"Azərbaycan Polisinin 90 illiyi" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında

Qanunlar      Paylaşın:        

“Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında

AZƏRBAYCAN  RESPUBLİKASININ
Q   A   N   U   N   U

Azərbaycan Respublikasının Milli Məclisi   q ə r a r a   a l ı r :

I. “Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalı təsis edilsin.

II. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, No– 23, maddə 996; 1993-cü il, No– 23, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No– 5, maddə 251; 2003-cü il, No– 12, I kitab, maddə 677; 2005-ci il, No– 4, maddə 291; 2006-cı il, No– 10, maddə 846; 2007-ci il, No– 3, maddə 213; Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 605-IIIQ nömrəli Qanunu) 2-ci maddəsinə aşağıdakı məzmunda on beşinci abzas əlavə edilsin:

“Azərbaycan Polisinin 90 illiyi” yubiley medalı”.

III. “Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

IV. “Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalının təsviri təsdiq edilsin (əlavə olunur).

V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 


                                                                                   İlham Əliyev
                          Azərbaycan Respublikasının Prezidenti
 

Bakı şəhəri, 13 iyun 2008-ci il
No– 639-IIIQ

                                                                                         

 

 

                                                                                                                            Azərbaycan Respublikasının 2008-ci il
                                                                                                                            13 iyun tarixli 639-IIIQ nömrəli
                                                                                                                            Qanunu ilə təsdiq edilmişdir

 

“Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə


 1. “Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanları əməkdaşları, veteranları, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və polisin inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

 2. “Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

 3. “Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.  

 

 

 

                                                                                                                            Azərbaycan Respublikasının 2008-ci il
                                                                                                                            13 iyun tarixli 639-IIIQ nömrəli
                                                                                                                            Qanunu ilə təsdiq edilmişdir

 

“Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalının təsviri


“Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalı bilavasitə dairəvi medaldan və düzbucaqlı lövhədən ibarətdir.

Medal diametri 35 mm olan qızılı rəngli dairəvi bürünc lövhədən ibarət olmaqla içərisində iki dairə yerləşdirilmişdir. Birinci dairədə yuxarı qövs boyunca “AZƏRBAYCAN POLİSİNİN”, aşağı qövs boyunca “90 İLLİYİ” sözləri həkk olunmuş, ikinci dairədə daxili işlər orqanlarının emblemi və onun ətrafında dairə boyunca dəfnə yarpaqlarından çələng, çələngin yuxarı hissəsində birləşdiyi yerdə aypara və səkkizguşəli ulduz, emblem ilə çələng arasında dairə boyunca mərkəzdən başlayan şüalar təsvir edilmişdir.

Medalın arxa tərəfi hamar səthlidir, “AZƏRBAYCAN POLİSİ”, “90 il”, “1918-2008” sözləri həkk olunmuşdur. “90 il” sözü aşağı hissədən sünbüllərlə əhatə olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə, düzbucaqlı rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən iki hissədən ibarətdir. Üst hissə xara lentdə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun bərabər ölçüdə mavi, qırmızı və yaşıl rəngli şaquli zolaqlara bölünmüş, onların sol və sağ tərəflərində şaquli istiqamətdə         1 mm enində olan ağ rəngli zolaq təsvir edilmişdir. Lövhənin alt hissəsinə eni     6 mm olan milli ornamentli təbəqə bərkidilir, təbəqənin ortasında aypara və səkkizguşəli ulduz təsvir edilmişdir.

Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə olunur.

 

 

 

 

 

 

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU