Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında
Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I
Azərbaycan Respublikası Milli Məclisinin bir qrup deputatı və ölkə ictimaiyyətinin nümayəndələri Milli Məclisin rəhbərliyinə çoxsaylı müraciətlər edərək, Azərbaycan Respublikası Konstitusiyasının bəzi maddələrində dəyişikliklər edilməsi barədə təkliflər irəli sürmüşlər. Milli Məclis rəhbərliyinin tapşırığına əsasən, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və İnsan hüquqları daimi komissiyaları bu təkliflərin hamısını öyrənmiş, ümumiləşdirmiş və Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Referendum aktının layihəsini hazırlayaraq Milli Məclisə təqdim etmişlər.
Milli Məclisin 2008-ci il dekabrın 19-da keçirilmiş iclasında Referendum aktı layihəsinin Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinin tələbinə əsasən rəy alınması üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə Qərar qəbul edilmişdir. 2008-ci il dekabrın 24-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu təklif olunmuş dəyişikliklərə mahiyyəti üzrə baxaraq həmin dəyişikliklərin Azərbaycan Respublikası Konstitusiyasının 155-ci maddəsinin tələblərinə uyğun olması haqqında rəy qəbul etmişdir.
Azərbaycan Respublikasının Milli Məclisi insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunması, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi, demokratiyanın genişləndirilməsi, yerli özünüidarənin inkişafı ilə bağlı müddəaların Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirilməsi zərurətini əsas tutaraq, Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II hissəsinin 1-ci bəndinə və 95-ci maddəsinin I hissəsinin 18-ci bəndinə uyğun olaraq q ə r a r a a l ı r :
1. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılsın (layihə əlavə olunur).
2. Ümumxalq səsverməsi (referendum) 2009-cu il martın 18-ə təyin edilsin.
3. Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum aktının layihəsi “Azərbaycan” qəzetində dərc edilsin.
4. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsinin (referendumun) bu Qərarın 2-ci bəndində göstərilən tarixdə keçirilməsini təmin etsin.
5. Ümumxalq səsverməsinin (referendumun) maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçirilsin.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O.Əsədov
Bakı şəhəri, 26 dekabr 2008-ci il
No– 746-IIIQR
Layihə
Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktı
1. 12-ci maddənin I hissəsinə “azadlıqlarının” sözündən sonra “, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin” sözləri əlavə edilsin.
2. 15-ci maddənin II hissəsinə “əsasında” sözündən sonra “sosial yönümlü” sözləri əlavə edilsin.
3. 17-ci maddə “Ailə, uşaqlar və dövlət” adlandırılsın, maddəyə aşağıdakı məzmunda III, IV, V və VI hissələr əlavə edilsin:
“III. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər.
IV. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır.
V. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər.
VI. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.”.
4. 18-ci maddənin II hissəsində “dinlərin” sözündən sonra “(dini cərəyanların)” sözləri əlavə edilsin.
5. 19-cu maddənin II hissəsində “Milli” sözü “Mərkəzi” sözü ilə əvəz edilsin.
6. 25-ci maddəyə aşağıdakı məzmunda IV və V hissələr əlavə edilsin:
“IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.”.
7. 29-cu maddənin IV hissəsindən “və ya ictimai ehtiyaclar” sözləri çıxarılsın.
8. 32-ci maddədə:
II hissənin ikinci cümləsində “şəxsi həyata” sözləri “şəxsi və ailə həyatına” sözləri ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
“Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.”;
III hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
“Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.”;
aşağıdakı məzmunda V hissə əlavə edilsin:
“V. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır.”.
9. 39-cu maddəyə aşağıdakı məzmunda III və IV hissələr əlavə edilsin:
“III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.
IV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərinin qorunmasına təminat verir.”.
10. 48-ci maddəyə aşağıdakı məzmunda V hissə əlavə edilsin:
“V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.”.
11. 50-ci maddəyə aşağıdakı məzmunda III hissə əlavə edilsin:
“III. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.”.
12. 67-ci maddədə:
maddənin adında “ittiham edilənlərin” sözləri “təqsirləndirilən şəxslərin” sözləri ilə, maddənin mətnində “ittiham etdiyi” sözləri “təqsirləndirdiyi” sözü ilə əvəz edilsin;
maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:
“II. Cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs məhkum edilməzdən əvvəl dinlənilməlidir.”.
13. 71-ci maddədə:
II hissəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
“Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.”.
aşağıdakı məzmunda IX və X hissələr əlavə edilsin:
“IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.
X. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər.”.
14. 72-ci maddənin I hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
“Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.”.
15. 75-ci maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:
“II. Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.”.
16. 84-cü maddənin I hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
“Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.”.
17. 88-ci maddəyə aşağıdakı məzmunda IV hissə əlavə edilsin:
“IV. Azərbaycan Respublikası Milli Məclisinin sessiyalarının iclasları açıq keçirilir. Azərbaycan Respublikası Mili Məclisinin 83 deputatının tələbi ilə və ya Azərbaycan Respublikası Prezidentinin təklifi ilə Azərbaycan Respublikası Milli Məclisinin sessiyasının qapalı iclası keçirilə bilər.”.
18. 92-ci maddədə “daimi və başqa” sözləri “komitələr və” sözləri ilə əvəz edilsin.
19. 95-ci maddədə:
I hissənin 4-cü bəndinə “dövlətlərarası” sözündən sonra “və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası” sözləri əlavə edilsin;
15-ci bənddə “Milli” sözü “Mərkəzi” sözü ilə əvəz edilsin;
aşağıdakı məzmunda 20-ci bənd əlavə edilsin:
“20) bələdiyyələrin hesabatlarının dinlənilməsi.”.
20. 96-cı maddədə:
I hissəyə “Ali Məhkəməsinə” sözlərindən sonra “Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına,” sözləri, II və IV hissələrinə “Ali Məhkəməsinin” sözlərindən sonra “Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının,” sözləri əlavə edilsin;
III hissədə “orqanın” sözü “subyektin” sözü ilə əvəz edilsin;
aşağıdakı məzmunda VI və VII hissələr əlavə edilsin:
“VI. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.
VII. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.”.
21. 101-ci maddənin V hissəsi aşağıdakı redaksiyada verilsin:
“V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.”.
22. 108-ci maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:
“II. Əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir.”.
23. 109-cu maddənin I hissəsində:
10-cu bənddə “Milli” sözü “Mərkəzi” sözü ilə əvəz edilsin, bəndə aşağıdakı sözlər əlavə edilsin:
“Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikası Mərkəzi Bankının sədrini təyin edir;”;
13-cü bənddə “İcra Aparatını” sözləri “Administrasiyasını” sözü ilə əvəz edilsin;
17-ci bənddə “dövlətlərarası beynəlxalq” sözləri “dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası” sözləri ilə əvəz edilsin.
24. 125-ci maddəyə aşağıdakı məzmunda VII hissə əlavə edilsin:
“VII. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.”.
25. 129-cu maddənin mövcud mətni I hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda II və III hissələr əlavə edilsin:
“II. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
III. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.”.
26. 130-cu maddənin IX hissəsinə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir.”.
27. 131-ci maddəyə aşağıdakı məzmunda III hissə əlavə edilsin:
“III. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarları dərc edilməlidir.”
28. 146-cı maddənin mövcud mətni V hissə hesab edilsin, maddəyə aşağıdakı məzmunda I, II, III və IV hissələr əlavə edilsin:
“I. Bələdiyyələr öz səlahiyyətlərini həyata keçirməkdə müstəqildirlər, bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onların məsuliyyətini istisna etmir. Bələdiyyə üzvlərinin seçilməsi, səlahiyyətlərinin dayandırılması və ya səlahiyyətlərinə xitam verilməsi, bələdiyyələrin vaxtından əvvəl buraxılması halları və qaydası qanunla müəyyən edilir.
II. Bələdiyyələrin öz səlahiyyətlərini müstəqil həyata keçirməsi Azərbaycan dövlətinin suverenliyinə xələl gətirə bilməz.
III. Dövlət bələdiyyələrin fəaliyyətinə nəzarət edir.
IV. Qanunla müəyyən edilmiş hallarda və qaydada bələdiyyələr öz fəaliyyətləri barəsində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edirlər.”.
29. 149-cu maddəyə aşağıdakı məzmunda VIII hissə əlavə edilsin:
“VIII. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməmiş normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir.”.
Fayl şəklində yüklə