MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
18 oktyabr 2014 | 01:10   
Paylaşın:        

Oktyabrın 17-də Milli Məclisin növbəti  iclası  keçirildi.  İclası  açan Milli Məclisin Sədri  Oqtay Əsədov iclasın  müzakirəsinə  30  məsələnin  daxil  edildiyini  bildirdi.
 Əvvəlcə millət vəkilləri Asəf  Hacıyev,  Zahid  Oruc, Fərəc Quliyev, Fazil Mustafa,  Musa  Qasımlı, Siyavuş  Novruzov, Qənirə  Paşayeva, Sahib Alıyev, Fəzail Ağamalı cari məsələlərlə əlaqədar fikirlərini   bildirdilər.
Sonra  gündəlikdəki  məsələlərin  müzakirəsinə  başlanıldı. Milli Məclis  Sədrinin  birinci  müavini, Təhlükəsizlik  və müdafiə komitəsinin sədri Ziyafət  Əsgərov “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik edilməsi barədə  sənədi  şərh  etdi. Komitə  sədri  qeyd  etdi ki, qanuna təklif olunan dəyişiklik bəzi qanunvericilik aktlarının Miqrasiya Məcəlləsinə uyğunlaşdırılmsı zərurətindən irəli gəlir. Bu qanuna əlavə ediləcək yeni maddədə göstərilir ki, hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər.  Millət  vəkilləri  Rafiq  Məmmədhəsənov, Tahir  Rzayev qanun  layihəsi ilə  bağlı  fikirlərini  bildirdilər.  Sənəd  səsə qoyularaq  qəbul  edildi.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası  əlaqələr komitəsinin  sədri  Səməd  Seyidov  Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə  qanun layihəsi  barədə  məlumat verdi. Bildirildi ki, sənədin komitə  iclasında  müzakirəsi zamanı çox  səmərəli təkliflər səsləndirilib  və onların əksəriyyəti  layihədə  nəzərə  alınıb.  Sənəd  səsvermə  yolu ilə qəbul  edildi.
İclasda “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunlara  edilən  dəyişikliklərlə  bağlı  Hüquq  siyasəti   və  dövlət  quruculuğu  komitəsinin  sədri  Əli  Hüseynli məlumat  verərək bildirdi ki, hər iki məsələdə Miqrasiya  Məcəlləsinə əsasən müvafiq  dəyişikliklər  edilib. Sənədlər səsə qoyularaq  təsdiq  olundu.  
“Reklam haqqında”, “Turizm  haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanun  layihələrinə  edilən dəyişikliklərlə bağlı  İqtisadi  siyasət  komitəsinin  sədri  Ziyad  Səmədzadə  lazımi  məlumatları verdi. Bildirildi ki, bu  sənədlərdə  aparılan dəyişikliklər də Miqrasiya Məcəlləsinə uyğunlaşdırma  zərurətindən irəli  gəlir.  Sənədlərlə bağlı  geniş  müzakirələr  aparıldı və  hər biri səsvermə  yolu ilə  təsdiqləndi.  
Sonra Əli  Hüseynli  Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də və Əmək Məcəlləsində edilən dəyişikliklərlə bağlı  fikirlərini millət  vəkillərinin  diqqətinə çatdırdı.  O, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"yə edilən müvafiq  dəyişikliklərin  Miqrasiya  Məcəlləsinin  qüvvədə olan normalarına  uyğun  olaraq  aparıldığını  qeyd  etdi. Hər  üç sənəd  deputatlar  tərəfindən  razılıqla   qarşılandı. 
Milli Məclisin  Sosial  siyasət  komitəsinin  sədri  Hadi  Rəcəbli “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” sənədə  edilən  dəyişiklikləri  şərh  edərkən  bildirdi ki,  Miqrasiya  Məcəlləsinin  norma  və qaydalarına  uyğun olaraq  sənəddəki  dəyişiklik  ölkəyə işləməyə gələn  əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin üzərində profilaktik  peyvəndlərin  aparılması ilə bağlıdır.  Komitə  sədri “Məşğulluq haqqında” qanuna  edilən  dəyişiklikləri də  diqqətə  çatdırdı  və bu  sənədlər  də  səsvermə  yolu ilə  təsdiq edildi.
İclasda “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənəd  müzakirəyə  çıxarıldı. Bununla  əlaqədar  məlumat  verən  İqtisadi  siyasət  komitəsinin  sədri Ziyad  Səmədzadə  bildirdi ki, qanunun  bəzi  maddələrində  redaktə  xarakterli  dəyişikliklər  aparılıb.  Sənəd  səsə  qoyularaq  qəbul  edildi.
 “İnsan alverinə qarşı mübarizə haqqında” sənədə edilən  düzəlişlərlə  bağlı  məlumat  verən  İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova qeyd etdi ki, hər il dünyada 27 milyon şəxs insan alverinin qurbanına çevrilir. İnsan alveri ilə mübarizədə Azərbaycan bütün ölkələrlə fəal əməkdaşlıq edir, milli qanunvericiliyimiz bu məsələni daim diqqət mərkəzində saxlayır. Dəyişikliklər  də bu məqsədə xidmət  edir. Deputatlar qanun layihəsini birmənalı olaraq dəstəklədilər. 
Günün ikinci yarısında iclas öz işini davam etdirdi. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” və “Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qanun layihələrini Əli Hüseynli təqdim etdi. Onun sözlərinə görə, sözügedən dəyişikliklər texniki xarakterlidir və Miqrasiya Məcəlləsinə uyğunlaşdırma məqsədi daşıyır. Qanun layihələri səsə qoyularaq təsdiqləndi.
“İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Qanununda dəyişiklik edilməsi barədə isə Milli Məclis Sədrinin müavini, Təbii  ehtiyatlar,  energetika  və  ekologiya komitəsinin sədri Valeh Ələsgərov danışdı. Qeyd etdi ki, qanunun müvafiq maddəsində “Əmək miqrasiyası haqqında Azərbaycan Respublikasının Qanununa” sözləri “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə” sözləri ilə əvəzlənir.  Bu  qanun  layihəsi  də  səsvermə  yolu ilə  qəbul  edildi.
Miqrasiya Məcəlləsinə edilən dəyişikliklər və “Yol hərəkəti haqqında” qanuna düzəlişlərlə  bağlı  Əli Hüseynli məlumat  verdi.  Qeyd olundu ki, yol  hərəkəti  qaydalarına  edilən  yenilik avtomobillər hərəkətdə olarkən digəri ilə ara məsafəsi saxlama prinsiplərini tənzimləyəcək. Qanun layihəsinin müzakirəsi zamanı deputatlardan İqbal Ağazadə, Çingiz Qənizadə, Fuad Muradov, Ərəstun Cavadov, Siyavuş Novruzov və Məlahət İbrahimqızı yol hərəkəti qaydaları, radarlar, ictimai nəqliyyat və surət hədləri barədə fikirlərini bölüşdülər. Qeyd  edilən  sənədlər  səsə  qoyularaq  təsdiqləndi
 Sonra iclasda “Notariat haqqında” qanun  layihəsinə  edilən  dəyişikliklər Əli  Hüseynli  tərəfindən  təqdim olundu. Qeyd  edildi ki, sənədə görə, nəqliyyat vasitəsinin icarəyə verilməsinə  dair müqaviləni, yaxud etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı, habelə “Yol hərəkəti haqqında” qanuna uyğun olaraq fiziki şəxslərin qeydiyyatda olduğu  və yaşadığı ünvanı, mobil telefon nömrəsi, hüquqi şəxslərin isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxs barədə müvafiq məlumatları dərhal müvafiq icra hakimiyyəti orqanına göndərir.
Əli Hüseynli sonra Cinayət-Prosessual Məcəlləyə edilən  dəyişikliklərlə  deputatları  tanış  etdi. Qeyd  olundu ki, təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, ittiham aktı həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 20 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Komitə  sədrinin  sözlərinə görə qanuna təklif olunan bu dəyişikliklər beynəlxalq təcrübəyə və Azərbaycan Konstitusiyasına uyğunlaşdırma baxımından çox əhəmiyyətlidir. Sonra hər iki qanun layihələri səsə qoyularaq qəbul olundu.
İclasın gündəliyində duran “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna dəyişikliklər edilməsi barədə danışan Əli Hüseynli qeyd etdi ki, layihəyə görə xarici dövlətlərin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycan Respublikasının ərazisində bir nümayəndəlik və ya filial yaradıla bilər. Xarici dövlətin QHT filialı və ya nümayəndəlik rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir Qanun layihəsi səsə  qoyularaq qəbul olundu.
Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə danışaraq bunu cəmiyyəti düşündürən və hər kəs üçün vacib olan bir sənəd kimi qiymətləndirdi. Qeyd olundu ki, sənədə əsasən nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və ya bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir. Millət  vəkilləri Fazil Mustafa, Elmira Axundova, Rafael Cəbrayılov, İqbal Ağazadə çıxış  edərək qanun layihəsinin əhəmiyyətindən danışdılar, sənədin gələcəkdə böyük ictimai təsiri olacağı  vurğulandı.  Qanun  layihəsi  səsə  qoyularaq təsdiqləndi.
İclasda daha sonra Miqrasiya Məcəlləsinə, “Sosial sığorta  haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Ovçuluq haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanunlara edilən  düzəlişlərə baxıldı. Qeyd  olundu ki, dəyişiklərin böyük əksəriyyəti adı çəkilən qanunların Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması məqsədini daşıyır. Geniş müzakirələrdən sonra sənədlər ayrı-ayrılıqda səsvermə yolu ilə  təsdiqləndi.
İclasın  sonunda İqtisadi  siyasət  komitəsinin  sədri Ziyad  Səmədzadə  “Qrant haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”  sənədlərə  edilən  dəyişikliklərlə bağlı  məlumat verdi.  Qeyd  edildi ki, sənədə edilən  əsas  dəyişikliklər  xarici  hüquqi  şəxslərin  ölkədə  qeydiyyata  alınmış  filial  və nümayəndəlikləri tərəfindən Azərbaycan ərazisində qrant  vermək  hüququ, bu  sahədə  qaydalar və donorluq  fəaliyyəti ilə  bağlı  məsələləri  tənzimləyir. Bildirildi  ki, sənəd  ölkənin milli  maraqlarına  xidmət  edir və sənəddə nəzərdə  tutulan  dəyişikliklər QHT-lərə  Dövlət  Dəstəyi Şurasının və ölkədə  fəaliyyətdə olan qeyri-hökumət  təşkilatlarının iştirakı ilə geniş müzakirə  edilib. Hər  iki sənəd  ətraflı müzakirələrdən sonra  səsvermə ilə  qəbul  edildi.
Bununla  da  Milli Məclis  bu günkü  işini  başa  çatdırdı.

Milli Məclisin
Mətbuat  xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU