdarə Heyətinin iclaslarına Milli Bankın İdarə Heyətinin sədri, o olmadıqda bu Qanunda nəzərdə tutulmuş qaydada onun səlahiyyətlərini həyata keçirən İdarə Heyətinin üzvü sədrlik edir.

23.3. İdarə Heyətinin iclaslarını Milli Bankın İdarə Heyətinin sədri çağırır. İclaslar İdarə Heyətinin azı digər iki üzvünün tələbi ilə də çağırıla bilər.

23.4. İdarə Heyətinin üzvlərinə iclasın keçirilməsi yeri və vaxtı, habelə gündəliyinə çıxarılan məsələlər barədə bir qayda olaraq iclasa azı 3 gün qalmış məlumat verilir.

23.5. İdarə Heyətinin iclası İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır və bunlardan biri sədr, yaxud onu əvəz edən şəxs olmalıdır.

23.6. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ çıxarıldıqda həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli və bu məsələnin müzakirəsində iştirak etməməlidir. Bu zaman həmin üzv məsələyə dair səsvermədə iştirak etmir və onun iştirakı yetərsay müəyyən edilərkən nəzərə alınmır.

23.7. İdarə Heyətinin qərarları iclasda iştirak edən İdarə Heyəti üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, iclasa sədrlik edən həlledici səsə malikdir. İdarə Heyətinin üzvü İdarə Heyətinin qəbul etdiyi qərarla razı olmazsa, bu barədə özünün əsaslandırılmış rəyini bildirə bilər.

23.8. İdarə Heyətinin iclaslarının protokolu tərtib edilir. Protokolu iclasa sədrlik edən və İdarə Heyətinin katibi imzalayır.

23.9. İdarə Heyətinin katibini Milli Bankın İdarə Heyətinin sədri İdarə Heyətinin üzvü olmayan əməkdaşlar sırasından təyin edir.

 

Maddə 24. Milli Bankın İdarə Heyətinin sədri

 

24.1. Milli Bankın İdarə Heyətinin sədri Milli Bankın İdarə Heyətinin işini təşkil edir və eyni zamanda Milli Bankın icra strukturuna başçılıq edir.

24.2. Milli Bankın İdarə Heyətinin sədri aşağıdakı səlahiyyətlərə malikdir:

24.2.1. etibarnamə təqdim etmədən Milli Bankı Azərbaycan Respublikası daxilində və qanunvericiliklə müəyyən edilmiş qaydada xaricdə təmsil edir;

24.2.2. İdarə Heyətinin təsdiq etdiyi normativ xarakterli aktları imzalayır;

24.2.3. Milli Bankın bütün əməkdaşları üçün məcburi olan əmr və sərəncamlar verir;

24.2.4. İdarə Heyətinin nomenklaturasına daxil olmayan şəxsləri vəzifəyə təyin edir və vəzifədən azad edir;

24.2.5. İdarə Heyəti sədrinin müavinləri və Milli Bankın digər rəhbər işçiləri arasında vəzifə bölgüsünü aparır;

24.2.6. Milli Bankın fəaliyyətinə dair İdarə Heyətinin səlahiyyətinə aid edilməyən məsələləri həll edir;

24.2.7. bu Qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

24.3. Milli Bankın İdarə Heyətinin sədri olmadıqda onun səlahiyyətləri birinci müavin tərəfindən həyata keçirilir. Birinci müavin olmadıqda həmin səlahiyyətlər Milli Bankın İdarə Heyəti sədrinin müəyyən etdiyi qaydada digər müavini və ya İdarə Heyətinin üzvü tərəfindən həyata keçirilir.

 

Maddə 25. İdarə Heyəti üzvlərinin səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi

 

25.1. Milli Bankın İdarə Heyətinin sədri və digər üzvləri vaxtından əvvəl Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 10-cu bəndi ilə müəyyən edilmiş qaydada, o cümlədən aşağıda göstərilən hallar nəzərə alınmaqla öz vəzifəsindən azad oluna bilər:

25.1.1. Azərbaycan Respublikası Prezidentinə istefa haqqında ərizə təqdim etdikdə;

25.1.2. müvafiq tibbi arayışa əsasən xəstəliklə əlaqədar 6 aydan çox müddətdə öz vəzifələrini icra edə bilmədikdə, bu şərtlə ki, Milli Bankın İdarə Heyəti Azərbaycan Respublikası Prezidenti qarşısında vəsatətlə çıxış edir;

25.1.3. məhkəmənin qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

25.1.4. məhkəmənin qüvvəyə minmiş hökmü ilə cinayət törətməkdə təqsirli bilindikdə;

25.1.5. İdarə Heyətinin üzvünə dair bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş tələb və məhdudiyyətlər pozulduqda.

25.2. Vaxtından əvvəl səlahiyyətlərinə xitam verilməsi ilə razı olmayan İdarə Heyətinin üzvü qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilər.

 

Maddə 26. İdarə Heyəti üzvlərinin istefaya getməsi

26.1. Milli Bankın İdarə Heyəti sədrinin və İdarə Heyətinin digər üzvlərinin istefası haqqında qərar ərizə verildikdən sonra 2 ay ərzində qəbul edilir. Qərar bu dövrdə qəbul edilməzsə, istefa haqqında ərizə verən şəxs ərizənin verildiyi tarixdən 3 ay sonra istefaya getmiş hesab edilir.

26.2. Milli Bankın İdarə Heyəti sədrinin və İdarə Heyətinin digər üzvlərinin istefası haqqında ərizənin rədd edilməsi barədə qərar qəbul edildikdə, ərizə verən şəxs belə qərarın qəbul olunduğu tarixdən 1 ay sonra istefaya getmiş hesab edilir, bu şərtlə ki, o, istefa haqqında ərizənin rədd edilməsi barədə qərar qəbul olunduqdan sonra 2 həftə ərzində istefa haqqında ərizəni təsdiq edən əlavə ərizə təqdim etmiş olsun.

 

Maddə 27. Daxili audit

 

27.1. Milli Bankın daxili audit bölməsi aşağıdakıları həyata keçirir:

27.1.1. Milli Bank üzrə risklərin idarə olunması sahəsində adekvat prosedurların və nəzarət mexanizmlərinin vəziyyətini qiymətləndirir, onların daim tətbiq olunmasına nəzarət edir;

27.1.2. qanunvericiliyə əməl olunmasını təmin etmək məqsədilə Milli Bankın struktur bölmələrinin auditini həyata keçirir;

27.1.3. audit zamanı aşkar etdiyi nöqsanların aradan qaldırılması, habelə uçot və hesabat, daimi nəzarət prosedurları və mexanizmləri barədə Milli Bankın İdarə Heyətinə və struktur bölmələrinə tövsiyələr verir;

27.1.4. Milli Bankın İdarə Heyətinin müəyyən etdiyi digər səlahiyyətləri həyata keçirir .

27.2. Daxili audit bölməsi bilavasitə Milli Bankın İdarə Heyətinin sədrinə tabedir.

 

V fəsil

Pul siyasəti

 

Maddə 28. Pul siyasəti

 

28.1. Milli Bank qarşıdakı il üçün dövlətin pul siyasətinin əsas istiqamətlərini oktyabr ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikası Prezidentinə təqdim edir və dekabr ayının 31-dək kütləvi informasiya vasitələrində ictimaiyyətə açıqlayır.

28.2. Pul siyasətinin əsas istiqamətlərini açıqlayarkən Milli Bank cari ildə həyata keçirilən pul siyasətinin yekunlarını, habelə qarşıdakı il üçün müəyyən etdiyi pul siyasətinin məqsəd və vəzifələrini, Milli Bankdan asılı olan və asılı olmayan amilləri də əks etdirməklə onların həyata keçirilməsi yollarını göstərir.

 

Maddə 29. Pul siyasətinin alətləri

 

29.1. Pul siyasəti aşağıdakı alətlər vasitəsilə həyata keçirilir:

29.1.1. açıq bazarda əməliyyatların aparılması;

29.1.2. faiz dərəcələrinin müəyyənləşdirilməsi;

29.1.3. kredit təşkilatları üçün məcburi ehtiyatların müəyyənləşdirilməsi;

29.1.4. kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi;

29.1.5. depozit əməliyyatlarının aparılması;

29.1.6. bank əməliyyatlarının məhdudlaşdırılması;

29.1.7. beynəlxalq təcrübədə qəbul edilmiş pul siyasətinin digər alətləri.

29.2. Milli Bank bu Qanunla müəyyən edilmiş məqsəd və funksiyalarına uyğun olaraq bu Qanunun 29.1-ci maddəsində göstərilənlərdən özünün məqbul hesab etdiyi alətləri tətbiq edir.

 

Maddə 30. Açıq bazarda əməliyyatlar

 

30.1. Milli Bank açıq bazarda aşağıdakı əməliyyatları apara bilər:

30.1.1. bu Qanunun 16-ci maddəsinin tələblərini nəzərə almaqla dövlətin buraxdığı qiymətli kağızlarla alqı-satqı və digər əməliyyatlar;

30.1.2. özünün buraxdığı qiymətli kağızlarla alqı-satqı və digər əməliyyatlar;

30.1.3. xarici valyuta ilə alqı-satqı və digər əməliyyatlar.

30.2. Pul siyasətinin həyata keçirilməsi məqsədi ilə buraxılan Milli Bankın borc qiymətli kağızlarının buraxılışı və dövriyyəsi qaydaları qanunvericiliklə müəyyən edilir.

 

Maddə 31. Faiz dərəcələrinin müəyyənləşdirilməsi

 

31.1. Milli Bank uçot dərəcəsini və öz əməliyyatları üzrə faiz dərəcələrini müəyyənləşdirir.

31.2. Milli Bank uçot dərəcəsini müəyyənləşdirərkən ölkədəki mövcud makroiqtisadi durumu və maliyyə bazarının vəziyyətini nəzərə alır.

31.3. Milli Bank öz əməliyyatları üzrə faiz dərəcələrini pul bazarının likvidlik vəziyyətini nəzərə alaraq özünün açıq bazar, yenidən maliyyələşdirilmə və depozit əməliyyatları üzrə faiz dərəcələrini təsbit etməklə və ya hərraclarda tələb və təklif əsasında müəyyənləşdirir.

31.4. Milli Bank müəyyən etdiyi uçot dərəcəsini və öz əməliyyatları üzrə faiz dərəcələrini dərc etdirir.

 

Maddə 32. Məcburi ehtiyatların müəyyənləşdirilməsi

 

32.1. Milli Bank kredit təşkilatlarına məcburi ehtiyatlar saxlamaq barədə göstəriş verə bilər. Ehtiyatlar depozitlərin faizi nisbətində müəyyən edilir və Milli Bankda saxlanılır. Tələb olunan ehtiyatların norması, hesablanması və saxlanması qaydası Milli Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir.

32.2. Məcburi ehtiyatlar təmin edilmədikdə Milli Bank ehtiyatı təmin etməyən kredit təşkilatına və onun inzibatçılarına qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərini tətbiq edə bilər.

 

Maddə 33. Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi

 

33.1. Pul siyasətinin həyata keçirilməsi məqsədilə Milli Bank tərəfindən kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi həyata keçirilir. Bu zaman verilən kreditlər dövlət qiymətli kağızları, dövlətin və digər etibarlı emitentlərin qarantiyaları və zaminliyi, xarici valyuta, qızıl, müxtəlif formada qiymətli metallar və digər aktivlərlə təmin olunmalıdır. Belə kreditlər 6 aydan çox olmayan müddətə verilir və həmin müddətə uzadıla bilər.

33.2. Yenidən maliyyələşdirilmənin forma, qayda və şərtlərini Milli Bankın İdarə Heyəti müəyyən edir.

33.3. Kreditlər yalnız milli valyutada (manatla) kredit təşkilatlarının baş idarələrinə verilir.

 

Maddə 34. Depozit əməliyyatları

 

Milli Bank özünün müəyyən etdiyi şərtlərlə və qarşılıqlı razılaşma əsasında kredit təşkilatlarından depozitlər cəlb edə bilər.

 

Maddə 35. Bank əməliyyatlarının məhdudlaşdırılması

 

Pul siyasətinin həyata keçirilməsi məqsədilə istisna hallarda qanunvericiliyə müvafiq olaraq Milli Bank kredit təşkilatları tərəfindən aparılan ayrı-ayrı əməliyyatları müvəqqəti məhdudlaşdıra, o cümlədən onların əməliyyatları üzrə faiz dərəcələrinin aşağı və yuxarı hədlərini müəyyənləşdirə bilər.

 

VI fəsil

Nağd pul tədavülünün təşkili

 

Maddə 36. Pul vahidi

 

36.1. Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının pul vahidi manatdır. Bir manat 100 (yüz) qəpikdən ibarətdir. Pul nişanları kağız və metal pul formasında tədavülə buraxıla bilər.

36.2. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

36.3. Milli Bankın buraxdığı pul nişanları, o cümlədən yubiley və xatirə pul nişanları Azərbaycan Respublikasının bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələri zamanı hökmən qəbul edilməlidir.

36.4. Manatla qızıl və ya digər qiymətli metallar arasında rəsmi nisbət müəyyən edilmir. Tədavülə buraxılmış pul nişanları Milli Bankın borc öhdəliyidir və onun bütün aktivləri ilə təmin edilir.

36.5. Saxta pul nişanlarının hazırlanması və satışı ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

36.6. Pul nişanlarının saxta olması barədə ekspert rəyini Milli Bank verir.

36.7. Pul nişanlarının saxtalaşdırılması üzrə cinayət işinin məhkəmə icraatı başa çatdıqdan sonra saxta pul nişanları Milli Banka təhvil verilir.

 

Maddə 37. Pul tədavülünün təşkili

 

37.0. Azərbaycan Respublikasının ərazisində nağd pul tədavülünün təşkili üçün Milli Bank aşağıdakıları həyata keçirir:

37.0.1. pul nişanlarına olan tələbatı müəyyənləşdirir;

37.0.2. pul nişanlarının istehsalını təşkil edir və ya hazırlanmasına sifariş verir, onların daşınmasını və saxlanmasını təmin edir;

37.0.3. pul nişanlarının ehtiyatlarını yaradır və həmin ehtiyatlara sərəncam verir;

37.0.4. Milli Bank və kredit təşkilatları tərəfindən nağd pulun saxlanması və inkassasiyası qaydalarını müəyyən edir;

37.0.5. Milli Bankda və kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması qaydalarını müəyyənləşdirir;

37.0.6. tədavülə yararsız olan pul nişanlarının əlamətlərini və onların dəyişdirilməsi qaydalarını müəyyən edir.

 

Maddə 38. Pul nişanlarının tədavülə buraxılması

 

38.1. Yeni nümunəli pul nişanlarının tədavülə buraxılması haqqında qərarı Milli Bankın İdarə Heyəti qəbul edir. Milli Bank tədavülə buraxdığı pulların nominallarını, ölçüsünü, tərtibatını, mühafizə elementlərini, habelə digər bədii və texniki xüsusiyyətlərini müəyyən edir.

38.2. Milli Bankın İdarə Heyəti yubiley və xatirə pul nişanlarının tədavülə buraxılması haqqında qərar qəbul edə bilər. Milli Bank müəyyən etdiyi qaydada və qiymətlərlə buraxdığı yubiley və xatirə pul nişanlarının satışını təşkil edir.

38.3. Milli Bank qiymətlər miqyasının dəyişdirilməsi (denominasiya) ilə əlaqədar yeni pul nişanlarının tədavülə buraxılması haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla qəbul edir.

 

Maddə 39. Pul nişanlarının tədavüldən çıxarılması

 

39.1. Denominasiya halları istisna olmaqla, Milli Bank tədavüldə olan kağız və metal pulun yeni nümunəli pul nişanlarına dəyişdirilməsi haqqında qərar qəbul edir.

39.2. Milli Bank tədavüldə olan pul nişanlarının dəyişdirilməsi haqqında qərarını, habelə yeni pul nişanlarının təsvirini və pulların dəyişdirilməsi qaydaları haqqında məlumatı kütləvi informasiya vasitələrində dərc etdirir.

39.3. Yeni pul nişanlarının tədavülə buraxılması ilə əlaqədar pulların dəyişdirilməsi zamanı dəyişdirilmənin məbləğləri, yaxud subyektləri üzrə hər hansı məhdudiyyətə yol verilmir. Dəyişdirilməli olan pul nişanları Milli Bankın müəyyən etdiyi müddətdə, lakin bir ildən az olmamaq şərti ilə qanuni ödəniş vasitəsi sayılır. Həmin müddətdən sonra pul nişanları Milli Bank tərəfindən müddətsiz olaraq dəyişdirilir.

39.4. Saxta pul nişanlarının tədavüldən çıxarılması, məhv edilməsi və bununla əlaqədar müvafiq tədbirlərin görülməsi qaydaları Milli Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir.

39.5. Saxta pul nişanlarının dəyəri ödənilmir və onlar geri qaytarılmır. Bu qayda xarici valyutada olan saxta pul nişanlarına da şamil edilir.

 

Maddə 40. Pul nişanlarının dəyişdirilməsi

 

Milli Bank tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir. Saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış pul nişanlarının nominal dəyəri Milli Bank tərəfindən məhdudiyyətsiz ödənilir. Pul nişanının hissələrinin eyni əskinasa məxsus olması yalnız Milli Bank tərəfindən müəyyənləşdirilə bilər.

 

Maddə 41. Pul nişanlarının məhvi

 

41.1. Saxta pul nişanları istisna olmaqla tədavüldən çıxarılmış pul nişanları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında məhv edilir.

41.2. Milli Bank tədavüldən çıxarılmış kağız və metal pulların çap formalarının və ştamplarının məhv olunmasını təmin edir.

 

VII fəsil

Beynəlxalq qızıl-valyuta ehtiyatlarının idarə olunması

 

 

Maddə 42. Beynəlxalq qızıl-valyuta ehtiyatları

 

42.1. Milli Bank dövlətin pul siyasətinin həyata keçirilməsi, ölkənin beynəlxalq öhdəlikləri üzrə hesablaşmaların vaxtında aparılması üçün beynəlxalq qızıl-valyuta ehtiyatlarını İdarə Heyətinin müəyyən etdiyi strategiya çərçivəsində saxlayır və idarə edir.

42.2. Milli Bank İdarə Heyətinin müəyyən etdiyi strategiya və qaydalar çərçivəsində aşağıdakı aktivlərdən ibarət beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir:

42.2.1. qızıl, digər qiymətli metallar və qiymətli daş-qaşlar;

42.2.2. kağız və metal pul formasında sərbəst dönərli xarici valyuta;

42.2.3. xarici dövlətlərin mərkəzi banklarının və ya digər maliyyə idarələrinin hesablarında Milli Bankın sərbəst dönərli xarici valyutada saxladığı vəsaitlər;

42.2.4. Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları və Beynəlxalq Valyuta Fondunda ehtiyat mövqeyi;

42.2.5. xarici dövlətlərin, mərkəzi bankların və ya beynəlxalq maliyyə təşkilatlarının buraxdığı, yaxud təminat verdiyi qiymətli borc kağızları;

42.2.6. beynəlxalq aləmdə qəbul olunmuş digər ehtiyat aktivləri.

42.3. Milli Bank beynəlxalq qızıl-valyuta ehtiyatlarının idarə edilməsində bu sahədə ixtisaslaşmış maliyyə təsisatlarının xidmətlərindən İdarə Heyətinin müəyyən etdiyi strategiya çərçivəsində istifadə edə bilər.

42.4. Beynəlxalq qızıl-valyuta ehtiyatları dövlətin pul siyasətinin həyata keçirilməsi, ölkənin beynəlxalq öhdəlikləri üzrə hesablaşmaların vaxtında aparılması üçün Milli Bankın mülahizəsinə görə təhlükəli səviyyəyədək azaldıqda və ya azalması qorxusu olduqda Milli Bank müvafiq icra hakimiyyəti orqanına ehtiyatların belə azalmasına gətirib çıxarmış və ya gətirib çıxara biləcək səbəbləri qabaqcadan göstərməklə beynəlxalq qızıl-valyuta ehtiyatı mövqeyi haqqında hesabat və əsaslandırılmış təkliflər təqdim edir.

 

Maddə 43. Beynəlxalq qızıl-valyuta ehtiyatları haqqında məlumat

 

Milli Bank beynəlxalq qızıl-valyuta ehtiyatlarının ümumi miqdarı barədə rübdə bir dəfədən az olmayaraq kütləvi informasiya vasitələrində məlumat dərc etdirir.

 

VIII fəsil

Ödəniş sistemlərinin təşkili

 

 

Maddə 44. Ödəniş sistemləri üzrə səlahiyyətlər

 

44.1. Milli Bank ödəniş, o cümlədən hesablaşma və klirinq (prosessinq) sistemlərinin sabit işləməsini təmin etmək məqsədi ilə onların fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların fəaliyyətinə nəzarət edir.

44.2. Milli Bank normativ xarakterli aktları ilə müəyyən edilmiş qaydada klirinq (prosessinq) təşkilatlarının fəaliyyətinə icazələr verir və nəzarəti həyata keçirir.

44.3. Milli Bank Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ölkədə nağdsız hesablaşmaların və kredit təşkilatları vasitəsilə pul köçürmələrinin aparılması qaydalarını və şərtlərini, habelə ödəniş sənədlərinin forma və məzmununu müəyyən edir.

44.4. Milli Bank Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər normativ hüquqi aktlara uyğun olaraq uyğun olaraq bank hesablarının növlərini, onların açılması, aparılması və bağlanması qaydalarını müəyyən edir.

44.5. Milli Bank kredit təşkilatlarının istifadə etdikləri elektron hesablaşma və pul köçürmələri, habelə klirinq (prosessinq) sistemlərinin etibarlığının və təhlükəsizliyinin, habelə bank informasiyasının mühafizəsinin təmin edilməsinə aid minimum tələbləri müəyyən edə bilər.

44.6. Milli Bank qanunvericiliyə müvafiq olaraq ödəniş sistemlərinin təşkili sahəsində digər səlahiyyətləri həyata keçirir.

 

Maddə 45. Kredit təşkilatları arasında hesablaşmaların təşkili

 

Milli Bank ölkə ərazisində fəaliyyət göstərən kredit təşkilatları arasında hesablaşmaları Milli Bankda milli valyutada (manatda) açdıqları müxbir hesabları vasitəsilə, yaxud beynəlxalq təcrübəyə uyğun olaraq Milli Bankın müəyyən etdiyi digər üsullarla təşkil edir.

 

 

IX fəsil

Kredit təşkilatları ilə münasibətlər

 

Maddə 46. Kredit təşkilatları ilə münasibətlərin əsas prinsipləri

 

46.1. Milli Bank Azərbaycan Respublikasının bank sisteminin sabit işini təmin etmək, bank kreditorlarının və əmanətçilərinin maraqlarını qorumaq məqsədilə bank fəaliyyəti üzərində lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarını bu Qanuna, "Banklar haqqında" və "Kredit İttifaqları haqqında" Azərbaycan Respublikası qanunlarına, Milli Bankın normativ xarakterli aktlarına və səmərəli bank nəzarəti üzrə beynəlxalq təcrübəyə uyğun olaraq həyata keçirir.

46.2. Milli Bank qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, kredit təşkilatlarının cari fəaliyyətinə qarışmır.

46.3. Milli Bank kredit təşkilatlarının öhdəlikləri üçün, kredit təşkilatları isə Milli Bankın öhdəlikləri üçün cavabdeh deyildir.

46.4. Bu Qanunda nəzərdə tutulmuş hallarda Milli Bank banklar üçün sonuncu instansiya kreditoru kimi çıxış edə bilər.

46.5. Öz funksiya və səlahiyyətlərini həyata keçirərkən Milli Bank kredit təşkilatlarının ona məlum olan fəaliyyəti haqqında məlumatı yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda açıqlaya bilər.

 

Maddə 47. Lisenziyalaşdırma

 

47.1. Milli Bank Azərbaycan Respublikasında bank fəaliyyətinin həyata keçirilməsi üçün kredit təşkilatlarına xüsusi icazələrin (lisenziyaların), onların filial və şöbələrinə, habelə nümayəndəlik fəaliyyətinin həyata keçirilməsi üçün yerli və xarici bankların nümayəndəliklərinə icazələrin verilməsində və onların ləğv edilməsində müstəsna səlahiyyətə malikdir.

47.2. Bank fəaliyyətinin həyata keçirilməsi üçün verilən lisenziyaların və icazələrin forma və məzmununu Milli Bank müəyyənləşdirir.

 

Maddə 48. Tənzimləmə və nəzarət

 

48.1. Kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsi və nəzarəti üzrə Milli Bank aşağıdakıları həyata keçirir:

48.1.1. bank fəaliyyəti üzrə normativ xarakterli aktları qəbul edir;

48.1.2. prudensial normativləri, habelə onların hesablama metodlarını və tətbiqi qaydalarını müəyyən edir;

48.1.3. kreditlər və digər aktivlər üzrə ehtimal olunan zərərlərin ödənilməsi üçün banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları tərəfindən yaradılan xüsusi ehtiyat fondunun hesablanması və formalaşdırılması qaydasını müəyyən edir;

48.1.4. hesabat və yoxlamalar əsasında kredit təşkilatlarının maliyyə vəziyyətini qiymətləndirir və bunun əsasında maliyyə hesabatlarında müvafiq düzəlişlərin edilməsi barədə kredit təşkilatlarına icrası məcburi olan göstərişlər verir;

48.1.5. banklarda və xarici bankların yerli filiallarında korporativ idarəetmə standartlarını müəyyən edir və tətbiqinə nəzarət edir;

48.1.6. qanunla müəyyən edilmiş hallarda və qaydada kredit təşkilatlarında, habelə onların törəmə təsərrüfat cəmiyyətlərində yoxlamalar aparır;

48.1.7. bank xidmətləri bazarında inhisarçılıq fəaliyyətinin qarşısının alınması məqsədilə səlahiyyətli dövlət orqanı qarşısında məsələ qaldırır;

48.1.8. kredit təşkilatlarına və onların inzibatçılarına qarşı qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada təsir (təshih) tədbirlərini və sanksiyaları tətbiq edir;

48.1.9. qanuna müvafiq surətdə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri tələb etdiyi hallarda kredit təşkilatlarının idarəetmə orqanlarının iclaslarında müşahidəçi qismində iştirak edir, kredit təşkilatlarının inzibatçıları ilə məsləhətləşmələr aparır;

48.1.10. qanunla nəzərdə tutulmuş hallarda bankların maliyyə sağlamlaşdırılması tədbirləri çərçivəsində onların Milli Bank qarşısında kredit öhdəliklərinin yerinə yetirilməsinin xüsusi şərtlərini müəyyən edir;

48.1.11. qanunla nəzərdə tutulmuş hallarda banklara və xarici bankların yerli filiallarına müvəqqəti inzibatçı təyin edir, zəruri hallarda bankın öhdəlikləri üzrə moratorium tətbiq edilməsi barədə məhkəməyə müraciət edir;

48.1.12. lisenziyası ləğv olunmuş banklar və xarici bankların yerli filialları haqqında qanunvericiliyə müvafiq tədbirlər görür;

48.1.13. qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

48.2. Kredit təşkilatları üçün prudensial normativləri müəyyən edərkən Milli Bank kredit təşkilatlarının növləri üzrə fərqli normativləri və onların hesablanması metodlarını müəyyənləşdirə bilər.

 

Maddə 49. Sonuncu instansiya kreditoru

 

Bank kreditorlarının və əmanətçilərin maraqları baxımından Milli Bank özünün müəyyən etdiyi qayda və şərtlər daxilində qısamüddətli likvidlik problemi ilə üzləşmiş kredit təşkilatlarına tam təminatlı kreditlər verə bilər. Belə kreditlər 6 aydan çox olmayan müddətə verilir və zəruri hallarda 6 ayadək müddətə uzadıla bilər.

 

Maddə 50. Kredit təşkilatları ilə əməkdaşlıq

 

Kredit təşkilatları ilə qarşılıqlı fəaliyyət məqsədilə Milli Bank kredit təşkilatlarının, onların ictimai birliklərinin (assosiasiyalarının) nümayəndələrini cəlb etməklə bank işinin mühüm məsələləri barəsində məsləhətləşmələr apara, əməli təkliflər hazırlamaq üçün ictimai əsaslarla fəaliyyət göstərən şuralar, işçi qruplar yarada bilər.

 

Maddə 51. Xarici tənzimləmə və nəzarət orqanları ilə əməkdaşlıq

 

51.1. Kredit təşkilatları üzərində lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarının effektiv surətdə həyata keçirilməsi məqsədilə Milli Bank xarici ölkələrin bank tənzimi və nəzarəti orqanları ilə bank nəzarəti sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada sazişlər bağlaya və əməkdaşlıq edə bilər.

51.2. Bu cür əməkdaşlıq Milli Bankla xarici ölkənin bank tənzimi və nəzarəti orqanı arasında fəaliyyət göstərən və ya fəaliyyətə başlamaq istəyən subyektlər haqqında informasiya mübadiləsini, birgə nəzarətin həyata keçirilməsini əhatə edə bilər, bu şərtlə ki, həmin orqan aldığı informasiyanın məxfiliyini qoruyacaq və yalnız bank nəzarəti məqsədləri ilə istifadə edəcəkdir.

 

 

Maddə 52. Məlumat mübadiləsi

 

Milli Bank maliyyə sektorunun digər seqmentlərində tənzimləmə və nəzarət funksiyalarını həyata keçirən dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq əsasında tənzimləmə və nəzarət obyektləri haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat mübadiləsi apara bilər, bu şərtlə ki, tərəflər aldığı informasiyanın məxfiliyini qoruyacaq və yalnız nəzarət məqsədləri üçün istifadə edəcəklər.

 

Maddə 53. Mübahisələrin həlli

 

Milli Bankın lisenziyalaşdırma, tənzimləmə və nəzarət funksiyalarının icrası ilə əlaqədar qəbul etdiyi qərarlar barəsində mübahisələrə məhkəmə qaydasında baxılır. Şikayətin verilməsi həmin qərarın icrasını dayandırmır.

 

 

X fəsil

Əqdlər və əməliyyatlar

 

 

Maddə 54. Milli Bankın əqdləri və əməliyyatları

 

54.1. Milli Bank öz məqsədlərinə nail olmaq üçün yerli və xarici kredit təşkilatları ilə aşağıdakı əməliyyatları aparmaq hüququna malikdir:

54.1.1. çekləri, vekselləri, qiymətli metalları və daş-qaşları, habelə bunlardan hazırlanmış məmulatı almaq, satmaq və saxlamaq;

54.1.2. xarici valyutanı, habelə xarici valyutada təqdim etdikləri ödəniş sənədlərini və öhdəliklərini almaq və satmaq;

54.1.3. qarantiyalar və zəmanətlər vermək;

54.1.4. bank hesabları, o cümlədən depozit hesabları açmaq;

54.1.5. hesablaşma, kassa, depozit əməliyyatları aparmaq, qiymətli kağızların və başqa sərvətlərin saxlanması və idarə olunması üçün onları qəbul etmək;

54.1.6. hər hansı valyutada çekləri və vekselləri ödənişə təqdim etmək;

54.1.7. Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan hallarda beynəlxalq təcrübədə qəbul edilmiş digər bank əməliyyatlarını həyata keçirmək.

54.2. Milli Bank bank əməliyyatlarının aparılması üçün haqq tutmaq hüququna malikdir.

54.3. Milli Bank öz əməkdaşlarına, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallarda fondlara bank xidmətləri göstərə bilər.

54.4. Hesablaşma və klirinq (prosessinq) əməliyyatlarının dəstəklənməsi məqsədilə Milli Bank həmin əməliyyatları həyata keçirən təşkilatlara bank hesabları aça bilər.

54.5. Milli Bank xarici dövlətlərin hökumətlərinə, mərkəzi banklarına və pul siyasətini tənzimləyən orqanlarına, habelə Milli Bankın və ya Azərbaycan Respublikasının üzv olduqları beynəlxalq təşkilatlara bank xidmətləri göstərə bilər.

54.6. Milli Bank etibarlı emitentlər tərəfindən buraxılmış likvidli borc qiymətli kağızlarını almaq hüququna malikdir.

54.7. Milli Bank qanunvericiliklə qadağan olunmayan mülki-hüquqi əqdləri bağlaya bilər.

 

Maddə 55. Qadağan olunan fəaliyyət

 

55.0. Milli Bank aşağıdakı fəaliyyətləri həyata keçirə bilməz:

55.0.1. bu Qanunda nəzərdə tutulmuş şəxslərdən başqa, digər hüquqi və fiziki şəxslərlə bank əməliyyatları aparmaq;

55.0.2 istehsal, ticarət, sığorta və bu Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, digər kommersiya fəaliyyəti ilə məşğul olmaq;

55.0.3. Milli Bankın fəaliyyətini, Milli Bank qarşısında olan öhdəliklərin icrasını, habelə Milli Bankın əməkdaşlarının sosial ehtiyaclarını təmin etmək üçün zəruri olan hallar istisna olmaqla, daşınmaz əmlak üzərində tam və ya qismən əşya hüquqlarını almaq, satmaq və ya başqa tərzdə əldə etmək.

 

XI fəsil

Milli Bankın maliyyə uçotu və hesabatı

 

 

Maddə 56. Milli Bankın hesabat ili

 

Milli Bankın hesabat ili yanvar ayının 1-də başlanır və dekabr ayının 31-də başa çatır.

 

Maddə 57. Maliyyə uçotu və hesabatı

 

57.1. Milli Bankın maliyyə uçotu və hesabatı Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq aparılır.

57.2. Milli Bankın illik maliyyə hesabatı balansdan, mənfəət və zərər, habelə pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan və onlara verilən izahat qeydlərindən ibarətdir.

 

 

 

 

Maddə 58. Milli Bankın auditi

 

58.1. Milli Bankın fəaliyyəti yalnız Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq bir və ya bir neçə il müddətinə təyin edilmiş auditor tərəfindən ildə bir dəfə yoxlanılır.

58.2. Zəruri hallarda Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq auditor yoxlaması növbədənkənar qaydada təyin edilə bilər.

58.3. Milli Bankın auditi Beynəlxalq Audit Standartlarına uyğun olaraq aparılır. Auditlə bağlı xərclər Milli Bankın vəsaiti hesabına ödənilir.

58.4. İlin yekunları haqqında auditor rəyi ilə təsdiqlənmiş maliyyə hesabatı, habelə hesabat əməliyyat büdcəsi Azərbaycan Respublikası Prezidentinə təqdim edilir.

58.5. Audit rəyi ilə təsdiq edilmiş ilin yekunlarına dair maliyyə hesabatı audit başa çatdıqdan sonra ən geci 1 ay müddətində kütləvi informasiya vasitələrində dərc olunur.

 

XII fəsil

Yekun müddəalar

 

Maddə 59. Milli Bankın əməkdaşları

 

59.1. Bu Qanunun tələbləri nəzərə alınmaqla Milli Bankla əməkdaşlar arasında əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

59.2. Milli Bankın əməkdaşları elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul ola bilməzlər.

59.3. Milli Bankın İdarə Heyətinin üzvləri, habelə İdarə Heyəti tərəfindən müəyyən olunmuş vəzifələri tutan əməkdaşlar krediti yalnız Milli Bankdan ala bilərlər. Həmin əməkdaşlar kredit təşkilatlarından aldıqları kredit kartları haqqında Milli Bankın İdarə Heyətinin müəyyən etdiyi qaydada İdarə Heyətinə məlumat verirlər.

59.4. Milli Bankın İdarə Heyəti tərəfindən müəyyən olunmuş vəzifələri tutan əməkdaşlar kredit təşkilatlarının və onların törəmə təsərrüfat cəmiyyətlərinin təsisçisi və iştirakçısı, onların idarəetmə orqanlarının üzvü ola bilməzlər.

59.5. Milli Bankın əməkdaşlarına dövlət qulluqçularının pensiya təminatı sistemi şamil edilir.

59.6. Milli Bank öz əməkdaşlarının sosial müdafiəsi məqsədi ilə əlavə tədbirlər görə bilər.

Maddə 60. Məxfilik

 

Milli Bankın İdarə Heyətinin üzvləri və əməkdaşları vəzifələrinin icrası ilə əlaqədar onlara məlum olmuş xidməti məlumatı, o cümlədən dövlət və bank sirrinə aid olan məlumatı işlədikləri dövrdə və işdən azad olunduqdan sonra yalnız qanunvericilikdə müəyyən olunmuş hallarda açıqlaya bilərlər.

 

Maddə 61. Məhkəmə iddialarından müdafiə

 

Milli Bankın İdarə Heyətinin üzvləri və əməkdaşları bu Qanunla müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində yaranmış zərər üçün məsuliyyət daşımır, bu şərtlə ki, həmin hərəkətin və ya hərəkətsizliyin qanunsuz və ya vicdansız olduğu sübut edilməsin.

 

Maddə 62. Təhlükəsizlik

 

Milli Bank öz fəaliyyətinin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq tədbirlər görür. Milli Bankın respublika ərazisində pul və digər qiymətlilərin təhlükəsiz daşınması ilə məşğul olan struktur bölmələri zirehli nəqliyyat vasitələri ilə təchiz edilir, müvafiq əməkdaşları xüsusi geyimlə, habelə qanunvericilikdə müəyyən olunmuş qaydada xidməti (odlu) silah və döyüş sursatları ilə təmin edilir.

 

Maddə 63. İnformasiyanın toplanması

 

Öz funksiyalarının həyata keçirilməsi məqsədilə Milli Bank dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, hüquqi şəxslərdən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən zəruri statistik məlumat ala bilər.

 

Maddə 64. Nəşrlər

 

64.1. Milli Bank illik hesabatını dərc etdirir. Milli Bankın illik hesabatı ölkədəki makroiqtisadi vəziyyəti, həyata keçirilən pul siyasətinin yekunlarını, bank sisteminin vəziyyətini, habelə Milli Bankın maliyyə vəziyyətini, o cümlədən əməliyyat büdcəsinin nəticələrini əks etdirir.

64.2. Milli Bank ayda bir dəfədən az olmayaraq pul və maliyyə bazarlarının vəziyyəti haqqında informasiya bülletenləri buraxır.

64.3. Milli Bank bank sistemi haqqında ümumiləşdirilmiş statistika, habelə iqtisadi məsələlərə aid məqsədəuyğun saydığı digər məlumatı dərc etdirə bilər.

64.4. Milli Bankın icmal balansı hər ay kütləvi informasiya vasitələrində dərc olunur.

 

Maddə 65. Güzəştlər

 

Milli Bank Azərbaycan Respublikasının Vergi Məcəlləsinə müvafiq olaraq vergi güzəştlərinə malikdir, dövlət rüsumu və yığımlarının bütün növlərinin ödənilməsindən azaddır.

 

Maddə 66. Qanunun qüvvəyə minməsi

 

66.1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

66.2. Bu Qanun qüvvəyə mindikdən dərhal sonra Milli Bank öz nizamnamə kapitalını mənfəəti hesabına, mənfəəti kifayət etmədikdə isə kapital ehtiyatları hesabına bu Qanunun 10.2-ci maddəsində nəzərdə tutulmuş həddə çatdırır.

66.3. Bu Qanunun qüvvəyə mindiyi gündən "Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, N3, maddə 172) və ona edilmiş bütün dəyişikliklər və əlavələr qüvvədən düşmüş hesab edilir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 10 dekabr 2004-cü il

N 802-II Q

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU