BMT-nin QADINLAR TƏŞKİLATI MİLLİ MƏCLİSLƏ ƏMƏKDAŞLIQDA MARAQLIDIR

XƏBƏRLƏR
20 oktyabr 2014 | 06:10   
Paylaşın:        

Oktyabrın 20-də Milli Məclis Sədrinin müavini Bahar Muradova Bakıda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına (İӘT) üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda V Beynəlxalq konfransın iştirakçısı olan  BMT baş katibinin köməkçisi və BMT-nin qadınlar təşkilatının (UN Women) icraçı direktorunun müavini xanım Lakşmi Puri ilə görüşdü.
Azərbaycanın ev sahibliyi etdiyi tədbirin əhəmiyyətini yüksək dəyərləndirən Bahar Muradova  60-dək ölkəni təmsil edən 220-dən çox nümayəndənin toplaşdığı Bakı konfransının qadınların inkişafına və hüquqlarının qorunmasına,  cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına mühüm töhfələr verəcəyinə əminliyini bildirdi. Ölkəmizdə dövlət səviyyəsində yürüdülən qadın siyasətindən söz açdı. Hələ ötən əsrin əvvəllərində Azərbaycan qadınına seçki hüququnun verildiyini diqqətə çatdırdı. Qadınlarımızın siyasətdə fəal iştirak etdiyini bildirdi. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətinin bütün Şərq qadınlarına örnək olduğunu vurğuladı. Qeyd etdi ki, hazırda Şərq qadınları Mehriban xanımla qürur duyurlar. Vitse-spiker qonağa Milli Məclisdə qadın və uşaq hüquqları ilə bağlı qəbul edilmiş qanunlar, həyata keçirilmiş sessiya və dinləmələr barədə məlumat verdi. Ölkəmizdə bu sahədə ciddi irəliləyişin müşahidə olunduğunu dedi.
Görüşdə BMT-nin qadınlar təşkilatının icraçı direktorunun müavini Lakşmi Puri Azərbaycana səfərindən məmnunluğunu bildirdi. Təmsil etdiyi təşkilat, həyata keçirdikləri tədbirlər, müxtəlif mövzulara həsr olunmuş kampaniyalar, gələcəyə dair planları barədə ətraflı məlumat verdi. Bildirdi ki, 90 ölkədə təmsilçiliyi olan BMT-nin qadınlar təşkilatı dünya üzrə 75 proqram həyata keçirir. Əsas məramları bütün ölkələrdə qadınlara idarəetmədə və qərarvermədə daha böyük səlahiyyətlərin tanınmasına nail olmaqdır.
Xanım Lakşmi Puri əməkdaşlığa dair bir sıra təkliflərini Milli Məclisin vitse-spikeri Bahar Muradovanın nəzərinə çatdırdı. Pekin platformasının 20 illiyinə hazırlıq istiqamətində görülən işlərdən danışdı. Azərbaycan parlamentində daha çox qadınların təmsil olunmasını arzuladıqlarını və bunun üçün hər cür dəstək verməyə hazır olduqlarını bildirdi.
Bahar Muradova qonağı əmin etdi ki, Milli Məclis BMT-nin qadınlar təşkilatı ilə əməkdaşlıq əlaqələri yaratmaq üçün imkanlarını səfərbər edəcək. Söhbət zamanı Dağlıq Qarabağ probleminə toxunan vitse-spiker Ermənistanın təcavüzkarlığı ucbatından qaçqın və məcburi köçkün həyatı yaşayan qadınlarımızın problemlərini beynəlxalq ictimaiyyətə daha yaxından çatdırmağın vacibliyini vurğuladı. Qeyd etdi ki, əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi həm bu baxımdan, həm də qadın hüquqlarının qorunması sahəsində ölkəmizin əldə etdiyi nailiyyətlərin dünya arenasına çıxarılmasında faydalı ola bilər.
Görüşdə səmərəli fikir mübadiləsi aparıldı.


  Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU