MİLLİ MƏCLİSİN İCLASINDA
Oktyabrın 28-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Öncə 21 məsələdən ibarət gündəlik təsdiqləndi. Cari məsələlərin müzakirəsində deputatlar beynəlxalq aləmdə baş verən hadisələrə toxundular, kəlbəcərli girovlar Dilqəm Əhmədovla Şahbaz Quliyev üçün qondarma Dağlıq Qarabağ Respublikasında məhkəmə qurulmasına və soydaşlarımıza işgəncələr verilməsinə etirazlarını bildirdilər, digər aktual məsələlərlə bağlı fikirlərini bölüşdülər. Milli Məclisin Sədri Oqtay Əsədov deputatların rəy və təkliflərinə münasibət bildirdikdən sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı.
Öncə Əli Rüstəmovun Ali Məhkəmənin hakimi təyin edilməsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatı dinlənildi. Deputatlar bu təyinata razılıq verdilər.
Sonra Milli Məclisin Sədri Oqtay Əsədov məlumat verdi ki, parlamentlərarası əlaqələr üzrə işçi qrupların rəhbərlərinin seçilməsinə dair Milli Məclisin qərarında dəyişiklik edilib. Deputatlar Gülçöhrə Məmmədovanın Azərbaycan-Bosniya-Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri seçilməsinə müsbət münasibət bildirdilər.
Bugünkü iclasın gündəliyindəki növbəti 19 məsələ qanun layihələrinə günün tələbindən irəli gələn dəyişikliklər edilməsi ilə əlaqədar idi. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli öncə “İnzibati icraat haqqında” qanuna təklif olunan dəyişiklikləri şərh etdi. Bildirdi ki, yeni layihədə qanunun 5-ci və 7-ci maddələrindəki vaxt məsələsi konkretləşdirilib. Belə ki, inzibati orqanlar arasında qarşılıqlı hüquqi yardımın icra müddəti 15 gün, həmin yardımı göstərməkdən imtina edən orqanla bağlı müraciətə yuxarı inzibati orqanda baxılmasının müddəti 5 gün nəzərdə tutulub. Digər maddələrdəki dəyişikliklər inzibati orqan tərəfindən məsləhətlərin verilməsi, ərizənin baxılmamış saxlanılması qaydası, iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün ekspert və ya mütəxəssisin cəlb olunması, inzibati şikayətin verilməsi və geri götürülməsi qaydası ilə bağlıdır.
Səsvermə zamanı parlament layihəyə müsbət münasibət bildirdi.
Deputatlara “Polis haqqında” qanuna edilən dəyişikliklər barədə” məlumat verən Əli Hüseynli dedi ki, əsas anlayışlara xüsusi vasitələr qismində “elektroşok” anlayışı da əlavə olunur. Həmçinin qanunun 26-cı maddəsində elektroşokun hansı hallarda tətbiq edilə biləcəyi göstərilir.
Fikir plüralizmi şəraitində aparılan müzakirələrdə deputatlar İlyas İsmayılov, Musa Qasımlı, Çingiz Qənizadə, Aqil Abbas, Sahib Alıyev, Gövhər Baxşəliyeva, Qüdrət Həsənquliyev rəy və təkliflərini diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyuldu və qəbul edildi.
Gündəlikdəki növbəti məsələni şərh edən komitə sədri bildirdi ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna edilən düzəlişlər texniki xarakterlidir və bu ilin mart ayında “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunda edilən dəyişikliklərlə bağlıdır.
Ümumilikdə Milli Məclisdə 9 məsələni təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsinə dair yeni layihə məhkəmə çıxışları mərhələsində icraatın sürətləndirilməsinə, təqsirləndirilən şəxsin müdafiə hüququnun cinayət prosesinin istənilən anında təmin edilməsinə, həmçinin zərər çəkmişin keyfiyyətli hüquqi yardım alması üçün şərait yaradılmasına xidmət edir.
Dəyişikliklərə görə, İnzibati Xətalar Məcəlləsinin 17-ci və 36-cı maddələrinə xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin də inzibati məsuliyyətə cəlb olunması barədə, həmçinin xarici dövlətlərin QHT-lərinin fəaliyyət göstərməsi qaydalarının əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməsinə, QHT-lər haqqında və cinayət yolu ilə əldə edilmiş pul vasitələrinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbehlə bağlı müddəalar əlavə olunub.
Müzakirələrdə deputatlar Fazil Mustafa, Çingiz Qənizadə, Siyavuş Novruzov bu məsələlərə dair fikirlərini bildirdilər. Hər üç qanun layihəsi səsvermə yolu ilə qəbul edildi.
“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının identifikasiya kartı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” məlumat verilərkən bildirildi ki, layihəyə görə, fərdi identifikasiya kartı vətəndaşlara doğum haqqında şəhadətnamə ilə birlikdə verilir və orada vətəndaşın doğulduğu yer də qeyd olunur. Həmin sənəd 5 yaşınadək etibarlı sayılır. 5 yaşı tatam olmuş vətəndaşlara verilən fərdi identifikasiya kartında uşağın fotoşəkli də yerləşdirilir və bu sənəd 15 yaşadək etibarlı olur. Deputatlar mövcud normaların təkmilləşdirilməsi məqsədilə edilən dəyişiklikləri dəstəklədilər.
İclasda 4 məsələni təqdim edən Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verdi ki, “Yeyinti məhsulları haqqında” qanundakı dəyişikliklər həmin məhsulların sertifikatlaşdırılması ilə bağlıdır. Layihəyə görə, idxal olunan yeyinti məhsullarına uyğunluq sertifikatı həmin məhsulun son yararlıq müddətinədək verilir və bu prosesdə dövlət rüsumunun ödənilməsi nağdsız ödəmə (bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet) vasitəsi ilə həyata keçirilir. Bundan məqsəd ödəmələr zamanı baş verə biləcək korrupsiya hallarının qarşısının alınmasıdır.
Parlamentin nəzərinə çatdırıldı ki, “Balıqçılıq haqqında” qanunun 20-ci maddəsinin yeni redaksiyada verilməsi, 21 və 22-ci maddələrin isə ləğv edilməsi Azərbaycan Prezidentinin mərkəzi icra hakimiyyəti orqanlarına münasibətdə səlahiyyətlərinin məhdudlaşdırılması hallarını aradan qaldırmaq üçündür.
Daha sonra “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunda dəyişiklik edilməsi barədə” danışan Eldar İbrahimov qeyd etdi ki, əhalinin sağlamlığının qorunmasını təmin edən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı, dövriyyəsi və idxalı ilə bağlı məsələlər daha da ciddiləşdirilir.
Müzakirələrdə millət vəkilləri Arif Əşrəfov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, İsmayıl Hacıyev və başqaları rəylərini diqqətə çatdırdılar, bəzi dəyişikliklər mütərəqqi müddəalar kimi dəyərləndirildi. Milli Məclis ayrı-ayrılıqda səsə qoyulan hər üç qanun layihəsinin qəbulunu məqsədəuyğun saydı.
İclasda gündəlikdəki növbəti 5 məsələni təqdim edən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə nəzərə çatdırdı ki, yeni layihələr qanunvericiliyin uyğunlaşdırılması baxımından əhəmiyyətlidir. Gömrük Məcəlləsindəki 108.2-ci maddə ləğv edilir. “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli Prezident fərmanı ilə əlaqədar olaraq məcəllənin 73.1-ci maddəsinə və 160.1 maddəsinə təklif olunan dəyişikliklərə görə, bundan sonra gömrük orqanları şəxsin təqdim etdiyi sənəd və məlumatları 3 gün deyil, cəmi 1 gün saxlamaq hüququna malikdirlər. Habelə gömrük rəsmiləşdirilməsi zamanı uyğunluğun yoxlanılması gömrük bəyannaməsinin təsdiq edildiyi və sənədlərlə malların təqdim olunduğu vaxtdan 2 gündən gec olmayaraq həyata keçirilir.
Sonra deputatlara “Qrant haqqında” qanunun 1-ci maddəsinə əlavə olunan sub-qrantla bağlı maddə barədə məlumat verildi. Bildirildi ki, sub-qrant – qrant müqaviləsi üzrə alınmış vəsaitdən həmin müqavilədə resipiyent kimi nəzərdə tutulmamış üçüncü şəxsə bu müqavilənin icrası məqsədi ilə ayrıca qrant müqaviləsinə əsasən verilən vəsaitdir. Müzakirə zamanı Zahid Oruc qrantla bağlı fikirlərini bölüşdü.
Parlament “Dövlət rüsumu haqqında” qanunda redaktə xarakterli dəyişiklik edilməsi məsələsinə də baxdı. Hər iki qanun qəbul olundu.
İclası aparan Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, gündəlikdəki növbəti 5 qanun layihəsi parlamentə paket halında daxil olub. “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Taxıl haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunlara təklif olunan dəyişikliklər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunu ilə bağlıdır. Milli Məclisdə həmin məsələlərin hər biri haqqında məlumat dinlənildi, fikir mübadiləsi aparıldı və qanun layihələri səsə qoyularaq qəbul edildi.
Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi məsələsilə əlaqədar xatırlatdı ki, Xəzər rayonundakı Gürgən bələdiyyəsi – Gürgən qəsəbəsi Pirallahı rayonuna verildiyi üçün bu adlar o siyahıda öz əksini tapmalıdır.
Gündəlikdəki sonuncu məsələni şərh edən komitə sədri bildirdi ki, bələdiyyələrin statusuna dair qanun layihəsində yerli özünüidarə qurumlarının fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi, eləcə də bələdiyyə üzvlərinin səlahiyyətlərinin dayandırılması və bələdiyyələrin vaxtından əvvəl buraxılması qaydaları müəyyənləşdirilir. “Bələdiyyələrin statusu haqqında” qanunun 22-ci, 23-cü, 52-2-ci maddələrinə edilən dəyişikliklərdən məqsəd onların fəaliyyətinin daha səmərəli həyata keçirilməsinə hüquqi təminatın yaradılmasıdır.
Deputatlar Qüdrət Həsənquliyev, Eldar Quliyev, Qalib Salahzadə, Zahid Oruc, Tahir Rzayev, Fazil Mustafa, Siyavuş Novruzov, İlham Əliyev, Fəzail İbrahimli və başqaları geniş müzakirədə bu qanun layihəsinə dair fikirlərini açıqladılar. Komitə sədri Arif Rəhimzadə həmkarlarını maraqlandıran məqamlara aydınlıq gətirdi. Fikir mübadiləsinin yekununda qanun layihəsi səsə qoyuldu və qəbul edildi.
Bununla da, iyirmi bir məsələyə baxan Milli Məclis işini yekunlaşdırdı.
Milli Məclisin
Mətbuat xidməti