"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

AZƏRBAYCAN    RESPUBLİKASININ

Q  A  N  U  N  U


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 3, maddə 167; 2001-ci il, No– 11, maddə 691; 2002-ci il, No– 12, maddə 706; 2004-cü il, No– 3, maddə 133; 2005-ci il, No– 8, maddə 684) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 2-ci maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Qanundan, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.”;
2. 3-cü maddəyə aşağıdakı məzmunda 7-ci və 8-ci bəndlər əlavə edilsin:
“7) Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, elə əsərlərə və əlaqəli hüquqlar obyektlərinə qorunma tətbiq edilir ki, mənşə ölkəsində həmin obyektlər üçün müəyyən edilmiş  qorunma müddətləri bitməmiş olsun.
Azərbaycan Respublikasının ərazisində müəlliflik hüququ və əlaqəli hüquqların qüvvədə olma müddəti mənşə ölkəsində müəyyən edilmiş qorunma müddətlərindən çox ola bilməz;
8) bu Qanunun müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq və ya qarşılıqlı prinsiplər əsasında Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil edilir.”;
3. 4-cü maddədə:
3.1. “audiovizual əsər istehsalçısı” anlayışından sonra aşağıdakı məzmunda anlayışlar əlavə edilsin:
“quruluşçu rejissor - audiovizual əsərlərin quruluşçusu və teatr, sirk, kukla, estrada, televiziya tamaşası və digər tamaşanın  quruluşunu həyata keçirən və ya  bu cür tamaşalara quruluş verən şəxs;
pirat məhsul - müəllifin və ya əlaqəli hüquqların sahibinin razılığı olmadan hazırlanmış (istehsal edilmiş) əsər və fonoqram nüsxələri;
plagiatçılıq - əsərin başqa şəxsin adı altında tam və ya qismən açıqlanması, yəni özgənin elmi, ədəbi, bədii və ya digər növ əsərini öz adı ilə nəşr etdirməsi, yaxud özgənin müəllifliyini mənimsəmə və ya mənbəyi və müəllifi göstərilmədən əsəri və ya onun bir hissəsini köçürməklə yeni əsərin yaradılması, bu cür əsərlərin yenidən dərc edilməsi, qəzet, jurnal məqalələrinin və yayım təşkilatları üçün verilişlərin hazırlanması, habelə şərikli müəllifliyə məcbur etmə;”;
3.2. “törəmə əsər” anlayışı aşağıdakı redaksiyada verilsin:
“törəmə əsər – tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi;”;
3.3. “törəmə əsər” anlayışından sonra aşağıdakı məzmunda anlayış əlavə edilsin:
“toplu – materialların seçilməsinə və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi kimi müstəqil əsərlərdən ibarət məcmuə. Belə məcmuələr (toplular) ensiklopediya və ya antologiya kimi əsər mənasını ifadə edir;”;
3.4. “kollektiv əsər” anlayışında “üzrə” sözü “ilə” sözü ilə əvəz edilsin;
3.5. “kütləvi ifa” anlayışında “müxtəlif qurğuların” sözləri “müxtəlif texniki vasitələrin” sözləri ilə əvəz edilsin;
3.6. “kütləvi bildiriş” anlayışı aşağıdakı redaksiyada verilsin:
“kütləvi bildiriş (kütləyə çatdırma məqsədi ilə bildiriş) - əsərlərin və əlaqəli hüquqların obyektlərinin efirlə və kabellə (naqil və  ya   naqilsiz rabitə vasitələri ilə) hər hansı bildirişi, həmçinin bu obyektlərin faktiki qavranılmasından asılı olmayaraq, əhali tərəfindən əldə olunmasını təmin etmək məqsədi ilə onların hər hansı üsulla kütləyə çatdırılması (əsərin nüsxələrinin yayılması istisna olmaqla);”;
3.7. “kütləvi bildiriş” anlayışından sonra aşağıdakı məzmunda yeni anlayışlar əlavə edilsin:
“interaktiv bildiriş (əsərlərin və əlaqəli hüquqların obyektlərinin interaktiv istifadə üçün kütləyə çatdırılması) – əhali nümayəndələrinin  öz şəxsi seçiminə görə istənilən yerdə və istənilən vaxtda əsərlərin və əlaqəli hüquqların obyektlərinin əldə olunmasını həyata keçirə biləcəyi tərzdə onlara çatdırılması;
əsəri və əlaqəli hüquqların obyektlərini yaymaq - əsərin və ya əlaqəli hüquqların obyektlərinin orijinalının və ya nüsxələrinin satışı və ya mülkiyyət hüququnun başqa cür verilməsi ilə kütləyə çatdırılması;
texniki mühafizə vasitələri - əsərə və əlaqəli hüquqların obyektlərinə daxilolmanı nəzarətdə saxlamağa imkan verən, hüquq sahibinin və ya istehsalçının icazə vermədiyi hərəkətlərin qarşısını alan, yaxud məhdudlaşdıran istənilən texniki qurğu və ya onların hissələri;
hüquqların idarə edilməsi haqqında informasiya - əsəri, əsərin müəllifini və ya digər hüquq sahibini eyniləşdirən və ya əsərdən istifadə şərtləri haqqında məlumatları və təqdim olunan belə məlumatları özündə saxlayan hər hansı rəqəmləri və ya kodları bildirir ki, informasiyanın istənilən elementlərindən hər hansı biri əsərin nüsxəsinə əlavə edilmiş olur, yaxud bu obyektlərin kütləyə çatdırılması məqsədi ilə bildirişi zamanı görünür;”;
3.8. “kirayə” anlayışı aşağıdakı redaksiyada verilsin:
“kirayə - əsərin, fonoqramın və ya bu Qanunla qorunan obyektlərin orijinalının və ya nüsxələrinin birbaşa və ya dolayısı yolla gəlir götürmək məqsədi ilə müəyyən müddətə müvəqqəti istifadəyə verilməsi;”;
3.9. “efirlə bildiriş” anlayışının sonuna aşağıdakı məzmunda cümlə əlavə edilsin:
“Kodlaşdırılmış siqnalların bildirişi, əgər kodun açılması vasitələri yayım təşkilatı tərəfindən və ya onun razılığı ilə əhaliyə təqdim olunarsa, efir bildirişi sayılır;”;
4. 5-ci maddənin:
4.1.1-ci bəndinin ikinci abzasında “qeydə” sözü “qeydiyyata” sözü ilə əvəz edilsin;
4.2. 2-ci bəndinin sonuna aşağıdakı məzmunda cümlə əlavə edilsin:
“Əsərin hissələri (adı, personajı və s.) bu maddənin 1-ci bəndində göstərilən əlamətlərə malik olduğu və müstəqil istifadə oluna bildiyi halda müəlliflik hüququnun obyekti sayılır.”;
4.3. 3-cü bəndində “kəşflərə” sözündən sonra “, riyazi anlayışlara” sözləri əlavə edilsin;
5. 6-cı maddənin:
5.1. 1-ci bəndinin:
5.1.1. ikinci abzasında mötərizədə verilmiş “məqalələr” sözündən sonra  “mühazirələr və çıxışlar,” sözləri əlavə edilsin;
5.1.2. on üçüncü abzasında mötərizədə verilmiş sözlər çıxarılsın;
5.1.3. sonuncu abzası aşağıdakı redaksiyada verilsin:
“teleradio verilişlərinin proqramları, kataloqlar, bukletlər, fotoalbomlar, mündəricatlar, multimedia məhsulları (əsərləri) və digər əsərlər.”;
5.2. 2-ci bəndinin əvvəlinə aşağıdakı redaksiyada cümlə əlavə edilsin:
“Kompüter proqramları ədəbi əsərlər kimi qorunur.”;
6. 7-ci maddənin:
6.1. adı aşağıdakı redaksiyada verilsin:
“Maddə 7. Müəlliflik hüququ ilə qorunmayan obyektlər”;
6.2. “v” və “q” yarımbəndləri müvafiq olaraq aşağıdakı redaksiyada verilsin:
“v)   xalq yaradıcılığı (folklor) nümunələri;
  q) günün yenilikləri, müxtəlif hadisə və faktlar barədə informasiya xarakterli məlumatlar.”;
7. 8-ci maddənin 5-ci bəndinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Əsəri qeydiyyatdan keçirən hüquq sahibinə nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir.”;
8. 9-cu maddəyə aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:
“Şərikli əsər müəlliflərinin hər birinin ayrılıqda həmin əsəri Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirmək və əsərin qeydiyyatı haqqında şəhadətnamə almaq, habelə öz hüquqlarının müdafiəsi ilə əlaqədar, o cümlədən əsərin hissələri ayrılmaz olduqda da müstəqil tədbirlər görmək hüququ vardır.”;
9. 10-cu maddənin 2-ci bəndinin birinci cümləsində “kollektiv əsərlərdən” sözləri “belə nəşrlərdən” sözləri ilə əvəz edilsin;
10. 12-ci maddənin:
10.1. 1-ci bəndində:
10.1.1. yeddinci abzas aşağıdakı redaksiyada verilsin:
“Audiovizual əsərin ssenarisinin hazırlanmasında istifadə olunmuş, yaxud audiovizual əsər üzərində iş prosesində yaradılmış və ya audiovizual əsərin tərkibinə hissə kimi daxil edilmiş əsərin müəllifi öz hissəsinə münasibətdə audiovizual əsərin müəllifi sayılır.”;
10.1.2. aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:
“Öz əsərinin audiovizual əsərin tərkibinə daxil edilməsinə razılıq vermiş əsər müəlliflərinin audiovizual əsərin istifadəsini qadağan etmək və ya hər hansı şəkildə məhdudlaşdırmaq hüququ yoxdur.”;
10.2. 2-ci bəndində “əsərin yaradılmasına dair” sözlərindən sonra “müəlliflərlə filmin istehsalçısı (prodüseri) arasında” sözləri, “müəlliflər” sözündən sonra “tərəfindən” sözü, “əsərin istehsalçısına” sözlərindən sonra “(prodüserinə)” sözü əlavə edilsin və “müstəsna hüquqlar verir” sözləri “müstəsna hüquqlar verilmiş olur” sözləri ilə əvəz edilsin;
10.3. 3-cü bəndində “, kütləvi bildirişi, həmçinin audiovizual əsərin nüsxələrinin kirayəyə verilməsi zamanı həmin əsərlərdən istifadəyə görə” sözləri “zamanı öz musiqili əsərinin kütləvi ifasına görə” sözləri ilə əvəz edilsin;
10.4. bu maddəyə aşağıdakı  məzmunda 4-cü bənd əlavə edilsin:
“4. Audiovizual əsərin müəlliflərinin audiovizual əsərin orijinalının və ya nüsxələrinin kommersiya məqsədi ilə kirayəyə verilməsinə və ya digər üsullarla istifadə edilməsinə görə qonorar almaq hüququ vardır. Həmin qonorar bu əsərə hüquq sahibi və ya əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçi arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtlərə uyğun olaraq ödənilir.”;
11. 13-cü maddənin:
11.1. 2-ci bəndinin ikinci abzasının əvvəlinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
“Xidməti əsərdən hər hansı formada istifadə olunarkən (xidməti əsərin təkrar nəşri, başqa dilə tərcüməsi, yenidən işlənməsi və s.), xidməti əsər müəllifinin qonorar almaq hüququ vardır.”;
11.2.  2-ci bəndindən sonra aşağıdakı məzmunda 3-cü bənd əlavə edilsin, 3-cü və 4-cü bəndlər müvafiq olaraq 4-cü və 5-ci bəndlər hesab edilsin:
“3. Xidməti əsər işəgötürən (xidməti əsərin sifarişçisi) tərəfindən heç bir əsas olmadan 3 il müddətində istifadə olunmazsa, əsərdən istifadəyə müstəsna hüquqlar müəllifə keçir. Bu müddət tərəflər arasında razılaşma yolu ilə azaldıla bilər.”;
12. 14-cü maddənin:
12.1.1-ci bəndinin “v” yarımbəndindən “ya hər hansı digər formada yenidən işlənməsinə, həmçinin” sözləri çıxarılsın;
12.2. 3-cü bəndinin ikinci abzasında “Xidməti əsərlər yaradılarkən” sözləri “Xidməti və audiovizual əsərlərə münasibətdə” sözləri ilə əvəz edilsin;
13. 15-ci maddənin:
13.1. 2-ci bəndinin:
13.1.1 birinci abzasında “qadağan etməyi” sözləri “qadağa qoymağı” sözləri ilə əvəz edilsin;
13.1.2. ikinci abzasında “əsərin” sözündən sonra “birbaşa və ya dolayısı yolla” sözləri əlavə edilsin;
13.1.3. üçüncü abzası aşağıdakı  redaksiyada verilsin:
“əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ);”;
13.1.4. üçüncü abzasından sonra aşağıdakı məzmunda abzas əlavə edilsin:
“əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ);”;
13.1.5. sonuna aşağıdakı məzmunda  abzas əlavə edilsin:
“Müəllifin özünün qonorardan imtina etdiyi hal və bu Qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla, əsərdən istifadəyə görə müəllif qonorarı ödənilməlidir.”;
13.2. 3-cü bəndində “verilmədən” sözü “ödənilmədən (bu Qanunun 16-cı maddəsində göstərilən hal istisna olmaqla)” sözləri ilə əvəz edilsin;
13.3. 4-cü və 5-ci bəndləri aşağıdakı redaksiyada verilsin:
“4.Müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüququ). Bu qonorarın həcmi və hesablanması qaydası müəlliflərlə (hüquq sahibləri ilə) istifadəçilər arasında bağlanmış müəllif müqaviləsi və ya müəlliflərin verdikləri səlahiyyətlər həcmində əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir.
5. Bu maddənin 2-ci bəndində nəzərdə tutulan əmlak hüquqları üçün məhdudiyyətlər bu Qanunun 17-24-cü maddələri ilə o şərtlə müəyyən edilir ki, belə məhdudiyyətlər əsərdən normal istifadəyə zərər vurmasın və müəllifin və müəlliflik hüququnun digər sahibinin qanuni maraqlarını əsassız olaraq məhdudlaşdırmasın.”;
14. 16-cı maddənin:
14.1. adında “Təsviri sənət əsəri” sözləri “İncəsənət əsərləri” sözləri ilə əvəz edilsin;
14.2. 1-ci bəndinin birinci cümləsində “mülkiyyətçidən öz əsərinin” sözləri        “, habelə yazıçının və ya bəstəkarın mülkiyyətçidən və ya digər hüquq sahibindən öz əsərinin və ya əlyazmalarının” sözləri ilə əvəz edilsin;
14.3. 2-ci bəndinin:
14.3.1. birinci abzasında “Təsviri sənət əsərinə” sözləri “Bu maddənin 1-ci bəndində göstərilən əsərlərə” sözləri ilə əvəz edilsin;
14.3.2. ikinci abzasında “Əsərə mülkiyyət hüququnun birinci dəfə başqa şəxsə keçməsindən sonra hər dəfə onun orijinalının” sözləri “Təsviri sənət əsərlərinin orijinallarının və ya yazıçı və bəstəkarın əlyazmalarının mülkiyyət hüququnun birinci dəfə başqa şəxsə keçməsindən sonra hər dəfə onların orijinallarının” sözləri ilə əvəz edilsin və “almaq hüququ” sözlərindən sonra “(izləmə hüququ)” sözləri əlavə edilsin;
15. 17-ci maddənin:
15.1. 1-ci bəndində “nəzərdə tutulan hallar istisna olmaqla,” sözlərindən sonra “gəlir götürmədən” sözləri əlavə edilsin;
15.2. 2-ci bəndinin:
15.2.1. sonuncu abzasında “(tam)” sözü “(bütövlükdə)” sözü ilə, “reproqrafik surətinin” sözləri “reprosurətinin” sözü ilə və nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
15.2.2. sonuncu abzasından sonra aşağıdakı məzmunda  abzaslar əlavə edilsin:
“interaktiv bildiriş vasitəsi ilə kütləyə çatdırılmış əsərin icazəsiz surətinin çıxarılması;
interaktiv bildiriş vasitəsi ilə kütləyə çatdırılmış əsərdən normal istifadəyə zərər vuran və ya müəllifin maraqlarını əsassız olaraq məhdudlaşdıran hər hansı surətçıxarma.”;
15.3. 3-cü bəndi  aşağıdakı redaksiyada verilsin:
 “3. Şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın gəlir götürmədən surəti çıxarılarkən, audiovizual əsərə münasibətdə müəlliflərin,   ifaçıların   və    audiovizual  əsər istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır. Göstərilən qonorar istehsalçı, yaxud surətçıxarma üçün istifadə olunan avadanlığın (audio və videomaqnitafonlar, başqa avadanlıqlar) və maddi daşıyıcıların (səs (və ya) videolent və kasetlər, lazer diskləri və digər maddi daşıyıcılar) idxalçısı tərəfindən ödənilir.
Bu maddədə göstərilən qonorarın minimum məbləği, bölüşdürülməsi və ödənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”; 
15.4. 4-cü bəndinin ikinci abzasında “müəllif, ifaçı və” sözlərindən sonra “audiovizual əsər və” sözləri əlavə edilsin;
16. 18-ci maddənin 2-ci bəndi çıxarılsın;
17. 21-ci maddənin adında “bildirişi” sözü “ifası” sözü ilə əvəz edilsin;
18. 23-cü maddənin “b” yarımbəndində “rəsmi arxivlərdə” sözləri “dövlət arxivlərində” sözləri ilə əvəz edilsin;
19. 24-cü maddənin 1-ci bəndinin “a” yarımbəndində “müəllif müqaviləsi ilə başqa hal nəzərdə tutulmazsa” sözləri çıxarılsın, “aşkar” sözündən sonra “edilmiş” sözü əlavə edilsin;
20. 25-ci və 26-cı maddələrdə “50 il” sözləri müvafiq olaraq “70 il” sözləri ilə əvəz edilsin;
21. 25-ci maddəyə aşağıdakı məzmunda 3-cü bənd əlavə edilsin:
“3. Bu Qanunla müəyyən edilmiş qorunma müddətləri bu Qanunun qüvvəyə mindiyi tarixə qədər qorunma müddəti bitməmiş bütün əsərlərə şamil edilir.”;
22. 27-ci maddənin 1-ci bəndinin üçüncü abzasında “üçüncü” sözü “ikinci” sözü ilə əvəz edilsin;
23. 28-ci maddədə “Müəlliflik hüquqları” sözləri “Müəllifin bu Qanunla nəzərdə tutulan əmlak hüquqları” sözləri ilə əvəz edilsin;
24. 30-cu maddəyə aşağıdakı məzmunda 5-ci bənd əlavə edilsin:
“5. Əsərin, əlaqəli hüquqlar obyektinin və onlardan istifadə ilə bağlı hüquqların (əmlak hüquqlarının) tam və ya qismən verilməsi haqqında müqavilələrin qeydiyyatına görə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilir.”;
25. 32-ci maddəyə aşağıdakı məzmunda 5-ci bənd əlavə edilsin:
“5. Əlaqəli hüquqların obyektlərinə müstəsna hüquq sahibləri onları əlaqəli hüquqların qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirə bilərlər. Bu halda əlaqəli hüquqların obyektlərinin qeydiyyatı haqqında  nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir.”;
26. 33-cü maddənin  2-ci bəndinin:
26.1. birinci abzası aşağıdakı  redaksiyada verilsin:
“İfadan istifadəyə müstəsna hüquq aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirməyə icazə verməyi və ya qadağa qoymağı bildirir:”;
26.2. dördüncü abzasında “kabel televiziyası ilə bildirişi” sözlərindən sonra “və özünün canlı ifasının kütləvi bildirişi” sözləri əlavə edilsin;
27. 34-cü maddənin 2-ci bəndinin birinci, ikinci və üçüncü abzasları aşağıdakı redaksiyada verilsin:
“Fonoqramdan istifadəyə müstəsna hüquq fonoqram istehsalçısına aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirməyə icazə verməyi və ya qadağa qoymağı bildirir:
fonoqramın nüsxələrini birbaşa və dolayı yolla çoxaltmaq;
fonoqramın orijinalını və ya nüsxələrini hər hansı yolla – satış, icarə və s. vasitələrlə yaymaq, yaxud hər hansı üsulla paylamaq;”;
28. 35-ci maddənin ikinci hissəsinin:
28.1. birinci abzasında “həyata keçirmək və ya həyata keçirilməsinə  icazə vermək hüququnu bildirir”  sözləri  “həyata  keçirməyi,  həyata keçirməyə icazə verməyi və ya qadağa qoymağı bildirir” sözləri ilə əvəz edilsin;
28.2. beşinci abzasından “və ya efirə vermək” sözləri çıxarılsın;
28.3. sonuna aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
“televiziya verilişlərinin kütləyə çatdırılması məqsədi ilə bildirişi.”;
29. 39-cu maddəyə aşağıdakı məzmunda 3-cü bənd əlavə edilsin:
“3. Bu Qanunla müəyyən edilmiş qorunma müddətləri bu Qanunun qüvvəyə mindiyi tarixə qədər qorunma müddətləri bitməmiş bütün əlaqəli hüquqların obyektlərinə şamil edilir.”;
30. 41-ci maddənin:
30.1. 2-ci bəndinin birinci abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu cür təşkilatlar müəlliflər və əlaqəli hüquqların sahibləri tərəfindən yaradılır.”;
30.2. 2-ci bəndinin sonuna aşağıdakı məzmunda  abzas əlavə edilsin:
“Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil edirlər və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər.”;
30.3. bu  maddəyə aşağıdakı məzmunda  3-cü bənd əlavə edilsin:
“3. Dövlət qeydiyyatına alınmış əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən  müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan (akkreditasiyadan) keçirlər.
Bu Qanunun tələblərinə əməl etməyən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hüquq pozuntularının aradan qaldırılması barədə Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının yazılı tələblərini icra etmədikdə, bu orqan tərəfindən həmin təşkilatın akkreditasiyasının ləğvi barədə əsaslandırılmış qərar qəbul edilir. Azərbaycan Respublikasının müəlliflik hüquqları sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanı akkreditasiyasının ləğvi barədə qərar qəbul edilmiş əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların ləğvi haqqında məhkəməyə müraciət edir.”;    
31. 42-ci maddənin 1-ci bəndinin 3-cü yarımbəndində “hallarda” sözündən sonra “(bu Qanunun 12-ci maddəsinin 4-cü bəndi, 17-ci maddəsinin 3-cü bəndi və 37-ci maddəsinin 1-ci bəndi)”  sözləri əlavə edilsin;
32. 43-cü maddənin 2-ci bəndində “əsərlərindən” sözündən sonra “və əlaqəli hüquqların obyektlərindən” sözləri əlavə edilsin;
33. 44-cü maddənin:
33.1. adında və 2-ci bəndində “kontrafakt” sözü “pirat” sözü ilə əvəz edilsin;
33.2. 1-ci bəndində “həmin hüquqları” sözü “əmlak hüquqlarını” sözü ilə əvəz edilsin;
33.3. bu maddəyə aşağıdakı məzmunda 3-cü bənd əlavə edilsin:
“3. Əsərlərə və fonoqramlara münasibətdə  aşağıdakılara yol verilmir:
a) müvafiq texniki mühafizə vasitələri ilə əsərlərdən və fonoqramlardan istifadəyə qoyulmuş məhdudiyyətlərin müəllifin (və ya digər hüquq sahibinin) və fonoqramın hüquq sahibinin icazəsi olmadan aradan qaldırılmasına yönəldilmiş hərəkətlərə;
b) əsərin və fonoqramın istənilən texniki mühafizə vasitələrinin və ya onun hissələrinin istehsalına, yayılmasına, kirayəyə verilməsinə, müvəqqəti istifadəsinə, idxalına, reklamına, gəlir götürmək məqsədi ilə istifadəsinə, yaxud texniki mühafizə vasitələrinin tətbiqini qeyri-mümkün edən və ya texniki vasitələrlə bu hüquqların lazımi müdafiəsinin təmin edilməsinə yönəldilmiş xidmətlərə.
Hüquq sahibinin icazəsi olmadan hüquqların idarə edilməsi haqqında informasiyanın dəyişdirilməsi və ya ləğv edilməsi də hüquq pozuntusu sayılır.”;
34. V bölmənin və 44-cü maddənin adında “qorunması” sözü “müdafiəsi” sözü ilə əvəz edilsin;
35. 45-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 45. Müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi vasitələri (üsulları)
1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər.
2. Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən, mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər:
1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması;
2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi;
3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla, məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması;
4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi.
3. Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinin texniki müdafiə vasitələrinin birbaşa müdaxilə yolu və ya dolayısı ilə ələ keçirilməsinə yönəldilmiş hərəkətlər müəlliflik hüququ və əlaqəli hüquqların pozulmasına görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə səbəb olur.
4. Məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla, hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər.
5. Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ vardır.”;
36. 46-cı maddəyə aşağıdakı məzmunda 3-cü bənd əlavə edilsin:
“3. Müəlliflik hüququ və əlaqəli hüquqların mülki-hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 aprel 2008-ci il
No– 580-IIIQD

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU