BAKIDA MDB PA-nın KOMİSSİYA İCLASI KEÇİRİLDİ
Oktyabrın 10-da Milli Məclisdə MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə Daimi komissiyasının iclası keçirildi. Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova və Tacikistanın qurumda təmsil olunan deputatları, həmçinin MDB-yə üzv dövlətlərdən dəvət olunmuş rəsmi şəxslər iştirak edirdilər.
İclası komissiyanın sədri, Rusiya Federal Məclisinin Federasiya Şurası komitəsinin üzvü Yevgeni Tarlo açaraq Azərbaycanın iqtisadi, sosial, mədəniyyət, turizm və idman sahələrindəki nailiyyətlərindən danışdı. Qeyd etdi ki, Azərbaycan Qərblə Şərq arasında vacib birləşdirici həlqədir. Daim hərtərəfli inkişafda olan bu ölkə ilə əməkdaşlıq çox faydalıdır.
Sonra tədbirə ev sahibliyi edən Azərbaycan parlamentinin rəhbərliyi adından Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov qonaqları salamladı. Azərbaycan dövlətinin müstəqillik dövründə qazandığı nailiyyətlərdən söz açdı. Ölkəmizin iqtisadi inkişaf tempi, ÜDM-in həcmi, İKT sahəsindəki nailiyyətləri, qanunvericilik işindəki uğurları, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, xalqımızın tolerantlığı kimi mühüm məsələlər barədə konkret faktları komissiya üzvlərinin nəzərinə çatdırdı. Valeh Ələsgərov çiçəklənən, gündən-günə tərəqqi edən ölkəmizdə MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə Daimi komissiyasının işinə uğurlar dilədi.
İclasda öncə Azərbaycan hökumətinin müvafiq sahələrdəki fəaliyyəti barədə məruzələr dinlənildi. Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda dövlət səviyyəsində idmanın inkişafına göstərilən qayğıdan danışdı. Bildirdi ki, təmsil etdiyi nazirlik 20 il öncə yaranıb. Ötən dövrdə idmanla bağlı dövlət proqramları, qanunlar qəbul olunub. Bölgələrdə 41 olimpiya idman kompleksi tikilib istifadəyə verilib. 2012-ci il ölkəmizdə “İdman ili” elan olunub. Azərbaycan idmançıları 1992-ci ildə müxtəlif beynəlxalq yarışlarda 23 medal qazanmışdılarsa, cəmi 10 il sonra həmin rəqəm 175-ə, 2013-cü ildə isə medalların sayı 782-yə çatıb. İntiqam Babayev dedi ki, Bakı gələn yay I Avropa Oyunlarını, 2016-cı ildə şahmat üzrə dünya kuboku yarışlarını, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını keçirməyə hazırlaşır.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Azərbaycanda turizmin inkişafından, MDB məkanında əməkdaşlıqdan, Bakı Turizm Filmləri Festivalının nəticələrindən, genişlənən beynəlxalq əlaqələrdən danışdı. Bildirdi ki, 2013-cü ildə ölkəmizə 2,5 milyon xarici vətəndaş gəlib ki, onların da 40 faizi MDB ölkələrinin (əsasən Ukrayna, Belarus, Qazaxıstan və Rusiyanın) payına düşür. Qarşıdakı 10 ildə turizmin inkişafı üçün nazirlik tərəfindən yeni konsepsiya hazırlanır. 2013-cü ildə Azərbaycanda istifadəyə verilmiş ilk dağ-xizək kurortu Şahdağ böyük populyarlıq qazanıb. Ötən il Qəbələ şəhəri MDB-nin mədəniyyət paytaxtı elan olunub. Nazim Səmədov ölkə rəhbərliyinin diqqəti sayəsində açılan yeni mədəniyyət obyektləri, Xalça muzeyi, Bakı Xoreoqrafiya Akademiyasının yaradılması, hər il ölkəmizdə 10-dan çox beynəlxalq musiqi festivalının keçirilməsi barədə ətraflı məlumat verdi.
Hər iki məruzədəki faktlar komissiya üzvlərində böyük maraq doğurdu. Fasilədən sonra iclasda təşkilati məsələlərə baxıldı. Yevgeni Tarlo yenidən MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə Daimi komissiyasının sədri, Milli Məclisin deputatı Elmira Axundova komissiya sədrinin müavini seçildilər.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı. İclasda “Elektron hökumət haqqında”, “Elektron sənədlərlə transsərhəd informasiya mübadiləsi haqqında”, “”Xüsusi rabitə göndərişləri ilə əlaqədar dövlətlərarası mübadilə haqqında”, “Könüllülük (volontyorluq) haqqında”, “Turizm fəaliyyəti haqqında”, “Vicdan azadlığı, dini etiqad və dini təşkilatlar (birliklər) haqqında”, “İnternetin tənzimlənməsinin əsasları haqqında” model qanunların layihələri barədə məruzələr dinlənildi. Komissiya üzvləri həmin layihələrə dair rəylərini, irad və təkliflərini bildirdilər. Sənədlərə baxılıb təkmilləşdirilməsi üçün milli parlamentlərə göndərilməsi qərara alındı.
Komissiyada MDB-yə üzv dövlətlərin mədəni irsinin qorunmasına dair Konvensiyanın layihəsinin hazırlanması, MDB məkanında məktəblilərin idman turnirlərinin və festivalların keçirilməsində MDB PA-nın iştirakı, qurumun təltifləri və digər məsələlərə də baxıldı. Hər il Qırğızıstanda beynəlxalq mədəni-maarif forumunun və yeniyetmələr arasında beynəlxalq basketbol turnirinin keçirilməsi barədə təkliflər bəyənildi və MDB PA-nın iş planına daxil edildi. Qərara alındı ki, Mədəniyyət, informasiya, turizm və idman üzrə Daimi komissiyanın növbəti iclası 2015-ci ilin yaz aylarında Belarusda keçirilsin. Həmin iclasın gündəliyi təsdiqləndi.
Bununla da MDB PA-nın Mədəniyyət, informasiya, turizm və idman üzrə Daimi komissiyasının Bakıda keçirilən iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti