Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında

Qərarlar      Paylaşın:        
 
Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında 


AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN 
Q Ə R A R I



Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti təsdiq edilsin.





Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                         O.Əsədov


Bakı şəhəri, 30 dekabr 2008-ci il
No– 759-IIIQR  



Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN 
MÜRACİƏTİ 


Əziz soydaşlar və həmvətənlər! 
Böyük və qüdrətli Azərbaycan xalqının milli-mənəvi bütövləşmə əzmini təcəssüm etdirən həmrəylik günündə hər birinizi hörmətlə salamlayırıq. Bu gün dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımızın və həmvətənlərimizin söz, əqidə və əməl birliyinin möhkəmləndirilməsi ümummilli məqsədlərimizin gerçəkləşməsinə yönələn ən vacib vəzifələrdən biridir. Müasir dünyada cərəyan edən qlobal proseslər bir çox hallarda millətlərin tarix səhnəsində oynadıqları rolların keyfiyyətcə yeniləşməsinə gətirib çıxarır. Həyat sübut edir ki, yalnız öz gücünü bir yerə toplayıb potensialını üzə çıxarmağı bacaran xalqlar etnik-siyasi hüquqlarını və milli mənafelərini həyata keçirmək imkanlarını qoruya və artıra bilirlər. Bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr vermiş Azərbaycan xalqının yeni minillikdə davamlı yüksəlişinin yolu on milyonlarca soydaşımızın və həmvətənimizin mütəşəkkil qüvvə kimi formalaşmasından keçir. 
Xalqımızın yekdilliyinə nail olmaq üçün ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə on yeddi il bundan əvvəl başlanmış hərəkat ildən-ilə daha geniş vüsət almaqdadır. Bu gün dünyanın bütün qitələrində yaşayan azərbaycanlılar milli mənlik şüuru əsasında sıx birləşməyin zəruriliyini daha aydın dərk edirlər. Azərbaycan diasporları və icmaları inkişaf edib möhkəmlənir, soydaşlarımızın siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi işinə daha yaxından cəlb olunurlar. 
Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının tarixi və doğma vətəni, ümid və istinad yeridir. Odur ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir, ölkədə həyata keçirilən quruculuq işlərinə görə sevinir, Azərbaycanın qüdrətli dünya dövlətləri sırasına çıxarılması yolunda əldə edilən nailiyyətlərlə fəxr edir. Dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsi, yerləşdiyi bölgədə və onun hüdudlarından uzaqlarda söz sahibi olması soydaşlarımızın və həmvətənlərimizin qəlbini qürur hissi ilə doldurur. 
Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası bütün dünyanın diqqətini cəlb edən heyrətamiz bəhrələr verir. Bu gün Azərbaycan Respublikası siyasi və iqtisadi gücünü durmadan artıran, gələcəyə inamla baxan, gözəl perspektivləri olan bir dövlətdir. 
Getdikcə çoxalan imkanlarımız qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni uğurla yerinə yetirməyə imkan verir. Azərbaycan Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayan nəhəng transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsində həlledici rol oynayır.  
Azərbaycançılıq amalının şüurlarımızda və qəlblərimizdə möhkəm yer tutmasına yönələn tədbirlər görülür, xarici ölkələrdəki Azərbaycan diasporları və icmaları ilə əlaqələr gücləndirilir. Bu gün dünyanın müxtəlif bölgələrində yaşayan soydaşlarımızın bir-biri ilə və tarixi Vətənlə bağlarının möhkəmləndirilməsinə kömək göstərilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin üzvi tərkib hissəsidir. 
Demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, qanunun aliliyinin təmin olunması, insan hüquqlarının və azadlıqlarının qorunması istiqamətində mühüm addımlar atılır. Dövlət və cəmiyyət həyatının bütün sahələrində aparılan islahatlar geniş vüsət almışdır. 
Azərbaycanın xoşbəxt gələcəyi cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti ilə bağlıdır. Bütün bu amilləri nəzərə alan müdrik xalqımız 2008-ci il oktyabrın 15-də keçirilən Prezident seçkilərində möhtərəm İlham Əliyevi yenidən dövlət başçısı seçməklə onun həyata keçirdiyi siyasi xəttin, Heydər Əliyev kursunun davam etdirilməsini istədiyini bir daha ifadə etmişdir. 
Dünya ölkələrində yaşayan azərbaycanlılar Azərbaycanın əldə etdiyi uğurlara öz uğurları kimi sevinir, eyni zamanda, Vətənimizin taleyüklü problemlərinin həll ediləcəyi, o cümlədən ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağı, bir milyondan çox qaçqın və köçkünümüzün doğma yurd-yuvasına dönəcəyi günü səbirsizliklə gözləyirlər. Qarabağ dərdi bütün millətimizin ağrılı yeridir, ona görə də bu problemin həllinə elliklə kömək göstərilməsi zəruridir. Azərbaycan xalqının bütün övladlarının birgə səyləri dövlətimizin və xalqımızın inkişafı yolundakı bu maneənin aradan qaldırılmasını yaxınlaşdıra bilər. Yer kürəsinin hansı guşəsində yaşayıb-işləməsindən asılı olmayaraq bütün soydaşlarımızın Vətən qarşısında övladlıq borcu Ermənistanın ölkəmizə təcavüzünün nəticələrinin aradan qaldırılması naminə qüvvələrini birləşdirməkdən, Azərbaycanın haqq işini müdafiə etməkdən ibarətdir. 
Azərbaycanlıların bir vəzifəsi də xalqımızın qədim adət-ənənələrini, dilini, mədəniyyətini yaşatmaq, hər sahədə bir-birinə dəstək olmaqdır. Azərbaycan xalqının varlığı və gələcəyi, milli dövlətçiliyimizin əbədi olaraq davam etməsi dünya azərbaycanlılarının birliyindən və mütəşəkkilliyindən çox asılıdır.
Əziz həmvətənlərimiz!
Dəyərli soydaşlarımız!
Sizi milli-mənəvi birliyimizi daha da möhkəmləndirməyə çağırır, xalqımızın hüquq və mənafelərinin qorunması uğrunda mübarizədə səyləri artırmağa səsləyirik. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə əmin-amanlıq, xoşbəxtlik və ailə səadəti, doğma Azərbaycanımıza qələbə sevincləri və nurlu gələcək arzulayırıq!
Hörmətlə, 

Azərbaycan Respublikasının Milli Məclisi 


(Müraciət Azərbaycan Respublikası Milli Məclisinin
2008-ci il 30 dekabr tarixli iclasında qəbul edilmişdir.)






Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU